Qədim Göyçədəki Nərədüz abidələri      

 

Oğuz türklərinin vətəni

 

Bu gün erməni işğalçıları tərəfindən zəbt edilmiş qədim Azərbaycan torpağı olan Göyçə mahalının abidələri ulu keçmişimizin bir parçasıdır. Belə abidələrə qədim mahalın hər guşəsində rast gəlmək mümkündür. Göyçənin Kəvər rayonuna daxil olan Ağzıbir, Əyrivəng, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Dəliqardaş, Kərimkənd, Hacı Muxan, Kosa Məmməd, Nərədüz, Paşakənd (Məmmədağalı), Qışlaq kəndlərində bir çox belə tarixi abidələr var. Onlardan biri də Kəvər kəndində qeydə alınan Nərədüz abidələridir. Bu, uzaq tariximizdən xəbər verən alban memarlıq abidələri kompleksidir. Bu kompleksə erkən orta əsrlərə aid monastır və orta əsrlərdən XVII-XVIII əsrlərə qədər dövrü əhatə edən müsəlman və xristian məzarları daxildir.

Nərədüz kəndi qədimdən türk-oğuz boylarının, qafqaz albanlarının vətəni olmuş, əraziyə ilk ermənilər 105 ailədə 605 nəfər olmaqla Türkiyədən köçürülmüşdür.

Alimlərin qənaətinə görə, Nərədüz məbədi IX yüzildə inşa edilmiş, sonra zamanla məbədin şimal tərəfində böyük qəbiristanlıq yaranmışdır. Ərazidəki qəbiristanlıqda XIII yüzilə aid alban xaç daşları ilə XIV yüzilin əvvəllərinə aid müsəlman qəbirüstü sənduqələrinin və daş stelalarının yanaşı mövcud olması bir tarixi həqiqəti ortaya qoyur. Bu fakt bölgədə yerli alban-türk əhalinin xristianlıqdan müsəlmanlığa keçidinin məhz XIII yüzilin sonu, XIV yüzilin əvvəllərinə təsadüf etdiyini sübuta yetirir.

Ümumi tədqiq olunmuş Nərədüz qəbiristanlığındakı abidələrin hər biri tarix üçün maraqlı dəlillər verir. Belə sənduqə formalı qəbirüstü abidənin bir tərəfində qarşı-qarşıya dayanmış iki əjdaha təsvir edilmiş, digər tərəfində isə ərəb dilində aşağıdakı yazı həkk edilmişdir: “Bu məzar Allahın mərhəmətinə yüksəlmiş mərhum şəhid...dir. Yeddi yüz dördüncü il”. Hicri 704-cü il isə miladi təqvimlə 1304-1305-ci ilə təsadüf edir.

 

Tarixi Nərədüz “dastanı”

 

Tarixi dəlillərə diqqət yönəldən başqa bir abidə də Nərədüz qəbiristanlığında bədii tərtibatlı daş sənduqədir. Bu sənduqənin yuxarı hissəsində ətraf kəmərin bir hissəsinin sonradan kobud şəkildə ermənilər tərəfindən silinərək, erməni əlifbası ilə yazı əlavə edilməsi görünür. Alimlərin araşdırmasına görə, Nərədüz məzarlığında olan ən qədim xaç daşın tarixi X əsrə aiddir.

“Lakin bədii tərtibat və zənginlik baxımından dəyərli sənət əsəri kimi qiymətləndirilən məzar daşları XIV-XVI əsrlərə aid olan məzar daşlarıdır. Həmin daşlarda islam və xristian elementləri, eyni zamanda, sırf Azərbaycan türklərinin tarixi gələnəkləri ilə bağlı olan və erməni bədii oyma nümunələri olan tarixi xaçkarlarda heç vaxt rast gəlinməyən səkkiz guşəli ulduz kimi müxtəlif elementlər, o cümlədən ərəb əlifbası ilə yazılar, islam motivli naxışlar və azərbaycanlı ad və soyadları qeyd olunmuşdur. Bu zəngin Azərbaycan abidələrini öz adları ilə dünyaya təqdim etməyə çalışan ermənilər xaçkarların yaradıldığı dövrlərdə Ermənistanın Səfəvilərə tabe olması səbəbilə erməni mədəniyyətinin İslam və türk mədəniyyətinin təsirlərinə məruz qalması ilə izah etməyə çalışırlar” (Vikipedia).

Bu yerdə qeyd etmək yerinə düşər ki, eyni hal Cuğa alban məzarlığındakı xaç daşlarda da əks olunur. Sözügedən məqamla bağlı bir çox alimlər etiraf edir ki, tarixi mənbələr Səfəvilərin hakimiyyətinə tabe olan həmin ərazilərin Ermənistan deyil, Çuxursəd vilayəti adlandığını və əhalinin demək olar ki, hamısının Azərbaycan türklərindən ibarət olduğunu göstərir. Bu məzarlıqdakı müsəlman və xristian məzar daşlarının əsas müəlliflərinin adı da məlumdur. Onlar Kərim Kazım oğlu (1551-1610), onun müasirləri Ərəkəli və Məliksəddir. Saxtakar və oğru ermənilər isə ərəb əlifbası ilə Azərbaycan dilində yazılmış həmin adları Kiram Kazmoq, Arakel və Meliset kimi təqdim edirlər.

Nərədüz məzarlığının ümumi ərazisi yeddi hektara yaxındır və burada təxminən minə yaxın məzar var. Bu məzar daşlarının əksəriyyəti təkrarolunmaz, incə və gözəl naxışlarla bəzədilmişdir. Tarix üçün qiymətli sənət əsərləri olan bu məzar daşlarının üstü yosunlarla örtülmüşdür. Bəzi məzar daşlarının üstündə düyün və təsərrüfat fəaliyyəti ilə bağlı təsvirlər əks edilmişdir. Eyni zamanda, bu qədim Azərbaycan məzarlığının yaxınlığında əraziyə sonradan köçürülmüş ermənilər tərəfindən yeni bir erməni məzarlığı salınmışdır. Daha sonralar, XIX əsrdə isə abidələr kompleksi yaxınlığında erməni kilsəsi olan Müqəddəs Bakirə kilsəsi inşa edilmişdir. Ənənəvi olaraq, ərazidəki qədim abidələri erməni abidəsi kimi təqdim etməyə çalışan erməni katolikosu I Vazgen 1978-ci ildə Nərədüz məzarlığındakı bədii ornamentli baş daşlarının bir neçəsini Britaniya Muzeyinə bağışlamışdır. O zaman hələ də abidələrin yerləşdiyi kəndin əhalisi Azərbaycan türkləri idi. Beləliklə, məzar daşlarını məxsus olduğu şəxsin məzarından götürüb öz çirkin maraqları naminə hədiyyə edən erməni katolikos bu addımıyla həm də yerli əhalini  təhqir etmişdir. Katalikosun əsas niyyəti isə qiymətli Azərbaycan mədəniyyət nümunələrini dünyaya erməni mədəniyyət nümunəsi kimi təqdim etmək idi.

 

Əfsanələşən qədim tarix

 

Bu məzarlıqla bağlı xalq arasında çox maraqlı bir əfsanə də var. Həmin əfsanəyə görə, Azərbaycana yürüş edən Əmir Teymur Şirvanı tabe etdirdikdən sonra Qarabağa gələrək burda qışlayır. Yaz gəldiyi zaman isə Osmanlı sərhədinə doğru irəliləyərkən yolu Nərədüz kəndi ərazisindən düşür. Kənd əhalisi Teymura tabe olmaq istəməyərək bir qədər geri çəkilir və Nərədüz məzarlığı ərazisinə gələrək silahlı şəkildə hər adam bir məzar daşının arxasında gizlənir. Kəndə yaxınlaşan Teymurun ordusu məzar daşlarını ordu sayaraq gərəksiz yerə yerli əhali ilə toqquşmaq istəməyib yolunu dəyişərək irəliləyir.

Kəvər rayonunda qeydə alınan məşhur abidələrdən biri də Urartu  çarı Sardurinin oğlu Russanın tikdirdiyi qədim qaladır. Həmin şəxsin tikdirdiyi ikinci qala da Aşağı Qaranlıq rayonunun Kolagirən kəndinin kənarında e.ə.VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Qeyd edək ki, Kolagirən ərazisinə də ilk ermənilər (23 təsərrüfat-151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür.

O cümlədən, rayonun Əyrivəng kəndində də IX-X əsrlərə məxsus alban qala abidəsi var və elə kəndin adı da həmin qalanın adından götürülmüşdür.

Göyçədəki alban tarixini bütün ərazi boyunca müşahidə etmək mümkündür. Göyçə gölünün sahilində yerləşən Qanlı kəndinin ortasında salınmış qədim qəbiristanlıq burada çox qədimdən insanların yaşamasını sübut edir. Alban əlifbası ilə yazılmış abidələr bu yerlərin albanlara məxsusluğuna bir nişanədir. Alban daş abidələri, qəbirlər Azərbaycan türkləri 1988-ci il Ermənistandan deportasiya olunanadək qalırdı.

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 15 iyun.- S.14.