Cavanşir soyadlı “Urus
Əhməd bəy”
Pənahəli
xanın nəticəsi
Qarabağda məşhur olan
Cavanşirlər nəslinin görkəmli simaları Azərbaycanın
ictimai-siyasi və mədəni həyatında
xüsusi rol
oynamışlar. Belə şəxsiyyətlərdən biri də tarixçi, şair Əhməd bəy Cavanşirdir.
O, Qarabağ
xanlığının qurucusu Pənahəli
xan Cavanşirin nəticəsidir. Əhməd bəy Cəfərqulu
bəy oğlu Cavanşir
1828-ci ildə Kəbirli mahalının Kəhrizli kəndində
dünyaya göz
açıb. 15 yaşına qədər molla
yanında oxuyan Əhməd bəy sonra rus dilini öyrənir. 1843-cü ildə Mehdiqulu xan Cavanşirin
xahişi ilə çar
I Nikolay Əhməd bəyi Peterburqa çağırır və onu dövlət hesabına Pavlov
kadet korpusuna qəbul edir.
O vaxtlar
Pavlov məktəbinə yalnız zadəgan
uşaqlarını qəbul edirdilər. Bu zaman izdihamlı Sankt-Peterburq
mühitinə düşən Əhməd bəy rus dilini öyrənməyə
ciddi səy göstərir və məktublarından
göründüyü kimi,
bu dili mükəmməl
surətdə öyrənə bilir.
Əhməd bəy 1848-ci ildə
Pavlov korpusunu bitirib Qusar alayına təyin
olunur və 1854-cü ilə qədər
hərbi xidmətdə qalır. 1853-cü ildə Krım
müharibəsi başlananda Qafqaz cəbhəsində rus
əsgərləri ilə çiyin-çiyinə 2000 nəfərə
qədər azərbaycanlı döyüşürdü.
Əhməd
bəyin olduğu Qusar
alayı Sevastopol altında vuruşurdu. Döyüş
meydanında göstərdiyi igidliyə və
qoçaqlığa görə Əhməd bəy ordenlə
təltif edilmiş və ona
ştabs-rotmistr rütbəsi verilmişdi.
Amma
Əhməd bəyə orduda uzun müddət xidmət etmək nəsib
olmadı. Çünki o,
hələ 1850-ci ildə Əli bəy Sultanovla
iştirak etdiyi dueldə
qolundan yaralandığı üçün 1854-cü ildə tamamilə
hərbi qulluqdan getməyə məcbur oldu. 1854-ci ildə Əhməd bəy öz doğma kəndi olan Kəhrizliyə gələrək
burada təssərüfat işləri ilə
məşğul olmağa başlayır.
Rus ordusundan istefaya çıxmış və Sankt-Peterburq təhsili almış zabit köhnə kənddə yeni
qaydalar yaratmaq istəyir.
Buna görə də, o,
xalq arasında “Urus Əhməd
bəy” ləqəbini alır.
XIX
əsrin 60-cı illərinin sonunda Əhməd
bəy Vərəndə sahəsinin murovu
vəzifəsinə təyin edilir. Bu zaman o,
həm də taxıl yerlərini sulamaq üçün Arazdan su çıxartmaq işi
ilə də məşğul olurdu. Uzun əziyyətdən sonra
Əhməd bəy 8 verst uzunluğunda
bir arx qazdırır
və onu Mil
düzündəki qədim Gavur arxı
ilə birləşdirir. Azərbaycanı Rusiya
sənayesinin xammal mənbəyinə
çevirməyə çalışan çar
hökuməti heç bir
vəsait sərf etmədən yerlərdə suvarma
işlərini yaxşılaşdırmağa və beləliklə
də, çoxlu xammal
əldə etməyə çalışırdı.
Su problemini həll etmək səyləri
Ona görə
də, Qafqaz canişinliyi idarəsi hələ XIX əsrin
60-cı illərinin axırlarında Mil düzündəki
suvarma işlərini qaydaya salmaq üçün bir neçə
dəfə xüsusi komissiyalar göndərmişdi. Lakin tərkibində
hətta hollandiyalı suvarma mütəxəssisləri də
olan bu komissiyalar heç bir qəti tədbir görə bilmədilər.
Çünki bu layihələrin həyata keçirilməsi
“külli miqdarda xərc tələb edirdi”. Qarabağın
yerli bəyləri də Gavur arxını “...arx və
arxın suvardığı bütün torpaqların 99 il
ancaq onların istifadəsində” qalması şərti ilə
bərpa etmək istəyirdilər. Lakin onların da cəhdi
heç bir nəticə vermədi.
Nəhayət,
1866-cı ildə Əhməd bəy Zərgər,
Dilağarda, Yağləvənd və Şahsevən
camaatının köməyi ilə cüzi bir məbləğdə
və hökumətlə heç bir formal əlaqə
yaratmadan həmin arxı qazdırmağa başladı və
Arazdan çıxarılan suyu məşhur Gavur arxı ilə
birləşdirmək kimi çətin bir məsələni
həll etdi.
Əhməd
bəyin sonrakı məktublaşmalarından aydın olur ki,
hökumət onun təcrübə və təşəbbüsünü
nəzərə alaraq, göstərilən kanalı yenidən
bərpa etmək üçün daha bir təşəbbüs
göstərdi və bu məqsədlə 1879-cu ildə
xüsusi bir komissiya Əhməd bəyin iştirakı ilə
Mil düzünü yoxladı. Komissiya Əhməd bəyin və
mühəndis Bexmanın fikri ilə razılaşaraq Gavur
arxını bərpa etməyi qərara aldı. Bu məqsədlə
1881-ci ildə plan layihəsi hazırlandı. Lakin bu layihə
kağız üzərində qaldı. Suvarma məsələsi
ətrafında gedən məktublaşmalar göstərir ki, Əhməd
bəy su təsərrüfatı sahəsində böyük
təcrübəyə malik idi. Əhməd bəyin öz
mülkündə qazdırdığı kəhrizlər də
suvarma sahəsində çalışan bir çox tədqiqatçıların
nəzər-diqqətini cəlb etmişdi.
1883-cü
ildə Əhməd bəyin qonağı olmuş mühəndis
Veys fon-Veyssenqof yazır ki, “Qarabağ mülkədarı Əhməd
bəy Cavanşir uzun illər boyu apardığı
müşahidələrin nəticələri və
qazandığı təcrübə ilə məni
tanış edərək, qazdırdığı kəhrizləri
ətraflı surətdə tanış olmağa mənə
imkan yaratdı”.
XIX əsrin
70-ci illərində Əhməd bəy hakim sinif nümayəndələrindən
kimin həqiqətən bəy təbəqəsinə mənsub
olduğunu müəyyən etmək məqsədilə
yaradılmış Şuşa bəy komissiyasının tərkibinə
daxil olur. O zaman bəy və ağaların əksəriyyəti
vergi və mükəlləfiyyətlərdən azad olmaq
üçün saxta sənədlər (xan fərmanları,
təliqələr və s.) düzəldərək özlərinin
bəy təbəqəsinə mənsub olduqlarını
sübut etməyə çalışırdılar. Lakin Əhməd
bəy bu saxtakarlığa qarşı müqavimət
göstərir, bu da komissiya üzvlərinin
narazılığına səbəb olurdu. Ona görə də,
Firudin bəy Köçərlinin göstərdiyi kimi, Əhməd
bəyin düşmənləri onu həbs etdirib, bir neçə
vaxt həbsxanada saxlatdırdılar.
Əhməd bəyin əsərləri
Əhməd
bəy ömrünün son günlərini Kəhrizli kəndində
keçirərək tarix və ədəbiyyata and
kitabları mütaliə edir, müxtəlif əsərlər
yazır və tərcümə ilə məşğul
olurdu. Əhməd bəy “Asari-Əhməd bəy Cavanşir”
adlı şeirlər, “Türk zərb-məsəllər məcmuəsi”
adlı folklor örnəkləri, “1747-ci ildən 1805-ci ilə
qədər Qarabağ xanlığının siyasi vəziyyətinə
dair” adlı tarix kitablarının müəllifidir.
Əhməd
bəy Cavanşirin 1884-cü ildə Tiflisdə rus dilində
qələmə aldığı “1747-1805-ci illərdə
Qarabağ xanlığının siyasi vəziyyətinə
dair” əsəri digər salnamələr içərisində
özünəməxsus yer tutur. Onu da qeyd edək ki, Əhməd
bəy Cavanşir öz əsərindən danışarkən
qeyd edirdi ki, istifadə etdiyim mənbələr Mirzə
Adıgözəl bəyin, Mirzə Camalın əsərləri
və digər mənbələr olmuşdur.
Əhməd
bəy Cavanşirin əsərinin fərqli cəhətlərindən
biri də ondan ibarətdir ki, o, Kürəkçay müqaviləsinə
də müəyyən qədər diqqət yetirmişdir. Əhməd
bəy Cavanşir Qarabağın siyasi tarixini ardıcıllıqla
izah etmiş, maraq kəsb edən hadisələrin şərh
və izahını vermişdir. Əhməd bəyin əsərində
Məhəmməd bəy Cavanşirə xüsusi
üstünlük verir, açıq-aşkar İbrahimxəlil
xana qarşı qərəzli mövqe tutur.
Mirzə
Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ” əsəri XIX əsrin
əvvəlləri Azərbaycan mədəniyyətinin
dolğun mənzərəsini yaratmaq üçün
çox mühüm mənbədir. Bu əsərdə
Qarabağ mədəniyyəti ilə bağlı məsələlərə
daha çox yer verilmişdir.
Əhməd
bəy Mülkicahan xanımla ailə qurmuşdu. Onların
Aslan bəy, Məhəmməd bəy adlı oğulları,
Həmidə bəyim adlı qızları vardı.
Həmidə
xanım məşhur Azərbaycan yazıçısı Cəlil
Məmmədquluzadənin həyat yoldaşı idi.
Əhməd
bəy 1903-cü il yanvarın 9-da vəfat etmiş və
öz vəsiyyətinə görə Kəhrizli kəndində
dəfn edilmişdir.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KiV-ə Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2012.- 10 noyabr.- S.14.