Ömür bitir, amma
səhnədə həyat
davam edir...
Teatr ustadlarından biri
Azərbaycan teatrının yaxın keçmişi haqqında söz düşəndə böyük
sənətkar Ağadadaş
Qurbanovu xatırlamamaq
mümkün deyil. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
banilərindən biri
olub, həm faciə, həm dram, həm də komediya janrlı tamaşalarda yaddaqalan obrazlar yaradıb.
Ağadadaş Gülməmməd oğlu Qurbanov 8 mart 1911-ci
ildə Bakıda doğulub. 1927-ci il martın 15-də “Dənizçilər
klubu”nda Lətif Kərimlinin “Fırtına”
pyesinin tamaşası
oynanılıb. Bu tamaşanı başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlamışdılar.
Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar
Teatrı adlandırıldı)
bünövrəsi qoyulub.
Ağadadaş Qurbanov həmin
vaxtdan 1952-ci ilədək
bu teatrda işləyib və qısa müddətdə
kollektivin əsas qüvvələrindən biri
olub.
Aktyor Gənc Tamaşaçılar Teatrında
böyüklər üçün
nəzərdə tutulan
Cəfər Cabbarlının
“Aydın” (Aydın), Mirzə Fətəli Axundzadənin
“Molla İbrahimxəlil
kimyagər” (Molla İbrahimxəlil), Nəcəf
bəy Vəzirovun “Hacı Qəmbər” (Hacı Qəmbər), Fridrix Şillerin “Qaçaqlar” (Karl Moor), Nikolay
Qoqolun “Müfəttiş”
(Xlestakov), Rabindranat Taqorun “Qaneşin yolu” hekayəsi əsasında “Əfilər”
(Qaneş) pyeslərinin
tamaşalarında iştirak
edib.
Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün
sonunadək Milli Dram Teatrında işləyib. O, bu teatrda
Mirzə Səməndər,
Əbu Übeyd, Ötgün (“Almaz”, “Od gəlini” və “Dönüş”, Cəfər Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan, Səyavuş (“Şeyx Sənan” və “Səyavuş”, Hüseyn Cavid), Kamillo (“Qış nağılı”, Vilyam Şekspir), İbrahim xan və Vaqif
(“Vaqif”, Səməd Vurğun), Şults (“Uzaq sahillərdə”, İmran Qasımov və Həsən Seyidbəyli), İvanov (“Göz həkimi”, İslam Səfərli), Dəmirçi Musa (“Toy”, Sabit
Rəhman), Yəhudi
(“Mariya Tüdor”,
Viktor Hüqo) rollarında
çıxış edib.
Onun teatr yaradıcılığı
üçün xas olan əsas cəhət bundan ibarət idi ki, aktyor klassik
teatr ənənələrinə
söykənərək obrazların
bütövlüyünü, tamlığını təmin
edə bilirdi. Aktyor yaradıcı obrazları
özününküləşdirməyi
bacarırdı, sanki onların həyatını
yaşayırdı.
Xalq artisti Ələsgər
Ələkbərovdan sonra
hər sənətkar
Vaqif kimi dərin məzmunlu, poetik və mürəkkəb bir rolun ifasını boynuna götürməyə
can atmazdı. Lakin A.Qurbanov
bu çətin və məsuliyyətli rolun öhdəsindən ustalıqla gəlməyi bacardı. O, Vaqifin böyük şair, müdrik dövlət xadimi surətini dərin bir inam və səmimiyyətlə
yaratmışdı.
Şeyx Sənan surəti də onun yaradıcılığının
uca zirvəsi oldu. H.Cavidin “Şeyx Sənan” əsərindəki
Şeyx Sənan rolunun ilk ifaçısı
Rza Əfqanlı olub, ondan sonra
bu rolu Ağadadaş Qurbanov ifa etmişdi. O, Şeyx Sənanı od ürəkli
bir aşiq və eşqi uğrunda hər şeyi fəda edən bir insan
kimi yaradıb.
Teatrdan kinoya açılan
qapı
Teatr onun üçün
hər şey idi. Ağadadaş Qurbanov bütün
mənalı ömrünü
bu sənətə həsr etdi, bir-birinə bənzəməyən,
həmişə tamaşaçıların
sürəkli alqışları
ilə qarşılanan
rollar yaratdı.
Çox təəssüf
ki, bu tamaşaların
lent yazıları bu günümüzə çatdırılmayıb.
Ancaq həmin tamaşaların köhnə afişalarında
Ağadadaş Qurbanovun
adı həmişə
ön sırada yazılardı. O, teatrın
əsl fədailərindən
idi. Bəzən eyni tamaşada
müxtəlif rolları
ifa edirdi. Buna aktyorun geniş
yaradıcılıq potensialı
imkan yaradırdı.
O dövrün aktyorlarının
əksəriyyəti kimi,
Ağadadaş Qurbanov
da dəfələrlə
kino çəkilişlərinə
dəvət almış,
çox maraqlı ekran qəhrəmanlarına
həyat bəxş etmişdi. 1941-ci ildə
“Səbuhi” filmində
çəkilən aktyor
burada Abbasqulu Ağa Bakıxanovun maraqlı obrazını yaratmışdı. Bu obraz onu kinoya
gətirdi və aktyor sonralar bir neçə filmdə əsas rolların ifaçısı
oldu.
Onun kino qəhrəmanları
müxtəlif xarakterli
insanlardır. “Koroğlu” filmində Həsən xan, “Bir qalanın
sirri”ində Usta, “Bizim küçə” filmində Bəhram, “Qızmar günəş altında” filmində
professor, “Telefonçu qız”
filmində Zakirin atası və s. rollarda çəkilib.
Ağadadaş Qurbanovun çox uğurlu kino qəhrəmanlarından
biri Argentina yazıçısı
O.Draqunun “İtə çevrilən adam”
hekayəsi əsasında
rejissor Kamil Rüstəmovun ekranlaşdırdığı
“Zəncirlənmiş adam”
filmindəki Alvardo obrazıdır. Aktyor bu filmdə
hər cür məhrumiyyətlərə məruz
qalmış bir insanın dəhşətli
həyatının ağır
anlarını canlandırır.
Kinoda onun son işi “Arşın mal alan” filminin
1965-ci ildə rejissor Tofiq Tağızadənin çəkdiyi II variantındakı
Soltan bəy rolu idi. Filmin birinci
variantında bu rolu Ələkbər Hüseynzadə ifa etmişdi. O da çox uğurlu rol idi. Ancaq Ağadadaş
Qurbanov bu obrazı özünəməxsus
şəkildə yüksək
sənətkarlıqla tamaşaçılara
çatdıra bilib.
Bəzi yazılarda “Arşın mal alan”
filminin bu variantı tənqid olunurdu. Məsələn, “Elm və həyat”
jurnalının 1971-ci ildə
çap olunmuş 1-ci
sayında bu barədə geniş yazı verilib. Orada deyilir: “Cəsarətlə demək
olar ki, son
”Arşın mal alan"
filmində Soltan bəy rolunda Ağadadaş Qurbanov və Cahan xalanı
oynayan Nəcibə Məlikovadan başqa qalan obrazlar öz oyunu ilə
bizi qane etmir". Həqiqətən də, Ağadadaş
Qurbanov öz yüksək ifa tərzi ilə tamaşaçının diqqətini
cəlb edir. Bu rolun ifaçısının
professional aktyor olduğu
çox aydın hiss olunur.
“Arşın mal alan”
filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı
ərəfədə Salyanda
qastrolda idi. Mehmanxananın eyvanına çıxanda qəfildən
eyvan uçub və sənətkar 25 iyun 1965-ci ildə faciəli şəkildə
həlak olub. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Bir sənət ailəsi yaratdı
Ağadadaş Qurbanov sənətdə inkişafa
önəmli əhəmiyyət
verirdi. Abbasmirzə Şərifzadə, Ülvi
Rəcəb, Sidqi Ruhulla, Mərziyyə Davudova, Mirzağa Əliyev, Rza Təhmasibin iştirak etdiyi tamaşalara baxmaqdan yorulmaz, çox şey öyrənməyə çalışardı.
Aktyor
1943-cü ildə respublikanın
Əməkdar artisti,
1954-cü ildə Xalq
artisti fəxri adlarına layiq görülüb.
O, teatrı öz varlığı qədər
sevirdi. Xalq artisti Gülxar
xanım Həsənova
ilə ailə həyatı qurmuşdu.
Övladlarının ikisi
aktyor idi: xalq artistləri Gülşən Qurbanova,
Hamlet Qurbanov. Qızı Firəngiz
xanım isə rəssamlığı seçmişdi.
Sənətkarın qızı, Əməkdar incəsənət
xadimi Firəngiz Qurbanova: “Atam Bakının Saray qəsəbəsində kasıb
bir ailədə dünyaya gəlib. Valideynlərini erkən itirdiyi
üçün bacısı
ilə birgə babasının himayəsinə
keçir. Ancaq bir neçə il sonra
onları da itirdiyindən şikəst
əmisinin yanında qalmalı olurlar. O, 9 yaşından qonşulara
su daşımaqla ailənin qayğılarını
yüngülləşdirməyə çalışır. Ağır həyat
yaşasa da, hələ məktəb yaşlarından teatra, incəsənətə böyük
maraq göstərən
Ağadadaş Qurbanov
istedadlı uşaqları
başına yığıb
dram dərnəyi yaratmağa
çalışır, rejissorluğu
da özü edirdi. 17 yaşında
ikən ilk tamaşanı
- ”Fırtına" əsərini ərsəyə
gətirir. Tamaşa böyüklərin də marağını cəlb edir və əsərə baxmağa gəlirlər.
Beləliklə, atamın istedadını
görüb sonralar onu teatra cəlb
edirlər. Onun səhnəyə
qoyduğu tamaşalara
baxmaq istəyənlərin
sayı o qədər
çox olur ki, oturmağa boş yer tapılmırdı.
Həmin
vaxtlar atama indiki Aktyorlar Evinin yerində olan köhnə bir tikilini vermişdilər.
Bununla atam Gənc Tamaşaçılar Teatrının
əsasını orada
yaratmış olur.
Tez-tez evimizə onun aktyor dostları - Fatma Qədri, Sidqi Ruhulla və
başqaları gələrdilər.
Mənzilimiz kiçik, kommunal
şəraitdə olsa
da, atam bu məsələni qabartmazdı. Nəsə xahiş
etmək, kimdən nəyisə ummaq onun xasiyyətinə yad idi. Hər şeyi öz əməyi sayəsində
əldə etməyə
çalışırdı və bunu öz
şəxsi nümunəsi
ilə bizə də aşılayırdı.
Deyirdi ki, incəsənətə təsadüfi
adam gələ
bilməz..."
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 20 iyun.- S.14.