Qarabağlı
“Şaiq” - Xosrov Axundzadə
Üzeyir
bəyin sinif yoldaşı
XX əsrin
əvvəllərində Azərbaycan maarifçilik hərəkatının
önəmli simaları arasında öz yeri olan şəxslərdən
biri də Xosrov Axundzadədir. O, öz dövründə
“Şaiq” təxəllüsü ilə tanınıb,
xalqın maariflənməsi və mədəniyyətinin
inkişafında əlindən gələni edib. Xosrov Mirzəli
oğlu Axundzadə 1889-cu il iyun ayının 13-də
Şuşa şəhərində ziyalı ailəsində
anadan olmuşdur. Onun atası Mirzəli Aşiq Zeynalabdın
oğlu müəllim olmaqla bərabər, şair və
gözəl səsə malik məşhur musiqişünas
olub, böyük xanəndə Cabbar Qaryağdı oğlunun
və başqalarının müəllimi kimi tanınıb.
Oğluna
yüksək təhsil vermək məqsədilə atası
onu əvvəlcə Şuşa şəhər
(keçmiş “Nikolayski”) məktəbinə qoyur. O, bu məktəbdə
Üzeyir və Zülfüqar Hacıbəyli qardaşları
ilə birlikdə oxuyur. Xosrov Axundzadə 1905-ci ildə orta məktəbi
bitirib, təhsilini Avropada davam etdirmək istəsə də,
atası Mirzəlinin dünyasını dəyişməsi
buna mane olur. Ailənin ağırlığı Xosrov Axundzadənin
üzərinə düşür və o, 1906-cı ildən
1917-ci ilədək Şuşada müəllimlik edir.
Xosrov Axundzadə 1906-cı ildən
1913-cü ilə kimi Şuşa “Nərimaniyyə”, “Nəşri-maarif”
və s. məktəblərdə müəllim olmuş,
1913-1917-ci illərdə Şuşada 5 nömrəli məktəbdə
müəllimlik etmişdir. 1920-ci ildə Şuşada “Nərimaniyyə”
və “Haşimiyyə” məktəblərinin təşkilində
Hüseyn Qayıbov, Zülfüqar Abdullayev, Mircabbar Vəzirov,
Hacı Zalov və başqaları ilə bərabər Xosrov
Axundzadənin də xidməti olmuşdur.
Xosrov
Axundzadə Şuşada savadsızlığın aradan
qaldırılmasında əlindən gələni etmişdir.
O, 1936-1938-ci illərdə Şuşa rayonu üzrə FKK
sıralarına hazırlıqlı getmək
üçün 6 nəfər savadsız
çağırışçını bir ay müddətində
savadlandırmışdır. Axundzadə həmin müddətdə
“çağırışçılar məntəqəsi”ndə
müdir vəzifəsində işləmişdir.
Xosrov
Axundzadə 1935-ci ildə Şuşa şəhər kütləvi
kitabxanasına müdir təyin olunmuş, 1956-cı ilə
kimi Şuşada 7 illik və orta məktəblərinin ibtidai
siniflərində dərs demişdir. 1956-cı ildən isə
şəxsi təqaüdə buraxılmışdır.
50
illik maarifçilik fəaliyyəti
Xosrov
Axundzadə ömrünün 50 ilini maarif sahəsinə həsr
etmişdir. Azərbaycanın görkəmli alim, ədib,
şair, rəssam, musiqişünas, bəstəkar, həkim və
dövlət xadimləri arasında onun yüzlərlə
yetirmələri var.
Xosrov Axundzadə 50 illik pedaqoji
fəaliyyəti dövründə bilavasitə metodik rəhbərlik
işi ilə yaxından maraqlanmış, metodik ədəbiyyatı
diqqətlə izləmiş və gənc müəllimlərə
öz məsləhətlərini verərək onlara öz təcrübəsini
öyrətmişdir.
Xosrov Axundzadənin pedaqoji fəaliyyəti,
onun təcrübəsi hələ sağlığında
respublikamızın pedaqoqlarının diqqətini cəlb
etmişdir. 1948-ci ildə professor Əhməd Seyidov və
professor Mehdi Mehdizadə Xosrov müəllimə məktub
yazmış və ondan öz təcrübə və xatirələrini
instituta yazıb göndərməsini xahiş
etmişdilər. Xosrov Axundzadə elmi-pedaqoji fəaliyyətinə
dair yazıları - “Pedaqoji təcrübə və mülahizələri”
2000-ci ildə “Maarif” nəşriyyatı, 2-ci nəşri isə
2008-ci ildə anadan olmasının 120 illiyi münasibətilə
“Adiloğlu” nəşriyyatında çap olunmuşdur. Əsər
gənc müəllimlər üçün əhəmiyyətli
bir metodik vəsaitdir.
Xosrov
Axundzadənin yaradıcılıq fəaliyyətinin bir sahəsi
də ədəbi irsimizlə bağlıdır. O,
ömrünün əlli dörd ilini ədəbi
yaradıcılığa həsr etmiş, ədəbiyyat aləmində
“Şaiq” təxəllüsü ilə
tanınmışdır. Onun ədəbiyyat aləmində
tanınmasında XIX əsrin qabaqcıl şair və
yazıçılarından Xurşidbanu Natəvan, Mir
Möhsün Nəvvab, Süleyman Sani Axundov, Əbdürrəhim
bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firudin bəy
Köçərli, Üzeyir bəy Hacıbəylinin də
böyük təsiri olmuşdur.
1919-cu ilin fevralında Həmidə
xanım ondan Mirzə Cəlilin “Ölülər” və
“Anamın kitabı” əsərlərinin üzünü
köçürməsini xahiş etmiş, Xosrov Axundzadə
bu xahişi məmnuniyyətlə qəbul etmiş və həmin
əsərlərin tez bir zamanda üzünü
köçürüb Həmidə xanıma təqdim
etmişdir. Bu barədə “Revolyusiya i kultura”
jurnalının 1-ci nömrəsində Həmidə Məmmədquluzadənin
“Mirzə Cəlil haqqında xatirələrim”də və
filologiya elmləri doktoru Abbas Zamanovun redaktorluğu ilə
hazırlanan “Cəlil Məmmədquluzadə” (məqalələr
və xatirələr) əsərində qeyd olunmuşdur.
Xosrov
Axundzadəni ədəbiyyat aləmində tanıdan əsərlərindən
biri də “Xatirələr” adlı kitabıdır. Bu kitab XIX əsr
Azərbaycan yazıçı və şairlərinin
Şuşanın tarixi yer adları ilə
bağlılığından bəhs edir. Əsər təxminən
yetmiş illik bir dövrü əhatə edir. Xosrov
Şaiq bu əsərində Azərbaycan xalqının maarif
və mədəniyyətinin inkişafında böyük rol
oynayan ziyalıların fəaliyyətini qələmə
almış, eyni zamanda ailə-məişət, adət-ənənə,
keçmişin ağrılı-acılı günləri,
köhnə dini məktəblərdə tədris
“üsulları”nı təsvir etmişdir.
“Qarabağın tarixçisi”
Xosrov Axundzadə
həmçinin - Qarabağın tarixçisi - kimi də
tanınıb. Mərhum professor Əliyar Qarabağlı
“Xosrov Axundov-Şaiq haqqında” xatirə kitabında yazır:
“Cəlil Məmmədquluzadə və Həmidə
xanımla, Üzeyir bəy Hacıbəyli və Süleyman
Sani Axundovla şəxsən dost və tanış olan Xosrov
Şaiq, ümumiyyətlə, Qarabağ, xüsusən
Şuşa şəhəri haqqında ən dərin məlumata
sahib idi. Buna görə də Şuşanın tarixi ilə
maraqlananlar həmişə ona müraciət edər və
aydın cavab alardılar”.
Xosrov
Axundzadə eyni zamanda Mir Möhsün Nəvvabın “Məclisi-Fərəmuşan”
ədəbi dərnəyinin üzvü olub. O, bu görkəmli
şəxsiyyətlə yaxın ünsiyyət qurub, onun həyatı
və yaradıcılığı ilə yaxından
tanış olaraq xeyli materiallar toplamağa müvəffəq
olmuşdur. Sonralar
o, həmin fakt və materiallar AMEA-nın Əlyazmalar İnstitutuna
təhvil vermişdir.
Mir
Möhsün Nəvvab haqqında monoqrafiyanı da ilk dəfə
Xosrov Axundzadə yazmışdır. Xosrov Axundzadənin atası Mirzəli
vaxtilə Aşiq Nəvvabla yaxın dost olublar və onlar ədəbiyyata
və musiqiyə aid bir çox məsələləri birlikdə
müzakirə ediblər.
1913-cü
ildə Orucov qardaşları mətbəəsində
çap olunan “Təzkireyi-Nəvvab” kitabında 100-ə
yaxın Qarabağ şairi haqqında məlumat verilib. Həmin kitabda Xosrov Şaiqin maarif və
mədəniyyətin inkişafından bəhs edən “Ey vətəndaşlar,
gəlin elm əxz edib aqil olaq” misrası ilə başlanan
şeiri də var. Onu da deyək ki, Mirzə Xosrovun şəxsi
arxivində Mir Möhsün Nəvvabın xatirəsinə həsr
etdiyi “Şuşanın çayı” poeması qorunub
saxlanılır.
Xosrov
Axundzadə ömrünün son günlərində ədəbi
yaradıcılığını - şeir və qəzəllərini
bir yerə toplasa da, çap etdirmək ona qismət olmur.
O, 1960-cı il mayın 10-da Şuşada
dünyasını dəyişir. Onun “Məcmueyi-əşari”
əsəri (şeirlər məcmuəsinin) əlyazma şəklində
olsa da, gələcək nəsillər üçün bir mənbə
olaraq qalır...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2012.- 6 noyabr.- S.14.