Molla Nəsrəddin”də “Məşədi Sicimqulu” imzası

 

Satiranın güclü qələmi

 

Ötən əsrin görkəmli maarifçilərindən və “Molla Nəsrəddin” məktəbinin layiqli nümayəndələrindən biri də şair Əli Nəzmidir. O, dövrünün ən istedadlı yazarları sırasında yer alaraq, dövri mətbuatla daimi əməkdaşlıq etmişdir. Məmmədzadə Əli Məhəmməd oğlu 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov kəndində yoxsul bir ailədə doğulmuşdur. İbtidai təhsilini mollaxanada alan Əli sonra rus-tatar məktəbində oxumuşdur.

 

O, atasının vəfatından sonra güzəran üzündən doğma yurdunu tərk edərək Orta Asiyaya getmişdir. Burada o, Buxara və Səmərqənd şəhərlərində iki il tacir dükanında şagird olmuşdur. İşləməklə bərabər, mütaliə yolu ilə təhsilini artırmış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir. O, “Bikəs” təxəllüsü ilə şeirlər də yazmışdır.

Əli Nəzmi ədəbi fəaliyyətə 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi “Kənddə ibtida” adlı ilk şeiri ilə başlamışdır. Bu dövrdə 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaratmışdır. “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi tanınan şair satirik şeirlərini “Məşədi Sicimqulu”, “Kefsiz” və başqa gizli imzalarla çap etdirmişdir. Şairin felyeton və satirik şeirləri satirik-yumoristik jurnallarda, xüsusən “Molla Nəsrəddin”in səhifələrində müntəzəm çap olunmuşdur. “İstibdad”, “Qorxuram”, “Olacaqmı”, “Sizə nə”, “Ey fuqəra”, “Od tutub odlandı vətən” və başqa şeirlərində o, azadlıq ideyalarını təbliğ edirdi. Şair sonralar doğma kəndində təqib olunduğuna görə ailəsi ilə Gəncəyə köçmüş, burada kiçik ticarətlə məşğul olmuşdur. O, eyni zamanda öz satirik şeirlərini gizli imzalarla (A.S.Əlidəyənəkli, “Həcamətverdi”, “Sərsəri”, “Qanacaqsız”, “Şəmşir”, “Şəmşirək”, “Peşiman qoca”, “Gəncə Cavanları”, “Müt-şair”, “Şallax”, “Kav-mahi”, “Qoca zığ-zığ”, “Papiros-çəkən” və s.) çap etdirməyi də dayandırmır.

O, şeirə 1903-cü ildən başlasa da, “Molla Nəsrəddin”də ilk dəfə nəsr ilə, felyetonları ilə iştirak etmişdir. Jurnalın 11-ci nömrəsində Əli Nəzminin “Əlidəyənəkli” imzası ilə bir kiçik məktubu dərc olunmuşdur. Burada gəncəli quşbaz Hacı Hüseynin oğlu ilə rəftarından bəhs edilir. Hacının oğlu ağacdan dolaşa tutmaq istəyəndə yıxılır, ayağı sınır. Atası bu əhvalatdan xəbər tutub gəlir, oğlundan ilk soruşduğu bu olur: “- Oğul, necəsən? - Quş cibində ölməyib ki? Sağdırmı?”

 

Sabirin ən layiqli davamçısı

 

“Molla Nəsrəddin” jurnalının Sabir kimi ən fəal yazarlarından biri Əli Nəzmi olmuşdur. C.Məmmədquluzadə şairin bu dövrdəki fəaliyyəti haqqında belə yazır: “O vaxt biz məcmuəmizin 12-ci nömrəsində ”Quli-biyabani" sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin “Təmeyi-nahar”ı bizim səsimizə səs verdi. Burada Məşədi Sicimqulu kefsiz də meydana çıxdı və “pənah Allaha” - deyib, Sabirin “Tömeyi-nahar”ma cavab olaraq “Çayda çapan qardaşım, ağlama, ağları gör” mətləli şeirini göndərdi. Məşədi Sicimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbi şeirini büruzə verən haman “Tömeyi-nahar” olubdur... Haman M.Sicimqulu ki, öz dediyinə görə “Molla Nəsrəddin”in bu vaxtadək bircə nömrəsini də başdan-ayağa oxumamış keçirməyibdir. Sabirin bundan da qiymətli qeyri əşarına mütəəssir olmayıb, - nə qədər ki, “Tömeyi-nahar”ına olub, ona bir neçə aydan sonra cavab verməyi özünə borc bilibdir. Nədir burada şairi mütəəssir edən? Əlbəttə ki, Mollanın mövzusudur".

Satirik şair jurnaldakı fəaliyyəti ilə şeirdə də məharət sahibi olduğunu isbat etdi. Onun müraciət etdiyi mövzular demək olar ki, Sabirdən seçilmirdi. Onun xurafatçı hacıları, kərbalayıları, istismarçıları, nadan valideynləri, xalqı aldadan falçı, cindar və dərvişləri, Məhəmmədəli kimi şahları, xəsis və mənfəətpərəst “millət xadimləri”ni, “intelli-gentləri” həcv edən şeirlərində tam olaraq Sabir ruhu var. Sabir ilə Əli Nəzminin şeirlərini biri-birindən yalnız imzaları ayırırmış.

M.Ə.Sabirin vəfatından sonra istər “Molla Nəsrəddin”də, istərsə də “Məzəli”, “Zənbur”, “Tuti” və başqa mətbu orqanlarda ən yaxşı satirik şeirlər yazan Əli Nəzmi olmuşdur.

Amma şübhəsiz ki, Sabir kimi nəhəng bir sənətkarın qarşısına çıxmaq və onun işlədiyi mövzuları yazmaq Əli Nəzmi üçün asan deyildi. O isə qətiyyən qorxmadı. Sabirlə olan məslək birliyi, onun da qələmini Sabir istiqamətinə uyğunlaşdırdı. Əli Nəzminin cəsarəti, qələmə aldığı mövzulara sərbəst və müstəqil yanaşması, təsvirlərində kitaba yox, həyata əsaslanması onun müvəffəqiyyətinə səbəb oldu.

Şairin “İrsi-pədər”, “Gülürəm”, “Yorğun bir baxış” şeirlərində də cəhalət və nadanlığın ibrətli mənzərələri canlanır. Onun yaratdığı saqqalı hənalı oğrulara, riyakar ruhanilərə, hiyləgər tacirlərə, şeytan ziyalılara baxdıqca həm gülür, həm də pərişan olursan. Şair ölkəsində gördüyü cəhalət nümayəndələrini rahat buraxmır. Onların varlığı şairi dəli edir, onları qamçılamaq, qəflət yuxusundan oyatmaq istəyir. Onların qaragüruhçu hücumları da Əli Nəzmini qorxutmur. Şair inanır ki, bu gün də olmasa, sabah maarif işığı bütün qaranlıq guşələri işıqlandıracaq, günəş şüası yatanları oyadacaq.

 

“Sicimqulunamə” şeirlər külliyyatı

 

Belə bir sabahın əlamətlərini hətta Əli Nəzminin satira qırmancını dadan məşədi və kərbəlayıların özləri də duymuşlar. Onlar “zəmanənin dəyişdiyini” görməyə bilməzdilər. “Dəyişilir” sərlövhəli müxəmməsində şair bu duyğunu və bunun ilk təsirlərini qələmə almışdır: “Deməli, ömrünü yatmaqda keçirən və bunu həyat bilən adamların hamısı olmasa da, az bir qismi iyirminci əsrin təbəddülatını duymuşdur”. “Müftahülfərəc” şeirində səbrə ümid bağlayanları, “Ədəbiyyat, yaxud minacat” satirasında qəzetlərdən qorxub küyə düşən köhnəpərəstləri, “Məzəli” şeirində Məhəmmədəli şahı tənqid atəşinə tutan şair, kütlələri sayıq salmaq üçün bu mənfur simaların bütün çirkin əməllərini açıb göstərir, camaatda onlara qarşı nifrət oyatmağa cəhd edirdi.

Onun şeir dili sadə, səlis, üslubu rəvan, ilhamı qüvvətlidir. Şair öz şeirlərində həmişə sadəliyi saxlamağa çalışır. Onda kitab dilinin təsirləri azdır. Bu təsir olsa-olsa ciddi, lirik ruhlu şeirlərdədir. Satirasında danışıq dili və canlı ifadə nümunələri daha çoxdur. Əli Nəzminin təsvirləri yığcam və əhatəlidir. O, vəziyyəti, xasiyyət və lövhəni bir və ya bir neçə söz ilə təsvir etməyi bacarır.

Əli Nəzminin “Sicimqulunamə”sində toplanmış əsərlərindən başqa jurnal və qəzet səhifələrində də bir çox şeirləri var.

Əli Nəzmi Azərbaycanda Sovet hakimiyyəti qurulduğu ilk gündən yeni cəmiyyətin tərəfdarı kimi çıxış etmişdir. O, Gəncə məktəblərində müəllimlik etmiş, sonra “Yeni Gəncə” qəzeti redaksiyasında çalışmış (1924-1926), Bakıya köçüb “Kəndli” qəzeti və “Molla Nəsrəddin” jurnalı redaksiyasında məsul katib olmuşdur (1926-1931). Şair 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. O sonra təqaüdə çıxmış, həm də “Yeni yol”, “Kommunist” qəzeti redaksiyalarında müxtəlif vəzifələrdə işləmişdir. İkinci Dünya müharibəsi dövründə alman faşizminə qarşı kəskin satirik əsərlərlə çıxış etmişdir. Nizami, Firdovsi, Krılov kimi sənətkarlardan tərcümələr etmiş, eyni zamanda qiymətli ədəbi-tənqidi məqalələr yazmışdır. “Keçmiş günlər” (1944) adlı mənzum xatirəsi XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatını öyrənmək üçün maraqlıdır.

Şair 1946-cı il yanvarın 4-də Bakıda vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 15 noyabr.- S.14.