“Musiqi səmasında parlaq bir ulduz...” .
Şərqin məşhur musiqi bilicisi Urməvi
Azərbaycan çox qədim zamanlardan bəri
dünya mədəniyyətinə qiymətli töhfələr
bəxş edən musiqiçilər yetişdirib. Belə görkəmli musiqi xadimlərindən biri də
Səfiəddin Əbdül Mömin ibn Yusif ibn Fakir əl-Urməvidir.
Onun adı və soyadı qaynaqlarda Səfi-əd-Din
Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi kimi
yazılır. O, Urmuya şəhərində
doğulduğunu və nəslinin bu şəhərdə
yaşadığını bildirmək üçün Urməvi
soyadını götürmüşdür.
Səfiəddin Urməvi orta əsr şərq
musiqi mədəniyyətini zinətləndirən,
dövrünün ən qüdrətli musiqişünası
olub.
Səfiəddin
Urməvi 1216-cı ildə Azərbaycanın qədim mədəniyyət
mərkəzi Urmiya şəhərində anadan olmuşdur. İbtidai təhsilini öz
vətənində almış, ibtidai musiqi təhsilini və
udda çalmağı da burada öyrənmişdir. Sonradan Ərəb Xilafətinin paytaxtına,
bütün yaxın və orta şərqin elm və mədəniyyət
mərkəzi olan əfsanəvi Bağdad şəhərinə
gələrək, dövrünün ən yaxşı
universitetlərindən sayılan “Müstənsəriyyə”də
təhsilini davam etdirmişdir.
Səfiəddin
Urməvi mədrəsədə şərq dillərini
öyrənmiş, fövqəladə istedadı sayəsində
tarix, ədəbiyyat, xəttatlıq, musiqi və başqa elm
sahələrində məşhurlaşmışdır.
Musiqi sənətini
öyrənməkdə davam edən Səfiəddin xəttatlıqda
da böyük uğur qazanmışdır. Təsadüfi deyil ki, əvvəlcə
o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət
tapmış və Abbasilər sülaləsinin son nümayəndəsi
xəlifə əl-Müstəsimin sarayına dəvət
olunmuşdur. Az vaxtda xəlifənin
yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən
sonra saray kitabxanasının rəhbəri və baş xəttat
təyin olunmuşdur. Kitabların
üzünü köçürmək və kitabxana rəhbərliyi
Səfiəddini musiqi təhsilini davam etdirməkdən
yayındırmır, əksinə zəngin kitab xəzinəsində
o, öz biliyini artırır, eləcə də saraydakı qəbullar
zamanı ud çalması ilə hamının rəğbətini
qazanır.
Urməvi
imkan olduqca saray şənliklərində iştirak edər,
şərq musiqisini acgözlüklə dinləyər, məqam
düşdükcə özü də ifa edərdi. O, Bağdadın məşhur
çalğıçı və müğənniləri ilə
tez-tez görüşər, musiqidən xüsusi zövq
alardı. Təsadüfi deyil ki, xalq arasında
onun bəstəkarlıq və ifaçılıq məharəti
haqqında xeyli rəvayətlər də meydana gəlib.
Bunlardan ən məşhuru Urməvinin ud
çalmasına dair el arasında danışılan hekayətdir.
Bəstəkarlıq və
ifaçılıq istedadı
Səfiəddin
özünü həm də istedadlı pedoqoq kimi
tanıtmışdı. Bütün şərq aləmində ünlü sənətçilər
kimi ad çıxarmış bir çox musiqişünaslar
onun şagirdləri olmuşlar. Məşhur
Azərbaycan musiqişünası (XIII-XIV əsrlər) Əbdülqadir
Marağayi özünün “Məqasidül-əlhan” əsərində
yazırdı ki, Əbdülmömin Səfiəddin Urməvi
bir çox görkəmli şəxsiyyətlərin müəllimi
olmuşdur. Bunların sırasında Şəms əd-Din
Söhrəvərdi, Əli Sitan, Həsən Zəfər və
Hüsam əd-Din Qutluq Buğa kimi tanınmış
musiqişünasların adları çəkilir.
Səfiədan
iki yeni musiqi aləti yaratmışdı-"Nüzhə"
və “Müğni”. Nüzhə müasir arfa (çəng) və kanona
bənzəyirdi. Bu alətin 81 simi
vardı. Söyüd, sərv və ya
şümşaddan dördbucaq şəklində düzəldilirdi.
Müğninin 33 simi vardı və xarici
oxşarlıq baxımından rübaba bənzəyirdi.
Sadəcə çanağı iri idi. Müğni ərik ağacından düzəldilirdi.
Səfiəddin
Urməvi həm də istedadlı bəstəkar idi. Onun sənətinin bu cəhəti
haqda da əfsanə dolaşmaqdadır. Deyirlər
ki, Bağdadda Lizzəhxan adında bir müğənni
yaşayırmış. O, tez-tez Səfiəddinlə
görüşər, birlikdə
çalıb-oxuyarmışlar. Səfiəddin
ona musiqi dərsi keçərmiş. Bir
gün, saray qəbullarının birində Lizzəhxan
gözəl bir mahnı oxuyur. Mahnı
hamıya xoş gəlir və xəlifə onun müəllifinin
adını soruşur. Bəstəçinin
Səfiəddin olduğunu biləndə onu qəbula dəvət
edir və bütün qonaqlar sənətkarın udda
çaldığı musiqilərdən feyziyab olurlar.
1258-ci
ildə Çingiz xanın nəvəsi Hülakü xanın
sərkərdəlik etdiyi monqol qoşunları Bağdadı
tutur. Xəlifəni
ailəsi ilə birlikdə edam edirlər və
bununla da 600 illik ərəb xilafətinə son qoyulur. Xəlifənin yaxın adamları
axtarılırdı və Səfiəddinin də adı
bunların sırasında idi. Onu şəxsən
tanımış tarixçilərdən Həsən Ərbələni
həmin hadisələri belə təsvir edir: “Səfiəddinin
yaşadığı məhəllə Hülakü xanın
qoşunları ilə əhatə olunmuşdu. Məhəllə
camaatı, xüsusilə də Səfiəddin ölüm təhlükəsi
altında idilər. Qoşun sərkərdələrindən
biri otuz nəfərlik dəstə ilə Səfiəddinin
yaşadığı mülkün qapısını
sındırmağa başladı. Ev yiyəsi
cəsarətlə döyüşçülərin
qarşısına çıxaraq, onları ədəb-ərkanla
evə dəvət edir. Sarayda yaxşı diplomatiya məktəbi
keçmiş Səfiəddin ”qonaqlar"la
ümumi dil tapa bilir. Çox söz-söhbətdən
sonra dəstə başçısı məhəllə
camaatına toxunmadan, Səfiəddini götürüb
Hülaku xanın hüzuruna gətirir. Sənətkar
udunu kökləyib, həzin bir melodiya çalır, Ziya
adlı müğənni isə oxumağa başlayır.
Xanın yanındakıların hamısı Səfiəddinin
ustalığına və ağlına heyran qalırlar.
Xan ona öz sarayında iş təklif edir, məhəllə
camaatı isə təhlükədən qurtulur.
Musiqi tarixinə bəxş etdiyi töhfələr
Hülaku
xanın vəziri Şəms əd-Din Cüveyni (tanınmış
tarixçi Əlaəddin Cüveyninin qardaşı) Səfiəddini
öz himayəsi altına alır. Oğlanları Bəhaəddinlə
Şərəfəddinin tərbiyəsini ona həvalə
edir. Səfiəddin onlara hərtərəfli
təhsil verməyə çalışır. Lakin təbii ki, musiqi dərslərinə xüsusi
fikir verir. Şərafəddin təhsildəki
uğurları ilə müəlliminin hüsn-rəğbətini
qazanır və Urməvi Təbrizdə qələmə
aldığı beş hissəlik məşhur
“Risaleyi-Şərəfi” adlı musiqi risaləsini ona ithaf
edir.
Çox
güman ki, Urməvinin musiqi nəzəriyyəsinə dair dəyərli
əsərləri olub. Lakin hələlik onun iki məşhur əsəri
bizə məlumdur. Onlardan biri
“Risaleyi-Şərəfiyyə” adlanır. Bu, Urməvinin ilk musiqi əsəri kimi qəbul
edilib. Səfiəddinin ikinci əsəri
“Kitab-əl-ədvar” (“Dövrlər kitabı”) adı ilə
məşhurdur. Tədqiqatçılara
görə, musiqinin bir sıra mühüm sahələrini
özündə cəm edən bu əsər öz təravətini
və əhəmiyyətini indi də itirməyib. Burada musiqi səsinin gücü, pərdələrin
bölüm qaydaları, intervallar arasında nisbət
qaydaları, çalğı alətləri, muğamlar,
onların təsir gücü və bir sıra başqa
mühüm məsələlərə geniş yer verilir.
Səfiəddin
orta əsr Şərqinin böyük musiqişünası və
yeni musiqi sisteminin pioneri adlandırılır. O, yazı notunu icad edən ilk bəstəkar
hesab olunur. Ustad sənətkarı səma cisimləri
ilə qoşalaşdıran musiqişünaslar da olub.
XX əsrin görkəmli ingilis musiqişünası Henri
Corc-Farmer yazır: “...XIII əsr musiqi səmasında parlaq bir
ulduz zühur etdi. Onun adı Səfiəddin Əbdülmömin
Urməvidir”.
Böyük
sənətkar 1294-cü ildə, 80 yaşında
Bağdaddakı borclular həbsxanasında dünyasını
dəyişmişdir. Dünyanın işinə bax ki, vaxtilə
dostlarına dörd min dinarlıq ətir pulu verə bilən
Səfiəddin ömrünün sonlarında üç
yüz dinar borca görə zindana salınıbmış.
Səfiəddin Urməvinin əsərləri Nyu-Yorkun, Parisin,
Berlinin, Vyananın, Qahirənin, Istanbulun, Sankt-Peterburqun,
Tehranın, Bakının və başqa şəhərlərin
kitabxanalarında qiymətli əlyazmalar kimi
saxlanılır...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2012.- 3 noyabr.- S.14.