Azərbaycan
kinosunun güldürən obrazı
Səmimi
gülüşün ustadı
Milli teatr və
kinomuzun inkişafında misilsiz
xidmətləri olan sənətkarlarımız
sırasında Ağahüseyn Cavadovun da xüsusi
yeri var. Ustad komediya aktyoru kimi
tamaşaçıların yaddaşında bu
gün də yaşayan
sənətkarı kim xatırlamır? “O
olmasın, bu olsun”, “Bir qalanın sirri”,
“Qızmar günəş altında”, “Bəxtiyar”, “Görüş”, “Sehrli xalat”, “İstintaq davam edir”, “Şərikli çörək”, “Əhməd
haradadır?” filmlərindən hamınıza tanış olan məşhur simanı unutmamısınız,
şübhəsiz. Azərbaycan inciləri sayılan bu filmlərdə onun böyük məharətlə
yaratdığı rolların hər biri bir sənət əsəridir. Bunlar
arasında baş rollar
da var, epizodik
rollar da. Bənzərsiz
aktyorun yaratdığı obrazlar
onun üz
mimikaları, duzlu-məzəli deyimləri, təkrarsız
ifası ilə ölməzlik qazanıb. O rolların çoxunu xatırlayanda istər-istəməz
insanın üzünə təbəssüm qonur.
Ağahüseyn
Xəlil oğlu Cavadov 1894-cü ildə Bakıda anadan olub. Həyatının
düz 60 ilini səhnəyə həsr edən
Ağahüseyn Cavadov da öz sələfləri kimi ilk təhsilini
mollaxanada alıb. Əvvəl mollaxanada təhsil alan
Ağahüseyn 1919-cu ildə “Səadət” məktəbini
bitirib. Ailədə anası Hürmət xanım oğlunun
oxumuş bir şəxs kimi nüfuz sahibi olmasını
arzulayırdı. Lakin o dövrün mühiti bir
çoxları kimi Ağahüseyn Cavadovun qarşısına
da əngəllər çıxarırdı. O,
tapdığı hər fürsətdə teatr sənətinə
maraq göstərir, zəmanəsinin görkəmli
aktyorlarının, xüsusilə Sidqi Ruhullanın, Mirzəağa
Əliyevin, Cahangir Zeynalovun, Hacıağa Abbasovun ifalarına
tamaşa edirdi. Gənc Ağahüseyn bu böyük sənətkarlarla
bir sırada olmaq üçün nələrə
qatlanmazdı".
Ağadadaş
Cavadov aktyorluq sənətinə yiyələnməyin
çox çətin olduğu, hətta dekorasiya, səhnə
geyimi və adi teatr aksessuarlarının
tapılmadığı bir zamanda bu yolu seçdi. Bu elə
bir zaman idi, teatra, səhnəyə ən fədakar insanlar
üz tuturdular. Çünki bu sənət böyük əngəllərlə
bərabər maddi baxımdan da “sıxıntılı” sahə
idi.. Amma səhnəyə vergili bir sənətkar nəsli gəlmişdi,
yeri gələndə açıq havada, çöldə,
tarlalarda tamaşalar verən, peşəkar teatr sənətinin
inkişafına stimul verən bir nəsil...
Teatr fədailərindən biri
Azərbaycan
mədəniyyətinin təməl daşı bu fədakar
insanlar sayəsində qoyulmağa başladı.
Ağahüseyn Cavadov da belə bir zamanda bu aktyor cəbhəsinə
qoşuldu. Beləliklə, teatr sənətinə tələbəlik
illərindən maraq göstərən, bəzi tamaşalarda
sözsüz və epizodik rollara çıxmış
A.Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə
Milli Dram Teatrında işlədi. Əvvəlcə ilk
addımlarını “Tənqid-təbliğ” teatrında
atdı. Sənət taleyi çox uğurlu oldu. 1920-ci ildən
səhnə fəaliyyətinə başlayan aktyor “Çin
tanrısı”, “Fırtına”, “Ovod”, “Anamın kitabı”,
“Qanlı səhra”, “Bəxtsiz cavan”, “Paris - Noterdam kilsəsi”,
“Romanovların son günləri”, “Namus” tamaşalarında
yaratdığı obrazlarla tamaşaçıların
geniş rəğbətini qazandı. Hərtərəfli
yaradıcılıq imkanları olan Ağahüseyn Cavadov
xarakterik və dramatik rolların da ustad
ifaçılarından olub. Mülayim təbiətli aktyorun
yaratdığı obrazlar həmişə təbiiliyi,
canlılığı ilə seçilib.
Milli Dram
Teatrının səhnəsində Məmişov (“Məhəbbət”,
Mirzə İbrahimov), Dəmirçi Musa, Bərbərzadə,
Mirzə Salman (“Toy”, “Xoşbəxtlər” və
“Nişanlı qız”, Sabit Rəhman), Ocaqqulu, Xosməmməd,
Həmzə, İmamverdi, Oddamdı (“Almaz”, “Dönüş”,
“Solğun çiçəklər”, “1905-ci ildə” və “Od
gəlini”, Cəfər Cabbarlı), Cəlal, Soraq kişi (“Həyat”
və “Yaxşı adam”, Mirzə İbrahimov), Qənimət
(“Cavanşir”, Mehdi Hüseyn), Mürsəl (“Qaçaq Nəbi”,
Süleyman Rüstəm), Usta Murad (“İldırım”, Cabbar Məcnunbəyov),
Bəbir Bəbiroviç, Qoşqar baba (“Yadigar” və “Yol
ayrıcında”, İslam Səfərli), Almurad (“Mənim
günahım”, İlyas Əfəndiyev) və başqa rollarda
çıxış edib.
Ustad aktyor
Musiqili Komediya Teatrının repertuarının zənginləşməsində
də önəmli rol oynamışdır. 1938-ci ildə o,
yenicə təşkil edilmiş Azərbaycan Dövlət
Musiqili Komediya Teatrına dəvət olundu. Bu teatrda o, “Ər
və arvad”, “Əlli yaşında cavan”, “Beş manatlıq gəlin”,
“Arşın mal alan”, “Toy kimindir”, “Evli ikən subay” və
başqa əsərlərdə öz sözünü layiqincə
dedi. Burada həyat verdiyi komik obrazlarla
tamaşaçıların sevimlisinə çevrilmiş, həm
epizodik, həm də əsas rolları ilə əsl sənət
nümunələri yaratmışdır. Sənətkar
öz üzərində işləyərək, Mirzəağa
Əliyev, Kazım Ziya, Fatma Qədri, Mustafa Mərdanov,
Möhsün Sənani, Leyla Bədirbəyli, Barat Şəkinskaya,
Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli kimi
ustadlarla bir qrupda uğurlu tamaşalara imza atmışdır.
Ağahüseyn
Cavadov ömrünün 60 ildən çoxunu səhnəyə
həsr etmiş və 200-dən artıq obraz
yaratmışdır.
Kinoda ölməz obrazlar
Ağahüseyn
Cavadov yaradıcılığının önəmli bir mərhələsi
Azərbaycan kinosu ilə bağlıdır. Milli kinomuzun ən
parlaq dövründə yaratdığı obrazlarla geniş
tamaşaçı kütləsinin sevgisini qazanan aktyor
bir-birinin ardınca ən gözəl filmlərdə rol
almışdır. “Bəxtiyar” (Rza), “Qızmar günəş
altında” (Pirioğlu), “Əhməd haradadır?” (Əhməd),
“O olmasın, bu olsun” (Bəy), “Bir qalanın sirri” (Rəmmal),
“Sehrli xalat” (Vəzir), “Görüş” (Əbülfəz),
“Şərikli çörək” (Xırdavatçı) və
digər filmlərə çəkilmişdir. Onun
yaratdığı Rza rolu Rəmmal rolundan, Rəmmal rolu Əbülfəz
rolundan tam fərqli cizgilərə malikdir. Amma bütün bu
obrazları birləşdirən ümumi bir cəhət
var-yüksək sənətkarlıqla
tamaşaçını güldürmək məharəti.
A.Cavadovun kinoda əbədi yaşaması üçün bu
üç rol da tamamilə yetərli sayıla bilərdi. Onun
gülüşü səmimi, içdən gələn,
qana-cana hopmuş bir istedad idi. A.Qurbanovun güldürmək
üçün artıq söz oyununa ehtiyacı yox idi. O,
kiçik bir mimika, atmaca, ştrixlə belə seyrçisini
sehirləyə bilirdi. Azərbaycan kinosunun parlaq dövrünə
təsadüf edən o filmlərin yarandığı illər
həqiqətən də kinomuzun qızıl mərhələsi
sayılır. Bu korifey sənətkarlardan ibarət aktyor
ansamblı milli kinomuzda silinməz bir iz qoydu. Maraqlı
burasıdır ki, o dövrdən uzun illər sonra, indiyədək
milli kinomuz hələ elə bir məhsuldar mərhələ
yaşamayıb.
Böyük
sənətkar taleyin bir şansı olmaqdan başqa, həm də
ağır zəhmət sayəsində qazanılır.
A.Cavadov da milyonların sevgisini o gərgin əmək,
çalışmalar və fədakarlıqla əldə
etmişdi. Səhnəyə çıxdığı, filmə
çəkildiyi zaman böyük bir kütləni
arxasınca aparan aktyorun sirri də elə bu fədakarlıqda,
Allah vergisini tamaşaçını düşünərək
doğru yönləndirməkdə idi. Onun
gülüşü insanın ömrünü uzadan, həyatına
gözəllik və rəng qatan gülüş idi. Buna
görə belə gülüşün uzun illər solmadan,
səmimiliyini zərrə qədər itirmədən
yaşamasında da qeyri-adi heç nə yoxdur.
Böyük
ustad sənətdəki uğurları ilə bərabər,
gözəl uzun bir ömür yaşadı. Onu
sağlığında sənətinin dəyərini
almış insanlardan hesab etmək olar. Onun ilk qiymətli
mükafatı milyonların sevgi və rəğbəti idi.
Amma Azərbaycan mədəniyyəti qarşısındakı
xidmətləri dövlət səviyyəsində də əvəzsiz
qalmamışdı.
O, Azərbaycan
SSR xalq artisti (1938) kimi fəxri ada layiq görülmüş,
2 dəfə “Şərəf nişanı” ordeni ilə təltif
edilmişdi.
Ağahüseyn
Cavadov 20 iyul 1981-ci ildə Bakıda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2012.- 19 iyun.- S.14.