Dünya miniatür sənətinin məşhur
imzası
Azərbaycanlı rəssam Mir Seyid
Əli...
Məlum olduğu kimi,
XVI əsr Təbriz rəssamlıq məktəbi
Azərbaycan mədəniyyət
tarixinə böyük
sənət inciləri
bəxş etmişdir.
Bu dövrdə Azərbaycanın paytaxtı
Təbriz şəhəri
Yaxın və Orta Şərqdə əsas mədəniyyət
mərkəzinə çevrilmişdi.
Təbrizdə Şah İsmayıl
və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi
altında böyük
bir istedadlar nəslini təmsil edən şəxslər cəmlənmişdi.
Bu dövrdə həmçinin
Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi
genişlənməkdə idi. Təbriz rəssamları
məşhur klassiklərin
əsərlərinə gözəl
illüstrasiyalar işləməklə
bənzərsiz sənət
nümunələri yaradırdılar.
Şərqin iki dahi əsəri olan - “Şahnamə” və “Xəmsə”ni bənzərsiz miniatürlər bəzəməkdə
idi. Belə nümunələrin bəziləri bu gün də dünyanın məşhur
muzeylərini bəzəyir.
Təbriz rəssamlıq məktəbi
eyni zamanda, dünya mədəniyyətinə
də bir çox istedadlar bəxş etmişdir. Belə istedadlardan
biri də azərbaycanlı miniatürçü
rəssam Mir Seyid Əlidir. Onun yüksək dəyərə
malik əsərləri
indi dünyanın böyük kitabxana və muzeylərini bəzəyir.
Təbriz miniatür məktəbinin
banisi olan Sultan Məhəmmədin davamçısı
olan Seyid Əli Londonda Britaniya muzeyində saxlanan Nizami “Xəmsə”sinin əlyazmasına
işlənmiş illüstrasiyaların
müəlliflərindən biridir. Həmin əlyazma 1539-1543-cü illərdə Şah Təhmasibin sarayı nəzdində fəaliyyət
göstərmiş kitabxanada
işlənmişdir. Peşəkar mütəxəssislər həmin nüsxəni bütün dövrlərin
və xalqların ən mükəmməl bədii əlyazması, Şərqin kitab sənətinin ən qiymətli incisi hesab edirlər. Əlyazmanın titul səhifələri
incə naxışlarla
işlənmiş, səhifələrin
kənarlarında qızıl
suyu ilə işlənmiş təsvirlər
çəkilmişdir.
“Xəmsə”nin əlyazmasına daxil edilmiş iri formatlı on dörd miniatür XVI əsrin ən görkəmli rəssamları tərəfindən
işlənmişdir. Bu rəssamlar
Sultan Məhəmməd, Ağa
Mirək Mirzə Qiyas, Mir Müsəvvir, Mirzə Əli, Mir Seyid Əli və Müzəffər Əlidir. Qiymətli əlyazmanın səhifələrindən
birində əsərin
üzünü köçürən
rəssam Şah Mahmud
Nişapurun belə bir qeydi var:
“Ruzigarın gözü
belə şey görməmişdir”. Bu unikal nüsxədəki ən gözəl miniatürlərdən biri,
“Məcnun Leylinin çadırı yanında”
əsəri Mir Seyid Əlinin barmaqlarının
məhsuludur. Gözəl
rəssamın dünyanın
digər muzeylərində
saxlanılan başqa əsərləri - “Leylinin
elçiliyi”, “Musiqi məclisi”, “Bəhram Gur və çoban”
miniatürləri də
yüksək sənətkarlıq
nümunələridir.
Miniatürçü rəssam Mir Müsəvvirin
oğlu
Seyid Əlinin
istedadı doğulduğu
ailədən gəlirdi. O, XVI əsrin
əvvəllərində yaşayıb-yaratmış
məşhur miniatürçü
rəssam Mir Müsəvvirin
ailəsində dünyaya
gəlib. Böyük sənətkar yaxşı
təhsil görmüş
və Cüdai təxəllüsü ilə
lirik şeirlər yazmışdı. Ibtidai
sənət təhsilini
atasından alan
rəssam daha sonra bu sənətin
incəliklərini mənimsəmişdi.
O, həmçinin şah
kitabxanasında öz
ustalığını artırmışdı.
Bu həmin dövrdü
ki, orada Behzad, Sultan Məhəmməd,
Ağa Mirək Mirzə Qiyas kimi sənətkarlar çalışırdı. Seyid Əli də bu zaman o sənətkarların
yanında gözəl
bir məktəb keçir. Otuzuncu illərdən başlayaraq
o, artıq müstəqil
fəaliyyət göstərirdi.
Yuxarıda söz açılan
əlyazma üçün
miniatür çəkməyin
ona həvalə olunması da artıq rəssamın bir sənətkar kimi yetişdiyindən xəbər verirdi.
Başqa
bir şöhrətli
Azərbaycan rəssamı,
şair və təzkirəçi Sadiq bəy Əfşar rəssam haqqında yazırdı: “Mir Seyid Əli öz işinin ustası sayılan və mərhum Şah Təhmasibin kitabxanasında
çalışan rəssamlardan
Mir Müsəvvirin oğlu
idi. Mir Seyidin
özü incə nəqqaş və gözəl müsəvvir
(rəngkar) idi. Xırda bir mübahisə ucundan o, Azərbaycanı tərk edərək, Hindistana getmiş və Cəlaləddin Əkbərin vaxtında böyük şərəfə
və şöhrətə
layiq görülmüşdü”
(Vikipedia).
İstedadlı rəssamın atası
Mir Müsəvvirin yaradıcılığı
barədə olduqca çox az
məlumat var. Müasir
günümüzə onun
cəmi bir miniatürü gəlib çatıb. Yazılı mənbələrdən məlum olur ki, Mir Müsəvvir də Sultan Məhəmməd
kimi xəttatlıq və təsviri sənətlə maraqlanan
Şah Təhmasibin müəllimlərindən olub.
Bu dövrdə xalçaçılıq, rəssamlıq
və miniatür əsərləri ilə sıx əlaqədə inkişaf etməkdə idi. Bu dövrdə sürətlə inkişaf
edən Təbriz miniatür və rəssamlıq məktəbi
ənənələri sonradan
bir sıra məktəblərin, o cümlədən
İsfahan rəssamlıq məktəbinin
yaranmasına yol açmışdır.
Məlumata görə, Osmanlı yürüşləri ilə
əlaqədar öz doğma yurdundan uzaq ölkələrə
üz tutmuş Mir Seyid Əli xaricdə də nüfuzlu bir xəttat kimi tanınmışdır.
O dövrdə böyük Moğollar sülaləsindən
olan hind imperatoru Humayun vətənindən
qovulduğu müddətdə
Təbrizdə I Şah
Təhmasibin sarayında
yaşayırdı. O, saray
kitabxanasının və
bədii emalatxanaların
işi ilə tanış olduqdan sonra Hindistana qayıdanda belə bir nümunəni
öz sarayında da yaratmaq qərarına
gəlir. Humayunun diqqəti daha
çox Mir Seyid Əlinin üzərində
cəmləşir. O hələ
Təbrizdə ikən
rəssama Əmir Həmzə dastanına miniatürlər çəkməyi
sifariş verir.
16 cildlik “Əmir Həmzə” dastanının rəhbəri
Humayun taxtını
geri qaytarandan sonra Mir Seyid Əli və bir sıra başqa
rəssamları öz
yanına çağırır. Beləliklə, Mir Seyid Əli Hindistana gedir. Burada o, təbrizli rəssam Səməd Şirazi ilə birlikdə “Teymurun evi” adlı
məşhur pannonu yaradır. Bu əsərdə də Teymurilər sülaləsinin
nümayəndələri təsvir
olunmuşdur. Humayun həmin
əsərə görə
ona “Nadir ül mülk Humayun şahi” ləqəbini vermişdir. Bundan sonra o, Seyid Əlini “Əmir Həmzə” dastanının
16 cilddə nəzərdə
tutulan və 2400 illüstrasiya ilə bəzədilməli olan unikal əlyazmasının
işlənməsinə ümumi
rəhbər təyin
etmişdir. Yazılı
qaynaqlarda qeyd edilir ki, həmin
kitabın köçürüldüyü
vərəqlərin ölçüsü
az qala
bir metrə çatırdı. Kitabın hər
cildi xüsusi hazırlanmış sandıqda
saxlanılırdı. Bu qiymətli əlyazmanın
üzərində Mir Seyid
Əlinin rəhbərliyi
ilə 30-dan artıq rəssam işləmişdi.
Amma şahidlərin söylədiklərinə
görə, hələ
1570-ci ildə Mir Seyid
Əli Məkkəyə
ziyarətə gedərkən
kitabın yalnız 4 cildi hazır idi.
Seyid Əlinin
imzası Azərbaycan,
İran və Hindistan kimi ölkələrin bədii
sənət tarixinə
əbədi yazılmışdır. Onun yaradıcılığının
və təmsil etdiyi Təbriz rəssamlıq məktəbinin
Hindistanda Moğol miniatür məktəbinin
yaranmasına təkan
verdiyi danılmaz gerçəkdir. Bu baxımdan, Təbriz rəssamlarından Şah
Qulu Təbrizi, Vəlican, Kamal Təbrizi kimi sənətkarlar da Türkiyə miniatür sənətinin inkişafında
mühüm rol oynamışlar.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 25 dekabr.- S.14.