Teatr səhnəmizin oxumamış mahir aktyoru
Peşəkarlardan daha peşəkar
Azərbaycan teatrının inkişafında Tiflis teatrının
önəmli rolu olub. 1873-cü
ildə fəaliyyətə
başlayan bu teatrda səhnəmizin böyük sənətkarları
yetişib. Mədəniyyət tariximizdə önəmli
yer tutan bu sənət ocağı sonralar Azərbaycan teatrının
inkişafına böyük
stimul verib.
Bu teatrın səhnəsində sənət
aləminə qədəm
qoyan, böyük tamaşaçı auditoriyası
toplayan və məşhurlaşan sənətkarlardan
biri də İbrahim Hüseyn oğlu İsfahanlıdır.
Aktyor
1897-ci ildə Tiflisdə
doğulub. O elə
bənzərsiz aktyorlardandır
ki, öz sənəti ilə teatra, onun inkişafına
xüsusi dəyərlər
bəxş edib.
İ.İsfahanlı yalnız aktyor deyildi, o həm də maraqlı bir rejissor idi.
Əslində, xüsusi bir
teatr təhsili almamışdı. Heç
ibtidai məktəb təhsili də görməmişdi. Yazıb-oxumağı
anası Molla Məsmədən öyrənmiş,
güclü mütaliəsi
sayəsində ədəbiyyat
aləmi ilə yaxından tanış olmaq imkanı qazanmışdı.
Bununla belə, o, səhnədəki
oyunu ilə peşəkarlardan daha peşəkar idi. Onun teatr təhsili
almadığını yalnız
rəsmi bioqrafiyasını
oxumuş adamlar bilirdi. Çünki onun aktyorluq istedadı həqiqətən
qandan gələn bir vergiydi. Bu səbəbdən, ömür
yolunda rastlaşdığı
ən ağır hadisələr də onu sənət yolundan döndərə bilməmişdi.
Teatrda “İsfahanlı” təxəllüsü
ilə tanınan sənətkarın həyatı
gerçəkdən keşməkeşlərlə
dolu olub. Səkkiz yaşına çatanda atası dünyasını dəyişib.
Evə maddi yardım üçün
Ibrahim çəkməçi yanında “şəyird” olub. Elə o zamanlardan əlinə düşən qəpik-quruşla
tamaşalara qaçırdı.
Məhəllə uşaqları
ilə Zubalov adına Xalq evində, Artistlər klubunda, Gürcü Zadəgan evində azərbaycanlı teatr həvəskarları vaxtaşırı tamaşalar təqdim edirdilər. Sənətkarın öz
sözlərinə görə,
səhnəyə ilk dəfə
1909-cu ildə çıxıb.
Bu imkanı ona sonralar xalq artisti
olmuş Mustafa Mərdanov
və ilk azərbaycanlı
baş rejissor, yazıçı Əbdürrəhim
bəy Haqverdiyev yaradıb. Səhnənin cazibəsi həmin gündən onu teatra bağlayıb. Burada o, Tiflis Azərbaycan teatr dəstəsinin güclü aktyor truppası ilə tanış olub. Amma 1911-ci ildə həmin qrup iki yerə bölünüb.
Gürcü Əyanlar
teatrında yerləşən
qrupa Mirseyfəddin Kirmanşahlı rəhbərlik
edirdi. Bu, teatrın ikinci qrupu adlanırdı.
Birinci qrup Zubalov adına Xalq evində fəaliyyət göstərirdi.
Onun rəhbəri qocaman səhnə fədaisi Mirzəli Abbasov idi. İkinci
qrupun tamaşaları
bədii səviyyələrinə
görə daha yüksək idi. Bu qrupda Panfiliya Tanailidi, Yəhya Məmmədov, Mustafa Mərdanov,
Nadir İbrahimov, Həsən
Səbri Abdullazadə
kimi səhnə fədailəri çalışırdılar.
Həm aktyor, həm
rejissor kimi
O zaman teatra
qoşulan Ibrahim Isfahanlı
hər iki qrupda aktyorluq edib. Amma əsas
rollarını ikinci qrupda oynayıb. 1917-ci ildə Tiflisdə “İttihad” və “İbrət” dram qrupları
vardı və onlar sonradan həmin dövrdə Gürcüstanda işləyən
Əbdürrəhim bəy
Haqverdiyevin təşəbbüsü
ilə birləşib
daha kamil truppaya çevrildilər.
İbrahim Isfahanlı
“İttihad”da həm aktyorluq edib, həm də rejissor kimi tamaşalar
hazırlayıb. “İttihad”
və “İbrət” birləşərək “Müsəlman
dram artistləri cəmiyyəti”
olandan sonra teatr qrupunun fəaliyyət dairəsi genişlənib. Bu cəmiyyətin
rəhbərləri Mirseyfəddin
Kirmanşahlı, Mirzəli
Abbasov və Mustafa Mərdanov, əsas təşkilatçılarından biri İbrahim İsfahanlı idi. Cəmiyyət Gürcüstanın
müxtəlif iri şəhərlərinə qastrollara
çıxırdı ki,
bu şəhərlər
sırasında Acarıstanın
Batum, Azərbaycanın
Zaqatala, Şəki, Ağdam, Göyçay, Gəncə, Türkiyənin
İstanbul, İranın
Tehran, Rəşt, Təbriz,
Xoy, Ənzəli şəhərləri vardı.
Bu səfərlər arasında
altı aydan çox çəkən
Istanbul qastrolu xüsusilə
unudulmaz olub.
Tiflisdə fəaliyyət göstərən
Azərbaycan teatr kollektivinin işində
1920-1922-ci illərdə xeyli
canlanma yaranıb. Yeni mərhələdə
yaradıcılıq uğurları
ilə öndə olanlardan biri Ibrahim Isfahanlı idi. O dövrdə Ələkbər
Seyfinin rəhbərliyi
və onun rejissorluğu ilə truppanın Əhməd Salahlı, Əli Qurbanov, Əsəd Xəlilov, Ismət xanım, Srubi Qaraqaşdan ibarət kiçik bir qrupu Türkiyənin Qars, Sarıqamış, Ərzurum şəhərlərində
qastrol tamaşaları
göstərməyə başladılar.
1921-ci il Tiflis Azərbaycan
Teatrı üçün
yeni mərhələyə
keçidin astanası
oldu. Bu fədakar kollektivin Tiflis Dövlət
Azərbaycan Dram Teatrına
çevrilməsi üçün
Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı ilə bərabər İbrahim İsfahanlı da böyük səylər göstərib. O, teatrın
müxtəlif truppalar
halında fəaliyyət
göstərdiyi illərdə
də həvəskar aktyor kimi bir
çox unudulmaz rollarda çıxış
edib. Həmin rolların çoxunu aktyor bir neçə
quruluşda canlandırıb.
Yaratdığı rəngarəng obrazlar
Böyük sənətkarın 1909-1922-ci illərdə
səhnədə yaratdığı
obrazlar sırasında
Gülçöhrə və
Əsgər, Ibn Salam,
Gülnaz (“Arşın
mal alan”, “Leyli və Məcnun” və “Məşədi Ibad”, Üzeyirbəy Hacıbəyov), Vəzir Mirzə Həbib (“Lənkəran xanının
vəziri”, Mirzə Fətəli Axundzadə),
Mayor Xudaverdi bəy (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov) rolları xüsusi diqqət çəkir. 1922-ci ildən
Dövlət Türk
Dram Teatrı kimi yeni inkişaf yoluna qədəm qoyan teatr 1947-ci il yanvar ayının
2-də bağlandı.
İ.İsfahanlının
Tiflis teatrında oynadığı
rollar böyük bir qalereyadır: Xlestakov (“Müfəttiş”,
Nikolay Qoqol), Klimantura (“Jorj Danden”, Jan Batist Molyer), Dəmirqaya, Şeyx Sənan, İblis, Keykavus (“Topal Teymur”, “Şeyx Sənan”, “İblis” və “Səyavuş”, Hüseyn Cavid), Yaqo, Hamlet (“Otello” və “Hamlet”, Vilyam Şekspir), Şahmar bəy, İblis, Nəcəf bəy (“Baba yurdunda”, “Pəri cadu” və “Dağılan tifaq”, Əbdürrəhim
bəy Haqverdiyev) və s.
Qeyd etdiyimiz
kimi, İbrahim İsfahanlı Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət
Azərbaycan Dram Teatrında
bir çox tamaşalara quruluş verib. Sənətkar burada qırxdan çox tamaşa hazırayıb. Həmin əsərlərə Üzeyir
Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Cəlil
Məmmədquluzadənin, Hüseyn
Cavidin, Cəfər Cabbarlının, Sabit Rəhmanın, Nikolay Qoqolun, Nəcəf bəy Vəzirovun və başqalarının
yaradıcılıq nümunələri
daxildir. İ. İsfahanlı
1926-1928-ci illərdə bu
teatrın baş rejissoru işləyib.
1928-ci ildən Bakıya,
Akademik Milli Dram Teatrına gəlsə də, Tiflis teatrının
çağırışı ilə 1930-cu ildə yenidən öz kollektivinə qayıdıb.
1934-cü ildə Gürcüstanın Adıgün
rayonunda səyyar Kolxoz və Sovxoz Teatrı yaradıldı. Bu dövrdə
Tiflis teatrının kollektivinin
yarısı, başda
İbrahim İsfahanlı
olmaqla, Adıgünə
gəlib teatrın bünövrəsini qoyublar.
Adıgün Dövlət
Kolxoz və Sovxoz Teatrı 1936-cı ildə bağlanıb və bütün kollektiv Tiflisə qayıdıb. Həmin illər Tiflis Teatrının
baş rejissoru Yusif Yulduz idi.
İbrahim Isfahanlı
1936-cı ildən teatr
bağlanana qədər
(2 yanvar 1947) bu kollektivdə aktyor, müəyyən mərhələlərlə
rejissor, baş rejissor, bədii rəhbər kimi çalışıb. 1932-ci ildə
İbrahim İsfahanlıya
Gürcüstan Respublikasının
xalq artisti fəxri adı verilib. Dövlət teatrı bağlanandan sonra o, Azərbaycana gələrək Zaqatala və Qazax Dövlət
teatrında baş rejissorluq edib. 1949-cu ildə bu teatrlar
da bağlanandan sonra Tiflisə qayıdıb. Tiflisdə,
Başkeçiddə dram dərnəklərinə
rəhbərlik edib. Gürcüstan Dövlət
Filarmoniyasının Azərbaycan
estrada ansamblında çalışıb. Aktyor
“Azərbaycanfilm” də
istehsal olunmuş “Böyük dayaq” filmində Yarməmməd
roluna çəkilib.
İbrahim İsfahanlı 13 oktyabr
1967-ci ildə Tiflisdə
vəfat edib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2012.- 13-14 may.- S.14.