Alban tarixinin həqiqətlərə yol açan abidələri

 

Bu yaradıcılıqda türk tayfalarının önəmli rolu

 

Azərbaycan ərazisində qədim alban tarixinin öyrənilməsi üçün mühüm material verən elementlərdən birialban xaç daşlarıdır. Bu torpaqlarda yaşayan əcdadlarımız tərəfindən yaradılmış unikal xaç daşı abidələri Qafqaz Albaniyasında memarlığın inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Bu sahənin mütəxəssisləri böyük tədqiqatlar nəticəsində belə nəticəyə gəlmişlər ki, hələ xristianlıqdan çox-çox əvvəllər xaçların yaranmasında qədim türk tayfaları önəmli rol oynamışlar. Həmin dövrdə yaşayan insanların yerdə günəş obrazını yaradaraq, onu ağacya daş üzərində yenidən göylərə qovuşdurmaq istəyi xaçların indiki formasının ortaya çıxmasına əsas vermişdir.

Araşdırmalar onu da aşkara çıxarır ki, alban xaçları daha çox klassik ənənələrinə uyğunlaşdırılırdı. Məlum olduğu kimi, alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə birbaşa bağlıdır. Tarixi əhəmiyyətli alban xaç daşlarındakı xaç şəkilləri, adətən, bir-birinə aid olmayan müxtəlif dekorativ tərtibatları birləşdirir. Bu xaçlar dünyada xristianlığa qədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malik yeganə xaçlardır. Buradakı bütün kompozisiyalar göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi təsvir olunmuşdur.

Qədim alban tarixi haqqında zəngin material verən bu xaç daşlarına ölkəmizin bir çox yerlərində rast gəlinir. Məsələn, Xaçın knyazlığı dövründən qalan xaç daşları Ağstafa, Qazax, Daşkəsən və Kəlbəcər ərazilərində qeydə alınmışdır.

Ümumiyyətlə, Qarabağ zonasında aşkara çıxarılan xaç daşlarına daim ermənilər sahiblənməyə çalışmışlar. Belə daşları onlar fürsət düşdükcə oğurlayaraq Eçmiədzinə aparmışlar. Artsak xaç daşı kimi tanınan belə daşlar  Ağdərə, Şuşa, Xocalı, Tərtər, Gədəbəy və başqa ətraf rayonlarda aşkar edilmişdir. Alimlər onların arasında 1633-cü ilə aid xaç daşını ən maraqlı nümunə hesab edirlər. Həmin xaç daşı SSRI vaxtında qanunsuz şəkildə Azərbaycandan Ermənistanın Eçmiədzin şəhərinə aparılmış və indi orada saxlanılır.

Müxtəlif bölgələrdə qeydə alınan xaç daşları bir sıra üslub xüsusiyyətləri və təsvirləri ilə fərqlənir. XIV əsrə aid başqa bir Artsak xaç daşı isə tamamilə başqa üslubda tərtib  olunmuşdur. Daşın bütün səthi çoxlu tematik təsvirlərlə bəzədilmişdir. Burada dekor baxımından Çuğa alban xaç daşlarına, şəkli və hörmə naxışları baxımından isə Kəlbəcərin çahartağ xaç daşlarına oxşarlıq var. Stelanın yuxarı hissəsindəki Ahura-Mazdanın rəmzi olan qanadlı dairədə tanrının dini-simvolik təsvirləri verilmişdir. Onun hər iki yanında üç mələk və iki əshabə, aşağıda isə biri çox sınmış iki şeytan sifəti təsvir olunmuşdur.

 

Gəncəsər monastrındakı xaç daşları

 

Bənzər xaç daşlarının bir qrupu da Gəncəsər monastrında aşkar olunmuşdur.

“1511-ci ildən alban katolikoslarının iqamətgahı olan Gəncəsər monastırı ərazsində də Azərbaycan tarixinin həmin dövrünü əks etdirən və qiymətli tarixi abidələr kimi dəyərləndirilən xaç daşları saxlanılmışdır. Azərbaycan monqollar tərəfindən işğal olunarkən Gəncəsər monastırının inşaatçısı və sahibi, xaçın knyazı Həsən Cəlal onların müttəfiqi olur. Çünki monqolların da əksəriyyəti xristian idi. Memar F.Miralayev tərəfindən monastır ərazisində tədqiq edilmiş bir xaçdaş həmin hadisələrlə bağlıdır. Daşın aşağı sağ tərəfində səciyyəvi xələt və papaq geymiş, əlində nizə tutmuş iki hörüklü monqol süvarisinin təsviri vardır. Mütəxəssislər qeyd edirlər ki, bu, yəhər-qayışlara və geyiminə görə şübhəsiz ki, monqol hərbi rəislərindən birinin təsviridir”(Vikipedia).

Monastrın içərisində də iki xaç daşı qeydə alınmışdır. Onlardan biri Alban Xaçın knyazlığı hökmdarı Vaxtanq və Xorişə xatunun oğlu Həsən Cəlala həsr olunmuşdur. Həsən Cəlala aid olan daşın yanında yerləşən, siluetinə görə ona çox oxşayan, lakin bir qədər başqa şəkildə traktovka olunmuş xaç daşının onun oğluna məxsus olduğu ehtimal edilir. Hər iki xaç daşında üçpilləli simvolika - dünyanın quruluşunun bədii izahı verilmişdir. Lakin bu ikinci xaç daşında o qədər də qabarıq ifadə olunmayıb.

Naxçıvandakı Cuğa xaç daşlarının mühüm hissəsi Alban Sünik knyazlığına aid edilir. Amma burada sonrakı dövrlərə aid xaç daşlarına da təsadüf edilmişdir. Cuğadan oğurlanaraq Eçmiədzinə aparılmış alban xaç daşlarının alban yazılı hissələri ermənilər tərəfindən sındırılmış və abidələr erməni xaçkarları kimi təqdim olunmuşdur. Oğurlanıb aparılmış daşlar üzərində dəyişikliklər həyata keçirilsə də, onların alban yazılı hissələri silinsə də, Cuğadakı bir çox xaç daşlarının üzərində alban yazıları bu saxtakarlığı üzə çıxaran əsaslı faktdır.

 

Yenivəng xaç daşları

 

Yenivəng  tipli xaç daşlarına da Azərbaycan ərazisinin böyük hissəsində rast gəlinir. Onların ilk nümunələri Qərbi Azərbaycanda yerləşən Yenivəng monastırı ərazisində tapıldığından, elmə də bu adla daxil olmuşdur. Belə daşlar arasında ən qədimi və tədqiq olunanı Basarkeçər şəhərinin yaxınlığındakı Böyük Məzrə kəndindədir. Böyük xaç daşı 881-ci ildə alban knyazı Qriqor Nerinin qəbri üstündə qoyulmuşdur. 

İkinci xaç daşı IX əsrdə Sünikdə, Martiros kəndi yaxınlığında Sünik knyazı Qriqor Amir Nerseyin qəbri üstündə qoyulmuşdur. “Yenivəng xaçdaşları da kompozisiya həll baxımından Cuğa xaçdaşlarına oxşayır. Bu daşların əksər hissəsində birinci planda tanrı fiquru yerləşir. Lakin bu qabarıq təsvirlərin demək olar ki, üz hissəsi tamamilə sınmışdır. Bu xaçdaşlardan birinin təsvirini M.D.Axundov vermişdir: Tanrı təsvirinin yalnız sıx saçları, halə və başın arxasına doğru gedən üç yastı zolaq görünür. Bu yastı zolaqlar başın arxasında xaç fiquru təşkil edirdi”(Vikipedia).

Ermənilərin oğurluğu ilə bağlı faktlar bununla yekunlaşmır. Araşdırmaçı alim-memarlarımızın Gədəbəy rayonundakı Həmşivəng məbədinin ərazisində aşkara çıxardığı Artsak xaç daşlarına oxşar daş tədqiq belə edilmədən Ermənistan tərəfindən gecə vaxtı vertolyotla oğurlanmışdır. Bu, bizim alimlərin gözü qarşısında baş vermişdir.

Beləliklə, alim mütəxəssislər alban xaç daşlarını bədii tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə dörd qrupa bölürlər ki, onlar da Xaçın, Artsak, Cuğa və Yenivəng xaç daşlarıdır. Bu alban xaç daşlarını araşdıran mütəxəssislər belə nəticəyə gəlmişlər ki, onlar qədim antropomorf incəsənət əsərlərindən əmələ gəlmişdir. Şamaxı rayonu ərazisindən aşkarlanmış tunc dövrünə aid üç metr hündürlüyündəki daş qadın bütü müəyyən mənada bunu sübut edir. Həmin daş əsəri alim R.Göyüşov tədqiq etmişdir. Alim qeyd edir ki, bu qədim incəsənt əsəri, heç şübhəsiz, dini əhəmiyyət daşımışdır. İlkin orta əsrlərə aid xaç daşların antropomorf mənşəyi haqqında müxtəlif araşdırmaçıların fikirlərini o dövrdə ərazisinin böyük hissəsi Qafqaz Albaniyasına aid olan Azərbaycan və Dağıstanın bir çox qəbir daşları ilə təsdiq olunur. Dağıstanın bir çox stelaları düzgün insan başı nəzərə çarpdırılmış antropomorf formada həkk olunmuşdur.

Tədqiq olunmuş üç müsəlman başdaşı və onların yaxınlığında yerləşən bir çox stelalar göstərmişdir ki, dini-bədii vasitələrin fərqliliyinə baxmayaraq, onlar tarixi Azərbaycan ərazisində yayılmış islamdan əvvəlki dövrə aid stelalar - xaç daşları ilə vahid formasimvolikada həll olunmuşdur. Bütün bunlar həm xristian, həm də müsəlmanlıq həyatında daha qədim mədəniyyətlərin mərasim simvolikasına müraciət edən Azərbaycan xalqının yaradıcı təfəkkürünün əlamətlərindən nişan verir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

 

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 16 may.- S.14.