Uzaq diyarlarda qərib Azərbaycan...

 

Bolşevik istilasından sonra qürbət ellərdə...

 

Tarixən dünyada azərbaycançılıq ideyasının yayılmasında uzaq ölkələrdə yaşayan mühacirlərin böyük rolu olmuşdur. Zaman-zaman Azərbaycanda baş verən tarixi hadisələr zamanı doğma vətənlərini tərk etmək məcburiyyətində qalan bu insanlar uzaq diyarlarda da ürəklərində bir yurdçuluq çırağı yandırmışlar. Onlar həm siyasi fəaliyyətləri, həm ədəbiyyat nümunələri, həm də təşkilati işləri ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz işlər görmüşlər.

Heç şübhəsiz, belə əvəzolunmaz insanlara ən parlaq örnək kimi böyük mücahid Məmməd Əmin Rəsulzadəni göstərmək olar. 1920-ci ildə Azərbaycan milli qüvvələrinin böyük zəhməti bahasına qurulmuş demokratik cümhuriyyət rus bolşevikləri tərəfindən süquta uğradıldıqdan sonra ölkəni tərk etmək zorunda qalan ziyalılar sırasında Rəsulzadə də vardı. Həyatının mühüm bir dövrünü xarici ölkələrdə azərbaycançılıq, türkçülük ideyalarının yayılmasına həsr edən böyük öndər bu yolda bütün varlığı ilə çalışmışdır. Rəsulzadə 1932-ci ildə Berlində “İstiqlal” qəzetində dərc etdirdiyi “Münəvvər mühacirin borcu” adlı məqaləsində “müxtəlif dövrlərdə və müxtəlif səbəblərdən vətəni tərk edib mühacirliyi seçmiş bir çox münəvvərlərimiz (ziyalılarımız) və xüsusilə də münəvvər gənclərimiz vardır. Onların bir sahədə ixtisas əldə edərək elmtexnika adamı olmalarını görmək əziz arzularımızdan biridir. Fəqət, vətəni istila altında inləyən bir mühacir münəvvərin sadə, mütəxəssis bir texnika adamı olmaqdan başqa, bir borcu da vardır ki, bu da Vətən borcudur! Ustad daha sonra əlavə edir ki, Azərbaycan istiqlal qayəsini mənimsəmiş, vətənin gələcək istiqlalına iman etmişöz xüsusi həyat və səadətini millət və məmləkətin həyat və səadəti şərtilə təsəvvür edilə bilmək idealizminə nail olmuş bir gənc azərbaycanlı - sadə mühəndis, sadə hüquqçu, sadə memar, sadə iqtisadçı, tarixçis. olmaqla qala bilməz. O, eyni zamanda vətənçi bir mühəndis, milliyyətçi bir hüquqçu, istiqlalçı bir iqtisadçı, tarixçis. olmağa borcludur... Sadə texnik hər zaman bulunur. Bu ehtiyacını bir millət müvəqqəti bir zaman üçün əcnəbilərə müraciət surətilə də təmin edə bilir, fəqət, heç bir zaman xaricə müraciət olunaraq bir vətənpərvər, bir milliyyətçi və bir istiqlalçı alına bilməz!”.

Bu sözlərin müəllifi gerçək bir nümunə yaradaraq söylədiklərini son nəfəsinə kimi əməli ilə sübuta yetirmişdir. Böyük şəxsiyyətin fəaliyyəti yalnız öz şəxsi fəaliyyəti ilə məhdudlaşmamış, o, mühacir soydaşlarının bir araya gəlməsi, əlaqələrinin itməməsi və Azərbaycanın tanıdılması üçün də əlindən gələni etmişdir.

 

Azərbaycan mühacirət ədəbiyyatı

 

20-ci illər bolşevik işğalından sonra uzaq ölkələrdə yaranan mühacirət ədəbiyyatının görkəmli nümayəndələri də Rəsulzadənin yaratdığı bir mərkəzdə cəmləşmişdi. 1924-cü ildə M.Ə.Rəsulzadə İstanbulda Azərbaycanlıların Milli Mərkəzini yaratdı. O zaman Azərbaycan mühacirət ədəbiyyatının, demək olar, bütün nümayəndələri bu mədəni mərkəzin üzvləri idilər. Bunlar həmin şəxslərdi ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin həm siyasi, həm də mədəni istiqamətlərdə aparılmasına inanırdılar. O dövrdə Mirzə Bala Məmmədzadə qeyd edirdi ki, M.Ə.Rəsulzadənin İstanbula gəlişinə qədər Azərbaycan mühacirət ədəbiyyatı xaotik vəziyyətdə idi. O, Türkiyədə və Avropanın digər bölgələrində yaşayan azərbaycanlıları bir amal ətrafında birləşdirməyə nail oldu. 1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət ədəbiyyatının inkişafına təkan verdilər. Bu dövrün nümayəndələrinin əsərləri Türkiyədə, Avropanın bir çox ölkələrində çap olunur və yayılırdılar. “Yeni Qafqazya”, “Azəri-Türk”, “Odlu yurd”, “Azərbaycan yurd bilgisi”, “Qurtuluş” kimi jurnallar, “Bildiriş”, “İstiqlal” və s. kimi qəzetlər Avropanın müxtəlif şəhərlərində nəşr olunurdu.

Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızın məsələsini də uzaq xaricdə ilk dəfə gündəmə gətirən şəxslərdən biri Rəsulzadə olub. O, 1911-ci ildə IstanbuldaTürk yurdu” jurnalında dərc etdirdiyiİran türkləri” adlı silsilə məqalələrində yazırdı: Beş yüz sənədən bəri Iranda hökmran olan padşahlar həp türk irqindən gəldilər... İranda yaşayan türk qəbilələri (Şahsevən, Qaşqai, Tükmən...i. a.) İran dövlətinin təbii əsgərləridir”. Nəsrəddin şah zamanında həqiqətən yalnız kağız üzərində mövcud olan yüz min nizam əskərindən 33 mini yalnız Azərbaycandan əxz ediliyor idi... Zabitlərin çoxu türkdür... Təbriz İran inqilabının atəşlər yağdıran bir mənbəyi idi. Azəri türklərindən təşəkkül edən hürriyyət mücahidləri bütün İran zülmətpəsəndanına qarşı mərdanə köks gərmiş, dayanmışdır. İranın ənvar və niyazisi Səttar Xan ilə Bağır Xanın komandası altında Təbrizin on bir aylıq bir mühasirəyə qarşı göstərdiyi qəhrəmanlıqların öylə şanlı səhifələri vardır ki, bu bahadır türklərin iranlılar arasında “övladi-qəyuri Azərbaycan” - deməyə təməyyüz etmələri pək haqlıdır".

 

Könüllərdə müqəddəs bir vətən...

 

Bundan başqa, İkinci Dünya müharibəsi zamanı əsir düşmüş azərbaycanlı əsgərlərin güllələnməsinə əngəl olmaq üçün 1942-ci ildə Berlinə gələn M.Ə.Rəsulzadə Almaniya rəhbərliyi ilə danışıqlar aparmış, azərbaycanlı əsirləri ölümdən qurtarmışdı. O dövrdə böyük öndər 70 minə yaxın əsir soydaşımızı birləşdirən Azərbaycan legionu ilə əlaqə qurmuş, onların fəaliyyətini diqqətdən qaçırmamışdır. Müharibə başa çatdıqdan sonra vətənə dönən yüzlərlə əsirin “xain” adı ilə güllələməsini eşidincə də, onları mühacirətdə qalmağa çağırmış, uyğun ölkələrdə məskunlaşmalarına yardım etmişdir.

Bəli, Şərqdə ilk dünyəvi dövlətin qurucusu, milli lider Rəsulzadəyə ömrünün sonuna kimi öz vətənində yaşamaq nəsib olmasa da, o, həyatının önəmli bir hissəsini qürbət diyarlarda Azərbaycan mücadiləsinə həsr etdi. Əslində, onun mühacirət həyatı indi xaricdə yaşayan, çox zaman bu ölkənin sıxıntılarından uzaqlaşmağı bir fürsət, qurtuluş sayanorada özünə rahat həyat quran həmyerlilərimiz üçün bir ibrət məktəbidir. Bu böyük insanın 33 illik qürbət həyatı bir qəhrəmanlıq salnaməsi, mübarizlik simvoludur. Az qala qarış-qarış gəzdiyi ölkələrdə onun ilk işi əqidəcə özünə yaxın həmvətənlərini arayıb tapmaq və onları Azərbaycan davasına cəlb etmək olmuşdu. O illər xaricdə nəşr etdirdiyi məqalə və kitablar da böyük öndərin inanılmaz həyat hekayətini ortaya qoyur.

Məhəmməd Əmin Rəsulzadə son nəfəsinə qədər Azərbaycan istiqlalının yenidən doğacağına inamını itirmədi. Böyük fədainin azadlıq arzuları, gecolsa, gerçəkliyə çevrildi. Onun Azərbaycanın gələcəyi üçün söylədiyi bu sözlərin reallığa çevrilməsinə də çox az qaldığına kimsə şübhə edə bilməz:

Dünya tarixinin xülasəsi haqq ilə batil, hürriyyətlə əsarət mübarizəsinin bir ifadəsidir. Bir yandan hürriyyət və demokratiya, o biri yandan isə totalitarizm ilə kommunizm cəbhəsinə ayrılan bu günkü dünya mənzərəsi həmin mübarizənin yeni, böyük qarşılaşması deməkdir. Bu, bəlkə də son qarşılaşmadır. Müqəddəratını hürriyyətsevər millətlərin və mədəniyyət dünyasının müqəddəratı ilə bağlamış Azərbaycan hürriyyət və demokratiya cəbhəsinin son və qəti zəfərinə əsla şübhə etməz! O duyduğu min bir iztirabdan sonra arzuladığı hürriyyət və istiqlalına qovuşacaq, şair Gültəkinin bu beytini zəfər sevincləri içində təkrar edəcək:

Sən bizimsən, bizimsən, durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!".

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 28 dekabr.- S.14.