“Çıxışlarımı
verilişlərdən silirlər”
Rasim Balayev: «Məni lent
yazılarından silmək olar, amma
Azərbaycan kino tarixindən silmək
mümkün deyil»
«Rüstəmin
siyasi baxışları var, o özü bilər, azad
adamdır, amma biz burda heç vaxt siyasətlə məşğul
olmamışıq»
Xalq artisti, Azərbaycan
Kinematoqrafçılar İttifaqının
katibi Rasim Balayevin APA-ya müsahibə verib. Müsahibəni
ixtisarla təqdim edirik.
- Rasim müəllim,
necəsiniz, səhhətiniz necədir?
- Son vaxtlar bel ağrılarından ciddi əziyyət çəkirəm, davamlı müalicə olunuram, görək sonu necə olacaq. Deyirlər yaxşı olacaq. Buna da şükür... Gözüm sulanırdı, həkimə getmişdim, bildirdilər ki, belə getsə gələcəkdə gözümdə mirvari suyu əmələ gələcək. Maraqlandım, dedilər 5-7 dəqiqəlik lazer əməliyyatıdır. Yəni, əgər əmələ gəlsə, cərrahiyyə əməliyyatı ola bilər...
Görünür, yaşdandır, insan yaşa dolduqca problemlər ortaya çıxır. Mənə deyirlər ki, sən belindən zərbələri harada almısan? Düzdür, cavanlıqda atdan yıxılmışam, qaçanda ayağım ilişib, nə bilim, cürbəcür çəkilişlərdə hadisələr olub. Bir az ağrıyıb keçib, sən demə, onlar hamısı bir-bir yerini alıb, indi yavaş-yavaş üzə çıxır. Ömrün qış fəslinə gedirik. Ömrün yaz, yay, payız, qış fəsli var. Alın yazısına inanıram, hər kəsin öz alın yazısı var...
“Ola bilər, gələn il
məni heç kim dəvət etməsin”
- Bəlkə elə
səhhətinizdə yaşanan
problemlər Azərbaycan kinosundakı nisbi durğunluqla
da bağlıdır?
-
Bilirsiniz ki, son bir neçə il çəkiliş
problem oldu. Amma mən hər il ən
azı bir filmdə çəkilirəm. O mənada
şükür. Ötən il iki filmdə
- “Sübhün səfiri” və Ayaz Salayevin bir filmində
çəkildim. Birini dövlət qəbul
edib, biri gözləmə məqamındadır. Amma 2013-cü ilin planını, ssenariləri, məni
dəvət edib-etməyəcəklərini bilmirəm. Bizim sənət asılı sənətdir. Yəni,
ola bilər ki, gələn il məni
heç kim dəvət etməsin. Bu, mənlik
deyil. Rasim Ocaqovun bir neçə filmində
çəkilmişəm, o mənimlə işləmək
istəyirdi, bir də görürdün deyirdi ki, “Rasim, təəssüf
ki, ssenaridə sənə uyğun rol yoxdur”. Hələ
ki canımda can var, ağrıya-ağrıya da olsa çəkilmək
istəyirəm... Mən kamera, çəkiliş
üçün darıxmaqdan qorxuram, darıxıram və
buna görə də çəkilirəm.
“Bu məsələni bu qədər
şişirtmək lazım deyildi”
- Azərbaycan Respublikası
Kinematoqrafçıları İttifaqı yaradıldıqdan
sonra sərt çıxışlarınız,
açıqlamalarınız oldu. Buna görə gələn il
çəkilişə dəvət almaqla bağlı tərəddüdləriniz
var?
- Yox, elə
deməzdim. Sənət başqa şeydir.
Biz burda neyləyirik ki? Sadəcə,
kinoda o qədər də xidməti olmayan adamlara
sözümüzü deyirik. Məsələn, Cəmil
Quliyev adlı bir adam var, bütün tarix
boyu iki film çəkib. Bir filmi “Sonqulunun hekayəti”,
biri də “Oçen skuçnaya istoriya”. Filmə
baxıblar, o qədər darıxdırıcı olub ki,
adını da elə qoyublar, əslində adı başqa
olub. Yəni, bu adam burada işləyə-işləyə,
haqsız danışır. Mən demirəm ki,
biz ideal işləmişik. Bizim də
çatışmayan cəhətlərimiz olur, hər qurumda
olduğu kimi. İnanın mənə,
başqa ittifaqların rəhbərlərini biz bura tədbirlərimizə
çağırmışıq, onlar hər gəlişlərində
deyiblər siz xoşbəxt adamsınız ki, burada mehriban bir
mühit yaratmısınız, bizdə bu cür səmimiyyət
yoxdur. Elə bil göz dəydi... Əslində
məlum məsələdir bu niyə və necə oldu.
Amma bu məsələni bu qədər
şişirtmək lazım deyildi. Kino
Ittifaqı nə dərəcədə dövlət
üçün əhəmiyyətli bir idarədir ki? Bu, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi
Nazirliyi deyil, ictimai qurumdur. Bu qurumun
bölünməsi nəyə lazım idi? Problemi sivil yolla həll eləmək olardı.
Məsələn, qurultay çağırıla
bilərdi. Bir az biədəb oldu, nə
bilim vallah... İşləsinlər onlar da.
Sənət başqa şeydir, şəxsi
münasibətlər başqa. Ola bilər
kiminsə məndən xoşu gəlmir. Deyirlər
Rasim yalvarır ki, mənə rol verin, ona rol vermirlər.
Halbuki indiyə qədər ən yalvarılan
aktyor mən olmuşam və düşünürəm ki, Azərbaycanda
filmdən imtina edən aktyorlar arasında ilk qaranquşlardan
biri mənəm. Mən məhz belə
olmuşam- xoşuma gəlməyib, bəyənməmişəm,
oynamamışam. Yoxsa, aktyorlar onun rolu
oldu-olmadı, oynayıblar. Nə deyirlər
desinlər, özləri bilər. Düşünürəm
ki, əgər mənə uyğun rol olduğunu görsələr,
mənə verərlər, verilməsə də canları
sağ olsun. Təəssüf ki, son vaxtlar
arxasınca gözüm qalan rollar yoxdur. Elə
bir rol olmayıb ki “ay Allah, kaş bunu mənə verəydilər"
deyim.
“Hər gecə yatmazdan əvvəl
özüm üçün iclas etmişəm”
- Yeni alternativ qurum yaradılanda niyə
Siz də çoxları kimi addım atmadınız? Niyə fərqlənməyə üstünlük
verdiniz?
- Hərənin
bir xarakteri var. Hər zaman səhv də olsa, düz də
olsa, bir sifətim var. Dəqiqədə dəyişən adamlardan
deyiləm. Əqidəm var, bir şeyə
inanıramsa, sona kimi inanacağam. Mən hər
şeyi görürəm və bilirəm ki, səhv etdilər,
bu, yaxşı şey deyil. Bu gün
insanların arasında olan ən böyük problemlərdən
biri səmimiyyətdir, insana qayğı ilə
yanaşmaqdır. Bizim kollektivdə bu, bir
balaca var idi, onu da böldülər və iki cəbhə
yaratdılar. Nəyə lazımdır bu?
Özündən demək olmasın, mən
çalışıram obyektiv, vicdanlı olum, tək
özümü düşünməyim, yalnız öz mənafeyimi
güdməyim, axı biz cəmiyyətdə
yaşayırıq. Mən demirəm ki, qəhrəmanam.
Amma hansısa bir hərəkəti edəndə
buna kənardan nə deyərlər deyə götür-qoy
edirəm. Bu yaşıma kimi hər
gün gecə yatmazdan əvvəl mən özüm
üçün iclas etmişəm. Götür-qoy
edirəm, düşünürəm ki, deyəsən orda
yaxşı eləmədim, gərək o adamdan üzr istəyim
və ya hansısa hərəkətim kobud çıxdı.
Hər bir insan öz vicdanı
qarşısında gərək hesabat versin.
“Rüstəmin öz siyasi
baxışları var, o özü bilər”
- Sizin hazırda konkret əməkhaqqı
aldığınız dövlət müəssisəsi
varmı? Sizə dövlət işi təklif olunsa,
razılıq verərsinizmi?
- Yoxdur və
razılıq da vermərəm. İndi heç
təklif də olunmaz yəqin. Bu ittifaqdakı iş
ictimai işdir. Mən filmdə çəkilən
zaman yalnız qonorar alıram. Burda da simvolik maaş alıram. Milli Məclisin
deputatları Allah şahididir, 4-5 ildir mən Milli Məclisə,
Nazirlər Kabinetinə, Prezident Aparatına kimi getmişəm.
Vaxtında biz bunu istəmirdik, çünki təminat
var idi. Lap əvvəllər Moskva ilə əlaqəmiz
var idi, “Azərbaycan” kinoteatrı bizim balansımızda idi.
Burda keçirdiyimiz tədbirlər üçün pula
ehtiyac var. Hər ay bura 1100 manatdan bir az
artıq kirayə haqqı veririk. İndi Rüstəm İbrahimbəyov
o pulu verir. Vaxtilə tədbirlərimizi rahat
keçirirdik. Bu gün də tədbirlər
keçiririk, çətin də olsa, bunu edirik. Cəmil Quliyev deyir ki, orda yalnız siyasi söhbətlər
aparılıb. Rüstəmin öz siyasi
baxışları var, o özü bilər, azad adamdır,
amma biz burda heç vaxt siyasətlə məşğul
olmamışıq, yalnız başımızı
aşağı salıb kino ilə məşğul
olmuşuq. Deyirlər, gənclərə
fikir vermirik. Halbuki burda gənclərə
məktəb açdıq, məşhur adamları
çağırdılar, master-klasslar keçirildi.
Bilirsiniz o məktəbin direktoru kim idi? Cəmil
Quliyev... Adamı yandıran odur, məhz o deyir
ki, burada gənclərə fikir verilməyib.
- Tədbirlərin birində
bildirdiniz ki, müxtəlif verilişlərdən Sizin çıxışlarınız silinərək
efirə verilir...
- Bəli,
doğrudur. Cəmil Quliyev mənim müxtəlif tədbirlərdən
lent yazılarımı kəsib, efirə o cür verir. Məni
lent yazılarından silmək olar, amma Azərbaycan kino
tarixindən silmək mümkün deyil. O zaman gərək o
filmləri verməsinlər, ya da filmləri də kəsib
versinlər. “Babək”də, “Nəsimi”də mənim
rolumu kəssələr necə olar? Bilirsinizmi,
bunu dar düşüncəlilik hesab edirəm. Məsələn, bir-iki verilişə baxdım.
Rasim Ocaqov haqqında fikir demişdim və həmin
verilişi AzTV verib, təkrarını verirlər,
görürəm mən yoxam. Leyla Bədirbəyli
haqqında da fikir demişəm, hamı var, məni
çıxarıblar. Mən 3-5 filmə
yox, 100-ə qədər filmə çəkilmişəm.
100 filmi qoy qırağa, görək nə olur.
Bu iş deyil axı. Sənə iş veriblər, get işini
gör. Sən elə et ki, bizim Kino İttifaqından
daha yaxı işlə, biz də deyək, bunlar nə
yaxşı işləyirlər, gəlin biz
dağılışıb gedək.
- Sizin ittifaqdan yeni yaradılan
ittifaqa üz tutanların sayını bilmək olarmı?
- Bizim
ittifaqdan 20-25 nəfərə qədər insan gedib ki, mən
bilirəm onlar nəyə görə gedib. Kiminsə
Rüstəmlə münasibəti pis olub, kiminsə məndən
açığı gəlib, gedib, amma qalanını Cəmil
Quliyev bir-bir zəng edib aparıb. Bu yolla 100-ə
yaxın adam gedib. Amma belə
olmamalıdır axı. Bura ümumi evdir,
gəlib burda dərdləşirik, danışırıq.
“Bu ittifaqdan mənim heç bir maddi
xeyrim olmayıb”
- Siz uzun illərdir bu
ittifaqdasınız. Niyə Sizə bu çətin
günlərdə ittifaqa sədrlik təklif olunmadı?
-
Olunmadı... Bilmirəm niyə.
- Sizcə elə olsaydı,
alternativ quruma ehtiyac qalardımı?
- Mən
düşünürəm ki, ehtiyac qalmazdı...Elə bir
variant edə bilərdilər, eləmədilər. Təəssüf...
Gərək bu alternativ qurum söhbətindən
əvvəl olaydı. Bəlkə də
bizə pul ayırardılar, diqqət olardı. Amma olmadı, indi artıq gecdir. Bizim
sözbazlarımız çoxdur, amma inanın, bu ittifaqdan mənim
heç bir maddi xeyrim olmayıb. Əvvəldən
simvolik maaşa işləmişəm. Hətta
mən bura gələndə aylarla Türkiyədə, İranda
filmə çəkilmişəm. Yəni
bu mənada maneçilik olmayıb, nə zaman istəmişəm
getmişəm, bizdə ay bu sədrdir, bu birincidir, bu katibdir,
belə bölgü olmayıb. Kimin nəyə
gücü çatıb, iş
görülüb.
- Belə çətin deyil?
-
Çox çətindir. İnsan bəzən
ruhdan düşür. Axı bir işi
görəndə insan istər-istəməz arzulayır ki,
yaxşı işi görəndə ona qiymət verilsin.
Məsələn, desinlər ki, Kino İttifaqı
fəal işləyib. Amma görəndə
ki, bu heç kimin diqqətində deyil, insan ruhdan
düşür. Nəyə görə?
Kimə görə? Müəyyən
yaxşı işə mütləq qiymət verilməlidir.
Tənqid də olmalıdır. Bu gün Azərbaycan kinosunda tənqid, tərif, nə
bilim kinoşünaslıq da yoxdur. Mən
istəyirəm ki, biri filmə baxdıqda qəzet səhifələrində
öz fikrini bildirsin. Adam oxusun,
götür-qoy eləsin. Sovet vaxtı əməlli-başlı
var idi. Özü də çox qəribə bir
şeydir ki, yalnız tərifləyirlər, amma mənfi cəhəti
demirlər, heç kim pis olmaq istəmir.
Azadlıq.- 2012.- 27
dekabr.- S.13.