Cümhuriyyət
uğrunda savaşan vətən
aşiqi-Molla Cümə
«Dərdim qanan ya bir
olar, ya iki...»
Azərbaycan aşıq sənəti böyük və zəngin bir tarixə malikdir. Bu tarixin
kökləri qədim
türklərin ortaq dastanı olan “Kitabi-Dədə Qorqud”dan da uzaqlara gedib
çıxır. Əsrlər boyu xalqın ən gözəl duyğu və hisslərini yaşadan aşıq sənətinin
görkəmli nümayəndələrindən
biri də XIX əsrin sonu XX əsrin əvvəllərində
yaşayıb-yaratmış aşıq Molla Cümədir. Molla Cümə incə zövqlü, lirik şair olub. Savadlı olduğu üçün
ona “Molla” təxəllüsü verilmişdir.
O, əsasən qoşma,
gəraylı və müxəmməslər yazmışdır.
Aşığın şeirlərinin çoxu məhəbbət
və vətənpərvərlik
mövzusunda olub.
Molla Cümə haqqında ədəbi-tarixi
qaynaqlarda səhih məlumat olmasa da, onun 1854-cü ildə Şəkidə, Göynük mahalında anadan olduğu təxmin edilir. Molla Cümə
özü şeirlərinin
birində bu barədə belə deyir:
Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyada divanə təki.
Mahalım Göynükdür, şəhərim Şəki,
Layisqi kəndinin binasıyam mən.
Göründüyü kimi, Molla
Cümə Şəki
rayonunun Layisqi kəndində anadan olmuş və ömrünün sonuna qədər də burada yaşamışdır.
Molla Cümə geniş dünyagörüşlü
şair, Azərbaycan klassik poeziyasının kamil bilicisi olub. Ərəb və fars dillərini
mükəmməl bilib.
Erkən
yaşından şeiriyyata,
yazı-pozuya maraq göstərib. Qaynar və
coşqun təbi onu oxumağa, aşıqlıq etməyə
sövq edir. El şənliklərində şeirlərinin oxunması,
özünün aşıq
kimi dinlənilməsi
rəğbətlə qarşılanır.
Həyatının gənclik çağlarında
eşqə düşür,
varlı və mömün bir ailədən qız istəyir. Lakin bu istəyinə
qovuşa bilmir. Nakam məhəbbətini ömrünün
sonuna kimi unutmur. İsmi Pünhan adı
ilə qovuşa bilmədiyi qızı yorulmadan, usanmadan vəsf edir. Adını,
tərifini ellərə
yayır.
İsmi pünhan, niyə məndən küsübsən?
Yaxşı yaman ya
bir olar, ya iki.
Bu gün ölsəm hamı deyər yazıqdır,
Canı yanan ya
bir olar, ya iki.
Sən
şöləsən dörd yanında fanaram,
Bülbülünəm,
gülşən ondən kənaram.
Hər məclisdə
od tutuban yanaram,
Dərdim
qanan ya bir olar, ya iki.
“İsmi-Pünhan” aşiqi...
Molla
Cümə ilahi eşq odu ilə yanıb-yaxılan aşiqdir. O, özünü ən məşhur, cəfakeş,
əzabkeş aşiqlərin cərgəsində sayır.
Qeys, Fərhad, Yusif, Tahir, Kərəm, Qərib, Vərğa,
Qənbər, Şeyx Sənan kimi aşiqlərlə
özünü müqayisə edir.
Molla
Cümə hələ gənc yaşlarından ustad sənətkarların
ədəbi irsini dərindən öyrənmiş
yaradıcılığını zənginləşdirmişdir.
Molla
Cümə gözəllik aşiqi idi. Elə bir aşiq ki,
eşqində hər zaman sadiqdir. O ayrılıqda
keçən ömrü bihudə sayır. Çünki
onu yaşadan, onun həyatına rövnəq verən İsmi-Pünhan eşqidir:
Səndən
ayrı ömür sürüb neylərəm,
Molla Cümə istər ölsün səninlə.
Molla Cümənin
ədəbi irsi içərisində qədim şərq, Azərbaycan
əfsanə və əsatirləri, xüsusilə islam
dünyası ilə əlaqədar çoxlu şeirlər
var. Aşığın islam mövzusunda olan şeirlərindən
aydın olur ki, o, hər şeydən əvvəl Qurani-Kərimə,
yer üzünə gəlmiş məşhur peyğəmbərlərin,
islam dünyasının şöhrətli şəxslərinin
həyatına, fəaliyyətinə çox gözəl bələd
imiş.
Böyük
ustad sənətkar heç bir şeirində islamı təbliğ
etmir, insanları dinə çağırmır. Ancaq islamın
böyüklüyünü, müqəddəsliyini və
toxunulmazlığını ürəkdən gələn
sözlərlə bədii şəkildə ifadə edir.
Molla Cüməyə görə islama hörmət
və məhəbbət bu dünyadan əl çəkmək
demək deyil. Bu mövzuda şeirləri
oxuyanda aydıncasına görürsən ki, islamın
müqəddəs qanunlarını, Quranı əlində
tutub bu dünyada ömür sürməyə, gözü
açıq olmağa, halal zəhmətlə yaşamağa,
düzlüyə çağırır.
“Mədəd”,
“Bax”, “Dünya”, “Qalacaqmı”, “Yarəb” və başqa
şeirlər, Aşıq Könül ilə deyişmələri
aşığın islam dünyasına dərindən bələd
olduğunu nümayiş etdirməkdədir. Xüsusilə
dünyaya müraciətlə
söylədiyi bir neçə şeir bu cəhətdən çox səciyyəvidir:
İslamın çırağı,
haqqın həbibi,
Məhəmməd Mustafanı neylədin, dünya?
Aşığın
yaradıcılığında nə qədər tarixi, əfsanəvi,
dini şəxslərin adları məlum olur ki, onlar
haqqında olan əfsanə və xatirələrin hamısı aşığa
bəlli olmuşdur: Habil, Qabil, Mənsur,
Davud, Süleyman, İsa, Musa, İbrahim Xəlil, Əyyub, Yunis, Adəm, Nuh, Yəqub, Şəddad, Firon, İsgəndər, Nuşirəvan
Keykavus, Xosrov Pərviz, Namrud və b.
Xain bolşeviklərin qurbanı
Bəzən
bir-iki misra ilə böyük bir hekayətə, yaxud dini-fəlsəfi
adlara işarə olunur. Molla Cümə bunların hamısını təkbaşına
öyrənmişdir. Bunları oxuduqca onun bilgisinə
heyran qalmamaq olmur:
Yüz iyirmi
dörd min Nəbi
Dünyaya
qılmış zühur,
Yeddi qat yer,
yeddi qat göy,
Ərş,
kürs, Qafin, Tur.
Şəms,
Qəmər, mələk, nücum,
İnsi, cins,
mari, mur,
Yüz
sühufnan endi Tövrat,
Furqani, İncil, Zabur,
İxlasnan Yasin, maha
Oxuyan
dildən mədəd.
Molla
Cümə həyatı, ömrü, dərin və ziddiyyətli
yaradıcılığı ilə sirli bir xəzinədir. Bir əlində insanı ucaldan,
yaşadan, həyata bağlayıb qanadlandıran, bəşəri
məhəbbəti vəsf edən şeirləri, o biri əlində
isə həmin insanı ruhən, daxilən təmizləyən,
xeyirxahlığa, əliaçıqlığa, comərdliyə,
mənəvi təmizliyə çağıran Quran surələrindən
süzülüb gələn minacat və surələri. Hər iki əlinin işığı aşıq
insanlığa xidmət etmişdir.
Molla
Cümənin həyatı acı bir sonluqla bitib. O, 1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından olub. Həmin dövrdə Qarabağda, Zəngəzurda
erməni quldurları dinc azərbaycanlı əhaliyə divan
tutarkən, digər bölgələrdə olduğu kimi,
Şəkidə də Milli Orduya kömək məqsədilə
könüllü dəstələr yaradılırdı.
Həmin dəstələrdən birini
aşıq Molla Cümə və onun əmisi oğlanları
yaratmışdı. 1920-ci ilin mayında,
Azərbaycanın sovetləşməsindən sonra
bolşeviklərin həyata keçirdiyi repressiyada onun
bütün qohumları həbs olunub. Bu
haqsızlıq şairə pis təsir edib. O,
ömrünün ixtiyar çağında çox
sarsılıb. Bunun ardınca 1920-ci ilin iyununda
isə şairin özü öldürülüb.
Molla
Cümənin yaradıcılığı haqqında bəzi
araşdırmalar aparılıb. Onun şeirlərinin bir hissəsini
1930-cu illərdə tədqiqatçı Hümmət Əlizadə
toplayaraq “Aşıqlar” kitabında nəşr etdirib. 1966, 1983 və 1995-ci illərdə
aşığın üç kitabı çap olunub.
Son nəşrdə aşığın əksər
şeirləri toplanıb. Molla Cümənın bir
neçə saz havası da məlumdur: “Molla Cümə gözəlləməsi”,
“Molla Cümə gəraylısı”, “Şəki
dübeyti”, “Molla Cümə müxəmməsi”
(yaxud Cığalı
müxəmməsi).
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.-
4-5 noyabr.- S.14.