Laçının şahin oğlu Sultan bəy
Ermənilərin amansız qənimi
Xalq arasında Sultan bəy kimi tanınan
Sultan bəy Sultanov Azərbaycan xalqının
qəhrəman oğullarından
biri, erməni zülmünə qarşı
mübarizə aparmış
xalq qəhrəmanıdır.
Sultan bəy Sultanov 1871-ci ildə Zəngəzur qəzasının
Qasımuşağı obasında
(Laçın rayonunun
Kürdhacı kəndində)
anadan olub.
İbtidai təhsil aldıqdan sonra Gəncə gimnaziyasında
orta təhsilini tamamlayıb, Sankt-Peterburq Hərbi Akademiyasına daxil olub.
Ancaq naməlum səbəblərə
görə məktəbi
bitirməyib və doğma kəndinə qayıdıb. Sultan bəy doğma yurdunda heyvandarlıqla və meşəçiliklə
məşğul olub,
yağ-pendir zavodu tikdirib.
Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il erməni-müsəlman
hadisələri ilə
bağlıdır. Müsəlman dəstələrdən birinə
Sultan bəyin atası
Əlipaşa bəy başçılıq edirdi,
onun isə ən yaxın yardımçısı böyük
oğlu Sultan bəy idi.
Sultan bəyin sonrakı qəhrəmanlıqları
1918-ci il hadisələrinə
təsadüf edir.
1918-ci ildən başlayan
erməni-müsəlman müharibəsində
Sultan bəyin başçılıq
etdiyi silahlı milis dəstələrinin
bölgədəki müsəlman
kəndlərinin mühafizə
olunmasında mütəsna
xidmətləri olmuş,
Zabux dərəsində
mühasirəyə alınan
Andranikin dəstəsinin
əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları
məğlub edilmiş
və onlardan 600 nəfər əsir alınmış, Irana keçmək istəyən
yüzlərlə erməni
silahlısı Araz çayı yaxınlığında
Sahil əməliyyatı
ilə məhv edilmiş, Zəngəzurda
onlarla kənd erməni silahlılarından
təmizlənmişdir.
Yazıçı-publisist
Ənvər Çingizoğlu
yazır: “Sultan bəyin
qəhrəmanlığının ikinci hissəsi 1918-ci il olayları
ilə bağlıdır.
Zəngəzur ərazilərində məskunlaşdırılmış ermənilər azərbaycanlılara
qarşı qırğınlar
törətməyə, qəzada
say baxımından üstün
olmağa, beləliklə
də bu torpaqlara yiyələnməyə
çox ciddi şəkildə cəhd göstəriblər.
Şimali Azərbaycanda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ermənilərin düşmənçilik
siyasəti daha da gücləndi.
Qarabağı və Zəngəzuru
mənimsəmək üçün
ərazi iddiaları onların törətdikləri
kütləvi qırğınlarla
müşahidə olunmağa
başladı. Bu qırğınlar Laçın
bölgəsinin bütün
ərazilərində daim
müşahidə olunurdu.
Erməni ordusunun komandanı Andronik nə yolla olursa-olsun
öz silahlı qüvvələri ilə
bərabər Gorus, Laçın, Şuşa
istiqamətindən Qarabağa
girərək oranın
erməni əhalisini Azərbaycan hökumətinə
qarşı qaldırmaq,
təxribatlar törətmək
və bölgədə
itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə
Andronik bir neçə minlik ordu ilə Zabux
kəndini keçərək
Laçın istiqamətində
irəliləməyə başladı.
Bu məsələdən əvvəlcədən
xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru
Xosrov bəy Sultanovun qardaşı
Sultan bəy, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə
saldı. Burada təqribən bir
günlük qanlı
döyüşlər getdi.
Bu döyüşlər zamanı general Andronik, demək olar, bütün qüvvəsini
itirərək bir neçə nəfərlə
güclə qaçmağa
imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında
“Qanlı dərə”
adlandırıldı".
“Dağlardan uca könlüm, olubdur qəm qalağı...”
1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurdu. Bu vaxtdan etibarən Azərbaycan bəyləri
öz vətənlərində
qaçaq vəziyyətində
yaşamağa başladılar.
Onlar elə arxalanır, onları el saxlayırdı.
Sultan bəy Sovet Hakimiyyətindən qaçaq vəziyyətdə
Kürdhacı kəndində
“Gorgahat”ın (çox
sıx meşəlik)
meşəsində, bir
yarğana pənah gətirib, yarğanda gizlənərmiş. Bir gün onunla
qarşılaşarkən onu
tanımayan və sonradan tanıyıb üzrxahlıq edən həmkəndlisinə aşağıdakı
bayatını söyləyir:
Mən aşiqəm yarqana,
Yar sözünü yar qana.
Dünyaya sığmaz başım,
Sığınıbdır yarğana.
Ermənilərin hiylələri ilə ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar.
Yaranmış vəziyyətin mürəkkəbliyini
dərk edən Sultan bəy Azərbaycan İnqilab Komitəsinə
müraciət edir.
Buradan ümidverici cavab almadığına görə
Sultan bəy İran şahına üz tutur. Şah İranda Rusiyanın
erməni casuslarının
çox və qüvvətli olmasına baxmayaraq, Sultan bəyin müraciətini qəbul edir. Sultan bəy
qardaşları Xosrov
bəy və Iskəndər bəy ilə düşmənlərdən
qoruduğu vətəndən
xaricə mühacirət
etməli olur.
Sultan bəy vətəndən, doğma
yurddan, Qasımuşağı
obasından ayrılarkən
Kürdhacı kəndinin
ərazisində ən
uca zirvə, “Qarapalçıq” adlanan dağın zirvəsinə
qalxır. Oradan Qırxqız yaylaqlarını, dağları
son dəfə seyr edir və bir
neçə bayatı
çağırır:
Mən aşiq qəm qalağı,
Dağların qəm qalağı.
Dağlardan uca könlüm,
Olubdur qəm qalağı.
Mən aşiq dolan gözüm,
Dol gözüm, dolan gözüm.
Gedərsən qayıtmazsan,
Vətəni dolan gözüm.
Sovet imperiyasının göndərdiyi xüsusi casuslar İranda at oynadıb meydan sulayır, tez-tez qətllər törədirdilər.
Göndərilmiş xüsusi casuslar
Sultan bəyin qardaşı
İskəndər bəyi
öldürdükdən sonra
vəziyyətin pis olduğunu görən İran Şahı təhlükəsiz həyat
şəraitini təmin
edə bilmədiyi üçün Sultan bəyə
Türkiyə dövlətinə
müraciət etməyi
məsləhət görür.
Sultan bəy Türkiyə
dövlətinə müraciət
etdikdə Türkiyə
dövləti 1923-cü ildə
hər iki qardaşı - Sultan bəy
ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb
Qars vilayətinin Köçqoy kəndində
mülk və malikanə verərək təhlükəsiz həyat
şəraiti ilə təmin edir.
Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy
kəndində vəfat
etmiş və orada dəfn olunmuşdur
Bəhs etdiyimiz kimi, Sultan bəyin milli qəhrəman kimi ad qazanması
1905-1906-cı illər erməni-müsəlman
hadisələrindən başlayır.
Azərbaycan türklərinə qarşı qırğınlar
törədən ermənilərə
qarşı mübarizə
aparan dəstələrdən
birinə Sultan bəyin
atası Əlipaşa
bəy başçılıq
etdiyi zamanda, Sultan bəy düşmənin geri oturdulmasında xüsusi rol oynayıb.
1919-cu ilin fevral ayında Sultan bəyin rəhbərlik etdiyi silahlı dəstələr Laçının
Zabux dərəsində
erməni generalı, müsəlmanların qatı
düşməni Andronikin
daşnak ordusunu darmadağın edib.
Bununla da Andronikin Qarabağı,
sonra isə Gəncəni tutaraq, Stepan Şaumyanın bolşevik-daşnak hərbi
hissələri ilə
birləşərək Şimali
Azərbaycanda erməni
hakimiyyəti qurmaq planını alt-üst edib.
Onun rəhbərliyi
ilə Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub
edilib və onlardan 600 nəfəri əsir alınıb, İrana keçmək istəyən yüzlərlə
erməni silahlısı
Araz çayı yaxınlığında məhv
edilib, Zəngəzurda
onlarla kənd erməni quldur dəstələrindən təmizlənib.
Türkiyəyə son yolçuluq
Sultan bəy və onun qardaşı
- Azərbaycan Demokratik
Respublikasının ilk hərbi
naziri, ikinci hökumətdə əkinçilik
naziri və Qarabağın general-qubernatoru
olmuş Xosrov bəy Sultanovun yalnız Zəngəzur və Qarabağ deyil, Basarkeçər və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında əvəzsiz
xidmətləri olub. Sultan bəy sovet
hakimiyyəti qurulduqdan
sonra mühacir həyatı yaşayıb.
Əvvəlcə İranda olub,
1923-cü ildə Türkiyəyə
gedib. 1955-ci ildə Türkiyədə
Qars vilayətinin Köçqoy kəndində
dünyasını dəyişib.
Sultan bəy mühacirətdə
olarkən ailəsi müsibətlərlə qarşılaşıb,
1937-ci ildə həyat
yoldaşı, üç
oğlu və bir qızı Qazaxıstana sürgün
edilib. Onlar 1956-cı ilədək sürgün həyatı
yaşayıblar.
Nəvəsi Elbrus Muradov: “Babamın qəbrini axtarmaq üçün uzun illər çalışdım.
Dost və qardaş
Türkiyəyə gedən
hər tanışımdan
soraqlamağı xahiş
etdim. Gələnlərdən soruşdum. Gördüm
deyən olmadı.
Nəhayət, internet araçılığı
ilə axtarışlarımı
davam etdirdim. Qars vilayətinin Koçqoy kəndində hələ
XIX yüzildən laçınlıların
məskunlaşdığını öyrəndim. Adil Laçın
adlı bir nəfərlə yazışıb,
telefon nömrəsini
öyrəndim. Zəngləşib
vədələşdik ki,
15 may 2006-cı ildə Türkiyəyə
uçdum. Adil bəy məni
Esenboğa hava limanında qarşıladı.
Səhər saat 6-da Qarsa
tərəf yola çıxdıq. Maşınla bir neçə saat yol qət
etdik. Yolboyu həyacanlıydım. Görəsən, doğurdanmı babamın qəbri ordadır, yoxsa başqa variantlar kimi bu da
özünü doğrultmayacaq?!
Sultan bəyin Ərzurumda, Konyada dəfn olunması haqda versiyalar mövcuddur. Nəhayət, Koçqoy kəndinə yetişdik. Molla çağırıldı.
Kənd əhalisinin seçmə
ağsaqqalları ilə
qəbiristanlığa getdik.
Qəbiristanlıqda sadə
bir qəbri göstərib ”Sultan bəyin məzarıdır" söylədilər.
Tutuldum.
İnanmamağa əsasım yox
idi. Amma qəlbimdə şübhələr
vardı. Ağsaqqallar babamı olduğu kimi təsvir edib şübhəmi dağıtdılar. Qəribədir ki, Koçqoy kəndində yaşayan adamların çoxu bizim soyun insanlarına
bənzəyirdilər. Mən hətta öz oxşarımı da orda tapdım. Bakıya qayıdandan sonra məndə olan nəsil şəcərəmizi
yoxladım ki, Adil bəyin ulu babası ilə mənim ulu babam doğmaca
qardaşdırlar".
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.-
2012.- 18 may.- S.14.