Qumun unikal abidəsi
Qum bazilikası .
Bölgənin gözəl memarlıq incisi
Azərbaycanın tarixi abidələrlə
zəngin bölgələrindən
biri də Qax rayonudur. Rayon ərazisində tarixi uzaq minilliklərə gedib çıxan onlarla qiymətli abidə var. Belə abidələrə Cinli qala, Mamrux məbədi,
Torpaqqala, Ulu körpü, Yeddi kilsə monastır kompleksi, İçəri
bazar, Qala kompleksi, Sumuq qala və başqalarını
nümunə göstərmək
olar. Bölgənin maraqlı tarixə
malik yaşayış
məkanlarından biri
də Qum kəndidir.
Qum kəndi Qax rayon mərkəzindən 6 km aralıda
Baş Qafqaz silsiləsinin ətəyində,
dəniz səviyyəsindən
700 m yüksəklikdə yerləşir. Kənddə çox da böyük olmayan dağ çayı - Ərdəva çayı
axır. Dağ ətəkləri
sıx meşələrlə
əhatə olunub.
Bir sıra unikal memarlıq nümunələri ilə
tanınan kənd hər il
uzaq ölkələrdən
gələn yüzlərlə
turisti özünə
cəlb edir.
Kəndin mərkəzində ucalan V əsrə aid Qum məbədi, kəndin yuxarı başında yerləşən VIII əsrə
aid müdafiə məqsədi
ilə tikilmiş Sirt qalası, dağların qoynunda yerləşən Taxta qaya abidəsi buna əyani sübutdur. Kəndin kənarında çox
da böyük olmayan alban məbədi
var. Abidə zamanında
qədim məhəllə
kilsəsi kimi fəaliyyət göstərmişdir.
İndi isə kənddə XIX əsrə aid məscid fəaliyyət göstərir.
Qum kəndi yaxınlığında
qeyri-adi bir abidənin - Qum bazilikasının
dağılmış qalıqları
var. Uzun zamandan bəri bu abidə
ağaclıq və kolluqlar içində qalmışdı. Sonradan tarixi V-VI əsrə
aid edilən bu abidədə bərpa işləri başlanıb.
Bir çox xüsusiyyətlərinə
görə tam fərqli
olan bu abidənin
iri daş sütunları və tağları çox incəliklə işlənmişdir.
Bu günbəzli alban məbədi qədim Bizans memarlığındakı
bazilika (latın
dilində hökmdarın
evi mənasını
verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası
adlandırılır. Qum bazilikası ilk dəfə
əsaslı şəkildə
XX əsrin 40-cı illərində
bərpaçı-memar Pyotr
Baranovski tərəfindən
tədqiq olunmuş və abidədə bərpa işləri aparılmışdır. Qum
bazilikası haqqında
ilk məlumat 1898-ci ildə
A.S.Xaxanovun əsərində
verilmişdir. Qum bazilikası və Ləkit kilsəsi haqqında ilk geniş elmi məlumatı isə P.D.Baranovski vermişdir.
Bu abidə Moisey Kalankatuklunun “Albaniya tarixi” əsərində adını qeyd etdiyi Qomenk yaşayış
məskənində inşa
edilmiş məbədlə
eyniləşdirilir. Onun fələstinli xristian
missioneri Yeliseyin atəşpərəstlər tərəfindən
öldürüldüyü yerdə Alban çarı
III Mömün Vaçaqanın
göstərişi ilə
inşa olunduğu ehtimal edilir.
Bazilikanın memarlıq quruluşu
“Vikipedia”da bu maraqlı abidəsinin memarlıq xüsusiyyətləri
haqqında ümumi məlumatlar verilib. Mütəxəssislər bütün bu
xüsusiyyətlərinə əsasən, abidənin dəyərli bir memarlıq nümunəsi olduğunu bildirirlər.
Qum bazilikası planda
36,5 metr uzunluğunda, 19,3 metr enindədir. Məbəd 3 tərəfdən eyvanla əhatələnib,
içərisində 3 nef
(zal) var. Məbədə
şərq tərəfdən
bitişik kvadrat şəkilli otaqlardan biri qurbangah, digəri isə ruhani otağıdır.
Məbədin daxili hissəsi
2 cüt T şəkilli
sütun və söykənclə 3 nefə
bölünmüşdür. Apsidanın (məbəd divarında yarım qövs formalı çıxıntı)
mehrab üstündəki
hissəsi nal şəkillidir. Pilon və
söykənclər kərpicdən
tikilmiş nalvari talvarı saxlayır.
Məbədin 3 qapısı olmuşdur.
Qapı üstləri yarım qövs şəkilli tağlarla bəzədilmişdir.
Qapılar eyvanlara açılır.
Qum məbədinin tikintisində əsasən
yonulmuş çay daşından istifadə olunmuşdur. Daxildəki konstruksiya
işləri isə bişmiş kərpiclə
tamamlanmış, damı
kirəmitlə örtülmüşdür.
Tədqiqatçılar memarlıq xüsusiyyətlərinə
görə Qum məbədinin
təxminən VI əsrdə
inşa olunması haqqında ümumi rəyə gəlmişlər.
Planda T şəkilli sütunların iki cütü və bir cüt plastrlar
üçnefli kompozisiya
yaradaraq günbəzli
baraban üçün
özül rolunu oynayır. Məbəd üç tərəfdən
sütunlardan yaradılmış
qalereya formalı örtüklə və nalşəkilli tağlarla
əhatə edilmişdir.
Bazilikanın daxilində dördbucaq formalı ibadət zalı var. Mərkəzi nef təxminən üç
dəfə başqalarından
genişdir və nalşəkilli apsida ilə tamamlanır. Divarlar göy və
tünd yaşıl rəngə çalan çay daşlarından tikilib. Konstruksiyaların bəzi yerlərində
bişmiş kvadrat kərpic istifadə olunub. Belə kərpicin və
daşın qarışığı
Qafqaz Albaniyasının
I əsrə aid olan tikililərində mövcud
idi. Məbədə konstruktiv möhkəmlik
vermək məqsədilə
sütunlar, tağlar və bəzi memarlıq elementləri bişmiş davamlı kərpicdən inşa edilmişdir.
İri taxtalardan yaradılmış örtüyün
təqribən mərkəzində,
əsas girişin qarşısında sütun
var. Yanlardan məbədə
istiqamətlənmiş digər
iki giriş isə qapanmayıb. Abidənin Şərq fasadı
rayondakı Mamrux və Ləkit məbədlərindəki kimi
iki guşəyə -
səcdəgaha və
mərkəzi apsisə
malikdir. Yandakı neflər
kobud şəkildə
yonulmuş daşlardan
ucaldılaraq qabarıq
tağlarla örtülmüşdür.
Aydın plan, səliqə
ilə yerinə yetirilmiş konstruksiyalar, yerli inşaat materiallarından məharətlə
istifadə olunması,
çaydaşı ilə
kvadrat formalı bişmiş kərpicin uzlaşdırılması binanı
yaratmış ustanın
yetkinliyindən xəbər
verir. Bu möhtəşəm
abidədən, demək
olar, dövrümüzə
yalnız onun əsas həcmi və bəzi yerlərdə dam örtüyünün
hissələri gəlib
çıxıb.
Qaxın məbədlər kompleksi
Bundan başqa, Qaxda III-IV əsrə aid alban məbədləri kompleksi var. Kompleksdə eramızın əvvəllərinə
aid doqquz abidənin qalıqları var. Onlar
1980-ci ildən sonra baxımsızlıqdan dağılıb. Məbəd kompleksinin tarixi
ilə bağlı məlumatlar qorunmayıb.
Lakin onun xristianlığın
çiçəkləndiyi bir dövrdə inşa edildiyi güman olunur. Buradakı doqquz abidədən yeddisi məbəd, onlara bitişik olanlar isə rahiblərin və qonaqların yaşaması
üçün binalardır.
Kompleksə daxil olan məbədlərdən yalnız
baş məbəd bir qədər böyükdür. Digər altı
məbəd isə kiçikdir. Ərazidə tapılan kirəmit qalıqları binaların
üstünün örtülməsi
üçün səliqə
ilə hazırlanmış
kirəmitlərdən istifadə
edildiyini söyləməyə
əsas verir. Deyilənə görə, vaxtilə
bu abidələrdən
qızıl küplər
də tapılıb.
XVIII-XIX əsrlərə aid Kürmük məbədi
isə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
qorunur. Məbəd yüksək bir
məkanda yerləşir.
Bir zamanlar, bu məbədin
içində qazıntı
işləri aparılarkən
iki qəbir tapılıb. Qəbirlərdən biri müsəlman, digəri isə xristian qəbri olub. Bu üzdən
də, hər iki dinin təmsilçiləri
bura ibadətə gəlir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 9 noyabr.- S.14.