Təbriz miniatür məktəbinin banisi
Sultan Məhəmməd
Dünya muzeylərini
bəzəyən zərif əsərlər...
Bu gün
dünyanın ən
böyük muzey və kitabxanalarında dəyərli sənət
inciləri kimi saxlanılan əsərlərdə təsvir
edilmiş miniatürlər sübut edir ki, Azərbaycan miniatür
sənəti yüksəliş zirvəsinə çatana qədər
uzun inkişaf yolu keçmişdir. Belə nümunələrə Firdovsinin “Şahnamə”sini
və Nizaminin “Xəmsə”sini, Sədi və Hafizin, Cami və
Nəvainin, Xosrov Dəhləvi və Şərq
poeziyasının başqa klassiklərinin Azərbaycan rəssamları
tərəfindən illüstrasiyalarla bəzədilmiş əlyazmalarını,
həmçinin xüsusi albomlarda - “Mürəkkə”lərdə
toplanmış miniatürləri göstərmək olar.
XVI əsrin 30-40-cı illəri Azərbaycan miniatür sənətinin
yüksəliş dövrü hesab edilir. Mədəniyyət
tariximizə böyük töhfələr vermiş bu sənətkarlar
tarix və ədəbiyyata yaxşı bələd idilər.
Bəzi məşhur miniatürçü rəssamlar
gözəl şair Mirzə Seyid Əli, Şahqulu Sadiq bəy
Əfşar, xəttat dekorativ sənət ustaları
olmuşlar. Bu fırça ustaları həm
XVI əsr Təbriz məktəbinin inkişafında, həm də
bütövlükdə Şərq rəssamlığı
tarixində böyük rol oynamışlar. Dövrün bu istedadlar nəslinə isə Ustad
Nizaməddin Sultan Məhəmməd rəhbərlik edirdi.
Sultan Məhəmməd Şah İsmayılın,
sonra isə onun oğlu Şah Təhmasibin hakimiyyəti
dövründə Səfəvi sarayının rəssamı
olub. O, eyni
zamanda dünya şöhrətli Təbriz miniatür məktəbinin
əsasını qoyub.
Özbək hakimi Şeybani xanın məğlubiyyətindən
sonra 1510-ci ildə Şah I İsmayılın
qoşunları Herata girərkən oradan bir çox rəssamları
özləri ilə Təbrizə gətirmişdilər. İngilis sənətşünası
Bazil Qreyin yazdığı kimi, 1521-ci ildə böyük
Behzad da görünür,
Şah İsmayılın
göstərişi ilə
Heratdan buraya gəlir. İsfahan, Qəzvin və Iranın digər iri şəhərlərindən
gəlmiş ustalar da burada çalışırdılar.
O zaman artıq Sultan Məhəmməd saraydakı bədii
emalatxanaya rəhbərlik edir, saray kitabxanasının baş
rəssamı və şahzadə Təhmasibin müəllimi
idi. Behzadın Təbrizə gəlişindən bir il və ya daha az bir müddət sonra 1522-ci ildə Şah İsmayıl özünün
xüsusi fərmanı
ilə onu Kitabdar (kitabların qorunmasına cavabdeh şəxs)
və baş sənət müfəttişi təyin edir.
Ancaq Şah İsmayılın ölümündən sonra
onun oğlu şah I Təhmasib həmin vəzifəyə
yenidən Sultan Məhəmmədi qaytarır.
Şərqin bir çox elm və sənət
ustaları kimi Sultan Məhəmməd haqqında da bioqrafik məlumat
olmadığı üçün, onun 1490-cı ildə
anadan olması, XVI əsrin ortalarında isə vəfat etdiyi təxmin edilir.
Şah Təhmasibin müəllimi
Sultan Məhəmməd
yaradıcılığının görkəmli tədqiqatçısı
K.Kərimov ustada həsr etdiyi əsərində orta əsr təzkirələrindən
çətinliklə toplaya bildiyi məlumatları gətirir.
Onun
müşahidəsinə görə, rəssamlar haqında bəhs
olunan ən erkən mənbələrdən biri, 1544-cü
ildə Dust Məhəmməd tərəfindən qələmə
alınmış “Halati-hunər-vəran” əsərində
belə deyilir: “Birinci sırada öz əsrinin yeganəsi olan
ustad Nizam əd-Din Sultan Məhəmməd dayanır. Onun rəsmləri,
xüsusilə də şah (I Şah Təhmasib nəzərdə
tutulur) həzrətlərinə həsr olunmuş
”Şahnamə"si çox gözəldir. Burada pələng
dərisi geymiş adam elə
inandırıcı təsvir olunub ki, pələng ürəyi
yemiş ən ürəkli sənətkarlar belə, həmin
əsərə həsədlə baxmış və
ustadın qarşısında baş əymişlər".
Daha sonra
K.Kərimov Qazi Əhməd adlı bir müəllifin
1596-1597-ci ildə qələmə alınmış
“Gülüstani hünər dər halat-i xəttatan və nəqqaşan”
adlı əsərindən aşağıdakı sətirləri
yada salır: “Ustad Sultan Məhəmməd əslən paytaxt
şəhəri Təbrizdəndir. Usta
Behzadın Heratdan Iraqa gəldiyi vaxtda Ustad Sultan Məhəmməd
şahın kitabxanasında işləyirdi. Məskəni
behişt, yeri cənnət bağları olsun, usta Behzad
dörd iqlimin bu Xosrovunun yanında məşğul oldu və
onun cənnətə layiq sənətkarlığı rəssamlıq
sahəsində bu səviyyəyə yüksəldi. Ustad Sultan Məhəmməd
qızılbaşları hamıdan yaxşı təsvir
edirdi. O, cənnətə də elə Təbriz şəhərindən
köçdü”.
XVII əsrin əvvəllərində yaşamış
görəmli tarixçi Isgəndər bəy Türkman
Münşi şəhadət verir ki, “Əlahəzrət
Şah Təhmasib ustad rəssam Sultan Məhəmmədin
şagirdi olmuşdur” (Vikipedia).
Budaq Qəzvini
(1530-1556) yazır ki, Şah Təhmasib üçün 1537-ci
ildə məxsusi köçürülmüş “Şahnamə”nin məşhur əlyazma nüsxəsi üzərində
dövrün ən tanınmış xəttat və
miniatürçüləri düz 30 il işləmişdilər.
Köçürülməsi və illüstrasiyası
üçün 5-10, hətta 20-30 il
lazım gələn əlyazmalar haqda başqa orta əsr
müəlliflərinin də əsərlərində qeyd
olunur. Beləliklə, Şah Təhmasibin vaxtında
hazırlanan bəzi əlyazmalar üzərində iş hələ
Şah Ismayılın vaxtında başlamışdı. Bu
isə o deməkdir ki, həmin əlyazmalar üzərində
iş Behzad Təbrizə gəlməmiş başlanıb.
Əlyazmalara çəkilmiş miniatürlərdən
başqa Sultan Məhəmməd ayrı-ayrı vərəqlərdə
bir sıra portret və süjetli kompozisiyalar da işləmişdir. “Ehtimal ki, bu
dövrdə şahın emalatxanası yalnız əlyazma
kitablarının hazırlanması ilə deyil, həm də
saxsı və metaldan məmulatlar düzəltmək,
xalçalar və ipək parçalar toxumaq işi ilə də məşğul olurdu.
“Ustad”ın dünyaca məşhur davamçıları
Sultan Məhəmmədin Şərq poeziyası klassiklərinin
əsərlərinə çəkdiyi miniatürlər, eyni
zamanda ayrı-ayrı mövzularda yaratdığı
miniatürlər dünyanın ən yaxşı muzeylərində
və şəxsi kolleksiyalarda qorunmaqdadır. Dahi sənətkarın
özünün və onun məktəbindən olan digər rəssamların
əsərləri beynəlxalq hərraclarda yüksək qiymətləndirilir.
Onun əsərlərindən “Şahnamə”
(1573) hazırda Nyu-Yorkdakı Metropoliten, Nizaminin “Xəmsə”si
(1539-1543) Londondakı Britaniya Muzeyinin, Hafizin “Divan”ı Kembricdəki
Foqq muzeylərinin bəzəyidir.
Londandakı Britaniya Muzeyində saxlanılan və
Şah Təhmasib üçün məxsusi
hazırlanmış Nizaminin “Xəmsə”si mütəxəssislər
tərəfindən bütün dövrlərin və
xalqların kitab sənətinin zirvə əsəri kimi qiymətləndirilir. Həmin nadir incinin
qazandığı dünya şöhrətini Sultan Məhəmməddən
başqa görkəmli Azərbaycan xəttatı Şah Mahmud
Nişapuri, haqqında söz açdığımız
emalatxananın miniatürçü rəssamlarından
Ağa Mirək, Mir Müsəvvir, Mir Seyid Əli, Mirzə
Əli və Müzəffər Əli də
bölüşürlər.
XVI əsrdə yaranmış Təbriz miniatür məktəbinin
banisi Sultan Məhəmmədin çoxlu şagirdləri və
ardıcılları da vardı. Onun “Ustad” deyə
çağırılması da bununla bağlı idi.
Sultan Məhəmmədin Ustadın tələbələri
arasında onun öz oğlanları Mirzəli bəy, Məhəmməd
bəy, yaxın qohumu Mir Zeynalabdin, həmçinin Mir Seyid
Əli, Müzəffər Əli, Şah Məhəmmədi və
başqaları da vardı. Onların hər biri
böyük sənətkar olmaqla yanaşı, Sultan Məhəmməd
ənənələrinin davam etdirilməsində və Azərbaycan
miniatür sənətinin gələcək inkişafında
böyük xidmətlər göstərmiş, Təbriz məktəbinin
ənənələrini bütün Şərqə
yaymışdılar. Təkcə
Türkiyə və Hindistana getmiş rəssamları
xatırlamaqla bunu görmək mümkündür.
Onlardan Türkiyənin miniatür sənətinin
inkişafında böyük xidmətləri olmuş Şah
Qulunun, həmçinin imperatorlardan Humayun və Əkbərin
sarayında uzun müddət çalışmış və
Hindistanın kitab miniatürü sahəsində silinməz
izlər qoymuş Mir Seyid Əlinin adlarını çəkmək
kifayətdir...
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 23-24 dekabr.- S.14.