Onun
yaratdığı əbədi məhəbbət əfsanəsi...
Əlli
ildən çox səhnələri dolaşan ölməz əsər
Keçmiş sovetlər məkanında
bütün musiqisevərlərin az qala əzbər bildiyi bir
“Məhəbbət əfsanəsi” vardı. Müəllifinə
böyük şöhrət qazandıran bu “əfsanə”
çox illər sonra da populyarlığını itirmədi.
Teatrdan-teatra, səhnədən-səhnəyə, ölkədən-ölkəyə
dolaşıb gəzdi.
Bəli, bu, görkəmli Azərbaycan bəstəkarı
Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti idi. Bu
əsər dünyanın 60 teatrında səhnələşdirilib.
Dünyanın bir nömrəli teatrında - Böyük
Teatrda, Leninqradın Marinskiy Teatrında, Praqada, Helsinkidə,
Bolqarıstanda, Türkiyədə... Balet sovetlərin
bütün teatrlarında oynanılıb. Son zamanlarda isə əsər
Qazaxıstanda, Ukraynada yenidən səhnəyə qoyulub. Azərbaycanda
isə sonuncu dəfə 1962-ci ildə nümayiş
etdirilib.
50 ildən çoxdur Rusiya
teatrlarında “Məhəbbət əfsanəsi” oynanır.
Müəllif deyir ki, dünyanın 60 teatrında əsəri
səhnəyə qoyulmuş ikinci bir sağ bəstəkar
yoxdur.
Məşhur bəstəkar Dmitri
Şostakoviç “Məhəbbət əfsanəsi” baleti
haqqında dəyərli fikirlər söyləmişdi: “Arif
Məlikov istedadlı bəstəkardır. Musiqisi əsl
professionaldır. Onun əsərində dərin musiqi
dramaturgiyası, daxil inkişaf, dəqiqlik, qəhrəmanların
xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri
var. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir
istedadı musiqiyə rəngarənglik və
tamaşaçılara məftunluq gətirib”.
“A.Məlikovun
yaradıcılıq yolunu qısa şəkildə
səciyyələndirsəydik, yəgin ki,
bunu ”zirvədən-zirvəyə"
adlandırardıq. Çünki kamilliyin ən uca zirvəsinə
yönəlmiş olan bu
yol öz
başlanğıcını da elə
zirvədən götürüb: 26
yaşlı bəstəkarın “Məhəbbət əfsanəsi” onun sənət yolunun lap əvvəlində fəth etdiyi
yüksəklik, Azərbaycan musiqisinin, milli baletin ümumdünya
miqyasında təntənəsi olmuşdur.
Beləliklə, sənətdə ilk addımlarından
o, musiqi aləmində
bir ulduz kimi parlamış, sahibi olduğu fitri
istedadını sonrakı illərdə cilalayıb kamilləşdirdiyi
peşəkarlığı ilə tamamlayaraq,
yeni zirvələrə yüksəlmişdir"(Şəhla
Mahmudova, musiqişünas).
O, “Məhəbbət
əfsanəsi”ndən başqa “İki nəfər” və “İki ürək dastanı” və
“Fövqelgözəl Yusif” baletlərinin
də müəllifidir. Amma onu şöhrətin zirvəsinə
çatdıran və dünyada məşhurlaşdıran
əsər kimi “Məhəbbət əfsanəsi”
daha çox yaddaşlarda qalıb. Məşhur Türk şairi Nazim Hikmətin əsərləri əsasında
yazılan bu baletin uğuru iki böyük sənətkarın
yaradıcılıq yönlərini uğurla
tamamlaya bilməsi idi.
Bu əsəri
yazarkən A.Məlikov böyük şairin özüylə görüşmüş,
söhbət etmiş və ondan xeyir-dua
almışdı. Şübhəsiz ki,
müəllifin 26 yaşda
yazılmış bir musiqi
əsərini 79 yaşında böyük
səhnələrdə görməsi hər kəsə nəsib
olan xoşbəxtlik deyil.
Amma dünya
teatrlarını dolaşan bu əsər 1962-ci ildən bəri Azərbaycan
səhnəsində oynanmayıb. Bunun səbəbini
isə əsərin çox mürəkkəb
səhnələrlə zəngin olması və teatrın
potensialının buna çatmaması ilə
əlaqələndirirlər. Amma başqa ölkələrdə dönə-dönə
nümayiş etdirilən bu
əsəri Azərbaycan səhnəsində görmək yeni nəsillərin də haqqı deyilmi?
Rəngarəng və
mükəmməl əsərlər
Hər
bir böyük bəstəkar
kimi A.Məlikovun musiqisində də janr müxtəlifliyi əks olunur.
Səkkiz simfoniya, simfonik poemalar (o cümlədən “Nağıl”, “Füzulinin xatirəsinə...”), süitalar, konsertino (fleyta ilə simli orkestr üçün),
müxtəlif orkestr pyesləri (o cümlədən “Simfonik
rəqslər”, “8 pyes”, “12 pyes”)
bəstəkarın simfonik yaradıcılığının
gözəl nümunələridir.
“...O,
yenilik axtarır, lakin
köhnə marşrutlara da
yaxşı bələddir, axtarışa qapılır, lakin ənənələrin - ilk
növbədə milli ənənələrin
faydasını, varisliyin səmərəsini
də yaddan çıxarmır” - vaxtilə
Rodion Şedrinin böyük bəstəkarımız Qara Qarayev haqqında söylədiyi bu fikri onun
tələbəsi Arif Məlikova da aid etmək olar. Doğrudan da XX əsrin məktəblərinə, cərəyan
və təmayüllərinə gözəl bələd olan, müasir kompozisiya texnikasına mükəmməl yiyələnən
bəstəkar ən yeni yazı üsullarından
sərbəst istifadə edir. Lakin müəllimi
Q.Qarayev kimi, o da əvvəla, ən yeni vasitələrin məqsədə
çevrilməsinə heç vaxt yol vermir,
ikincisi isə - heç
zaman möhkəm milli
zəmindən, xalq musiqisinin
sağlam köklərindən, həmişəyaşar
qaynaqlardan ayrılmır"(Ş.Mahmudova).
O, belə
möhtəşəm əsərlərin - “Metamorfozlar”,
Nazim Hikmətin sözlərinə 2 vokal silsilə, Xalq
Çalğı alətləri Orkestri üçün əsərlər, 7 saylı Simfoniya, “Azərbaycan” balladası 8 saylı
Simfoniyanın müəllifidir.
A.Məlikov
eyni zamanda ən
gözəl Azərbaycan filmlərinə musiqi
yazmış bəstəkardır. Onların sırasında “Sehrli xalat”, “26 Bakı
komissarı”, “Axırıncı aşırım”, “Uduzlar sönmür”, “Axırıncı
aşırım”, “Qərib cinlər diyarında” və s. çox maraqlı filmlərimiz
var.ÿ
O,
müəllimi Q.Qarayevin ən istedadlı
tələbəsi olaraq sənətiylə
ən çox uğurlara
imza atmış bəstəkardır. Bunu onun əsrləri üçün on illərlə
böyük bir
yaradıcı qrupun səfərbər
olunması, simfoniyaları üçün
xüsusi salonların inşa
olunması da bir daha sübut edir.
O həm də bir vətənpərvərdir
Böyük bəstəkar həm də
bir vətəndaş kimi,
ölkənin bütün zor
məqamlarında sözünü deməyi,
vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarıb. Bunu
həm yaradıcılıq işlərində, həm də öz ictimai fəlaiyyətində
təsdiq edib.
“Arif Məlikov haqqında 15 il
əvvəl yazmış olsaydım, bəlkə də onun dolğun portretini yaratmaq üçün musiqi mədəniyyətimizdəki
böyük xidmətlərini sadalamaqla kifayətlənə bilərdim. Çünki onun bir bəstəkar kimi
qazandığı nailiyyətlər özlüyündə təkcə
musiqimizdə deyil, ümumilikdə milli mədəni
tərəqqi naminə göstərilən xidmətlər hesab edilməlidir. Lakin bu günün reallıqları baxımından,
son onilliklərdə xalqımızın düçar olduğu milli faciə, keçirdiyimiz,
sosial-siyasi sarsıntılar prizmasından
nəzər salarkən, A.Məlikov vətənpərvərliyinin,
həmişə özünü büruzə
verən vətəndaşlıq duyğusu
və məsuliyyətinin tamamilə yeni
məna kəsb etdiyini xüsusi
olaraq qeyd etməyə
bilmərəm. A.Məlikov XX əsrin sonunda yaşadığımız müsibətləri
- qanlı 20 Yanvar hadisələrini,
yüzlərlə şəhidimizin faciəsini,
qaçqın və köçkünlərimizin fəlakətini
məhz ona xas olan cəsarətlə açıb dünya ictimaiyyətinə tanıtdıran bir Azərbaycanlı kimi milyonlarla soydaşımızın və
bütün sülhsevər insanların dərin
hörmətini, məhəbbətini
qazanmışdır”(Ş.Mahmudova).
Bəstəkar
yetişdirdiyi tələbələrin
ağır həyat şərtləri altında musiqini atmasından çox
üzgün olduğunu
da tez-tez dilə gətirir.
O, gələcəyinə böyük
ümidlə baxdığı bəzi gənclərin ehtiyac üzündən
yaradıcılığı buraxıb, uzaq
ölkələrə üz tutmasına təəssüflənir.
Eyni zamanda, sənətin
hər zaman çətin yollardan
keçdiyini, bu sahəni
seçən insanların şansa və
dəstəyə ehtiyacı olduğunu da vurğulayır.
Arif Məlikov
sağlığında ən yüksək mükafatları
almış sənətkardır. O, Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, SSRI xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və
s. kimi titulları var. Böyük bəstəkar
1998-ci ilə Azərbaycanın ən yüksək
mükafatlarından birinə- “İstiqlal” ordeninə layiq görülüb.
Böyük bəstəkar ömrünün 80-ci ilinin
astanasındadır. Tamaşaçı isə hər zaman onun gözəl, yeni və ölməz “əbədi məhəbbət
əfsanələri”nin yolunu gözləyir...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.-
2012.- 13 mart.- S.14.