ABŞ-ın ziddiyyətli prezidenti
Ötən həftədən etibarən
“Azadlıq”ın hər bazar günü
buraxılışında Amerika prezidentləri barədə
maraqlı məlumatları oxucularımızla
bölüşürük. Daha dəqiq desək, Elşən
Bayramzadənin “Amerika prezidentləri” kitabında müxtəlif
dövrlərdə Birləşmiş Ştatlara rəhbərlik
etmiş şəxslər barədə yazılanları
ixtisarla dərc edirik.
Con Adams (1797-1801)
Corc
Vaşinqtondan sonra ölkəyə rəhbərlik etmək
olduqca çətin idi. 1796-cı il seçkilərində
qalib gəlmiş Con Adams üçünsə ikiqat çətin
idi. Balaca boylu, dolu bədənli Adams, təkcə öz xarici
görünüşü deyil, həm də ideya və
dünyagörüşü ilə Vaşinqtonun tam əksi
idi. Aristoteldən Monteskyöyədək əksər dahi
müəlliflərə dərindən bələd
olmuşdu.
Con Adams
1735-ci il oktyabrın 30-da Massaçusets ştatının
Breyntri yaşayış məntəqəsində, nüfuzlu
fermer ailəsində dünyaya gəlmişdi. Ailə kənd
şəraitində yaşamasına baxmayaraq, təhsilə
xüsusi meyli ilə digərlərindən fərqlənirdi.
Gələcək prezident Harvardda təhsilini bitirdikdən
sonra vəkil kimi fəaliyyətə başlayır və
tezliklə böyük uğurlar qazanır. Çox
keçmir ki, onun adı Bostonun tanınmış vəkillərilə
bir sırada çəkilir. 1764-cü ildə pastor
qızı Abigeyl Smitlə ailə həyatı qurur. Bu,
Amerika müstəmləkələrinin metropoliyaya
qarşı mübarizəsinin başlandığı
dövrə təsadüf edir. Öz karyerası haqqında
düşünən gənc Adams bu mübarizədə
iştirak etməkdən çəkinir. Hətta o, 1770-ci ildə
Bostonun mülki əhalisinə qarşı qanunsuz əməllərinə
görə mühakimə edilən ingilis əsgərlərini
müdafiə edir.
Ceffersonla dostluğa son qoyan yazı
Lakin tezliklə
əmisi oğlu Samuel Adamsın təsiri altında mübarizəyə
qatılır. Kontinental konqresin nümayəndəsi kimi,
istiqlaliyyət qazanılmasında mühüm rol oynayır.
Konqresdə İstiqlaliyyət Bəyannaməsini
hazırlayacaq komissiyanın beş üzvündən biri olur.
1778-ci ildə oğlu Con Kunsi ilə birgə diplomatik
danışıqlar aparmaq üçün Avropaya göndərilir. Diplomatik nümayəndə heyətinə
“Birinci amerikalı” adını almış Benjamin Franklin
başçılıq edirdi. Bu səbəbdən onun fəaliyyəti
kölgədə qalmışdı.
1779-cu ildə
vətənə qayıdan Adams Massaçusets
ştatının konstitusiyasını hazırlayır. Bu
konstitusiyanın başlıca xüsusiyyəti - güclü
idarəedici hökumət, ikipalatalı qanunverici orqan və
müstəqil məhkəmə sistemi - onun ideal hesab etdiyi
qarışıq və məhdud idarəetmə forması
idi. Lakin o, 1787-1788-ci illərdə yeni konstitusiya layihəsinin
müzakirələrində bir o qədər fəallıq
göstərmirdi. Bəzən hakimiyyətin bölünməsinə
etirazlarını bildirən anti-federalistlərlə
razılaşır, qeyri-ardıcıllığı ilə
özünü çətin vəziyyətə
salırdı.
1788-ci il prezident
seçkiləri ilə əlaqədar Massaçusetsə
qayıdır. Adams Vaşinqtona alternativ qismində,
özünü bu vəzifəyə şanslı hesab etmirdi
və vitse-prezidentliklə razılaşmaq onun
üçün elə də çətin deyildi.
Vitse-prezident
kimi, Adamsın ölkənin idarə edilməsində kifayət
qədər böyük xidmətləri olmamışdı.
Prezident Corc Vaşinqton onunla təsadüfi hallarda məsləhətləşərdi.
Konstitusiyanın müvafiq bəndinə görə, o, həmçinin
Senatın sədri hesab olunurdu. Səsvermələrdə səslərin
sayı bərabər olduqda həlledici səsə malik idi.
Adams
özünü Respublikaçı hesab etsə də, gələcəkdə
Birləşmiş Ştatların İngiltərə kimi
monarxiyalı respublikaya çevriləcəyinə olan
inamını gizlətmirdi. 1791-ci ildə çap etdirdiyi
“Davil haqqında düşüncələr”i Fransa burjua inqilabının təsiri
altında olan amerikalılar arasında öz nüfuzunu itirməsinə
səbəb olur. Başlıcası isə, bu yazı onun
Ceffersonla olan dostluq münasibətlərinə son qoyur. Lakin
Şimal ştatlarında o, hələ böyük hörmətə
malik idi və 1792-ci il seçkilərində yenidən
vitse-prezident seçilir.
1795-ci ildə
Vaşinqton bir daha prezident seçilməyəcəyini bəyan
etdikdə Konqresin federalist üzvləri Adamsın namizədliyini
irəli sürməyi qərara alırlar. Növbəti ildə
16 ştatda keçirilən seçkilər (bu zaman Kentukki,
Tennesi və Vermont da ittifaqa daxil olmuşdular) partiyalı
sistemin yeni inkişaf mərhələsi olur. Seçkilər
artıq özlərinin təkmil ideologiya və proqramları
olan partiyaların yarışına çevrilir.
Respublikaçılar isə T.Cefferson və Aron Burrun namizədliyini
irəli sürürlər. Gərgin keçən seçkilərdə,
Adams yalnız iki səs üstünlüyü ilə qalib gəlir.
T.Cefferson vitse-prezident seçilsə də, bu vəzifəni
ciddi qəbul etmir və özünün Montiçellodakı
malikanəsinə çəkilir. Partiyalı seçkilərdə,
vitse-prezidentin uyğun Konstitusiya maddəsilə müəyyənləşdirilməsi
özünü doğrultmur və bu
çatışmazlıq 1804-cü ildə Konstitusiyaya edilən
12-ci düzəlişlə aradan qaldırılır.
Adamsın nüfuzuna zərbə vuran
proseslər
1797-ci il 4
martda inauqurasiya nitqi söyləyən Con Adams siyasi
qruplaşmalar arasında barışdırıcı mövqe
tutacağını vəd edir. Öz sələfinə sadiq
olduğunu göstərərək, kabinetdə ciddi dəyişiklik
etmir. Və tezliklə səhv etdiyini anlayır. Əslində,
Adamsın mükəmməl fəaliyyət proqramı
olmayıb. Bu səbəbdən o, vaxtının çox hissəsini
Massaçusetsdəki malikanəsində keçirir. Digər
tərəfdən, o, qarşıya çıxan hər
hansı problemi qətiyyətlə həll etmək
bacarığına malik idi.
Adamsın
yeritdiyi xarici siyasi kurs əsasən ABŞ-ın beynəlxalq
aləmdə bitərəfliyinə hesablanmışdı. İngiltərə
ilə münasibətlər Cey tərəfindən
bağlanmış müqavilə ilə tənzimlənirdisə,
artıq 1796-cı ilin payızından Fransa ilə münasibətlər
korlanmağa başlayır. 1797-ci ilin mayında prezident
ekstremist federalistlərin etirazına baxmayaraq, münasibətləri
qaydaya salmaq üçün Fransaya nümayəndə heyəti
göndərir. Altı aydan sonra nümayəndələr
danışıqların baş tutması üçün
Fransa Xarici İşlər Naziri Taleyranın onlardan
böyük miqdarda pul tələb etdiyini bildirirlər.
Bu hadisə
tarixə “XYZ fırıldağı” kimi düşüb.
Problemin bu yolla həlli Adamsı razı salmır və 1799-cu
ilin 18 fevralında Parisə yeni nümayəndə heyəti
göndərilir. Nəhayət, danışıqlar öz səmərəsini
verir. 1800-cü ilin oktyabrında Napoleon Fransası ilə
ABŞ üçün əlverişli müqavilə
imzalanır və hələ onun prezidentliyi dövründə
Senatda ratifikasiya edilir.
Bu proseslər
Adamsın nüfuzuna böyük zərbə vurur.
Çünki onun tərəfdarları arasında da Fransa ilə
müharibənin başlanmasını istəyənlər
vardı. Bəzi federalistlərin, xüsusilə A.Hamiltonun
Luiziana və Floridanı işğal etmək barədə
fikirləri özünə tərəfdarlar toplaya
bilmişdi. Hamilton və onun bir çox tərəfdarlarının
kabinetdən kənarlaşdırılması
federalistlər arasındakı ziddiyyətləri daha da kəskinləşdirirdi.
Cavab olaraq Hamilton Adamsın daha prezidentliyə
yaramadığını bəyan edir. Bu isə növbəti
seçkilərə öz təsirini göstərməyə
bilməzdi.
Prezidentliyinin
son aylarını Adams Vaşinqtonda davam etdirir. 1790-cı ildə
paytaxt haqqında qəbul edilmiş qərara əsasən, Vaşinqton
şəhərinin tikintisi yekunlaşırdı. Hökumətin
buraya köçməsi 1800-cü ilin yazına təsadüf
edir. Köçürmə prosesi çətin olmur və qısa
müddətdə həyata keçirilir. Nazirliklərin
bütün sənədləri yeddi iri qutuya asanlıqla yerləşirdi.
Abigeyl Adams prezident sarayının ilk “sahibəsi” olur.
Con Adamsın
prezidentlik kürsüsündəki son fəaliyyəti, bir
çox gələcək konfliktlərin əsasını
qoyur. Bu, çoxsaylı hakim vəzifələrinə
federalistlərin təyin edilməsilə həyata
keçirilir. Ən başlıcası isə, xarici işlər
naziri Con Marşalın ABŞ Ali Məhkəməsinə sədr
təyin edilməsi olur. 1801-ci il 4 martda Ceffersonun prezidentlik fəaliyyətinə
başlamasına bir neçə saat qalmış Adams ikinci
müddətə seçilməmiş ilk eks-prezident kimi nəzərə
çarpmadan paytaxtı tərk edir.
65
yaşlı eks-prezident özünü vəkilliyə və
ya yenidən siyasi mübarizəyə həsr etmək
üçün çox yaşlı hesab edirdi. Onun tarixin
gedişi, vaxtında həll edə bilmədiyi problemlər
haqqında fikir yürütməyə çoxlu zamanı
vardı. Bu düşüncələr onun ədəbi-fəlsəfi
yaradıcılığında öz əksini
tapmışdı. 1811-ci ildən başlayaraq, öz köhnə
rəqibi T.Ceffersonla yazışmaları ona bir növ məğlubiyyət
acısını unutdurur. Ömrünün son günlərini
Boston yaxınlığındakı Kuinsi malikanəsində
keçirir.
Con Adamsın
oğlu C.K.Adams 1824-cü ildə prezident seçildikdən
sonra - 1826-cı il iyulun 4-də o, 90 yaşında vəfat
edir. Bu gün Con Adams ABŞ tarixində görkəmli
dövlət xadimlərindən biri hesab edilir. Bu dəyərləndirmə
onun prezidentlik fəaliyyətini yox, bütün həyat və
yaradıcılığı kontekstində
götürülür.
Azadlıq.- 2012.- 18-19 noyabr.- S.12.