ABŞ-ın ilk prezidenti
Corc Vaşinqton kim idi?
Elşən Bayramzadənin «Amerika prezidentləri»
kitabından ixtisarla...
Corc Vaşinqton adı Amerika tarixinə
böyük hərflərlə yazılmış şəxsiyyətlərdəndir.
O, Virciniyada keçirilən ilk kontinental konqresdə qətiyyətlə
İngiltərənin müstəmləkə siyasətinə
qarşı çıxanlardan biri olub. Amerika Hərbi Qüvvələrinin
Ali Baş Komandanı kimi hərbi müqaviməti təşkil
edən Vaşinqton eyni zamanda, bu prosesə rəhbərlik
edib. 8 il davam edən müharibə Amerikanın tam müstəqilliyilə
nəticələnib.
Vaşinqtonun ingilislərə nifrəti
C.Vaşinqton
11 fevral 1732-ci ildə Virciniyada varlı plantator Avqustin
Vaşinqtonun ailəsində dünyaya gəlib. 1752-ci il təqvim
islahatında tarix 11 gün irəliyə çəkilib və
elə o vaxtan 22 fevral C.Vaşinqtonun doğum günü hesab
edilib. Uşaqlıq və yeniyetməlik dövrü,
aldığı səthi təhsil onun gələcəkdə
parlaq karyera sahibi olacağından xəbər vermirdi...
1743-cü il
aprelin 12-də ailəyə bədbəxtlik üz verir. 11
yaşlı Corcun atası vəfat edir. O vaxtkı ənənəyə
görə, mirasın böyük hissəsi onun ögey
qardaşları arasında bölüşdürülür.
Lakin qardaşlardan Lourensin övladı olmadan vəfat edəcəyi
təqdirdə, Corc onun varisi kimi göstərilir.
Atasının
vəfatından üç ay sonra Lourens varlı
qonşuları Uilyam Ferfaksın qızı Anna ilə evlənir.
Vaşinqtonun dünya görüşünün
formalaşmasında Ferfaksın böyük rolu olur. Elə
onun məsləhətilə 1748-ci ildə Corc yerölçən
kimi fəaliyyətə başlayır.
1752-ci ildə
Lourens vərəm xəstəliyindən vəfat edir və
onun bütün varidatı, eyni zamanda Aleksandria
yaxınlığındakı Maunt Vernon malikanəsi Corc
Vaşinqtona qalır. Elə həmin vaxtdan o, mayor rütbəsində
fəaliyyətə başlayır. Çox keçmir ki, 22
yaşlı Corc polkovnik rütbəsində fransız-hindu
müharibəsinə cəlb edilir. Burada o, özünü
bacarıqlı hərbçi kimi göstərir. Amma ingilis
ordu zabitlərindən fərqli olaraq, onlara ikinci dərəcəli,
ögey münasibət bəslənilir və demək olar ki,
onun rəhbərlik etdiyi milis dəstəsindən yalnız sərhədləri
qorumaq üçün istifadə edilir. Bu, gənc
Vaşinqtonun qəlbində ingilis ağalığına
qarşı dərin nifrət oyadır. Bu hisslərin təsiri
altında o, 1759-cu ildə istefaya gedib.
Plantator aristokratiyasına gedən yolda
yaşıl işıq
C.Vaşinqton
böyük sərvətə malik, dul və iki uşaq
anası olan Marta Dendric Kastislə ailə həyatı qurur. Və
özü də Virciniya parlamentinin üzvü olan
Vaşinqton üçün müstəmləkənin
plantator aristokratiyasına gedən yolda yaşıl
işıq yanır. Martanın sayəsində Maunt Vernon
malikanəsi tezliklə Virciniya plantatorlarının qeyri-rəsmi
görüş yeri olur. Vaşinqtonun öz övladı
olmasa da, Martanın birinci nigahından olan
övladlarının tərbiyəsini öz üzərinə
götürür.
C.Vaşinqton
1759-1775-ci illərdəki həyat və fəaliyyəti
Amerika plantatorları ilə metropoliya arasında ziddiyyətlərin
yaranma səbəblərini tam özündə əks etdirir.
Amerika müstəmləkələrinə xammal və
satış bazarı kimi baxan ingilis burjuaziyası, burada
iqtisadi inkişafı ləngidir, sənaye yüksəlişinə
imkan vermirdi. Özlərini Böyük Britaniya kralının
sadiq təbəələri hesab edən plantatorlar bir çox
siyasi hüquqlardan məhrum idilər. Onlar istehsal etdikləri
məhsulların satılmasında ingilis ticarət evlərindən
tam asılı idilər. Qaydalara görə, Avropaya göndərilən
tütün və digər xərclərini ödəyirdilər.
Adətən
yüklərin daşındığı gəmilər
Amerikaya qayıdarkən, plantatorlar tərəfindən
sifariş edilmiş hazır məhsulları gətirirdilər.
Bu zaman plantatorlar istədikləri malın keyfiyyətinə
baxmaq, qiymətində razılaşmaq kimi imkanlardan məhrum
idilər. Bəzən tütünə qoyulan aşağı
qiymətlər, göndərilən malların dəyərini
və yol xərclərini ödəyə bilmirdi. Buradan əmələ
gələn borc isə yüksək faizlərlə növbəti
mövsümə saxlanılırdı.
Hər bir
plantator kimi, Vaşinqton da problemlərlə üzləşirdi.
Vəziyyətdən çıxış yolunu öz
plantasiyalarında aqrar islahatlar aparmaqda görən
Vaşinqton 1763-cü ildən etibarən taxıl yetişdirməyə
başlayır. Böyük dəyirman tikdirməklə
60-cı illərin sonuna yaxın un ixracında uğurlar
qazanır. Beləliklə, o, plantasiyalarında nisbi iqtisadi sərbəstlik
əldə edir. Bu, Vaşinqtonun müstəqillik uğrunda
apardığı mübarizənin Maunt Vernon çərçivəsində
ilk qələbəsi idi.
1763-cü ildə
İngiltərə və Fransa arasında yeddi illik müharibə
sonuncunun Şimali Amerikadakı əsas torpaq sahələrini
itirməsi ilə başa çatır. Tezliklə müharibə
nəticəsində İngiltərənin çoxlu
borclarının yığıldığı aşkar olur.
Bu borcların ödənilməsi üçün C.Qrenvill
kabinetinin təklifilə müstəmləkələrə
qoyulan vergilər artırılır. Kral xəzinəsinin
doldurulması üçün yeni-yeni vergi növləri
(“Möhür qanunu”, “Mənzil təminatı qanunu”) tətbiq
edilir. 1763-cü ildə verilmiş fərmana görə,
müstəmləkəçilərə Qərbə tərəf
köçmək, yeni torpaq sahələri əldə etmək
qadağan edilir.
Bütün
bunlar getdikcə müstəmləkələrlə
metropoliya arasındakı
münasibətləri daha da kəskinləşdirirdi. Nyu-York
və digər iri şəhərlərdə mitinqlər
keçirilir, vergi verilməsindən boyun
qaçırılır, kral hakimiyyətinə itaətsizlik
göstərməyə çağırışlar səslənirdi.
Digər tərəfdən, ingilis mallarına boykot elan
edilirdi. 1773-cü ildə çay yüklənmiş bir
neçə gəminin Boston limanında batırılması
etirazların kulminasiyası oldu. Tarixə “Boston çay
qonağlığı” adı ilə daxil olmuş bu aksiya bir
daha göstərdi ki, müstəmləkələrdə
ingilis ağalığını əvvəlki qaydada davam
etdirmək mümkün deyil.
İstiqlaliyyət müharibəsi
1774-cü ildə
13 ştatın iştirakı ilə Birinci Kontitental Konqres
çağırılır. Konqres
iştirakçıarı kral III Georqa müraciət edərək,
onları qəddar nazirlərdən qorumağı xahiş
edirlər. Lakin Kral nəinki bu xahişləri qəbul etmir, əksinə,
onları qiyamçı elan edərək cəza dəstələrinə
müstəmləkələrdə qayda-qanun yaratmaq əmri
verir. Beləliklə, Amerika mütəmləkələrinin İngiltərə
ilə aparacağı səkkiz illik istiqlaliyyət müharibəsi
başlayır.
10 may 1775-ci
ildə Filadelfiyada İkinci Kontinental Konqresin
açılışı olur. Bu konqresdə Corc Vaşinqton
Şimali Amerika Hərbi qüvvələrinin Ali Baş
Komandanı seçilir. İlk döyüşlərdən
uğur qazanan Vaşinqton ordusu 1776-cı ildə Bostonu azad
edir. Müstəmləkələr bir-birinin ardınca öz
müstəqilliklərini elan edirlər. Bu hadisələrin məntiqi
yekunu olaraq 1776-cı il iyulun 4-də Filadelfiyada Konqres
“İstiqlaliyyət bəyannaməsi” qəbul edir. T.Cefferson tərəfindən
yazılmış bu sənəd, yeni bir dövlət
yarandığını elan etməklə yanaşı
dünyada ilk dəfə insan azadlıqlarının şərhini
verir.
Müharibə
ərzində Vaşinqtonun ən böyük problemi ordusunun
silah və digər hərbi ləvazimatla təmin edilməsi
olmuşdur. Bəzən o, özünü konfederasiya konqresi tərəfindən
unudulmuş hiss etsə də, qətiyyən ruhdan düşməmişdi.
Eyni zamanda o, heç vaxt mülki rəhbərliklə
qarşıdurmaya getməmiş, vacib hərbi qərarları
da ətraflı müzakirədən sonra qəbul etmişdir.
Onun daim məsləhətləşdiyi şəxslər
arasında Aleksandr Hamilton və Markiz de Lafayet xüsusi yer
tuturdular. Vaşinqton bir çoxlarının təklif etdikləri
partizan müharibəsi ideyasını rədd edərək
yalnız açıq döyüşlər
aparılmasına üstünlük verirdi. Onun fikrincə
yalnız belə döyüşlərdə qazanılan qələbələrə
düşməni danışıqlara getməyə məcbur
etmək olar. Bu strategiya özünü Virciniya
ştatının Yorktaun şəhəri ətrafında gedən
döyüşlərdə təsdiq etdi. 1781-ci il 19 oktyabrda
general Kornuollisin 7000 əsgərlərə təslim olması
danışıqlar üçün stimul yaratdı və iki
il sonra rəsmi olaraq sülh müqaviləsinin imzalanması
ilə nəticələndi.
Müharibə
başa çatdıqdan sonra ordu komandanlarının da öz
gələcək taleləri üçün bir
inamsızlıq var idi. Zabitlər müharibədən sonra
konqresin onlara hansı münasibət
göstərəcəyindən narahat idilər. Bu
baxımdan Vaşinqtondan mülki rəhbərliyi öz əlinə
almağı tələb etdilər. Lakin 1783-cü il mart
ayında Vaşinqton zabit heyətinə şəxsi müraciətində
ordunun siyasi rəhbərliyinə tabe olmasının zəruriliyini
bildirirdi.
1783-cü il
dekabrın 23-də Vaşinqton Ali Baş
Komandanlığı təntənəli surətdə konqresə
qaytarır. Bununla yanaşı güclü, mərkəzləşmiş
hakimiyyətin yaradılmasının zəruriliyi haqqında hər
bir ştat rəhbərliyinə məktub imzalayır. Lakin
ayrı-ayrı ştatların rəhbərliyi bu təklifə
soyuq münasibət göstərir. Onlar ştatlara daha
geniş sərbəstlik verən konfederasiya tərəfdarı
olduqlarını bildirirlər.
Vaşinqton prezident!
İstefaya
çıxdıqdan sonra C.Vaşinqton yenidən Maunt Vernona
qayıdır. Burada o, rahat və qayğısız həyat
sürsə də, ölkə daxilində gedən prosesləri
diqqətlə izləyirdi. Ştatlar arasında əlaqələrin
düzgün qurulması, bir çox iqtisadi problemlərin
öz həllini tapmaması ittifaqın gələcəyini
şübhə altına salırdı. 1786-cı ilin
payızında istefada olan kapitan Şeysin
başçılığı ilə yoxsul fermerlərin
üsyanı isə təcili tədbirlər görülməsini
vacib etdi. Bu səbəbdən 1787-ci ilin mayında yeni
kontitusiya hazırlanması üçün Konstitusiya Konventi
yaradılır. Xüsusən A.Hamilton və C.Medisonu təkidi
ilə Vaşinqton Konventə sədr seçilir. Yeni
hazırlanmış konstitusiya özündə federal dövlət
quruluşunu əks etdirirdi. Uzun müzakirələrdən
sonra Konstitusiya qəbul edilir.
Artıq
C.Vaşinqtonun prezident olacağı heç kimdə
şübhə doğurmurdu. Hətta 1788-ci il 4 iyul Konstitusiya
bayramı şənliklərində “Vaşinqton prezident!” kimi
şüarlar səsləndirilirdi.
Nəhayət,
1789-cu il fevral ayının 4-də keçirilən prezident
seçkilərində Corc Vaşinqton ABŞ-ın ilk
prezidenti seçilir. Səslərin sayına görə ikinci
yeri tutan Con Adams Konstitusiyanın müvafiq maddəsinə, əsasən
vitse-prezident olur. Vaşinqtonun Maunt Vernondan Nyu-Yorka gəlişi
bayram kimi qeyd olunur. O, 30 aprel 1789-cu ildə inauqurasiya nitqi
söyləyir.
Prezident olaraq
ilk gördüyü iş hakimiyyətin icraedici
orqanlarını yaratmaq olur. Bunun üçün o, ətrafına
intellektual və bacarıqlı şəxsləri toplayır.
Aleksandr Hamilton maliyyə, Tomas Cefferson beynəlxalq əlaqələr,
Henri Noks hərbi məsələlər, Edmun Rendolf ədliyyə
naziri təyin edilir.
Bəzi tədqiqatçılar
C.Vaşinqtonu başqalarının plan və layihələrini
həyata keçirdiyi üçün yalnız simvolik rəhbər
hesab edirlər. Əslində, belə deyil. Məhz onun
prezidentlik dövründə ölkənin gələcək
müqəddəratında mühüm rol oynamış bir
çox qərar və qanunlar qəbul edilərək həyata
keçirilmişdir. Milli Bankın yaradılması,
Hüquqlar haqqında Billin qəbul edilməsi bu dövrə
təsadüf edir.
Cəmiyyətdəki
nüfuzuna baxmayaraq, o, ikinci dəfə prezident seçilmək
istəmirdi. Maunt Vernona qayıdıb sakit həyat sürmək
onun başlıca arzusu idi. Lakin nazirlər arasındakı hərc-mərclik
onun çox narahat edirdi. Nazirlər bir fikirdə tam həmrəy
idilər: “Vaşinqton yenidən seçilməlidir!”
Hamilton-Cefferson qarşıdurması
Yeri gəlmişkən,
nazirlər və digər siyasi xadimlər arasındakı
fikir ayrılıqları, xüsusən Hamilton-Cefferson
qarşıdurması tezliklə siyasi rəng alır və
kabinet çərçivəsindən kənara cıxır.
Hamilton tərafdarları özlərini federalistlər
adlandırır, Ceffersonçular isə ad
qayğısına qalmayıb anti-federalist sözü ilə
kifayətlənirlər. Lakin onların Fransa Burjua İnqlabının
təsiri altına düşməsi özlərini demokrat
respublikaçılar və ya sadəcə,
respublikaçılar adlandırması ilə nəticələnir.
Beləliklə, ABŞ prizidentlik institutunun yaradılması,
siyasi qüvvələrin partiyalaşması prosesinin
bünövrəsini qoyur.
Nəhayət
Vaşinqton, xüsusən T.Ceffersonun ciddi təkidlərindən
sonra öz namizədliyi irəli sürür və 1792-ci il
seçkilərində ikinci dəfə ABŞ-ın prezidenti
seçilir.
C.Vaşinqtonun
ikinci prezidentlik dövrü Avropada müharibələrlə
müşayiət edilir. Onun əsas məqsədi
ABŞ-ı bu müharibələrdən kənarda saxlamaq
idi. O,tərəfdarlarına birmənalı şəkildə
bildirir ki, növbəti prezident seçkilərində
iştirak etməyəcək.
Xatırladaq
ki, o vaxt bir şəxsin iki dəfədən artıq prezident
seçilməsinə hələ məhdudiyyət qoyulmasa da,
o, bu imkandan sui-istifadə etməmiş, öz xələflərinə
böyük nümunə göstərmişdir. F.D.Ruzvelt
istisna olmaqla, heç bir prezident üçüncü dəfə
seçilməyib.
1796-cı
ilin yazında Vaşinqton xalqa vida müraciətini
hazırlayır. O, 1792-ci ildə yazılmış müraciəti
A.Hamiltonun köməyi ilə yenidən işləyir və
bu müraciət 1796-cı il 19 sentyabrda qəzetlərdə
çap olunur.
Vaşinqtonun vəziyyəti
İstefaya
çıxdığı 15 mart 1797-ci il tarixdən sonra Maunt
Vernon malikanəsində yaşamağa başlayır və
Filadelfiyaya etdiyi qısa müddətli səfərləri nəzərə
almasaq, buranı heç vaxt tərk etmir.
Təsərrüfatla
məşğul olan Vaşinqton gündəlik
yazmışdı. Bu gündəlikdəki sonuncu qeyd 13 dekabr
1799-cu ildə edilmişdir. Həmin gün o, fermalarına
baş çəkir və yağan sulu qar onu tamamilə
isladır. Axşam evə qayıdarkən boğazında bərk
ağrılar hiss edir. Səhəri gün yüksək hərarət
içində olan Vaşinqtonu müalicə etmək
üçün qonşu fermada praktika keçən
üç həkimi çağırırlar. Onların
etdiyi müalicə yalnız qan alma olur. Bu isə sonu sürətlə
yaxınlaşdırır. Axşam saat 10-a yaxın bu
böyük insan əbədi olaraq gözlərini yumur.
Corc
Vaşinqton vəsiyyətnaməsində ona məxsus olan
bütün qulların azad edilməsini yazır. O, Müstəqillik
haqqında Bəyənnaməsinin prinsiplərini əsas
tutaraq quldarlığı qəbul etmir, lakin
quldarlığın tam şəkildə ləğv edilməsini
də o dövr üçün qeyri-mümkün hesab edirdi.
Onun vəsiyyəti Marta Vaşinqton tərəfindən həyata
keçirilmişdir.
Azadlıq.- 2012.- 11-12 noyabr.- S.10.