Tariximizin qanla
yazılan səhifələri...
Çəkişmələr meydanında
Azərbaycan
XIX əsrdə
Azərbaycanla bağlı baş verən
tarixi hadisələri əks etdirən qaynaqlar bu qədim
torpaqların necə böyük savaşlara səhnə olduğunu
tam açıqlığı ilə
gözlər önündə canlandırır. Daxili çəkişmələrdən
qaynaqlanan bu tarixi hadisələrdə yer
alan, o savaşlarda
iştirak edən bir çox şəxsiyyətlərin adları
Azərbaycanın ən böyük şəhərlərinə,
o cümlədən Şuşa
və Gəncəyə olan hücumlarda keçir.
Belə şəxslərdən biri də
Nəzərəli xan Məhəmmədəzim
xan oğlu Mərəndidir.
O, Mərənd şəhərində anadan
olmuş, burada mükəmməl
təhsil almışdı. O, Seyid Nəzərəli
xan yüzbaşının nəvəsi, Mir Qılınc xan
Babanın törəməsidir.
Nəzərəli xan II Rus-İran müharibəsində iştirak etmiş, o dövrdə Azərbaycan ərazilərinə qarşı aparılan əməliyyatların iştirakçısı olmuşdur. Həmin tarixin araşdırmalarından olan Ənvər Çingizoğlu tarixi mənbələrə (Əminə Pakrəvan adlı müəllifə) əsaslanaraq yazır:
“Şuşanın fəthindən sonra dayısının başçılığındakı Xoydan gələn ordu ilə bərabər Gəncəyə hücum etməyi planlamışdı. Böyük oğlunu səkkiz min nəfərlik piyadanın sərkərdəsi olan Əmir xanın yardımçılığına təyin etmişdi. Iki min ordu ilə şahzadəyə qatılan Mərəndin hakimi Nəzərəli xana Gəncəyə hücum etmək üçün hazır gözləməsini əmr etdi”.
Amma tarix göstərir ki, bu hücum əməliyyatlarına rəhbərlik edən Abbas Mirzənin göstərişi gələndən sonra Əmir xan ondan boyun qaçırıb. O, Narın qalasının içərisinə getməyi rədd edib. Abbas Mirzənin oğlu Məhəmməd bu əhvalat barədə atasına xəbər verir. Oğlu yazır ki, sərdar Əmir xan qala üçün olan topu, gülləni və hərbi sursatı Gəncənin Narın qalasına çəkməyə razı deyil.
Abbas Mirzə Cavab yazır:
“Bunun eybi yoxdur, mən mərəndli Nəzərəli xanı iki alay sərbaz ilə Narın qalasında yerləşdirib, onun mühafizəsinə başlamaq üçün göndərirəm. Sizin qala ilə işiniz olmasın, onu Nəzərəli xanın öhdəsinə buraxın. Qalanın bütün işlərinə Nəzərəli xan cavabdehdir. Əgər mən oraya gəlsəm, oğluma xidmət edən o saqqallı arvadın üzünə gözüm sataşsa, mən bilmirəm ki, onun başına nə oyun açaram”.
Azərbaycan ordusu Gəncəyə
doğru irəlilədikdə, yerli əhalinin müqaviməti ilə
qarşılaşdı. Burada çoxlu ermənilər vardı və
onların şübhəsiz ki, öncədən
ruslar tərəfindən alınması nəticəsiz
ötüşmədi. Ermənilər rus
silahları ilə Şahzadənin ordusuna
qarşı savaşmağa
başladılar. Bu da
ordunun sürətli şəkildə yer dəyişdirməsinə mane
oldu. Amma bu dəstələri zərərsizləşdirmək
Azərbaycan ordusu üçün
çətin iş deyildi.
Azərbaycan ordusu Gəncəyə doğru irəlilədiyi ərəfədə
Şahzadəyə qorxunc bir
xəbər gətirdilər: Gəncə qalasını
müdafiə etməkdə məsul olan Mərənd
hakimi Nəzərəli Xan
öz alayını geri
çəkib, Şahzadə Məhəmməd Mirzənin ordusu olan yerə getmişdir.
İşğala
aparan savaş
yolları
Bu sarsıdıcı xəbərdən sonra Əmir xan qorxu və tərəddüd ilə qoşunu götürüb, Gəncədən Şəmkir tərəfə yola düşdü. Gəncə qalasında olan Nəzərəli xana xəbər verdilər ki, o da bir-iki alay qoşun götürüb kömək məqsədilə onların yanına gəlsin. Qərar belə idi ki, əvvəlcə onlar gedib Mədətovla vuruşacaqlar, qalib gəlsələr, çox yaxşı, məğlub olsalar, həmin sərbazları götürüb Gəncə qalasına sığınacaqlar. Hamı birlikdə qalanı Abbas Mirzə gələnə kimi saxlayacaqdır. Nəzərəli xan sərbaz göndərməkdən boyun qaçırıb belə cavab verdi:
“Məni qalanı saxlamağa göndəriblər, sizə əsgər verməyə göndərməmişlər. Sizinlə birləşib vuruşmaq barəsində bir cavab verə bilmərəm”.
Azərbaycan ordusunun gəlişindən ümidlənən Gəncə əhalisi yavaş-yavaş ümidsizliyə düşməkdə idi. Şəhərin bir çox məhəllələrindən və kəndlərdən insanlar dəstə-dəstə fəryadlar içində Araz çayına doğru, Azərbaycan ordusunun olduğu düşünülən yerlərə qaçırdılar. Nəzərəli Xanın bu xəyanəti Abbas Mirzəni dəliyə döndərdi. Onun dərhal hüzuruna gətirilməsini əmr etdi. Şahzadə Nəzərəli xanın rütbələrinin alınaraq arxası üstə çullu bir eşşəyin üstünə bağlanmasını istədi. Beləliklə, Nəzərəli xanı hər yerdə, xüsusən başçısı olduğu öz alayının içində dolaşdırıb aşağıladılar. Eşşəyin başını çəkən adam məsxərə ilə “Şah gəldi” deyə bağırırdı. Bundan sonra da Abbas Mirzə Nəzərəli xanı Mərəndə göndərdi. Ora məktub yazaraq Nəzərəli xanın öldürülməsini əmr etdi. Nəzərəli xanı 1828-ci ildə Mərənddə cəlladlar boğub öldürdü.
Nəzərəli xanın ölümündən
sonra Mərənd xanları Şahzadəyə
qarşı düşmənlik duyğusu
bəsləməyə başladılar. Onlar
hər an intiqam üçün fürsət
axtarırdılar. Ona görə də, bu xanlar Naxçıvanda General Aristovla əlaqə
saxlayıb Təbrizin xaotik durumunu anlatmış, Təbriz baş ruhanisi Mir Fəttahın mövqeyini
ona bildirmişlər. Generala
demişdilər: “Təbrizdə az əhali
var. Təbriz əhalisi sizin
gəlişinizdən yanadır. Mir Fəttah
da belə düşünür.
Əgər siz Abbasabad
qalasında min nəfər qoyub və üç min nəfərlik orduyla Mərənd
istiqamətindən Təbrizə hücum
etsəniz, şəhəri təslim ala
bilərsiniz. Siz Təbrizə
yaxınlaşdığınızda əhali üsyan
edib və sizə yardımçı olacaq”(Vikipedia).
Ruslara təslim edilən Təbriz
Bundan
sonra rus ordusunun hansı yollarla Təbrizə gəlməsi
üçün bələdçilik edilmişdi. General Aristov 3.000 piyada, 1.000 qazaq və on topla Təbrizə yola düşmüşdü. Rus ordusu
Təbrizin altı ağaclığında olan
Sofyana çatdıqda,
şəhər əhalisində
təslim qənaəti
yaranmağa başlamışdı.
Bu o demək idi
ki, şahzadənin burnunun ucunda olan rus ordusu
heç bir dirənişə rastlanmadan
buraya qədər gəlmişsə, Təbrizə
də girəcəkdir.
Şahzadə Abbas Mirzə Təbrizin bir milliyinə yetişən kimi xəbər gəldi ki, knyaz Eristov sərdar
Paskeviçin əmrinə
görə mərəndli
Nəzərəli xanın
oğlanlarının bələdçiliyi
ilə Təbrizə daxil olmuşdur.
Rus qoşunu
Təbriz yaxınlığına
yetişən kimi, Təbriz əmirləri darvazaları açdı,
bəylərbəyi Fətəli
xan və müctəhid Mir Fəttah
darvazaların açarını
götürüb itaətlə
knyazı qarşılamağa
gəldilər. Knyazın qarşısına çıxmazdan əvvəl
darvazalardan top atdılar.
Knyaz davanın başlandığını
zənn etdi. Sonra bunun salam atəşi olduğunu başa saldılar. Hamı knyazın hüzuruna
gəlib onu ehtiram və izzətlə şəhərə
apardılar. Abbas
Mirzə ürəksıxıcı
hadisəni eşitdikdən
sonra o gecə qızılbaş əmirləri
və xanları ilə iclas və məsləhət etdi: “Bundan sonra
gedib atama və qardaşıma dəxil düşmək,
onların vilayətlərinə
göz dikmək mənə ölümdən
betərdir. Rus imperatoruna boyun
əymək daha yaxşıdır, o, böyük
və rəhmli padşahdır. Onun ixtiyarında
mənim kimi şahlar və şahzadələr çoxdur,
əlbəttə, məni
də bir oğul, bir general kimi hesab edər,
bir parça çörək verər
ki, asudəliklə öz həyatımı keçirim”.
Beləliklə, Abbas Mirzə də müqavimət göstərməyin anlamsız
olduğunu düşünüb
təslimçiliklə barışdı
və məğlubiyyəti
qəbul etdi.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 22 dekabr.- S.14.