“Ədəbiyyatşünasların
rəhbəri” Xətib Təbrizi
20
yaşlı gəncin qeyri-adi istedadı
Azərbaycan
ədəbiyyatının tanınmış simalarından biri XI əsrdə
yaşayıb-yaratmış ensiklopedik
biliyə malik böyük
şəxsiyyət Xətib Təbrizidir. Xətib
Təbrizinin fitri istedadı hələ məktəb
yaşlarından özünü göstərməyə
başlamışdı. O, şərq poetika nəzəriyyəsi
ilə maraqlanır, bu mövzuda çoxlu kitablar oxuyurdu.
Qeyri-adi zəka sahibi olan 20 yaşlı bu istedadlı
oğlanın sualları qarşısında bəzən
böyük alimlər də susub qalırdı. Onun xüsusi zəkasını
görən müəllimləri məsləhət
görür ki, o, Suriyaya məşhur dilçi Əbü-l-Əla
Mərrinin yanına getsin. Sonralar şərqin böyük
alimlərindən biri olan Xətib Təbrizi haqqında yazan
salnaməçilər gənc nəslə nəsihət
olaraq göstərirdi ki, mənzil başına çatanda Xətibin
xurcunundakı kitablar tər qoxuyurdu.
Onun adı
tarixə dahi Azərbaycan alimi, ədəbiyyatşünas,
dilçi, şair və şərh ustası kimi
düşdü. Ərəb alimləri onu “ədəbiyyat,
qrammatika və leksikoqrafiya elmlərinin
başçısı”, “bütün ədəbiyyatşünasların
rəhbəri” adlandırırdı. Akademik Həmid Araslı
isə böyük alimi “XI əsrdə Azərbaycan türklərinin
yetirdiyi ən böyük şəxsiyyət” kimi qiymətləndirirdi.
Yəhya
bin Əli Xətib Təbrizi 1030-cu ildə Təbriz şəhərində
doğulmuşdu. Onun uşaqlıq və yeniyetməlik illəri
haqqında məlumat yoxdur. Bütün salnaməçilər
Xətibin tərcümeyi-halını onun Suriyadakı Məərə
ən-Nüman şəhərinə gəlməsindən
sonra təsvir edirlər.
Gənc Xətib
bu qədər uzun yolu boşuna gəlməmişdi. Əbü-l-Əla
əl-Məərri ərəb ədəbiyyatının ən
məşhur simalarından biri, ərəb dilçiliyi və
filologiyasının nəhəng bilicisi idi. Xətib Təbrizi
onun haqqında deyirdi ki, "ərəblərin dilində Əbü-l-Əlaya
məlum olmayan bircə söz də yoxdur". Bu sözlər
ona məxsusdur: “Bəşər cinsi iki qismə
bölünür: bir qismində ağıl var, din yoxdur, o
biri qismində din var, ağıl yoxdur.” Alimin gözləri kor olsa da, o, fenomenal
yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs
edərkən belə
bir hekayə danışır: “Nümanda
(şəhər adı),
Məərrə məscidində
mən onun qarşısında oturub,
ona (Əbül-Əlaya)
kitab oxuyurdum... Mən iki il
onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç
kəsi görməmişdim.
Birdən namaz qılmaq üçün
içəri girənlərin
arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi. Əbül-Əla
soruşdu: ”Sənə
nə oldu?". Mən dedim ki, iki ildir
öz ölkəmdən
heç kimlə rastlaşmamışam. İndi
bir qonşumu gördüm. O dedi: “Get bir az onunla
söhbət elə”.
Mən soruşdum: “Bəlkə dərsimi bitirim, sonra?”. O dedi: “Dur, mən
səni gözləyərəm.”
Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla
Azərbaycan türkcəsində
xeyli söhbət etdim. Sonra yerimə
döndüm. Əbüləla
soruşdu: “Siz hansı dildə danışırdınız?”. Mən cavab verdim ki, biz Azərbaycan əhalisinin dilində danışırdıq.
O dedi: “Mən (bu) dili bilmirəm.
Ancaq sizin bütün danışdıqlarınızı
təkrar edə bilərəm.” Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar
etdi. Qonşum təəccüblə söylədi:
“O, anlamadığı şeyləri
necə əzbərləyib?”.
“Nizamiyyə” mədrəsəsindəki fəaliyyəti
Yazılı mənbələrdə
xəbər verilir ki, Xətib Əbül-Əlanın yanında
təhsilini bitirdikdən
sonra müxtəlif Şərq ölkələrində
dövrün ən məşhur alimlərinin
yanında elm öyrənməyə
davam edir. Professor M.Mahmudov göstərir ki, səyahətə çıxmazdan əvvəl
Xətib bir müddət öz vətəni Təbrizdə
yaşayıb. Bu, müəlliminin
ölümündən sonra
(1057-ci ildə), yaxud bir qədər əvvəl olmalı idi. Bir şey
aydındır ki, Xətib Təbrizdə çox qalmır.
Oxumaq həvəsi onu yenə də
Suriyaya çəkib aparır. Xətib burada tanınmış ərəb alimləri Əli Rəqqi, İbn Dahan, İbn Bürhan və Səlim Razidən ilahiyyat, leksikoqrafiya və poetika dərsləri alır. 1064-cü ildə
Xətib Dəməşqə
gəlir və burada onun tanınmış
tarixçi Xətib Bağdadi (1002-1071) ilə
dostluğu başlayır.
Bağdadi onun üçün yalnız
yaxşı müəllim
və səmimi dost deyil, həm də zəngin bir hami olur.
Daha sonra Misirə
yola düşən Təbrizi orada saray alimi Tahir
ibn Babaşazdan ərəb qrammatikasını
öyrənir. 1067-ci il
sentyabrın 22-də Şərqin
mədəni həyatında
əlamətdar bir hadisə baş verir. Bağdadda türk-səlcuq hakimlərinin
vəsaiti hesabına məşhur vəzir Nizamülmülkün şərəfinə
“Nizamiyyə” adlandırılan
və sonralar bütün Şərqdə
şöhrət tapan
mədrəsə açılır.
Burada tarix, ədəbiyyatşünaslıq, dilçilik, astronomiya, riyaziyyat və bir çox başqa dünyəvi elmlər də tədris olunurdu. Buna görə də həmin universitet ən müxtəlif elmlərin inkişafında
mühüm rol oynamışdı. Həmin
mədrəsəyə dəvət
olunan kadrları səlcuq hakimləri özləri seçirdilər.
Xətib Təbrizi “Nizamiyyə” mədrəsəsinin
açılış günündən
ömrünün sonuna
qədər, təxminən
40 il burada filologiya tədris edir və mədrəsədəki
məşhur kitabxananın
təşkilatçısı və rəhbəri olur.
Demək olar ki,
həmin dövrdə
Bağdadda Şərqin
bütün alimləri
toplanmışdı. Mədrəsədə
zəngin kitabxanadan istifadə etmək hüququ qazanmış Xətib Təbrizi bu mədrəsənin öz əməkdaşlarının
və buraya dəvət etdiyi alimlərin iştirakı
ilə müzakirə
və mühazirələr
təşkil edir.
Xətib Təbrizinin yaradıcılığında əsas fəaliyyət sahəsi ədəbiyyatşünaslıq
idi. O, bu mövzuya iyirmiyə yaxın risalə həsr etmişdi. Bundan başqa, Xətib Təbrizi Qurana dördcildlik şərhlərin, ədəbi
əsərlərin və
leksikoqrafiyaya, qrammatikaya,
habelə ərəb poetika nəzəriyyəsinə
dair bir sıra risalələrin müəllifidir. Məhəmmədəli
Tərbiyət onun ərəb ədəbiyyatına
həsr olunan əsərlərinin əhəmiyyətini
qiymətləndirərək, Xətib Təbrizini “ərəb dilinin anası” adlandırır.
Professor M.Mahmudov alimin
əsərlərini məzmununa
görə dörd sahəyə bölür:
poetik əsərlərə
şərhlər, dilçilik
risalələri, ilahiyyata
dair tədqiqlər və poetik problemlərə həsr olunanlar.
Alimin ölməz əsərləri
Onun birinci sahəyə
aid əsərləri arasında
məşhur ərəb
şairi Əbu Təmmamın (796-843) “Həmasə”
(“Qəhrəmanlıq”) adlı
toplusuna şərhi diqqəti daha çox çəkir. Həmin toplunun yaranma tarixi maraqlıdır. Xorasandan İraqa gələrkən
o, Həmədanda öz
dostu Əbü-l-Vəfa Salamın yanında düşür.
Onun Həmədanda ləngimək fikri olmasa da, güclü
qar çovğunları
Xətibi bir neçə ay yoldan saxlayır. Vaxtını boş keçirməmək
üçün öz
güclü yaddaşına
və dostunun zəngin kitabxanasına arxalanan Əbu Təmmam Həmasə adı altında ərəb şairlərinin
poeziya antologiyasını
tərtib edir. Bu topluda ərəb şeirinin mövcud olduğu üç yüz il ərzində
yaşayıb-yaratmış altı yüzdən çox şairin əsəri təmsil olunub. Antologiyanın yazılması ilə dillərdə əzbər
olması bir olur. Toplu o qədər
məşhurlaşır ki,
Əbu Təmmamın
öz yaradıcılığı
bir tərəfdə qalır. Xətib Təbrizi bundan sonra eyni mövzuya
daha iki dəfə müraciət
edir. Birinci qısa şərhlərdə
ayrı-ayrı şeirlərin,
ikincisində beytlərin
izahı verilmişdisə,
sonuncu əsər daha kamil və
sanballı idi. Günümüzə yalnız
müəllifinə əbədi
şöhrət gətirmiş
ikinci şərh çatmışdır. Həmin
əsər Avropada
1850-ci ildə dörd
iri cilddə latınca, 1828, 1873 və
1938-ci illərdə ərəb
dilində nəşr
olunmuşdur. Çox
maraqlıdır ki, hələ Əbül-Əla
Məərrinin yanına
gedərkən yolda Xətib Mosula dönərək, bir nəfər yerli alimin yanında Əbu Təmmamın kitabının üzünü
köçürmüşdü.
1082-1083-cü ildə Xətib
Təbrizi ərəb
alimləri arasında
ilk dəfə öz müəllimi Əbül-Əla
Məərrinin “Səqt-əz-zənd”
(“Çaxmaq daşının
ilk qığılcımları”) əsərinə şərh
yazır.
Artıq yaşlı çağlarında o, özünün
son əsəri olan “Kitab əl-kafi fi-l əruz və-l-qəvafi” (“Əruz və qafiyə haqqında elmin yekunu”) üzərində işə
başlayır. Bu əsər
ərəb poetika nəzəriyyəsinə həsr
olunur və tezliklə böyük şöhrət qazanır.
Avropa alimləri bu kitaba XIX əsrdən
etibarən maraq göstərməyə başlayıblar.
Müasir dövrdə
bir neçə dünya kitabxanasından həmin risalənin onlarla nüsxəsi tapılmış, əsərin
tənqidi mətni hazırlanmışdır. Həmin
əsəri ilk dəfə
tədqiq etmiş Azərbaycan alimi Qaley Allahverdiyev yazır: “Kitab əl-Kafi fi-l-əruz və-l-qəvafi” əsəri ədəbiyyat nəzəriyyəsi,
poetika, ritorika və üslubiyyat haqda bütöv bir təlimdir."
Xətib Təbrizinin əlyazmaları bir çox tanınmış
muzey və kitabxanalarda saxlanır. Bunlardan ən qiymətlisi, şairin özü tərəfindən
üzü köçürülmüş
və Tunis milli kitabxanasında saxlanan şərhin əlyazmasıdır.
Həmin şərh şair Müfəzzəl
Dabinin “Müfəzzəliyyat”
adlı antologiyasına
yazılmışdır.
Xətib Təbrizi 1109-cu ilin yanvar ayında
vəfat etmişdir. Onun dəfn mərasiminə bütün
Bağdad yığışmışdı.
Xətib Təbrizini Bağdadın “Bab Abraz” qəbiristanlığında
dəfn etmişlər
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir.
Azadlıq.- 2012.- 17 noyabr.-
S.14.