Xoyskilərin ulu babası Cəfərqulu xan .

 

Dünbüli tayfasının başçısı

 

Azərbaycanda çox məşhur olan və Şəki xanlarına bağlılığı ilə bilinən Xoyski soyadının kökləri Cənubi Azərbaycanın Dünbülü tayfasından gəlir. Mənbələrdə bu familiyanı ilk dəfə Xoy xanı Cəfərqulu xanın götürdüyü yazılır. Cəfərqulu xan Dünbüli Xoy şəhərində anadan olmuşdu. Doğum tarixi dəqiq məlum deyil. O, mükəmməl saray təhsili almış, yüksək səviyyədə yetişdirilmişdi.

 

1786-cı ildə atası Əhməd xan öldürüləndən sonra Cəfərqulu xan qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qəsdçilərin əlində qalan qardaşı Hüseynqulu xan İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Amma başqa qardaşları qılıncdan keçirildi. Hünər və şücaətdə məşhur olan, Batmanqılınc ləqəbi ilə tanınan Cəfərqulu xan qısa bir müddətdə böyük qoşun toplayaraq qisas almaq və xanlığı xilas etmək üçün müharibəyə girişdi. Ona Marağalı Əhməd xan, Urmiyəli Məhəmmədqulu xan (Əhməd xanın kürəkəni) yardım edirdilər. Gürcü çarı II İrakli Dünbüli tayfasının hörmətini qazanmaq və Xoy xanlığı ilə gürcü çarlığı arasındakı münasibətləri nizama salmaq məqsədi ilə Cəfərqulu xanın sərəncamına (1786-cı ildə) 800 nəfər məharətli döyüşçü göndərdi. Beləliklə, qonşu xanlıqların və gürcü çarının yardımı ilə Cəfərqulu xan qısa bir vaxtda düşmənləri cəzalandırdı. Bundan sonra həbsdən azad etdiyi böyük qardaşı Hüseynqulu xanı da Xoy xanlığının taxtına oturtdu.

Bu dövrdə məşhur sərkərdə ilə bağlı tarixi araşdıran publisist-tədqiqatçı Ənvər Çingizoğlu yazılarında onun həyatının tam mənzərəsini əks etdirib. O arxiv materiallarına əsaslanaraq yazır ki, Cəfərqulu xanın qələbəsinə baxmayaraq, Əhməd xanın hakimiyyəti dövründə Xoy xanlığından asılı olan bir sıra ölkələr onun ölümündən sonra asılılığa son qoydular.

O zaman Əsgər xan Əbdülməliki-Avşar Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşarın əlindən qaçıb Xoya sığınmışdı. O, yaxını Əhməd bəyi Xoya göndərmişdi ki, Xoy xanının eşikağası İbrahim xanı tapıb, qardaşı Mirzə Əbülhəsən bəyin xilas edilməsinə yardım göstərsin. Hüseynqulu xan Məhəmmədqulu xanın təsirindən çıxmaq üçün fürsət gəzirdi. Buna görə də, qoşun hazırlanması üçün sərkərdələrinə göstəriş verdi. Qoşun bir neçə gün ərzində hazır oldu. Hüseynqulu xan qardaşı Cəfərqulu xanı qoşun başçısı təyin etdi. Əmr verdi ki, Urmiyaya gedib, əvvəlcə xoşluqla Əsgər xanın qardaşı Mirzə Əbülhəsən bəyi Məhəmmədqulu xandan istəsin. Əgər verməsə, zor işlədib, Urmiyanı dağıdıb qayıtsın. Beləliklə, Cəfərqulu xan qoşunla Salmasa daxil oldu. Əsgər xan onun qoşununu orda qarşıladı. Məhəmmədqulu xan bu hadisəni eşidib, qardaşı Qasım xanı qoşunla Salmas tərəfə yola saldı. Savaş başlandı. Avşarlar Əsgər xana görə cani-dildən vuruşmurdular. Ona görə də məğlub olub, geriyə qaçdılar. Cəfərqulu xanın qoşunu avşarları Urmiyanın ətrafındakı Qızqalasınadək izlədi. Bu vəziyyəti görən Məhəmmədqulu xan qalanın qapısını bağlatdırıb, içəridə gizləndi. Xoy qoşunu Urmiyanı mühasirəyə aldı. Avşar bəyləri Xoy qoşununun azğınlığını görüb qaladan çıxdılar. Savaş əsnasında sərkərdə Hacı İbrahim Xoylunun atı ürküb avşarlara tərəf qaçdı. Onun ardınca da bir neçə nəfər sərkərdə getdi. Bu sərkərdələr Cahangir bəy, Ağası bəy, Əsəd bəy Dünbüli idilər. Avşarlar onları tutub, öldürdülər. Avşar bəyləri Dünbüli sərkərdələrinin başını Məhəmmədqulu xana ərməğan apardılar. Məhəmmədqulu xan Məhəmmədhəsən bəy Mahmudlu-Avşara və vuruşmada seçilən digər avşar bəylərinə xeyli ənam-ərmağan payladı. Əsgər xan bu savaşdan mütəssir oldu. O, qardaş qırğınını dayandırmaq üçün el böyüklərinə məktub yazdı. Xəbər göndərdi ki, Urmiyaya qardaşı üçün gəlib. Mirzə Əbülhəsən bəyi alıb, qayıtmaq fikrindədi. Əfrasiyab sultan Zərza barışıq olduğunu görüb, məktubun xana yetişməsinə mane oldu. Avşar bəylərini növbədən götürüb, kürdlərlə əvəzlədi. Xana bildirdi ki, onlar Əsgər xana görə sənə xəyanət edəcəklər.

 

Böyük çəkişmələr və savaşlar məngənəsində

 

Mühasirənin üçüncü günü Cəfərqulu xan Dünbüli qala divarlarına yaxınlaşıb, bildirdi ki, Mirzə Əbülhəsən bəyi verin qayıdıb, vilayətimizə gedək. Əfrasiyab sultan ətraf mahallardan yardım çağırdığından, Cəfərqulu xandan üç gün möhlət istədi. Üç gündən sonra ətrafdakı avşarlar və zərzalar gəlib yetişdilər. Məhəmmədqulu xanın qoşunu güclənib, savaşa hazır oldu.

Bu zaman Əsgər xan Xoy qoşunundan aralanıb, avşar qoşununun önünə tək çıxdı. Onu görən avşarlar utanıb, başlarını aşağı dikdilər. Bayraqdar Məhəmmədsəfi bəy Yorğanlı bayrağını əlindən yerə saldı. Xoyun Heydəranlı tayfası bayrağın yerdə olmasını görüb, hücuma keçdi. O, Zərza cinahına girişib, oranı dağıtdı. Nəticədə, Urmiya qoşunu məğlub olub, qalaya çəkildi.

Cəfərqulu xanla Əsgər xan mühasirənin 12-ci günü yenidən Məhəmmədqulu xana məktub göndərdilər. Onlar əvvəlki istəklərini təkrar etdilər. Məhəmmədqulu xan onları aldatdı. Mirzə Əbülhəsəni buraxacağına söz verdi. Onlar Xoya qayıtdıqdan sonra isə Təbriz hakimi Xudadad xan Dünbülinin öyrətməsi ilə Mirzə Əbülhəsən bəyi öldürdü. Əsgər xan yenidən sarsıldı. O, Məhəmmədqulu xana qarşı mübarizəsini fəallaşdırdı. Yeganə inandığı adam Cəfərqulu xan Dünbüli idi. O dönəmdə İranda güclənən Ağaməhəmməd xan Qovanlı-Qacar birər-birər müstəqil xanlıqları məğlub edib, bir bayraq ətrafında birləşdirirdi. O, 1792-ci ildə Azərbaycana hücum etdi. Sərab xanlığının hakimi Sadıq xan Şəqaqi məğlub olub, Qarabağa, İbrahimxəlil xanın yanına qaçdı. İbrahimxəlil xan Ağaməhəmməd xanın qüdrətindən çəkinsə də, ona itaət etmədi.

Ağaməhəmməd şah Qarabağda öldürüləndən sonra Cəfərqulu xan müstəqil olmaq fikrinə düşdü. Belə olduqda, azad olmaq istəyən digər xanlar, Sadıq xan Şəqaqi və Məhəmmədqulu xan Avşar da ona qoşuldu. Müstəqillik hərəkatı Xoyda başlandı. Hüseynqulu xan Dünbüli qasidi Süleyman bəy vasitəsilə Urmiyaya, Məhəmmədqulu xana xəbər göndərdi ki, fəallaşsın. Məhəmmədqulu xan Avşar elinin ağsaqqallarını bir yerə toplayıb, məsləhət istədi. Avşar başçıları ona məsləhət verdilər ki, özü həmin xanların yanına gedib, işi dərindən öyrənsin. Sadıq xan Şəqaqi də qoşunu ilə Xoya gəldi. Hüseynqulu xan onu təntənəli qəbul etdi. Məhəmmədqulu xanın dəstəsi Xoyun “Dağbağı”nda yerləşdi. Hüseynqulu xan, Cəfərqulu xan və Sadıq xan hamısı bir ağızdan Məhəmmədqulu xanı özlərinə rəhbər seçdilər. Onun sözündən çıxmayacaqlarına vəd verdilər. Ətraf xanlara məktub göndərib, ittifaqa dəvət etdilər. İrəvan hakimi Məhəmməd xan Ziyadlı-Qacara, Naxçıvan hakimi Abbasqulu xan Kəngərliyə, Meşkin hakimi Ata xan Şahsevənə, Marağa hakimi Əhməd xan Müqəddəmə çaparlar göndərib, Təbrizə çağırdılar. Məhəmmədqulu xan, Cəfərqulu xan və Sadıq xan Təbrizə yollandılar. Xoy xanının müttəfiqi Əsgər xan Avşar Sadıq xan Şəqaqi ilə birləşib, özlərinə həmfikir tapmaq üçün Təbrizdən Marağaya gəldilər. Əhməd xan Müqəddəmin və Mahmud xan Qasımlı-Avşarın onlara qoşulacağını zənn edirdilər. Amma gözlədiklərinin əksinə onlar üsyançılara qoşulmadılar. Əsgər xan və Sadıq xan Marağanı mühasirəyə aldılar. Marağa 12 gün mühasirədə qaldı. Fətəli şah Qovanlı-Qacarın ordusu Nikpey adlı yerə çatanda Cəfərqulu xan Dünbüli Əsgər xanla Sadıq xanı öldürmək fikrinə düşdü. Əsgər xan bu qəsddən duyuq düşdü. Sadıq xanı da xəbərdar etdi. Hər ikisi qaçıb, şahın ordusuna qoşuldular. Sadıq xan Süleyman xan Etizaddövlə Qacarı araçı saldı ki, şah onları bağışlasın. Hər ikisi bağışlandı. Əsgər xan Fətəli şah Qovanlı-Qacar tərəfindən ordunun bir bölməsinə sərkərdə təyin edildi. Üsyançı Cəfərqulu xan Dünbiliyə qarşı vuruşdu

 

Rusların təyin etdiyi Şəki xanı

 

Bir müddət sonra Cəfərqulu xanın 300 nəfərlə ova getməsindən istifadə edən Fətəli şah Xoya qoşun göndərib xanın oğlunu, arvadını və qardaşını girov götürdü. Cəfərqulu xan İrəvana getdi. Lakin tezliklə, vəliəhd Abbas Mirzə ordusunun oraya üz tutduğunu eşidib həmin şəhəri də tərk etməyə məcbur oldu. 1804-cü ildə ruslar İrəvanı ələ keçirdikləri vaxt Cəfərqulu xan 200 nəfərlə onların qərargahına gəlib sədaqət andı içdi. Əvəzində general-leytenant rütbəsi və Çar Aleksandrın adından qiymətli hədiyyələrlə mükafatlandırıldı. 1806-cı ilin axırlarında isə ruslar Şəkinin xanı olmaq üçün Cəfərqulu xanı “dilə tutdular” və Çar Aleksandrın 10 dekabr 1806-cı il tarixli fərmanı ilə onu rəsmi şəkildə Şəki xanı təyin etdilər. Yeri gəlmişkən qeyd edək ki, Cəfərqulu xan hələ 1802-ci ildə, o vaxtkı Şəki hakimi Məhəmmədhəsən xanla müttəfiqlik nümayiş etdirmişdi. Onun yeni təyinatı ilə əlaqədar isə 10 minə yaxın tərəfdarı, yaxud rəiyyət və qohum-əqrəbası Şəki xanlığı ərazisində məskunlaşdı. Ə.Çingizoğlu məqaləsində qeyd edir ki, tarixşünaslıqda Cəfərqulu xanla bağlı bir qədər inandırıcı olmayan bir müddəa da var. Guya o, Xoydan xeyli erməni köçürmüş və bunlar Şəki xanlığı ərazisində 4-5 yeni kənd salıblarmış. Əslində isə 1824-cü il Şəki əyalətinin siyahıyaalma aktlarında yalnız Cəfərabad kəndi üzrə 93, Nuxa şəhəri üzrə isə 65 xoy mənşəli erməni ailəsinin qeydə alındığını görürük. 1804-1813-cü illər birinci Rusiya-İran müharibəsi zamanı rus qoşunlarına qoşulan Cəfərqulu xan Dünbüli imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl metal və qızıl lələklə təltif edilmiş, 1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək, həm də Şəki xanı təyin edilmişdi. Cəfərqulu xan 8 ilə yaxın Şəki xanı olduqdan sonra 22 avqust 1814-cü ildə isitmə xəstəliyindən ölmüşdür. Cəfərqulu xanın vəfatından sonra Şəki xanlığını onun oğlu İsmayıl xan idarə etmişdi. Şəki xanlığı 1819-cu ildə ləğv edilmişdi.

Cəfərqulu xanın Quzey Azərbaycandakı törəmələri Xoyski soyadını daşıyırdılar.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

 

Azadlıq.- 2012.- 23 noyabr.- S.14.