Gəncə üsyanının görkəmli simalarından biri .

 

Cəsur savaşçı Sarı Ələkbər

 

1920-ci ilin aprel ayının 28-də rus işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı. Bolşevik cəlladlarının bu xəyanəti ilə barışmayan cümhuriyyət mücahidləri Gəncə şəhərinə toplaşaraq üsyana qalxdılar. Gəncə üsyanının əsas təşkilatçıları yenicə formalaşmış AXC milli ordusunun zabitləri idi. Mayın ayının 23-də üsyan başçılarının geniş müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, birinci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, üçüncü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyov və başqaları var idi.

 

Bolşeviklərə qarşı üsyanın təşkilində peşəkar hərbçi heyəti ilə bərabər, yerli fədailər- Qaçaq Qəmbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və başqaları da öz silahdaşları ilə birlikdə fəallıq göstərdilər. Bu döyüşçülər sırasında xüsusi yeri olan şəxslərdən biri də Sarı Ələkbər idi. O, Azərbaycanın azadlıq hərəkatının ilk dövrlərindən(1905) “Difai” milli təşkilatının üzvü olmuş, sonra isə Gəncə Milli Komitəsinin aparıcı şəxslərindən biri kimi onun iki zərbə dəstəsindən birinə başçılıq etmişdir. Sarı Ələkbər həm də 1920-ci ilin mayın 24-dən iyunun 5-dək davam edən Gəncə üsyanının əsas simalarından olub. Onun haqqında nəşr olunmuş məlumatlar çox azdır. Amma araşdırmaçı Zakir Muradın görkəmli fədai haqqındakı bir məqaləsi onunla bağlı bir çox gerçəklərin üzərinə işıq salır.

Məlum olduğu kimi, on gündən artıq davam edən bu üsyan nəticəsində müqavimət hərəkatının 12 min üzvü qətlə yetirilib. 11-ci Qızıl Ordu tərəfdən verilən itkilərin isə 8500 nəfər olduğu bildirilir. Üsyan yatırıldıqdan sonra sağ qalan savaşçılardan bəziləri Türkiyə sərhədini keçərək, qardaş ölkəyə sığınmışlar. Bu zaman Sarı Ələkbər də övladlarından yalnız birini, on yaşlı İsmayılı gizlətməyə macal taparaq Türkiyəyə keçirməyə müvəffəq olub. Onun həyat yoldaşı Cəvahir xanım, oğlu Qulu və qızı Brilyant Qazaxıstana sürgün ediliblər. Bacıları isə bolşevik repressiyasına tuş gəldikləri üçün ailələri ilə birgə Gəncəbasarda gizlənməli olublar.

İşğalın üzərindən bir neçə il keçdikdən sonra Sarı Ələkbərdən xəbər gəlir. Göyçədən Məmmədəli bəy adlı bir tacir Gəncədə olarkən, Sarı Ələkbərin bacılarına onun Qars şəhərində məskunlaşdığını xəbər verir. O, Sarı Ələkbərin ailəsinin də Türkiyəyə göndərilməsini arzuladığını deyir. Sarı Ələkbərin həyat yoldaşı və iki övladını gizlicə etibarlı adamların köməyi ilə bir neçə aya Qazaxıstandan Gəncəyə gətirirlər. Bu müddətdə Məmmədəli bəy də dəfələrlə sınağa çəkilir. Axırda o, son dəfə Türkiyədən dönərkən özü ilə tutarlı dəlil, Sarı Ələkbərin papağını və kəmərini gətirdikdən sonra şübhə yeri qalmır. Beləliklə, Sarı Ələkbərin ailəsi onunla Ermənistan-Türkiyə sərhəd məntəqəsindənÿbirinə yola düşür. Sarı Ələkbər bura göndərdiyi adamları vasitəsilə ailəsini Türkiyəyə keçirir. Məmmədəli bəy Gəncəyə növbəti səfəri zamanı məşhur fədainin ailəsinə qovuşması haqda müjdə gətirir.

 

Qəhrəmanın qəhrəman bacıları

 

Maraqlısı odur ki, artıq Sarı Ələkbərin özü Gəncədə olmasa da, burada ara-sıra onun dəst-xəttini xatırladan hadisələr baş verirdi. Daha maraqlısı odur ki, bu hadisələrin təşkilatçıları onun bacıları idi. Sarı Ələkbərin 5 bacısı olub-Nərgiz, Kübra, Gilə, Sarabəyim və ömrünü Orta Asiyada sürgündə başa vuran Zinyət xanım.

Bu illərdə hələ 1905-ci ildən Sarı Ələkbərdə qisası qalan bolşevikləşmiş erməni quldurları onun yeganə qardaşı Məhəmmədrzanı ələ keçirərək vəhşicəsinə qətlə yetirirlər. Onun bacıları qardaşlarının meyitini necə olursa-olsun saxlandığı yerdən, yəni bolşeviklərin məskunlaşdığı kazarmaların ərazisindən çıxarmağı qərara alırlar. Məhəmmədrzanın qayınatası Hacı Kərimin köməyi ilə Nərgiz vəÿ Gilə gecə ikən qızıl əsgərlərə qızıl verərək şəhid qardaşlarının nəşini kazarmalardan çıxarmışlar. Bacılar onu arabada, ot-ələfin altında gizlədərək Səbizkar qəbiristanlığına gətirmiş, orada bütün dini ayinlərə riayət edərək dəfn etdirmişlər. Amma onlar da bu qisası yerdə qoymayacaqlarına söz verirlər. Onlar Məhəmmədrzanın gizləndiyi yeri bolşeviklərə nişan vermiş satqını da müəyyənləşdirməyə müvəffəq olurlar. Böyük miqdarda pul müqabilində bacılara təhvil verilən satqını Nərgiz xanım Kür sahilində öz əlləri ilə güllələyib.

Nərgiz xanımın nəticəsi, təqaüdçü müəllim Səadət xanımın dedikləri:

“Bu işlərin əsas təşkilatçıları Nərgiz və Gilə olublar. Nənəm Nərgiz kişi xasiyyətli, kişi qeyrətli qadın idi. Cavanlıqda at çapmaq, tüfəng atmaq onun üçün adi bir şey olub. Hər cümə günü bir qayda olaraq, piyada İmamzadəni ziyarət edirdi. Çox vaxt məni də özü ilə aparırdı. Çox tələbkar, zəhmli adam idi. Ömründə lap yaxın, yəni özünə övlad sayılacaq qohumlardan başqa heç kimin maşınına, taksiyə, avtobusa, tramvaya minməyib. O, 1975-ci ildə rəhmətə getdi. Sovet dövrünün ab-havasını heç bir vaxt qəbul etməmişdi”(Zakir Murad).

Qanlı Gəncə üsyanından sonra uzaq ölkələrə sığınan xalq qəhrəmanlarına o ölkədəki mühacir soydaşlarımız tərəfindən həmişə böyük hörmət bəslənib. Qardaş Türkiyədə isə bu münasibət daha doğma və səmimi olub. Sarı Ələkbərin böyük qızı Kübranın nəvəsi Füzuli müəllim 1991-ci ildə, hələ Azərbaycan müstəqilliyini təzəcə bərpa etdiyi aylarda Türkiyədə olub. O, öz təəssüratlarını belə xatırlayır:

“Mən orada adı Gəncə üsyanı ilə bağlı olan xadimlərin bir mücahid səviyyəsindəÿanıldığının şahidi oldum. Sarı Ələkbərin üzü və ailəsi Türkiyədə böyük nüfuz sahibi olmuşlar. Gəncədən gedəndən sonra Sarı Ələkbər Qarsda gübrə zavodu sahibi olmuşdur. O, 1956-cı ildə 71 yaşında vəfat edib. Sarı Ələkbərin övladları İsmayıl, Brilyant və Qulu da öz savad və bacarıqları ilə yüksək məqamlara çatmışlar. İsmayıl və Brilyant ixtisasca həkim olmuşlar. İsmayıl orduda, Brilyant xanım isə Türkiyə Səhiyyə Nazirliyində yüksək vəzifələr tutmuşlar. Mən Ankarada yaşayan Brilyant xanımla Gəncəmiz barədə saatlarla çəkən söhbətimi ömrüm boyu unutmaram. Sarı Ələkbər və onun nəsli Türkiyədə Sarıyal familiyasını götürüblər. Sarıyal Türkiyənin tanınan soyadlarından birinə çevrilib. Brilyant xanımın oğlu İlhan Türkiyə parlamentinin üzvü olmuşdur. Mən Türkiyədə yaşayan azərbaycanlıların hamısının Sarı Ələkbərə bir Gəncə simvolu kimi baxdıqlarını hiss etdim”.

 

Xatirələrdəki qəhrəman obrazı

 

Sarı Ələkbərin bacısı Gilə xanımın himayəsində böyümüş və Gəncə Pedaqoji Institutunun dosenti olmuş Ələsgər Məmmədovun oğlu Şahinin dedikləri:

“Əvvəlcə onu deyim ki, lap yeniyetmə ikən valideynləri vəfat etdiyindən, atamı o böyüdüb. Gilə xanımın həyat yoldaşı Rəhim bəy atamın əmisi, eləcə də Sarı Ələkbərin zövcəsi Cəvahir xanım atamın bibisi idi. Gilə anadan Sarı Ələkbər haqqında çox eşitmişəm. Rus çarının ona şəxsi hədiyyəsi olaraq qızılla işlənmiş əsa bağışlamasından, İran şahının təltiflərindən, Cümhuriyyət dövründə polis rəisinin müavini olmasından, eləcə də Gəncə üsyanından. Amma bir epizod danışmaq istəyirəm və fikrimcə, bu Sarı Ələkbərin əsas xüsusiyyəti olan Gəncə təəssübkeşliyini daha qabarıq əks etdirir. Bu, çar dövründə olub. Bir neçə naməlum quldur indiki Gəncə küçəsindəki şəhərin ən zəngin ailələrindən olan Axundovların evinə (indi bu binada bank yerləşir) basqın etmiş, ailə üzvlərini öldürmüşdülər. Yalnız beş yaşlı Mirəli (o sonralar tanınmış zooloq-alim oldu) çarpayının altında gizləndiyindən sağ qalmışdı. Sarı Ələkbər uzun axtarışlardan sonra basqının Yevlaxdan gələn 8 nəfərlik quldur dəstəsi tərəfindən törədildiyini dəqiqləşdirir. Öz silahlıları ilə Yevlaxa gedərək həmin 8 nəfərin hamısını bir-bir qətlə yetirir. Sarı Ələkbər bununla ədaləti bərpa etməklə yanaşı, həm də kimsənin başqa yerdən gəlib Gəncədə at oynada bilməməsini təsdiq etmiş oldu...”

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 13 noyabr.- S.14.