Nəstəliq xəttinin
yaradıcısı
Zərif xəttatlıq nümunələrinin
müəllifi Cəfər Təbrizi
Azərbaycanın
dünya mədəniyyətinə ən
gözəl nümunələr vermiş
sənət növlərindən biri də
xəttatlıqdır. Qədim zamanlardan ustad sənətkarlarımızın
yaratdığı zərif xəttatlıq nümunələri,
miniatürlərimiz və xalçalarımız kimi, bu gün
də dünya muzeylərinin qiymətli eksponatları
olaraq qorunur.
Yazılı mənbələrə görə, Azərbaycan
xəttatlığının tarixi
Mübarək şah Zərrinqələm
Təbrizinin işlərindən başlanır. Mübarək
şah Zərrinqələm klassik xətlərin altısını da yaxşı bilirdi və
onun həmin xətlərlə yazan xeyli
ardıcılları vardı.
O dövrdə xeyli məşhur olan bu böyük xəttatın ardıcıllarından biri də Cəfər Təbrizi idi. Mənşəcə Azərbaycan türklərindən olan Cəfər Təbrizi XV əsrin ən görkəmli xəttatlarından sayılırdı. O, Azərbaycanın böyük xəttatlarından biri olmaqla yanaşı, həm nəstəliq, təliq və süls xətləri ilə, həm də klassik xətlərdə yazmağı bacaran onlarla məşhur xəttatın müəllimi olub. Ustadlarından mənimsədiyi biliklərdən başqa, Cəfər Təbrizinin adı bu sənət sahəsinə töhfə etdiyi bir sıra yeniliklərlə xatırlanır.
Onun həyatı Orta Asiyanın Teymur tərəfindən istilası dövrünə təsadüf edir. Onun həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən məlumatda “Vikipedia” yazır ki, Təbrizdə Cəfər Təbrizi Azərbaycan hökmdarı, Teymurun oğlu Miranşahın sarayında fəaliyyət göstərib. Müəyyən müddət sonra isə o da bir sıra digər usta, rəssam və xəttatlarla birlikdə Herata, Teymurun o biri oğlu Şahruxun yanında çalışmağa gəlir. Görkəmli xəttat burada Şahruxun oğlu Baysunqurun yanında işləyib, kiçik bir kitabxana-emalatxanaya rəhbərlik edib. “Yazı elmin yarısıdır” düsturuna əməl edən Cəfər 40-a yaxın xəttatla əlyazmaların üzünü köçürməklə məşğul olurdu. Bunlardan başqa, emalatxanada miniatürçülər, qızıl suyu ilə işləyənlər, dəri aşılanması və bəzədilməsi üzrə ustalar, bərpaçı və cildçilər də vardı. Eyni zamanda, Təbrizli ustalardan Aini Təbrizi, İbrahim Təbrizi, Xoca Əli Müsəvvir və başqaları da onların arasında idi. Məşhur xəttat Cəfər Təbrizi özünü qabiliyyətli müəllim və təşkilatçı kimi göstərir və həmin kitabxananın inkişafı üçün çox iş görür. O, tez-tez kitabxanada görülmüş işlər haqqında Baysunqur Mirzəyə hesabatlar təqdim edir. Həmin hesabatlardan biri (iyun, 1427) hazırda Istanbuldakı Topqapı sarayının muzeyində saxlanılır. Hesabatda kitabxananın fəaliyyətinin təsviri ilə birlikdə 18 miniatürçü, xəttat, cildçi, tərcüməçi və qızıl suyu ilə işləyən usta və digərləri haqqında məlumatlar da vardır.
1484-cü ildən həmin kitabxanaya
Şərqin böyük rəssamı Behzad başçılıq etmişdi.
Behzad Şah İsmayıl
Heratı tutduqdan sonra
bir sıra rəssam və xəttatlarla birlikdə
Təbrizə köçmüş və
burada Şah
Ismayılın kitabxanasına rəhbərlik etmişdi.
Təbriz və Herat kitabxanaları
arasında gedən həmin istedad
mübadiləsi sonradan gözəl bir nəticə vermişdi.
Bu iki məşhur kitabxana arasındakı əlaqə kitab sənətində iki
məktəbin yaxınlaşmasına və inkişafına gətirib
çıxarmışdı.
“İslam xətlərinin gəlini”
- nəstəliq
Cəfər Təbrizi iki məşhur xətt növünü - “nəsx” və “təliq” xətlərini sintez edərək nəstəliq xəttini əmələ gətirmişdi. Bu xətt növünü bəzən “İslam xətlərinin gəlini” də adlandırırdılar. Azərbaycan xəttatı Cəfər Təbrizi usta xəttat kimi Xorasan və Türküstanda böyük şöhrət qazanmış və “Şəkəri-qələm” ləqəbini almış Mir Abdullahın şagirdlərindən idi. Nəstəliq, təliq və süls xətləri ilə yazmağı bacaran onlarca məşhur xəttatın müəllimi olan Cəfər Təbrizi nəstəliq xəttinin inkişafı üçün o qədər böyük işlər görmüşdü ki, onu bu xəttin ikinci ustadı (müxtəre us-sani) adlandırırdılar.
Böyük sənətkar Təbrizi o dövrdə nəstəliq xəttindən başqa geniş işlədilən klassik altılığı və təliq xəttini də gözəl mənimsəmişdi. O, süls xəttini Şəms əd-Din Məşriqidən, həmçinin onun oğlu və şagirdi Əbdürrəhim Xəlvətidən öyrənmişdir.
Baysunqurun vəfatından sonra Cəfər Təbrizi onun qardaşı Əla əd-Dövlənin yanında çalışır. Tədqiqatçı A.Qazıyevin yazdığına görə, “O zaman təzə ortaya çıxan nəstəliq xəttinin formalaşması üçün o, böyük iş görür. Şagirdlərindən biri - Əzhər Təbrizi onu həmin xəttin ikinci yaradıcısı (”Müxtəre üs-sani") adlandırmışdı. Çünki Cəfər bir çox məsələlərdə öz ustadından da qabağa getmişdi".
Bir çox
tədqiqatçıların yazdığına görə,
Cəfər Təbrizi 1413-1452-ci illərdə
yaradıcılıqla daha fəal məşğul
olmuş, nəstəliq ustası
sayılmasına baxmayaraq, klassik
xətlərlə daha yaxşı
yazmışdır. Bu dövrdə nəstəliq yazısının həm
iri, həm də xırda növləri
vardı. İri nəstəliq adətən, qitə üzərində
yazılırdı. Qitə, üzərində 3 dünyəvi
məzmunlu nəzm nümunələri yazılan və
naxışlarla bəzədilən kağız vərəqinin
karton üzərinə
yapışdırılması yolu ilə
düzəldilirdi. Xırda və orta nəstəliqlə
bir qayda olaraq, poetik əsərlərin
əlyazma nüsxələri yazılırdı. Xırda nəstəliq
yazısı XV əsrin ikinci
yarısında Heratda özünün
daha mükəmməl formasını
alır.
Əsərləri
dünya muzeylərində
Herat ustaları bunun sonralar Herati adlanan xüsusi növünü yaratmışdılar. Həmin Herati xətt növünün yaradıcısı isə Cəfər Təbrizi sayılırdı. Sonralar məşhur xəttat kimi tanınmış şagirdləri Əzhər Təbrizi və Şah Mahmud Zərrinqələm Hafinəs nəstəliqi ondan öyrənmişdilər. Bunlardan başqa onun şagirdləri arasında klassik xətlərlə yazan ustalar da vardı.
Ustad Cəfər Təbrizi Şahzadə Baysunqurun sarayında yaşadığı dövrdə xəttatlıq tariximizdə yaxşı məlum olan bir sıra kitabların - Firdovsinin “Şahnamə”si (1430), Sədinin “Gülüstan”ı (1427), Nizami Gəncəvinin “Xəmsə”sinin (1431) üzünü köçürmüşdür. Bunlar Cəfər Təbrizinin nəstəliq xətti ilə üzünü köçürdüyü kamil xəttatlıq nümunələrindən sayılır. Bu nüsxələr Parisin, Dublinin, Tehranın, İstanbulun, Sankt-Peterburqun məşhur kitabxana və muzeylərində saxlanılır.
Nəfis əsərlər müəllifi olan Cəfər Təbrizi eyni
zamanda dövrünün
şairi kimi
tanınıb. Heç şübhəsiz
ki, onun şairlik ruhu və
istedadı xəttatlıq əsərlərinə də öz təsirini göstərmişdi. Ədəbiyyat
aləminə onun Baysunqurun
ölümünə yazdığı mərsiyə məlumdur.
Bundan başqa, onun Şahrux və onun oğlanları şahzadə Baysunqur və Əla əd-Dövlənin
saraylarında çalışdığı zaman
yazdığı şeirlər də var.
Dahi sənətkar 1480-ci ildə 65
yaşında Herat şəhərində
dünyasını dəyişib.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 27 dekabr.- S.14.