Bayrağımız...
.
Dövlət
Bayrağı Günüdür
Mənə
görə, Azərbaycanın dövlət himni
dünyada ən duyğulu
himn, dövlət bayrağı ən mənalı
bayraqdır. Himnimiz harada
və hansı şəraitdə səslənir-səslənsin,
hisslərini cilovlaya bilməzsən, gözün dolar. Göz önündə Cümhuriyyətin qurulduğu ərəfədə erməni-rus
təcavüzünə məruz qalan millətimizin
yaşadığı anlar,
öldürülən uşaqlarımız canlanar.
Bu ağrı kövrəldər
adamı... Eyni zamanda, Cümhuriyyətin bərqərar
olduğu dövr, bu dövləti quran
insanların gördüyü işlər
göz önündən bir
film kimi keçər
və bu dəfə milli
qürur hissindən təsirlənməyə
bilməzsən... Nəhayət, Cümhuriyyətin
devrilməsi, onun qurucularının məhv
edilməsi və bu gün
də millətimizin azadlığa qovuşa
bilməməsi, yadlara məhkum edilməsi
sarsıdar səni...
Ancaq zənn
etməyin ki, bu himn adamı yalnız kədərləndirər,
qətiyyən! Bu göz yaşı təkcə millətin
ağrısı-acısından yaranmır ki...
Bu göz yaşı
həm də millətinin, dövlətinin böyük
gələcəyinə inamdan və bununla qürur duymaqdan yaranır ki, bu həyəcanı da sənə
yaşadan şanlı Azərbaycan himnidir! Bu himn
ən mübariz, ən üsyankar
himndir. O, milləti səfərbər etmək,
onu bir yumruğa
çevirmək gücündədir.
Hətta xəyal edirsən ki, bir gün
Azərbaycanın hər bölgəsində eyni
vaxtda və ucadan himnimiz səslənəcək, bu səs göylərə ucalacaq
və bütün azadlıqsevər
insanların hissinə hakim kəsiləcək,
onları ayağa qaldıracaq, onları son həmləyə sövq
edəcək... Bu, xəyal olaraq qalmayacaq, mütləq
gerçəkləşəcək!
Bəs,
Əliyevçi hakimiyyətin bu himndən
xoflanması nədəndir? Niyə dövlət mərasimlərində
himnimiz səslənəndə bir məmur belə onun
sözlərini oxumur və sanki tez bitməsini
gözləyirlər? Nədən rəsmi tədbirlərdə
himn başa
çatdıqdan sonra kimsə onu alqışlamır, əl çalmır və
ya buna cürət etmir? Səbəb, dediyim kimi, himnimizin zülmə,
zalıma üsyan etməsi, bizi mübarizəyə
çağırması və ən nəhayət, milli şüurumuzu
oyatmasıdır. Onun musiqisi
də, sözləri də eyni dərəcədə
möhtəşəmdir, enerjilidir... Bu himni yaradan
şəxslər həqiqətən dahidirlər, həqiqətən
Böyük və Bütöv
Azərbaycanın övladlarıdırlar!
...Əslində
bayrağımız haqqında danışacaqdım, ancaq himnimizin üstündən
keçə bilmədim; axı, himnimiz və
bayrağımız bir-birini tamamlayır,
elə bir-biri üçün
yaranıblar! Onları ayıra bilmədim. Onların elə hər
ikisi hakimiyyətin qısqanc münasibətinə
tuş gəlib... YAP hakimiyyəti
bu bayrağa
alışa bilmədi. Özləri də bilirlər ki, bu bayraq
onların ruhuna, təfəkkürünə
uyğun deyil. Əgər,
sabah SSRI bərpa edilsə, onlar çox asanlıqla milli bayrağı yenidən sovet
bayrağı ilə əvəzləyərlər; kommunist kimliyini “demokrat” cildi ilə
örtdükləri kimi... Onlar
bu bayrağı sevmədilər, sadəcə,
sevmək və bunu nümayiş
etdirmək zorundadırlar. Ona görə
də yeri gəldi-gəlmədi bayraq dirəkləri ucaldır, bayraq meydanları salırlar. Ancaq,
dediyim kimi, onlara bayrağımızın mahiyyəti, fəlsəfəsi
yad olduğu üçün gördükləri iş də zahiri və keçicidir; Bakıda “dünyanın ən uca bayrağı”nı qaldırdılar ki, dünya rekordunu təzələsinlər... Onlar hətta bayrağımızdan da şəxsi şöhrətləri, əyləncələri
üçün yararlanırlar...
Yeri gəlmişkən,
Şəhidlər xiyabanı ərazisində mehmanxana,
biznes və əyləncə mərkəzindən(?!)
ibarət “Alov qüllələri”nin tikilməsi
elə hakimiyyətin milli dəyərlərə
münasibətdə ciddi
olmadığını nümayiş etdirir. Halbuki Dövlət
Bayrağı Meydanının bu yerdə
salınması daha məqsədəuyğun
olardı... Təsəvvür edin, Şəhidlər
xiyabanı və Dövlət Bayrağı Meydanı... Həm
də gələcəkdə Cümhuriyyət
qurucularının xatirəsinə memorial
kompleksin yaradılacağı ən münasib ünvan idi burası... Bunlar bir-birini tamamlayacaqdı. “Alov
qüllələri” isə Xəzərin sahilində və ya şəhərin digər yüksəkliyində
daha münasib
görünərdi...
Hakimiyyətin
“bayraq meydanları” kampaniya
xarakteri daşıyır. Bu
gün təkcə Bakının mərkəzində
yox, onun rayonlarında
da belə meydanlar
yaradılır. Eyni zamanda,
bu kampaniya Azərbaycanın
digər şəhər və rayonlarında eyni
qaydada təkrarlanır, təqlid edilir. Deyəsən, bu
hakimiyyətin həm də genetik olaraq zövq problemi var. Onlar
nəyi harada və necə istifadə etməyi
dərk etmirlər. Əllərinə yeni
bir şey
düşdüsə, onu
ucuzlaşdırmayınca, cəmiyyətdə ikrah
yaratmayınca sakitləşmirlər... O cümlədən,
müqəddəs bayrağımızı da
istismar etməkdədirlər.
Ümumiyyətlə,
bayrağa münasibətdə hər birimiz ciddi və
ehtiyatlı olmalıyıq. Necə ki milli azadlıq hərəkatımızın lideri Əbülfəz Elçibəy bayraqla bağlı tövsiyəsində deyir: “O bayrağın müqəddəsliyini
unutmayın! O bayraqla hər yerə yürüş etməyin. O bayrağı hara gəldi aparmazlar”.
Söz
düşmüşkən, öz
bayrağımıza göstərdiyimiz sayqını başqa dövlətlərin bayraqlarından da əsirgəməməliyik. Məsələn,
hər hansı ölkəyə qarşı keçirilən
aksiyada həmin ölkənin dövlət
bayrağının yandırılması nə dərəcədə
ağıllı işdir? Bu,
qeyri-ciddi, həm də mədəniyyətdən
uzaq bir hərəkətdir.
Sən birinin bayrağını
yandır, ayaqlar altına at,
sabah da o sənin bayrağını təhqir etsin?! Sonra? Fikrimcə, bu kimi etiraz
aksiyalarında bayraqların yandırılması məsələsini
düşünməliyik. Əlbəttə, istisna
və ya qaçılmaz hallar
mümkündür. Haradasa
milli bayrağın təhqir edilir, sən də ona cavab verməli olursan. Lakin belələrinin səviyyəsinə enməmək
də olar...
***
Növbəti
ildən başlayaraq, biz
daha bir əziz
bayrağın doğum gününü
qeyd edəcəyik: vahid
Türk bayrağı! Bu ilin avqustunda Bişkekdə Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının zirvə toplantısında qəbul edilən
bu bayraqda türk dövlətlərinin
bayraqlarının hər birindən bir element çəmləşib ki,
Azərbaycanın bayrağından da həmin
ortaq bayrağa səkkizgüşəli
ulduz “ərməğan” edilib...
Beləliklə, bundan sonra başımız üzərində
üçrəngli bayrağımızla yanaşı, vahid Türk
bayrağını da
dalğalandıracaq, həm Azərbaycan, həm də Dünya türklüyünün
dünya siyasi xəritəsində
kimliyini daha əminliklə
nümayiş etdirmiş
olacağıq.
Üç rəng
Milli
bayrağımızdakı rənglərin rəmzini bilirik: Göy - türkçülük, Qırmızı - müasirlik, Yaşıl -
islamçılıq.
Yəni
Dünyəvi olmaq tərəfdarıyıq,
ancaq Milli və Dini köklərimizə də
bağlıyıq...
Bu rəngləri daha necə simvollaşdıra bilərik?
Bəlkə,
belə: Göy - başımız üzərində
hava, səma, buludların rəmzi;
Yaşıl - yer, torpaq,
təbiət; Qırmızı - hava ilə
yer arasında mövcud
olan həyatın - yaşamaq
eşqinin rəmzi...
Hər
zaman yaşam yolunda mücadilə verən Azərbaycan!
Şövkət
Məmməd
Azadlıq.- 2012.- 9 noyabr.- S.13.