Teatra səs gətirən ilk qadın aktrisamız
Tiflisin qaynar mədəni
həyatı
XIX əsrdə
Azərbaycan türklərinin sıx yaşadıqları Tiflis Qafqazın mərkəzi şəhərlərindən
sayılırdı. Canişinliyin burada yerləşməsi Tiflisi
həm siyasi, həm iqtisadi,
həm də maarif və mədəniyyət
baxımından müəyyən inkişaf
yoluna çıxarmışdı. Milli dramaturgiyamızın
banisi Mirzə Fətəli Axundzadə burada yaşayırdı. Onun
komediyaları rus, fars,
gürcü dillərinə, osmanlı
türkcəsinə məhz Tiflisdə tərcümə edilmişdi. Hətta zadəgan evlərində
dramaturqun əsərləri 1850-ci illərin
sonlarında rus və gürcü
dillərində tamaşaya qoyulmuşdu.
Azərbaycanın
teatr həvəskarları 1880-1900-cü illərdə, əsasən,
Novruz, Orucluq, Qurban bayramlarında, ayrı-ayrı məktəblərin
müxtəlif tədbirlərində teatr tamaşaları
göstəriblər. Tamaşalar Tiflisin müxtəlif
klublarında, daha çox Zadəgan bankı binasının
salonunda və Artsruni teatrında nümayiş olunub. Teatr
tamaşalarını ziyalılar və tələbələr
hazırlayırdılar. Səhnə əsərlərinin
fasilələrində klassik Şərq
üçlüyünün konsertləri də olurdu. Əlbəttə
ki, bu tamaşalar ilk növbədə əyləncə məqsədi
ilə göstərilirdi. Lakin onun kökündə
açıq və ya dolayı şəkildə maarifləndirmə
ideyası, maarifləndirmə ruhu əsas idi.
1875-ci ildə
“Əkinçi”, bir qədər sonra “Ziya” qəzetlərinin nəşri,
Tiflis mədəni mühitinin tərəqqisi, əcnəbi
teatr truppalarının buraya müntəzəm qastrolları
XIX əsrin sonlarında və XX əsrin ilk onilliyində Azərbaycan
səhnə sənətinin inkişafına güclü təkan
verib. Tiflisdə daimi olmasa da, vaxtaşırı birləşib
tamaşalar hazırlayan fədakar teatr həvəskarlarının
yığcam dəstəsi yaranmışdı. Həmin dəstəyə
Mirzəli Abbasov, Mirzəxan Quliyev, Paşa bəy Hüseynov,
Osmanağa Qabulov, Mirzə Abdulla Abdullazadə, Müslüm İbrahimov,
Hüseyn Minasazov, Qulam Vahabov, Məşədi Yusif, Hüseyn
Çıldırov, Məmmədtağı Ələsgərov,
Ağasəf Axundzadə daxil idilər. Müxtəlif sahələrdə
çalışan ziyalılardan Mirzə Seyfəddin,
Eynalı bəy Sultanov, Məhəmməd ağa
Şahtaxtlı, Behbud Şahtaxtlı, Cəlil Məmmədquluzadə,
Firudin bəy Köçərli teatr tamaşalarının
hazırlanmasında yaxından köməklik və diqqət
göstərirdilər.
1908-1920-ci
illər arasında Bakının Hüseyn Ərəblinski,
Sidqi Ruhulla, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Əhməd
Ağdamski, Əbülfət Vəli kimi şöhrətli
aktyorlarının Tiflisə vaxtaşırı qastrolları
şəhərdə milli teatr sənətimizin tərəqqisinə
təkan verib. Bu dövrdə Tiflisdə əvvəlcə
“Müsəlman teatr artistləri cəmiyyəti”, az sonra “Səadət”,
“İttihad” və “İbrət” teatr dəstələri fəaliyyət
göstəriblər. Truppalara Həbib bəy Köçərlinski,
Əşrəf Yüzbaşov, Mirseyfəddin
Kirmanşahlı Panfiliya Tanailidi, Rza Təhmasib, Mustafa Mərdanov,
Möhsün Cəfərov (Sənani),
İbrahim İsfahanlı, Əli
Qurbanov, Ələkbər Seyfi kimi istedadlı gənclər
üzv olublar.
1900-1920-ci
illərdə göstərilən tamaşalara rejissorluğu, əsasən,
Mirzəli Abbasov, Mirzəxan Quliyev, Məmmədtağı Ələsgərov,
Mirseyfəddin Kirmanşahlı, Mustafa Mərdanov ediblər.
Səhnənin gözəl “Göyərçin”i
XX əsrin
əvvəllərində Tiflisdə fəaliyyət göstərən
Azərbaycan teatr truppalarında səhnənin ilk qadın
qaranquşu da görünməyə başladı. 1906-cı
ildən Mirzə Əli Abbasovun rəhbərlik etdiyi “Dram cəmiyyəti”
və Həbib bəy Köçərlinskinin
başçılıq etdiyi “Səadət” truppalarında səhnə
fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər
iki truppanın tamaşalarında uğurla
çıxış edirdi. İlk qadın aktyorumuz olan
Gövhər Qazıyevanın Tiflis zadəgan teatrında
iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun
“Müsibəti-Fəxrəddin” faciəsi idi. 1910-cu il
oktyabrın 9-da verilmiş bu tamaşa böyük uğurla
keçmişdi. Yenə həmin il oktyabrın 30-da “Səadət”
dram dəstəsi Şəmsəddin Saminin “Gaveyi-ahəngər”
pyesini tamaşaya qoymuşdu. Tamaşada Gavə rolunda Sultanov,
Fərhad rolunda Mir Seyfəddin Kirmanşahlı,
Xubçöhr rolunda Gövhər Qazıyeva (Göyərçin
xanım) çıxış edirdilər.
Göyərçin
xanım Azərbaycanın ilk qadın aktrisasıdır.
Göyərçin, əslində onun teatr təxəllüsüdür,
əsl adı isə Gövhərdir.
Gövhər
Əhməd qızı Qazıyeva 1887-ci ildə Tiflisdə
ziyalı ailəsində anadan olub, orada nəcib qızlar
institutunu bitirib, rus və Azərbaycan dillərində mükəmməl
təhsil alıb.
Gövhər
Qazıyevanın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya
yayıldı. Bakıda nəşr olunan qəzetlərdə
ona məqalələr həsr edildi. Belə bir vaxtda “Nicat” cəmiyyəti
Gövhər xanımı Bakıya dəvət etdi.
Gövhər
xanımın repertuarı geniş və əhatəli idi. O,
Henrix Heynenin “Əlmənsur”, Loxmanovanın “Napoleonun vəfatı”,
Namiq Kamalın “Qara bəla” əsərləri ilə
yanaşı, Azərbaycan dramaturqlarının
tamaşalarında da oynamışdır. Azərbaycanlı
qızı Nəriman Nərimanovun “Nadir şah” pyesində
Gülcahan, Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu”
tamaşasında Hafizə, “Bəxtsiz
cavan” faciəsində Mehri xanım, Zülfüqar Hacıbəyovun
“Evliykən subay” əsərində Pərizad rollarını
sənətkarlıqla yaratmışdır. Üzeyir Hacıbəyovun
“O olmasın, bu olsun”
tamaşasında Gülnaz, “Leyli və Məcnun”da Leyli
rollarının ifaçısı olan Gövhər
Qazıyeva bu obrazları səhnədə özünəməxsus
tərzdə canlandıra bilmişdir.
1911-ci il
mayın 26-da və 30-da Tiflisdə Gövhər
Qazıyevanın benefisi keçirildi. Bu gecədə ilk dəfə
Zülfüqar Hacıbəyovun “On bir yaşlı arvad” pyesi
göstərilmişdi. Lakin azərbaycanlı qadının səhnəyə
çıxması nadan, cahil adamları narahat edirdi. Odur ki,
cahillər və din xadimləri müsəlman qadının səhnəyə
çıxması əleyhinə müxtəlif fitnələr
törədirdilər.
Xoşbəxtlik bir an imiş...
Gövhər
Qazıyeva Azərbaycan teatr səhnəsinin bir çox
görkəmli aktyorları - Hüseyn Ərəblinski,
Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Mir Seyfəddin
Kirmanşahlı və başqaları ilə birgə
çıxış etmişdir. Onun Mirzəağa Əliyevlə
əməkdaşlığı ilk dəfə Tiflisdə “Əlli
yaşında cavan” tamaşasında olmuşdur. İrəvanda
onlar daha böyük uğur əldə etmişdilər.
Mirzağa Əliyevlə Gövhər Qazıyevanın sənət
dostluğu sonralar məhəbbətə çevrildi. 1912-ci
ilin mayında onlar evlənib Bakıya köçdülər.
Çar hökuməti orqanlarının fitnəkarlığı
nəticəsində Mirzağa Əliyev həmin il Həştərxana
sürgün olundu. Gövhər Qazıyeva isə 1913-cü
ildə Polşaya getdi və Varşavada “Müqəddəs
Sofiya” tibb məktəbinə daxil oldu, 1915-ci ildə
mamalıq üzrə bu təhsil müəssisəsini bitirib
Bakıya qayıtdı. 1915-ci ildə “Bəsirət” qəzeti
akuşerka Gövhər xanım Əliyevanın peşə fəaliyyətinə
başlaması haqqında bir elan da vermişdi.
Mirzağa Əliyevlə
Gövhər Qazıyevanın tale yolları
ayrıldığı üçün onlar
boşanmışdılar. Qəribədir ki, evlənəndən
sonra M.Əliyev həyat yoldaşının səhnədə
çıxış etməsinə icazə verməmişdir.
Reallıq budur ki, Gövhər Qazıyeva ərə gedəndən
(bu, onun ikinci nikahı idi və birinci ərindən onun İsmayıl
adlı oğlu vardı) sonra səhnəyə
çıxmamışdır.
1937-ci ildə
Gövhər Qazıyeva artıq daimi yaşadığı
İrandan bir neçə günlüyə Bakıya gəlir.
Keçmiş səhnə yoldaşları teatrda onun şərəfinə
qəbul düzəldirlər. Keçmiş aktrisa Cəfər
Cabbarlının “Almas” pyesinin tamaşasına baxır.
Tamaşa və qəbul günü qeyri-adi hadisə baş
verir. Gövhər Qazıyeva on beş ildən bəri itirdiyi
oğlu İsmayılı tapır. Qəfil sevincdən
özünü itirmiş qadın hamıya hədiyyə
paylayırmış.
Gövhər
Qazıyeva İrana görkəmli aktyor və rejissor Mirseyfəddin
Kirmanşahlının təhriki ilə getmiş və
1960-cı ildə orada vəfat etmişdir.
Gövhər
Qazıyeva (Göyərçin xanım) Azərbaycan
teatrının salnaməsinə ilk qaranquş kimi düşən
aktrisa olub...
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2012.- 16 iyun.- S.14.