Şuşanın talan olan
muzeyləri
Mədəniyyət
şəhərindən yadigar qalan eksponatlar
Azərbaycan torpaqlarının
işğalı nəticəsində zərbəyə məruz
qalan maddi-mədəniyyət abidələri haqqında
çox yazılıb. Belə yurd yerlərimizdən biri də
8 mayda işğal günü qeyd olunan Şuşa şəhəridir.
Məlum olduğu kimi, Qarabağın qəlbi Şuşada Azərbaycanın
böyük mədəni irsi düşmən əlinə
keçib, onlar tərəfindən dağıdılıb və
ya qarət olunub. Amma qədim və tarixi şəhərin
işğalı ərəfəsində riskə gedib qiymətli
eksponatların bir hissəsini çıxaran cəsarətli
insanlar da tapılıb. Yaxın günlərdə bu muzey
nümunələri Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində sərgilənib. Şuşanın
işğalının 20 illiyinə həsr edilmiş sərgi
“Şuşa səsləyir” adlanırdı. Sərgilənən
ekspozisiyada Şuşanın işğalı zamanı şəhərdən
çıxarılan həmin eksponatlar təqdim edilib. Bunlar
1992-ci ildə
Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyinin Şuşa filialından
xilas edilən nümunələrdir. O dəhşətli
günlərdə eksponatların Bakıya gətirilməsinə
muzeyin direktoru Röya Tağıyeva göstəriş verib.
1987-ci ildə açılan Şuşa filialı öz zəngin
fondu ilə fərqlənib. Bu barədə R.Tağıyeva
deyib: “Biz o zaman yalnız bu eksponatları qoruya bildik. Bu
eksponatların çıxarılmasına rəsmi icazə
olmayıb. Biz icazəsiz, gecə saatlarında muzeydən
eksponatları çıxardıq. Bu gün muzey
işçilərinə o fədakarlığa görə təşəkkür
etmək istəyirəm. Indi burada təqribən 180 eksponat
var. Onlar 120 xalça, təqribən 40 zərgərlik məmulatını
əhatə edir”.
Həqiqətən də, o zaman bu
addım atılmasaydı, tarixə şahidlik edən bu qiymətli
xəzinə də erməni
işğalçılarının əlinə keçəcəkdi.
Rəsmi məlumatlara görə, şəhərin
bütün gözəl abidələri, Üzeyir Hacıbəyovun,
Bülbülün, Natəvanın və Xan Şuşinskinin
heykəlləri dağıdılıb. Beş minə
yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət
xalça muzeyinin filialı və xalq tətbiqi sənəti
muzeyi, Qarabağ dövlət tarix muzeyi məhv edilib. Bundan
başqa, şəhərdəki 7 məktəbəqədər
uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi,
mədəni-maarif, kənd təsərrüfatı texnikumları,
8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey,
Şərq musiqi alətləri fabriki də yerlə yeksan
edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası,
Şuşa qalası da olmaqla bütövlükdə 279 dini,
tarixi və mədəni abidə daxildir. Qəsbkarlar Azərbaycana
məxsus olan bir çox abidənin məhv edilməsinə və
ya onların erməniləşdirilməsinə nail olublar.
Böyük
şəxsiyyətlərin viran edilən yadigarları
Xan qızı Natəvanın
dağıdılan evində 10 oktyabr 1932-ci ildən
Şuşa Musiqi Məktəbi yaradılmışdı. Bu həm
də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi
idi. Burada musiqi məktəbi açılması təşəbbüsü
isə məşhur şuşalı xanəndə
Bülbülə məxsus olub. Beləliklə, məktəb
Xan qızı Natəvanın evi olmuş həmin binada fəaliyyətə
başlayıb.
Şuşada darmadağın edilən
ev-muzeylərindən biri də ünlü musiqişünas və
xəttat Mir Möhsün Nəvvabındır. Eyni zamanda, bu
günlər ölkə ictimaiyyəti Nəvvabın bir
zamanlar YUNESKO-nun qərarı ilə inşa edilmiş qəbirüstü
abidəsinin dağıdılması ilə bağlı bəyanat
yaydı və bunun bütün beynəlxalq konvensiyaların
müddəalarına zidd olduğunu bəyan etdi.
Şuşada erməni işğalı
zamanı mərkəzə köçürülən muzeylərindən
biri də dahi bəstəkar Üzeyir Hacıbəyovun
ev-muzeyidir. 1959-cu ildən yaradılan muzey 1992-ci ilə kimi fəaliyyətini
davam etdirib. Bir zamanlar ziyarətgah kimi ayaq kəsilməyən
bu evdə Üzeyir bəy doğrulub
böyümüşdü. Şuşaya yolu düşən
turistlər belə böyük bəstəkarın bu
ev-muzeyinə baş çəkməmiş geri dönməzdilər.
Muzeydə Hacıbəyovlar ailəsinin ev əşyaları
qorunub saxlanırdı. Bundan başqa, eksponatlar arasında
Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri,
kitabları, ona həsr olunmuş və muzeyə
bağışlanmış kitablar xüsusi önəm
daşıyırdı. 1985-ci ildə Üzeyir Hacıbəyovun
100 illik yubileyi YUNESKO tərəfindən təntənə ilə
qeyd olunmuş, müxtəlif dünya ölkələrindən
gəlmiş qonaqlar bəstəkarın Şuşadakı
ev-muzeyini ziyarət edərək, burada yubiley tədbirlərinə
qatılmışlar. Şəhərin işğalı
zamanı Ü.Hacıbəyova məxsus əşyalar
Bakıya köçürülmüşdür. Indi bu
eksponatlar bəstəkarın Bakıdakı ev-muzeyinin
fondlarında saxlanılır. Şuşadan gətirilmiş
eksponatlara bunlar daxildir: Üzeyir bəyin şəxsi əşyaları,
uşaqlıq papağı, kostyumu, eynəyi, paltosu, Qori
seminariyasında çaldığı skripka, yazı ləvazimatı,
mürəkkəbqabı, qələmdan, şəxsi albomu,
şəkilləri, anası Şirinbəyim xanımın gəlinlik
paltarı, Ü.Hacıbəyovun həyat və
yaradıcılığına həsr olunmuş və muzeyə
yadigar verilmiş kitablar. Paytaxta daşınan daha dəyərli
eksponat isə muzeyin həyətindəki Üzeyir bəyin
çox sevdiyi armud ağacının dibindən
götürülmüş bir ovuc Şuşa
torpağıdır.
Bülbülün
ev-muzeyi
Şuşadakı məşhur ev-muzeylərindən
biri də gözəl səsli sənətkarımız
Bülbülə məxsus olub. Şəhərin
işğalına qədər fəaliyyət göstərən
ev muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin
filialı idi. Buradakı ev iki otaq və eyvandan ibarət idi.
Böyük sənətkar burada dünyaya göz
açmış və böyümüş, musiqi
dünyasına burada yol açmış, məşhur xanəndə
və musiqiçiləri burada dinləmişdir. Muzeyin
fasadında vurulan memorial lövhədə Bülbülün
heykəltəraş Xanlar Əhmədov tərəfindən
bürüncdən yaradılmış uşaqlıq portreti əks
olunmuş və üzərində yazılmışdı:
“Bu evdə Azərbaycan sovet professional vokal sənətinin
banisi, SSRI xalq artisti, Stalin mükafatı laureatı, professor
Bülbül anadan olmuş və uşaqlıq illərini
keçirmişdir”.
Muzeydə Bülbülün həmin
uşaqlıq illərindən xatirə qalan şəkilləri
qorunurdu. Burada həmçinin onun bəzi şəxsi əşyaları,
qavalı da nümayiş etdirilirdi. Muzeyin divarı boyunca
Bülbülün 1925-1926-cı illərdəki konsert
afişaları asılmışdı. Ekspozisiyada
Bülbülün Azərbaycanda 20-ci illərdəki fəaliyyətini
əks etdirən fotolar asılmışdı. Vitrinlərdə
Bülbülün mühüm sənədlərinin foto surətləri,
Bakıdakı ifaçılıq fəaliyyəti, Azərbaycan
Dövlət Konservatoriyasında və İtaliyada təhsili
haqqında sənəd və materiallar, italyan jurnalı “Arte
Nostra”da Bülbülün böyük portreti və onun
haqqında məqalə, dostları və ailəsi ilə olan
şəkilləri nümayiş etdirilirdi. Fotoşəkillərlə
yanaşı, burada Bülbülün əlyazmaları, dərc
edilmiş məqalə və məruzələri də var
idi. İkinci otaqda Bülbülün ailəsi, dostları, həmkarları
ilə şəkilləri sərgilənirdi. Burada
Bülbülün iştirak etdiyi opera tamaşalarının
afişaları, yaratdığı obrazları,
ayrı-ayrı premyera və yubiley tamaşalarından səhnələri
əks etdirən şəkilləri, məruzələri, onun
iştirak və redaktəsi ilə nəşr edilmiş toplu
və dərsliklər, rəsmi məktubların əsli və
fotosurətləri göstərilmişdi.
Artıq Şuşa və
Bülbülün oradakı muzeyi də yoxdur. Artıq
Bülbülün bütün irsini və
yaradıcılığını təbliğ edən mərkəz
Bakıdakı muzeyidir. Burada Bülbülün
çıxışlarının stenoqramları, deputat
nişanları, elmi əsərləri, parlament qeydləri,
seçici məktubları və digər zəngin materiallar
nümayiş etdirilir. Həmin muzeydə Bülbülün
yaradıcı elmi - tədqiqat, pedoqoji, ictimai fəaliyyətini
əks etdirən 9 minə yaxın sənəd
toplanmış və ictimaiyyətin geniş müzakirəsinə verilmişdir.
Bütün işğal olunan şəhərlər
kimi, Şuşaya dəyən maddi-mənəvi zərər də
ölçüyəgəlməz səviyyədədir. Bir
zamanlar Azərbaycana böyük impuls verən bu sənət
və mədəniyyət mərkəzi indi düşmən
tapdağı altında inləyir. Bu torpaqlarda dünyaya
göz açan və Azərbaycanın dünyanın bir
parçası olması üçün böyük
yaradıcılıq işləri görən insanların
ruhu isə o yerlərdə nigaran dolaşıb durur...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Olaylar.-
2012.- 10 may.- S.14.