Gülən və güldürən
obrazlar ustası
Həyatda da, səhnədə
də rolunu mükəmməl oynadı...
O, bir-birindən gözəl obrazları ilə Azərbaycan teatr və kino
tariximizə silinməz
izini qoyub. Hələ məktəbli
ikən dayısı,
görkəmli aktyor Həsənağa Salayevin
tövsiyəsi ilə
o vaxtkı M.Əzizbəyov
adına Dövlət Dram Teatrının
tamaşalarında uşaq
rollarında çıxış
edirdi. Elə o zaman səhnənin sehrinə elə düşdü ki, taleyini həmişəlik
bu sənətə bağladı.
Eldəniz Məmməd oğlu Zeynalov 1 yanvar 1937-ci ildə Bakıda anadan olub. 1956-1962-ci illərdə Teatr İnstitutunda təhsil alıb. Dövrünün ən məşhur
pedaqoqu, sənətkarı
Adil İsgəndərovun
tələbəsi olub.
İncəsənət İnstitutunu bitirdikdən sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə “Sevil”
tamaşasında Gündüz
rolunu oynayıb.
Ancaq bir ara “Azdrama”dan
çıxıb və
kinostudiyaya keçib.
Orada 2-3 il
işlədikdən sonra
isə yenə teatra qayıdıb. Və elə ömrünün sonunadək bu teatrda çalışıb.
Eldəniz Zeynalov kinoda ilk dəfə
1963-cü ildə rejissor
Adil İsgəndərovun
“Əhməd haradadır?”
musiqili kinokomediyasında
rəngsaz Əhməd
rolunda çəkilib,
bundan sonra onun yaradıcılıq həyatı kinematoqrafiya ilə bağlı olub. Tələbə ikən Eldar
Quliyev onu özünün çəkdiyi
“Bir cənub şəhərində” filminə
baş rola dəvət edib. Bu filmlə də
bir aktyorun sənət yolu başlanıb. O, “Azərbaycanfilm”
kinostudiyasında paralel
çalışırdı. Eldəniz Zeynalovun kinoda fəaliyyətə başladığı
dövr kinomuzun “qızıl dövrü” hesab olunur.
Adil İsgəndərovun
seçimi ilə
30-dan artıq filmdə,
o cümlədən “İyirmialtılar”
tarixi-inqilabi filmində
komissar Vəzirov, “Yaşamaq gözəldir, qardaşım” romantik kinopovestində Mustafa Sübhi,
“O qızı tapın”
detektiv filmində Səyavuş, “Ömrün
səhifələri” kinoalmanaxındakı
“Rəqiblər” novellasında
Eldəniz, “Mən nəğmə qoşuram”
uşaq filmində sədr, “Qızıl uçurum” melodramında Nuru bəy, “Bizim Cəbiş müəllim” kinopovestində
alverçi Qulam, “Yeddi oğul istərəm” filmində kəndli Kazım, “Həyat bizi sınayır” kinopovestində
Məsi, “Yol əhvalatı” kinokomediyasında
şikayətçi, “Babamın
babasının babası”
kinokomediyasında həkim,
“Əzablı yollar” kino-nağılında Div və
digər filmlərdə
irili-xırdalı rollarda
çəkilib. Lakin onun
kinoda ilk böyük rolu “Bir cənub
şəhərində” sosial
kinopovestində Tofiq obrazı idi.
“Aktyorun işi-gücü
rejissorun əlinə baxmaqdı...”
Rollarında özü olan aktyorlardan idi Eldəniz Zeynalov. Tamaşaçılar onu əvvəlcə
yalnız komik obrazların yaradıcısı
və yaşadanı kimi qəbul edirdi. Lakin aktyoru işlədib
imkanlarını üzə
çıxarmağı bacaran
rejissorlar, onu tamaşaçıya hər
tərəfdən tanıdır.
Eldəniz Zeynalov, rollarında həm başqalaşırdı, həm
də özü kimi tanınırdı - komik, xarakterik, dramatik obrazlarının hamısında. “Bir cənub şəhərində”
filmində tipik bakılı gəncin, “Rəqiblər” kinonovellasında
maraqlı psixologiyası
olan ticarətçi,
“Əhməd haradadır?”
komediyasında şən
fəhlə, “Yeddi oğul istərəm”də
iki siyasi quruluş arasında çaş-baş qalmış
kəndli, “Bəyin oğurlanması”ndakı mükəmməl
epizodik rolu Eldəniz Zeynalovun sanki bir neçə
vizit kartıdı.
Aktyorun özünün səhnədən, kamera qarşısından kənardakı
davranışındakı səmimiliyinin dərəcəsi,
rolun ifa tərzinin səmimiliyində
də aydın görünür. Eldəniz Zeynalov insanlarla
adi ünsiyyətdə
təbii səmimiliyini
özündən asılı
olmadan, aktyorluğuna da köçürürdü.
“Mosfilm” kinostudiyasında istehsal olunan “Dulsineya Tobosskaya”, “Özbəkfilm”də çəkilən
“Təyyarələr enmədi”
filmlərində də
çəkilib. 1974-cü ildə
“Əməkdar artist” fəxri
adına, 1999-cu ildə “Humay” mükafatına, 2001-ci ildə
“Xalq artisti” fəxri adına layiq görülüb. Yaradıcılığının son dövrü Akademik
Milli Dram Teatrı ilə daha sıx
bağlı olub.
Bu teatrda qoyulan
“Ah Paris, Paris”, “Dəlilər və ağıllılar”,
“Köhnə ev” və başqa tamaşalardakı rolları
ilə səhnədən
də sözünü
deməyi bacarıb.
Eldəniz Zeynalov 80-ci illərin axırlarında
ilk Satira Teatrını
təşkil edib. Teatr daha çox
bölgələrə qastrola
çıxırdı. “Gül, sevin,
gül” tamaşası
ilə bütün Azərbaycanı gəzmişdilər.
Ona bir rol
təklif edəndə
məhz Eldəniz Zeynalov olduğuna görə təklif edirdilər. Plastik aktyor idi.
Bilirdilər ki, obrazın
çərçivəsində qalmayacaq, bütün uyğun improvizələri
edəcək. “Bir cənub şəhərində” filminə
çəkiləndə, Eldar
Quliyev onu məşqlərdən azad
eləmişdi, çünki
bu obraz Eldəniz Zeynalovun xarakterinə çox uyğun idi.
Eldəniz Zeynalovun yumor hissi də
çox güclü idi. Çəkilişlərdə zarafat edəndə
hamı bir neçə dəqiqə
gülməkdən özünü
saxlaya bilmirdi. Vaqif Mustafayev “Yerlə göy arasında” filmini çəkərkən,
kameranı işə
salmamış, aktyorlara
deyib ki, diqqət, əlimə baxın. E.Zeynalov deyib ki, biz elə sənin əlinə baxırıq
da, aktyorun işi-gücü rejissorun
əlinə baxmaqdı.
Həyat gözəl, həm də çox amansız...
Eldəniz Zeynalov kamera qarşısında olduğu kimi, səhnədə də bacarığını göstərə
bilib. Həsənağa Turabov teatra
bədii rəhbər
təyin olunan kimi, E.Zeynalovu truppaya dəvət etmişdi. Onun elə təkcə
“Köhnə ev” tamaşasındakı rolu
tamaşaçılara elə
təsir edirdi ki, çoxları göz yaşlarını
saxlaya bilmirdi. “Ah Paris, Paris” tamaşasındakı
polis rolu kiçik olduğu üçün
çox aktyor o roldan imtina etmişdi.
Ancaq Eldəniz Zeynalov həmin rolu ifa etməyə razı olmuşdu. Çünki onun üçün
rolun böyüyü-kiçiyi
yox idi. Hər bir rolda Eldəniz
Zeynalov olmağı bacarırdı.
Eldəniz Zeynalov kövrək, tez inciyən adam
idi. Həm də ürəyində
söz saxlayan deyildi. Bir dəfə otaqda
oturub həmkarları
ilə söhbət edərkən başqa bir aktyor içəri
girəndə ona deyib ki, əvvəlcə
qapını döymək
lazımdı. O da
deyib ki, “mənə deyirsən qapını döy? Mən Lenin mükafatı laureatıyam”.
Eldəniz Zeynalov deyib ki, “Lenin mükafatı almaqla deyil ki...”
Eldəniz Zeynalov adi bir qəza
üzündən xəstələnir. Təsadüfən ayağını sındırır və bu hadisədən sonra 6 ay xəstə yatır. Travmatologiya İnstitutunda əməliyyat
olunaraq iki ay orada qalır. Daha sonra həkimlər ayağının yenidən
əməliyyat olunmasını
məsləhət görürlər.
Bu dəfə Respublika Elmi Artrioloji Mərkəzdə
əməliyyat olunur.
Ancaq ayağa qalxa bilmir, yataq xəstəsi
olur və dünyasını dəyişir.
Xalq artisti fəxri
adı çox gec verilir və
bundan xəstəxanada
xəbər tutur. Bu adın
sevincini ürək dolusu yaşaya bilmir. O zaman artıq xəstəxanada idi. Onu təbrik
edib “Fəxri ad alacağınızı gözləyirdinizmi?”
deyə soruşanlara
“Gözləyirdim dedikdə,
bu adı elə xalq arasında
daşıyırdım. ”Əməkdar artist" adını
almağımdan görün
nə qədər keçib! Bundan əvvəlki fəxri
ad almalarda bəzi aktyorlar “Xalq artisti” adını alanda məndən bir növ utanırdılar.
Sağ olsun, dövlətimiz, yenə də əməyimi qiymətləndirdi"
deyirdi.
Sənət dostları da, kinoda, teatrda
onunla tərəf-müqabil
olanların hamısı
da Xalq artisti
Eldəniz Zeynalovun yoxluğundan yaranan boşluğu hiss edir.
Eldəniz Zeynalovun arzuları təkcə həyatını həsr
etdiyi teatr və kino ilə
bağlı deyildi. Bir ata kimi övladlarının xoşbəxtliyini,
onların toyunu görmək istəyirdi.
Ancaq uşaqlarının
heç birinin xeyir işini görmək ona qismət olmur...
Aktyorun üç övladı - iki oğlu və bir qızı var. Eldəniz Zeynalov övladlarının incəsənət
sahəsinə getməyini
o qədər də istəmirmiş. Oğlu Elbrusun hüquq
sahəsinə getməsini
arzulasa da, Elbrus televiziya rejissoru olur. Aktyorun kiçik oğlu
Məmməd atasının
yolunu davam etdirmək arzusuyla Mədəniyyət və
İncəsənət Universitetinə
daxil olub, aktyorluq fakültəsini bitirib. Qızı Gülbəniz isə anası kimi iqtisadçıdı...
Eldəniz Zeynalov 5 noyabr 2002-ci ildə dünyasını dəyişib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 13 iyun.- S.14.