Tufanlı ömrün yolçusu Seyid Həsən

 

«İran ruhən və cismən avropalaşmalıdır!»

 

Ötən əsrin əvvəllərindən Cənubi Azərbaycanda baş verən siyasi hadisələrin mərkəzində yer alan şəxslərdən biri də Seyid Həsən Tağızadə olub. O, Təbrizdən olan Azərbaycan türkü idi. Bəzi mənbələr onun əslən Ordubaddan olduğunu göstərir. 1878-ci ilə bir ruhani ailəsində doğulan Həsən Tağızadə XX əsrin astanasında dini biliklərlə məhdudlaşıb qalmağın işə yaramayacağını görür. O həm ingilis və fransız dillərini öyrənmiş, həm də “Loğmaniyyə” adlı yeni tipli orta təhsil müəssisəsində dünyəvi biliklərə yiyələnməyə çalışmışdı.

 

O, 1896-cı ildə özü kimi gənc həmfikirləri ilə birlikdə Təbrizdə “Tərbiyət” məktəbini və kitab mağazasını qurmuşdu. Gənc Seyid Həsən həmvətənlərini dünya haqqında çağdaş təlimlərlə tanış etmək məqsədi ilə fransız alimi Kamill Flammarionun “Populyar astronomiya” kitabını “Əcayibe-asiman” adı ilə fars dilinə çevirmişdi. O, həmçinin 1903-1904-cü illərdə Təbrizdə “Gəncineyi-fünun” (“Bilik xəzinəsi”) məcmuəsini çap etmişdi. 1904-cü ildə bir neçə ay Bakıda qalan Həsən Tağızadə burada tanış olduğu bir çox dostları ilə əlaqələrini sonralar da kəsməmişdi.

Yeniyetməlik və ilk gənclik çağlarından gələcək mübarizələr üçün yetişən Seyid Həsənin ömrü hadisələrlə zəngin olmuşdur. “İran daxilən və zahirən, ruhən və cismən avropalaşmalıdır!” - şüarı onun 70 illik ictimai-siyasi və elmi fəaliyyətinin əsas prinsiplərindən olmuşdur. Məhz bu düşüncə azərbaycanlı gənci ölkəni dəyişdirməyi, müasirləşdirməyi, feodal dərəbəyliyindən və xarici asılılıqdan xilas etməyi qarşısına məqsəd qoyan 1906-1909-cu illər Məşrutə inqilabının öncülləri sırasına gətirmişdi.

“Vikipedia”da onun haqqında olan bioqrafiyada yazılır ki, 1906-cı ildə Təbrizdən Birinci İran Məclisinə seçilən Həsən Tağızadə parlament fəaliyyətini 1967-ci ildə, İran Senatının sədri kimi başa vurmuşdu. İranın ilk qanunverici orqanında o, ən ardıcıl Konstitusiya tərəfdarlarından biri kimi tanınmışdı. Ölkədə parlamentarizm ənənələrinin yaradılmasına qarşı çıxan Məhəmmədəli şah 1908-ci ildə bir qrup Məclis üzvü ilə görüşərkən Həsən Tağızadə nümayişkaranə şəkildə şahın əlini sıxmaqdan imtina etmişdi.

Bu hörmətsizlik müqabilində Seyid Həsən Tağızadə canını yaxşı qurtarmışdı. Məhəmməd Əli şah onu sadəcə ölkədən qovmuşdu. Onun əqidə yoldaşlarından ikisi, “Suri-İsrafil” qəzetinin naşiri Mirzə Cahangir xan, “Natiqlərin sultanı” ləqəbi ilə tanınan məşhur ziyalı və din xadimi Mirzə Nəsrulla Behişti “Şahi-bağ”da, Qacar hökmdarının gözləri qarşısında edam edilmişdilər.

Sürgündə bir neçə ay Londonda qalandan sonra İrana qayıdan Həsən Tağızadə Təbrizdə məskunlaşmış və Məhəmmədəli şah hakimiyyətdən devrilənə qədər doğma şəhərində yaşamışdı. O, mücahidlərin qələbəsindən sonra ölkənin idarəçiliyini öz əlinə alan 20 nəfərlik Müvəqqəti İcra Şurasının tərkibinə seçilmişdi. Seyid Həsən 1909-cu ildə ölkəsinin tarixində ilk çağdaş siyasi partiya sayılan İran Demokrat Partiyasını təsis etmişdi. Qurumun yaradılmasında həmin dövrdə siyasi mühacir kimi İranda yaşayan M.Ə.Rəsulzadənin də mühüm xidmətləri olmuşdu.

 

Böyük siyasi karyera

 

1910-cu ildə məcburi şəkildə Tehrandan uzaqlaşdırılan Həsən Tağızadə əvvəlcə İstanbulda, sonra ABŞ-da yaşamış, Birinci Dünya müharibəsi başlananda isə Berlində yerləşərək, burada gənc yazıçı Seyid Məhəmmədəli Camalzadə ilə birlikdə “Gavə” (“Dəmirçi”) jurnalını çap etməyə başlamışdı. Müharibə illərində jurnal İranın siyasi maraqlarını qoruyaraq almanpərəst mövqe tutmuş, daha çox Rusiya və Böyük Britaniya əleyhinə çıxışları ilə tanınmışdı. Hərb başa çatdıqdan sonra “Gavə” İran milli mədəniyyətinin Avropadakı başlıca orqanına çevrilmişdi.

Seyid Həsən Tağızadə həyatının sonlarında qələmə aldığı xatirələrini “Tufanlı ömür” adlandırmışdı. Həqiqətən də, onun həyatı keşməkeşlərlə dolu keçmişdi. Məşrutə inqilabının fəallarından biri kimi siyasətə atılaraq İranda mütləqiyyət quruluşuna qarşı mübarizə aparsa da, sonralar digər hakim sülalə - Pəhləvi xanədanı ilə yaxınlaşmış, həm Rza şah Pəhləvinin, həm də onun oğlu Məhəmməd Rza şahın hakimiyyəti illərində İranın ictimai-siyasi həyatında aparıcı mövqeyini qoruyub saxlamışdı. Amma Həsən Tağızadə İran Məclisinin digər üç deputatı ilə (Seyid Həsən Müdərris, Yəhya Dövlətabadi və gələcək baş nazir Məhəmmədəli Müsəddiq) birlikdə 1925-ci ilin oktyabrında Qacar sülaləsinin ləğvi haqqındakı qanunun əleyhinə səs vermişdir.

Seyid Həsən Tağızadənin uzunmüddətli siyasi və dövlətçilik fəaliyyəti ərzində tutduğu vəzifələrin qısa siyahısı belədir - Xorasan qubernatoru, Böyük Britaniyada İran səfiri (iki dəfə), İranın Yol və Nəqliyyat naziri, İran Maliyyə naziri, Fransada İran səfiri, İran Senatının sədri (1949-1967-ci illər) . Bundan başqa, o, dəfələrlə Iranın xüsusi missiya ilə dünyanın aparıcı ölkələrinə göndərilən nümayəndə heyətlərinə başçılıq etmişdi.

Dövlət idarəçiliyi və diplomatik fəaliyyəti ilə bir sırada Həsən Tağızadə müasir İranın tarixinə həm də görkəmli alim kimi daxil olmuşdur. Müasir alman iranşünası M.Y.Dresdenin yazdığı kimi, “həyatında dövlətçilik və idarəçilik istiqamətinin daim mühüm yer tutmasına baxmayaraq, Tağızadə özünün geniş bilikləri ilə, nüfuzu ilə klassik fars ədəbiyyatının, tarixinin, xüsusən də zərdüştiliyin və manixeyçiliyin öyrənilməsinə böyük töhfələr vermişdir”. Tədqiqatçı bu mənada Tağızadənin fəaliyyətini müasirləri olan görkəmli fransız alimləri və dövlət xadimlərinin - Leon Blum və Eduar Errionun gördüyü işlərlə müqayisə edirdi. Adları çəkilən şəxslər müxtəlif vaxtlarda Fransa hökumətində nazir və baş nazir vəzifələri tutmaqla yanaşı, həm də publisist, yazıçı, tarixçi və filosof kimi tanınmış, Fransa Akademiyasına üzv seçilmişdilər.

 

Mübarizə ideallarına dönük çıxdı

 

Məşhur ingilis iranşünası, “1905-1909-cu illər Iran inqilabı” kitabının müəllifi Eduard Braun bu əsərində Həsən Tağızadə haqqında yazırdı: “O, cəsarəti, müstəqilliyi və siyasi prosesləri ələ almaq baxımından qeyri-adi bacarığı ilə layiq olduğu yüksəkliyə ucalmışdı. Onun cəlbedici işıqla parıldayan gözlərində və nurlu sifətində nə isə insanı özünə çəkən, rəğbət doğuran bir ifadə vardı. Əgər gümanım məni aldatmırsa, o, öz dühası ilə böyük coşqu doğuran, böyük qurbanlar verməyə ruhlandıran və millətlərin tarixində uzun müddətli təsir buraxmağa qadir olan şəxsiyyətlərdən sayıla bilərdi”.

O, soy-kökü, etnik mənsubiyyəti etibarı ilə Azərbaycan türkü olsa da, təbii ki, özünü iranlı saymış və İran dövlətinin maraqlarını müdafiə etmişdi. BMT-də Cənubi Azərbaycan məsələsi müzakirə olunarkən İran nümayəndə heyətinə rəhbərlik məhz ona həvalə olunmuşdu. 1945-ci ildə Sovet qoşunlarının Təbrizə girməsi və Pişəvəri hökumətinə hərbi-siyasi dəstək göstərilməsi ilə əlaqədar İranın rəsmi etirazı da beynəlxalq qurumlara Seyid Həsən Tağızadə vasitəsi ilə çatdırılmışdı. Vaxtilə demokratiya uğrunda mübarizə aparmasına və İran Demokrat Partiyasının qurucusu olmasına baxmayaraq, sonda Həsən Tağızadə Pəhləvi rejiminin və İran şovinizminin tərəfində dayanaraq, irançılıq mövqeyindən mənsub olduğu xalqın haqqının tapdanmasına göz yummuşdu.

Azərbaycan Cümhuriyyətinin qurucularından olan M.Ə.Rəsulzadə ilə Həsən Tağızadə ilk dəfə 1909-cu ildə Tehranda tanış olmuş, daha sonra ünsiyyətlərini İstanbulda davam etdirmişdilər. 1955-ci ildə Məmmədəmin Rəsulzadə Ankarada həyata gözlərini yumanda Həsən Tağızadə Tehranda çıxan “Söz” dərgisində vida yazısı çap etdirmişdi. Həmin məqalədə M.Ə.Rəsulzadəni İranda Avropa tipli qəzetçiliyin banisi adlandıran müəllif daha sonra yazırdı: “Rəsulzadə, bütün ömrüm boyunca Şərq dünyasında misli-bərabərinə rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, düzgün sözlü, mətanətli, sözün tam mənası ilə doğru-dürüst, fikir və amalına dərin inam bəsləyən fədakar, mücahid və örnək sayılacaq bir insan idi. Belələrinə zəmanəmizdə, üstəlik də bizim tərəflərdə təsadüf etmək mümkün deyil”.

Seyid Həsən Tağızadə 1970-ci ildə vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 14 noyabr.- S.14.