Üzeyir bəyin tələbəsi Zakir Bağırov

 

«Qaynana»nın müəllifi

 

Azərbaycan milli musiqi mədəniyyətinin zənginləşməsində bəstəkarlarımızın özünəməxsus yeri var. Keçən əsrin əvvəllərindən yetişərək yol gələn böyük bir bəstəkar nəsli musiqi tariximizə misilsiz töhfələr bəxş edib. Belə görkəmli şəxsiyyətlərdən biri də bəstəkar, professor Zakir Bağırov olub. Üzeyir Hacıbəyovdan dərs alan Z.Bağırov özünü həmişə onun yetirməsi hesab etmişdir. O həmçinin dövrünün tanınmış və nüfuzlu bəstəkarlarından sayılıb.

 

Zakir Cavad oğlu Bağırov 1916-cı il martın 16-da Şuşa şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsində alan Zakir Bağırov 1935-ci ildə isə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyası nəzdində musiqi texnikumuna göndərilmişdir. O, musiqi texnikumunu bitirdikdən sonra könüllü olaraq cəbhəyə gedərək Böyük Vətən Müharibəsində iştirak etmişdir. Müharibədən sonra ordudan tərxis olunan Z.Bağırov Moskva Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olmuş və 1949-cu ildə həmin konservatoriyanı müvəffəqiyyətlə bitirmişdir.

Zakir Bağırov musiqi xəzinəmizi zənginləşdirən bir çox sanballı əsərlər yazmışdır. Bəstəkar musiqinin müxtəlif janrlarına müraciət etmişdir. Onun yaradıcılığına üç opera, o cümlədən “Aygün”, “Qoca Xattabıç”, iki musiqili komediya - “Qaynana”, “Kəndimizin səsi”, bir uşaq baleti, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik orkestr üçün, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, bədii və sənədli filmlərə, dram tamaşalarına yazılmış musiqi xüsusi yer tutur.

Zakir Bağırovun istedadı xüsusilə “Qaynana” musiqili komediyasında öz parlaq təcəssümünü tapmışdır. Məcid Şamxalovun librettosu əsasında yazılmış bu əsər elə ilk tamaşadan geniş tamaşaçı kütləsinin rəğbətini qazanmışdır. “Qaynana” musiqili komediyasını izləməmiş seyrçi tapılmaz. Bu əsərin qəhrəmanları - Ayaz, Sevda, İlqar, Afət (Zərifə), Cənnət, Əli və Sədaqət indi xalq arasında ən məşhur film obrazlarına çevrilib. Bu musiqili komediyada ifadə olunan bütün obrazlar gözəl musiqi vasitəsilə tamaşaçıya çatdırılır. “Qaynana” musiqili komediyası yalnız Azərbaycanda deyil, Orta Asiya respublikalarında, Bolqarıstanda müvəffəqiyyətlə tamaşaya qoyulmuş, habelə ümumittifaq müsabiqəsində xüsusi mükafata layiq görülmüşdür. Operettanın ekranlaşdırılmış variantı milyonlarla tamaşaçının xüsusi rəğbətini qazanmışdır. Bu əsərin belə şöhrət tapmasında Qayınana rolunu səhnədə və ekranda canlandıran görkəmli aktrisamız, respublikanın xalq artisti Nəsibə xanım Zeynalovanın böyük xidməti olmuşdur.

 

Onlarla unudulmaz əsəri

 

Zakir Bağırovun musiqi folklorumuzun toplanması və nota salınması sahəsində fəaliyyəti də çox önəmlidir. O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkarımız Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah-zabul” muğamlarını nota yazmış və çap etdirmişdir.

Görkəmli bəstəkarın yaradıcılığında opera janrı da xüsusi yer tutub. Onun 1972-ci ildə Səməd Vurğunun eyni adlı əsəri əsasında yaratdığı “Aygün” operası musiqi mədəniyyətimizin gözəl nümunələrindən sayılır. Zakir Bağırov bir çox teatr tamaşalarına və kinofilmə musiqi yazmışdır. “Ağ qızıl ustaları”, “Aygün”, “Bərəkətli torpaq”, “Nizami”, “Sədaqət yolu ilə”, “Təbiətin dostları”, “Quba bağlarında”, “Bizim Azərbaycan” kimi bədii və sənədli filmlərin musiqisi məhz Zakir Bağırova məxsusdur.

Bəstəkarın “Kəndimizin mahnısı” musiqili komediyası da çox maraqlı mövzudan bəhs edir. Burada ictimai mühitdə baş verən eybəcərliklərin qarşıdurma səviyyəsinə gəldiyi, Qəfiyev və Brilyantovun kənddə diletant səviyyədə konsert təşkil etməsi və bununla bağlı komik epizodlar verilir.

Z.Bağırovun musiqili komediyalarında kənd həyatı, orada baş verən hadisələr, məişət problemləri, gəlin-qaynana münasibətləri da öz əksini tapır. Bəstəkar sadə əmək adamlarının həyatını çox yığcam, həm də parlaq bir dillə təsvir edir. Z.Bağırov əsərlərində bir romantik ovqat, daxili aləmlə emosional ruh yüksəkliyi yarada bilir. Bəstəkarın əsərlərində Azərbaycan xalq musiqi janrlarına sıx bağlılıq var ki, bu onun yaradıcılığında bir sıra xarakterik cəhətlərlə özünü göstərir.

 

Böyük pedaqoji fəaliyyəti

 

Zakir Bağırov həmçinin “Azərbaycan xalq rəqsləri” məcmuəsinin müəlliflərindən biridir.

Zakir Bağırov uzun illər - 1949-cu ildən ömrünün sonunadək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında musiqi-nəzəri fənlərindən dərs vermiş, musiqiçi kadrların hazırlanmasında əlindən gələni əsirgəməmişdir. Zakir Bağırov habelə 10 il konservatoriyanın musiqi-nəzəriyyəsi kafedrasına rəhbərlik etmişdir. Hazırda onun yetirmələri Bakı Musiqi Akademiyasının nəzəriyyə-bəstəkarlıq fakültəsində aparıcı müəllimlərdir.

Bəstəkar Zakir Bağırov həmçinin fəal ictimai xadim idi.

O, 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, həmçinin bu təşkilatın İdarə Heyətinin üzvü olmuş, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Respublikanın Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri, Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır.

Musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Ömrünün ahıl çağında doğulduğu Şuşanın ermənilər tərəfindən işğal edilməsi görkəmli bəstəkara ağır təsir etmişdi. Yaxınları söyləyirlər ki, Zakir Bağırov Şuşasızlıqla barışa bilmirdi. Elə bu həsrətin də təsiridir ki, doğma yurdun zəbt edilməsindən bir neçə il sonra Zakir Bağırov dünyasını dəyişdi.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

 

Azadlıq.- 2012.- 24 noyabr.- S.14.