Doqquz filmin doqquz
möcüzəsi...
Kinomuzun ustad imzası
- Arif Babayev
Azərbaycan kinosunun parlaq simalarından biri, ən gözəl
milli filmlərimizin müəllifi Arif Babayev. Kino sənətimizdə silinməz
iz qoyan, xüsusi imzası olan bir sənətkar.
Onun quruluş verdiyi filmlər hər birimizin dönə-dönə seyr
etdiyimiz sənət inciləridir - “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”,
“Gün keçdi”,
“Alma almaya bənzər”,
“Arxadan vurulan zərbə”....
Onun yaradıcılığı
Azərbaycan kinosunun ən məhsuldar mərhələlərindən biri sayılır.
Yeni nəfəs, yeni ruh və rəngli
obrazlarla yadda qalıb onun yaradıcılıq işləri.
Hər birində fərqli bir tapıntı, böyük
bir ustalıq, bir professionallıq... İlk baxışdan böyük
tamaşaçı auditoriyası
toplayan, ürəklərə
yol tapan filmlər qısa zamanda bütün sovetlər məkanında
məşhurlaşdı. Həmin filmlər o gündən bu günə eyni zövqlə, eyni maraqla izlənir, baxılır və nə tərvatəni, nə də aktuallığını itirir...
İçərişəhərdə,
Şirvanşahlar sarayının
yaxınlığındakı məhəllədə doğulan(1928) Arif Babayev sonra,
60-cı illərdə o məhəlləyə
rejissor kimi, film çəkmək üçün
qayıtmışdı. Sənətə böyük sevgiylə bağlanaraq Teatr Texnikumuna daxil olmuş, sonra peşəkar səhnəyə
çıxmışdı. Böyük sənətkar Ağadadaş
Qurbanovun quruluş verdiyi “İbrət” tamaşasında epizodik bir rol aldı.
Sonra Moskvada təhsil alan
ilk milli teatr rejissorlarımızdan Ağaəli
Dadaşov ona kiçik rollar verdi, beləliklə, A.Babayev “Məlikməmməd”,
“Qaraca qız” tamaşalarında epizodik rollar oynadı.
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun rejissorluq
fakültəsində(1947-1953) təhsil aldığı illər ona böyük təcrübə qazandırdı.
Məşhur aktyor və
rejissor Mehdi Məmmədovun kursunda təhsil aldı. 1953-cü ildə institutu bitirdikdən sonra Naxçıvan teatrına göndərdilər.
İstedadlı rejissor həmin
teatrın səhnəsində
Qoqolun “Evlənmə”
pyesini səhnəyə
qoydu. Müəyyən müddətdən sonra Bakıya - Gənc Tamaşaçılar
Teatrına qayıtdı.
Sənətkar
1956-1968-ci illərdə Azərbaycan
Dövlət Teleradio Komitəsində, 1968-ci ildən
“Azərbaycanfilm” kinostudiyasında
bir neçə bədii filmə həyat verdi.
Kinoşünasların
sözlərinə görə,
Moskvada ali
kinorejissor təhsili aldığını sübut
edən diplom alanlar film çəkmək
üçün illərlə
növbə gözləyirdi.
Amma Arif Babayev üçün
hər iki-üç
ildən problemsiz imkan yaranırdı.
Ondan ali
kinorejissorluq təhsili
barədə sənəd
tələb etməyə
heç kəs ehtiyac duymurdu.
O, yaradıcılığı
boyunca cəmi 9 film çəkdi-hər biri ilə milli kinomuza imza qoyan,
möhür vuran 9
film. “Zirvə” adlı qısametrajlı bədii filmi Arif Babayevin kinoda ilk addımı idi. “Zirvə”nin arxasında sözün əsl mənasında onu zirvələrə daşıyacaq
gözəl filmlər
gələcəkdi.
“Gün keçdi” filminin tarixçəsi
“Arif müəllim
məni
”Gün keçdi"
filmində Əsmər
roluna çəkmək
istəyirdi. Anar müəllim isə
ssenarini Şəfiqə
Məmmədova üçün
yazdığından mübahisə
yaranmışdı. Məsələ Mərkəzi Komitəyə
qədər gedib çıxdı. Sonunda Leyla
Şıxlinskaya həmin
rola çəkildi.
Amma Arifin ürəyi məndə olduğu üçün Əsmərin
səsləndirilməsini mənə
tapşırdı"(Amalya
Pənahova, xalq artisti).
Kino mütəxəssisləri
bu lirik kinopovesti “iki aktyorla rejissor işi” adlandırıblar.
Film yazıçı Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırılmış,
sonralar yazıçı
bu hekayə əsasında “Gün keçdi” ssenarisini yazmışdır.
Çəkilişlər
zamanı “Gün keçdi”nin ssenarisi olduğu kimi lentə alınmayıb. Belə ki, ssenarinin
sonluğunu Həsən
Məmmədov qəbul
etməmiş və nəticədə müəlliflər
ssenariyə dəyişiklik
etmək məcburiyyətində
qalmışlar. Həsən
Məmmədovun dediklərindən:
“Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun
olmayan bir səpkidə olmalı idi. Yəni, ifadəmə görə
üzr istəyirəm,
ssenariyə əsasən
Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət
macəralarını özündə
əks etdirən kadr olmalı idi. Mən həmin kadra
qəti surətdə
etirazımı bildirdim
və xəbərdarlıq
etdim ki, əks halda çəkilişdən imtina
edəcəyəm. Doğrusu,
mənim sözüm eşidildi və ssenari adi sonluqla
başa çatdı...
Filmin gözəlliyi onda oldu ki,
məhəbbətin, gənclik
illərinin saflığı
qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı
auditoriyasına təqdim
olundu...”.
“Arif Babayev
haqqındakı çıxışların
və yazılmış
məqalələrin əksəriyyətində
onu Səttar Bəhlulzadə ilə müqayisə edir, hər ikisinin şəxsi həyatlarının
olmadığını, onu
yalnız sənətə
qurban verdiklərini vurğulayırlar. Ancaq fikirləşəndə görürsən
ki, təbiətin öz qanunauyğunluqları
var. Nəsil artırmaq
üçün tut yarpaqlarını
ipək saplara çevirib özlərinə
mənzil-məzar toxuyan
barama qurdlarının
yüzdə biri bu işlə məşğul olmayıb,
sadəcə, hazır
baramaların üzərini
naxışlamaqla dünyanı
gözəlləşdirirlər” (Aydın Dadaşov,
professor).
“Arxadan vurulan zərbə” və filmin sonu...
Elçinin “Ox kimi bıçaq” povesti əsasında çəkilən
“Arxadan vurulan zərbə” filmi də rejissorun yaradıcılığında önəmli yer tutur.
“Hər filmdə olduğu kimi ”Arxadan vurulan zərbə"də də
çətin anlar, çətin dəqiqələr
olurdu. Hətta həmin çətinliklər
son məqamda faciə
ilə də nəticələnə bilərdi.
Belə bir faciəli anı Rafiq Əzimov da yaşayıb. “Bıçaq atılan kadrda faciəli bir variant əmələ gəlmişdi. Belə ki,
həmin kadrda mənim arxamca atılan bıçağı
mən görmürdüm.
Sadəcə olaraq bıçaq arxadan atılan zaman rejissor mənə ”əyil" komandası verirdi və mən də tez əyilirdim.
Filmdə bıçağı sərrastcasına atan sirk artisti idi.
Və çəkiliş vaxtı
birinci komanda bıçağı atan
sirk artistinə verilirdi, ikinci, “əyil” komandası isə mənə verilirdi. Həmin kadr iki dubl çəkildi. Üçüncü dublun
daha da effektli
alınması üçün
rejissor mənə “əyil” komandasını bir az gec verdi. Və
rejissorun gec “əyil” komandası verməsi az
qala bıçağın
mənim düz başımdan sancılmasına
səbəb olacaqdı.
Təsəvvür edin ki, mən düz yolumla gedirəm və baş verəcəklərdən də
heç bir xəbərim yoxdur. Ona görə ki, mənə arxaya baxmağa icazə verilmirdi. Elə həmin kadrda
yaradacı heyətin həyəcanla ayağa qalxaraq mənə vahimə ilə baxmasının şahidi oldum, onda başa
düşdüm ki, nələr baş verib. Xoşbəxtlikdən heç bir
zədə almadım.
Sən demə, bıçaq düz saçımın
üstündən keçibmiş.
Sonra yaradıcı heyət məni əhatəyə alaraq diqqətlə başımı yoxladılar
ki, görsünlər,
zədə almışam,
yoxsa, yox" (Rasim Balayevlə müsahibədən, Ulduzə
Qaraqızı).
Onunla işləyən şəxslər danışırdı
ki, o, dəblə geyinməyi çox sevən insanlardandı.
“Paltarların, ayaqqabıların köhnələndə
təzələmək həvəsin
qalmayıbsa, demək,
ölüm sənə
yaxınlaşıb”-deyirdi
Arif Babayev. Böyük sənətkar
1983-cü il avqustun 26-da Bakıda vəfat etdi. Bir çox planları, arzuları yarımçıq
qaldı. Daha böyük
işlər görmək,
daha rəngli filmlər yaratmaq istəyirdi. Amma əcəl
aman vermədi. Ömrünün 54-cü ilində həyata vida etdi. Onun ölümü kino
sənəti üçün,
dostları və filmlərinin çoxmilyonlu
seyrçiləri üçün
böyük itki idi. Aylar keçəcək, illər
ötəcək, amma
onun yoxluğunu kimsə əvəz etməyəcək, boşluğunu
doldurmayacaq-dostlarının dediyi kimi...
“Arifin vaxtsız
itkisi mənim sənət dünyamda bir boşluq yaratdı. Arif bəy mənim xatirələrimdə musiqiyə
ruh verən, onu görümlü edən bir sənətkar
kimi qalıb. Klip çəkdirməklə
aram yoxdu, ”Gün keçdi"
yaradıcılığımı əks etdirən bir klipdi"(Flora Kərimova, xalq artisti).
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KIV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2012.- 11-12 mart.- S.14.