“Ölüm var ki, həyat qədər dəyərli...” .
Azərbaycanın ilk Milli Qəhrəmanı
Kazımağa Kərimov
Azərbaycanın tarixinə
şanlı səhifələr yazan qəhrəmanlarımız
sırasında Qarabağ döyüşçülərinin
də öz rolu var. Yaşadığımız tarixin şərəf
dastanlarını yaradan bu qəhrəmanların adları
xalqın varlığı və gələcəyi
üçün bir qürur mənbəyidir. Belə qəhrəmanlarımızdan
biri də Qarabağ savaşlarında igidliklə şəhid
olan Kərimovdur.
Azərbaycanın
ilk Milli Qəhrəmanı adına layiq görülən
şəxslərdən biri olan Kazımağa Möhsün
oğlu Kərimov 1951-ci ilin 1 sentyabrında Qubadlı rayonunun
Sarıyataq kəndində ziyalı ailəsində anadan
olmuşdur. O, ailədəki səkkiz oğul övladından
biri idi. Bütün valideynlər kimi Möhsün müəllimin
də böyük arzusu övladlarını layiqli səviyyədə
boya-başa çatdırmaq, onları gələcəyin dəyərli
insanları kimi yetişdirmək idi. Böyük bir ailə
üçün asanlıqla başa gəlməsə də,
o, övladlarının təhsili üçün əlindən
gələni etmiş, istəyinə nail olmuşdur. Fədakar
ata onların hər birinin öz istədikləri peşənin
arxasınca getməsi üçün bütün səylərini
sərf etmişdi.
Kazımağa
ailənin yeddinci övladı idi. O da başqa
qardaşları kimi orta məktəbi doğulub boya-başa
çatdığı Qubadlıda bitirmişdi. Məktəbi
başa vurduqdan sonra o, ali təhsil almaq arzusuyla Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinə gəldi.
O, beş il müddətində təhsil aldığı
universitetin bütün ictimai işlərində ən fəallıq
göstərənlərdən oldu. Eyni zamanda, onun dövri mətbuatda
tez-tez yazıları da dərc olunurdu. Arzulayaraq seçib
getdiyi bu yolda ürəklə irəli gedən Kazımağa
bir gün əlinə qələm yerinə silah götürəcəyini
düşünməmişdi hər halda. O, həqiqətən
tanınmış bir qələm sahibi olmaq istəyirdi.
Tanıyanlar
onun xarakter etibarı ilə də fərqli biri olduğunu
deyirdilər. Zahirən nə qədər zəhmli
görünsə də, daxilən çox səmimi və
yardımsevər bir insan idi. Ən kiçik
haqsızlığa, ədalətsizliyə belə göz
yummaz, anında səsini ucaldırdı. Kazımağanı
həmyaşıdlarından fərqləndirən başqa bir
xüsusiyyət də onun ətrafda cərəyan edən
hadisələri özünəməxsus şəkildə
analiz edərək düzgün qərarlar
çıxarması idi. “Kazımağanın bu xüsusiyyəti
tələbəlik illərində onun müəllimi olmuş
Bakı Dövlət Universitetinin professoru,
yazıçı-publisist Qulu Xəlilovun onunla bağlı qələmə
aldığı xatirələrində də öz əksini
tapmışdır. Müəllimi öz tələbəsinin
bu xarakterini onun adında olan ”ağa" sözü ilə
bağlamış və bu sözün sanki onun xarakterində
özünü göstərdiyini
vurğulamışdı"(Vikipedia).
Qələmi bəzən həqiqi silah əvəz
edir
Universiteti
bitirdikdən sonra Kazımağa öz peşəsinin
arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi”
jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində
çalışmışdır.
Amma 1988-ci
ildə vətən göylərini qara buludlar
aldığı zaman heç vaxt ədalətsizliklə
barışmayan Kazımağa öz vətəndaşlıq
borcunu yerinə yetirmək qərarını verdi. Əlinə
silah götürdü. Evini, ailəsini və peşəsini
arxada qoyaraq cəbhə bölgəsinə yollandı. Amma
Kazımağanın döyüş yolu doğulub
boya-başa çatdığı doğma Qubadlıdan deyil,
Goranboydan keçdi. Goranboy rayonunda yaradılan
könüllü özünümüdafiə
batalyonlarından birinə komandir müavini təyin olunan
Kazımağa baş leytenant rütbəsi ilə doğma
torpaqlarımızın müdafiəsinə qalxdı.
Əslində,
o, xaraktercə hərbiçilikdən çox uzaq bir insan
idi. Onu tanıyanların da, heç onun özünün də
təsəvvürünə gəlməzdi ki, ömründə
qarışqa tapdalamayan bir insan nə vaxtsa döyüş
meydanına girib ölüm-dirim savaşı aparacaq.
Ancaq “ot
kökü üstə bitər” deyirlər.
Kazımağanın babası Azərbaycan tarixində önəmli
adı olan şəxslərdən biri idi. O, XIX əsrin ikinci
yarısında indiki Sankt-Peterburq şəhərində Ali Hərbi
məktəb bitirmiş və 1918-1920-ci illərdə Ermənistan-Azərbaycan
müharibəsi zamanı doğma torpaqlarının müdafiəsinə
qalxmış Zəngəzur mahalında tanınmış İsmayıl
bəyin nəvəsidir.
Kazımağa
Kərimov ilk günlərdən bir çox mühüm hərbi
əməliyyatlarda iştirak etmişdir. O, Goranboy rayonunun
Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap
Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə
komandanlıq etmişdi. Bu döyüş meydanına yeni gələn
bir qələm sahibi üçün asan deyildi. Amma
döyüş ruhu və düşmənə nifrət ona
yol göstərdi. Keçirdiyi əməliyyatların
uğuru onu daha da cəsarətləndirirdi. Onun planında
daha bir əməliyyat vardı. Bu əməliyyat planına
düşmən tapdağı altında olan Goranboy rayonunun
azad olunması daxil idi. O, bu əməliyyata xüsusi
hazırlaşırdı. Amma bu, Kazımağanın
iştirak etdiyi sonuncu əməliyyat olur. 1992-ci ilin 12-13 iyun
tarixlərində Goranboy rayonunun azad olunması uğrunda həyata
keçirilən döyüşdə ağır
yaralandı. Komandirin ağır yaralandığını
görən əsgər və zabitlərdə ruh
düşkünlüyü yarandığını hiss edən
Kazımağa yenidən döyüşü davam etdirmək əmri
verdi. O önəmli gün Azərbaycan tarixinə Goranboy
rayonunun azad olması günü kimi həkk olur.
Bu son döyüş,
bu son vida...
Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın
sonunadək döyüşdə
iştirak edən Kazımağa döyüş
bitdikdən sonra Bakı şəhərində
yerləşən Hərbi
Hospitala çatdırılır. Bu zaman ayağından yaralanan Kazımağa doğmalarının
onun ayağını
itirəcəyindən qorxduqlarını
hiss edərək, özünü
itirmədən əllərini
havaya qaldıraraq “yaxşı ki, yazan əlim var” deyir. Lakin Kazımağanın bir ayağını itirəcəyi
qorxusu ilə yaşayan insanların heç ağlına belə gəlməzdi ki, onun özünü
itirəcəklər. Heç kəs bu cəsarətdə,
bu əzmdə və bu hünərdə
olan bir igidin ayağından aldığı yara ilə dünyasını
dəyişəcəyini güman
etmirdi. Kazımağa Kərimov 15 iyun
1992-ci ildə ömrünün
41-ci baharında gözlərini
əbədi yumaraq şəhidlik zirvəsinə
ucaldı.
Kazımağa Kərimova ölümündən bir
həftə sonra Azərbaycanın ilk Milli Qəhrəmanı fəxri
adı verildi. Bu ada layiq görülən Kazımağa həm də o adı qazanan ilk jurnalist idi.
K.Kərimov son dəfə Bakı şəhərində
tələbə yoldaşları
və qələm dostları ilə görüşəndə onlara
yaxın zamanlarda Qarabağ müharibəsində
dönüşün təməlinin
məhz Goranboy cəbhəsində qoyulacağını
söyləmişdi. O, eyni zamanda
düşmən tapdağı
altında olan bütün torpaqları azad olduqdan sonra
qələmi yenə əlinə alaraq onlarla çiyin-çiyinə
çalışacağına dair söz vermişdi.
Yoldaşları ilə
halallaşan Kazımağa
növbəti dəfə
Bakıya iyun ayının 16-da gələcəyini
söyləmiş və
görüş yeri olaraq Şəhidlər Xiyabanını nişan
vermişdi. Lakin bu dəfə
həmin tarixdə Kazımağa ilə görüşməyə gələnlər
Şəhidlər Xiyabanında
gözləmədikləri bir mənzərə ilə qarşılaşdılar.
Kazımağa bu dəfə
onu sevənlərin çiynində son mənzilə,
çox sevdiyi vətən torpağına
yola salınırdı.
Hazırda Milli Qəhrəmanın
Goranboy şəhərində
büstü qoyulub.
Qəhrəman döyüşçü
evli idi, bir oğlu yadigar
qalıb.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir.
Azadlıq.- 2012.- 21 noyabr.- S.15.