Uşaqlığımızın
və uşaqlarımızın “canlı
nağılları”...
Hamımızı böyüdən cizgi filmləri
Azərbaycanda orta nəslə
mənsub elə bir şəxs tapılmaz ki, bir zamanlar sevə-sevə
seyr etdiyi cizgi filmlərini unutmuş olsun. Əsasən, sovet dövründə
yaranan bu filmlər indi də dəyərini itirmədən dönə-dönə
nümayiş olunmaqdadır.
O illərdə yaranan
cizgi filmlərindən
ən azı ikisini -
“Pıspısa xanım
və Siçan bəy” və “Tülkü həccə gedir” filmini hər kəs xatırlayar hər halda. Əslində, isə bu dövrdə çəkilən
cizgi filmlərinin sayı onlarladır.
Milli cizgi filmlərimizin
tarixi XX əsrin 30-cu illərinə təsadüf
edir. Kinematoqrafçılarımız 1933-cü kinonun bu
növünün istehsalı
üçün öncədən
planlaşdırma aparmış,
Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar
həmin il
“Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərini
çəkərkən texniki
animasiyadan istifadə etmişdilər. Sonra “Cat” təlimat
filmində isə animasiyaya tam şəkildə
müraciət etmişdilər.
Bu film ümumittifaq səviyyəsində 1938-ci ilə
qədər nümayiş
olunmuşdur.
Həmin film ekranlara çıxdıqdan sonra kinostudiyada bir qrup təşəbbüskar
ilk dəfə cizgi filmi çəkmək qərarına gəldi. Çəkiləcək film üçün mövzu axtarmaq çətin olmadı.
Ssenarini Azərbaycan xalq nağılları əsasında
A.Papov yazdı. Cizgi filmi “Abbasın bədbəxtliyi” adlanırdı,
onun rejissoru E.Dikaryov, operatoru Q.Yegiazarov idi. Cizgi filmində rəssamlar - Q.Xalıqov, Zeynalov,
M.Maqomayev və Ə.Mirzəyevin rəsmlərindən
istifadə olundu.
Eyni zamanda, həmin dövrdə, Böyük Vətən müharibəsi başlamamışdan
öncə studiyada ikinci cizgi filminin
çəkilişlərinə hazırlıq aparılmışdı. Nəzərdə tutulan film “Sindbad
dəniz səyyahıdır”
adlanırdı. Yeni filmin
səsli olması nəzərdə tutulmuşdu.
Amma məlum olduğu kimi, müharibənin başlaması səbəbindən
yarımçıq qaldı.
Bundan xeyli müddət
sonra - 1960-cı illərin
sonlarında kinostudiyada
cizgi filmlərinin çəkilişi üçün
şərait yaradıldı. Bu filmlərin
çəkilişi üçün
20 nəfərdən ibarət
rəssamlar qrupu yaradıldı. Cizgi
filmi sənətinin sirrlərini öyrənmək
üçün studiyada
xüsusi kurslar açıldı...
O illərdən keçən
uzun zaman müddətində bir çox yeniliklər baş verib, filmlər çəkilib.
Amma Azərbaycan cizgi filmləri sahəsində
hələ də böyük uğurlara imza ata bilməyib.
Bunun bir sıra önəmli
səbəbləri var
ki, o mövzuda “Azanfilm” animasiya studiyasının direktoru Elçin Hami Axundov hər zaman söhbət açır. Bu kiçik filmlərin böyük məsələləri
var-yaxşı animatorlar,
bu sahə üzrə bacarıqlı
aktyorlar, yaxşı ssenarilər olmalıdır.
Hazırda Azərbaycan animasiyasında
bunların hamısı
ilə bağlı çətinliklər var. Mütəxəssis,
belə gedərsə,
bu sahədə boşluq yarana biləcəyindən belə
narahatdır. Hansı
ki, tarixə baxsaq, 60-cı illərdən
sonra bir-birinin ardınca xeyli cizgi filmi yarandığını
görərik...
Yeni bir səhifə
açan 60-cı illər
1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında cizgi
filmləri sexi bərpa olundu.1969-cu ildə
“Cırtdan” adlı xalq nağılının
motivləri əsasında
eyni adlı cizgi filmi başa
çatdı. “Cırtdan” kinostudiyanın
cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film oldu. Cizgi filmi 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət
kinoteatrlarımızın ekranlarından
düşmədi. Beləliklə,
“Cırtdan”ın istehsalı
ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.
1970-ci illərdə kinostudiyanın
cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunub. 1970-ci ildə üç
belə film çəkilib
- “Ayı və siçan” (rej. N.Məmmədov) və “Şir
və öküz” (rej. A.Axundov) mikrofilmdir.
“Fitnə” (rej. A.Axundov) adlı üçüncü
film isə rəngli applikasiya filmidir. O, dahi N.Gəncəvinin eyni adlı nağıl-novellasının motivləri
əsasında çəkilmiş,
təsvirin işlənməsi
(rəssam E.Rzaquliyev) orta əsr Azərbaycan
miniatür sənəti
üslubunda həll olunmuşdur. Sonra isə “Pıspısa
xanım və Siçan bəy” (1974) və “Cücələrim”
(1980) cizgi filmləri
(rej. A.Axundov) gəlir. 1971-ci
ildə A.Şaiqin eyni adlı əsəri əsasında
çəkilmiş “Tülkü
həccə gedir” (rej. N.Məmədov, B.Əliyev) cizgi
filmi isə həm üslub, həm də sənətkarlıq baxımından
ən maraqlı işlərdəndir. Bu dövrdə çəkilmiş
“Çaqqal oğlu çaqqal” kukla filmi (1972, rej. M.Rəfiyev)
ilk və yeganə geniş ekranlı Azərbaycan cizgi filmidir.
Bu mərhələdə ərsəyə
gələn filmlərin
yaradılmasında rəssam
- multiplikatorların böyük
rolu var. A.Axundov, N.Məmmədov və M.Rəfiyev, M.Pənahi, B.Əliyev, H.Əkbərov,
F.Quliyeva, Ə.Məmmədov
belə sənətkarlardandır.
Sonralar XX əsrin 80-ci illərində kinostudiyada
daha 38 adda cizgi filmi istehsal
olunmuşdur. Onların sırasında da bir sıra daha
populyarları var ki, bunlara “Cücələrim”,
“Meşəyə insan
gəlir”, “Balaca çoban”, “Xeyir və Şər”, “Cırtdan-Pəhləvan”, “Cırtdan
və div” filmlərini
göstərmək olar.
Zaman keçdikcə Azərbaycan cizgi filmlərinə də bir çox yeniliklər gəlməyə
başlayır. Kinostudiyada “Münəccimin şagirdi” filmində (rej. A.Məhərrəmov) ilk dəfə yarıqabarıq
kukladan istifadə olunur. 1990-cı ilin aprel ayında
isə Sovet İttifaqında ilk dəfə
olaraq Azərbaycan multiplikatorları təsərrüfatın
icarə formasına keçdilər. Multiplikasiya sexinin
adı da dəyişdirilib, “Azanfilm”
Yaradıcılıq - İstehsalat
Birliyi oldu. “Azanfilm” - Azərbaycan
animasiya filmləri deməkdir.
“Azanfilm”in nağılları davam edir
Bundan sonra XX əsrin 90-cı illərində
“Azanfilm”in rəhbərliyi
ilə 19 cizgi filmi çəkildi. Onlara “Bir
dəfə haradasa...”
(rej. V.Talıbov), “İthaf” (rej. Ş.Nəcəfzadə), “Oda” (rej.
V.Talıbov, R.İsmayılov), “Sərkəyin dastanı”
(rej. A.Məhərrəmov),
“Göyçək Fatma”,
“Karvan” (rej. N.Məmmədov), “Güzgü”, “Dəniz gəzintisi”, “Ümid” (hamısı rej. E.Axundov), “Söhbətül-əsmar ” (rej. E.Hami), “Şüəla”
(T.Piriyev) filmlərini
misal göstərmək
olar.
Azərbaycan müstəqillik qazandığı ilk illərdə
kino sahəsindəki durğunluq bu istiqamətə də təsirini göstərdi. Bir çox filmlər
yarımçıq qaldı.
İxtisaslı kadrların çoxu
ölkəni tərk edib xaricə getdi. Bu boşluq
da studiyanın işinə öz təsirini göstərdi.Hazırda
da bu boşluq
tam doldurulmayıb. Bundan sonrakı
illərdə studiyanın
işində nisbətən
canlanma yaransa da, problemləri tamamilə aradan qaldırmaq mümkün olmadı İndi “Azanfilm”də cəmi üç animator çalışır
- Aleksandra Şirinova, Firəngiz
Quliyeva, Rauf Dadaşov. Bu işə cəlb olunan gənclər isə müasir proqramlarda çalışırlar.
Animasiya işi üçün mükəmməl kompyuter
və mütəxəssislər
lazımdır. Amma hazırda
“Azanfilm” fəaliyyətini
davam etdirir və çətinliklərlə
də olsa, Azərbaycanda animasiya filmləri yaranmaqda davam edir. Hazırda “Tırtılın arzusu” və "İlbizin evi" adlı filmlər çəkilməkdədir.
Mütəxəssislər artıq çoxdan
dünya təcrübəsinə
əsaslanıb bu filmlərin 3D janrında çəkilməsinin zəruri
olduğunu bildirirlər.
Amma bu sahədə də ixtisaslı kadr problemi var. Belə kadrların yetişməsi cizgi filmlərinin inkişafı
istiqamətindəki bir
mühüm problemi aradan qaldırmış olardı.
Göründüyü kimi, Azərbaycan
animasiyasının tarixi
yaddaqalan faktlarla zəngin olsa da, onun bu
günü haqqında
tam ürəkaçan sözlər
demək mümkün
deyil. Müasir günümüz belə qəhrəmanlıq
filmlərinin, o cümlədən
serialların çəkilməsini
də zəruri edir. Bu, yeni
böyüməkdə olan
nəslin tərbiyəsi
üçün ən
önəmli məsələlərdəndir.
Əks halda, yenə də uşaqlarımız
öz qəhrəmanlarını
xarici filmlərdə axtarmalı olacaqlar.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 24 may.- S.14.