“Taleyimə sən bax! Düşüncələrim yasaq, duyğularım yasaq!..” .

 

Bulud Qaraçorlu Səhənd

 

Cənubi Azərbaycan ədəbiyyatının görkəmli simaları arasında yer alan qələm sahiblərindən biri də Bulud Qaraçorludur. Hələ sovetlər zamanından həm Arazın o tayında, həm də bu tayında Səhənd ləqəbi ilə məşhur olan şair ədəbiyyat xəzinəmizə gözəl nümunələr bəxş etmişdir.

 

Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağa şəhərində anadan olmuşdur. Şairin əsli Qaraçorlu tayfasına mənsub idi. Qədim yazılı qaynaqlara görə, Göytürk dövlətini yaradan iki tayfa xüsusi qılınc buraxırdı. Hər tayfa da istehsal etdiyi qılınca öz adını vermişdi. Tayfalardan birinin adı “Bilgətəkini”, digəri isə “Qaraçori” idi. Hər iki tayfa tərəfindən buraxdıqları qılıncın üstündə öz nişanı xüsusi şəkildə həkk olunurdu. O zaman Göytürk imperiyasının sərhədləri Azərbaycanı da əhatə edirdi. Səhəndin nəsli də Göytürkləri yaradan həmin Qaraçori tayfasına gedib çıxır. Ailəsindən bəhs edən Səhənd deyirdi ki, atası “əyri-üyrü bir xətlə öz adını cızmalardı, tayfada ağ-qaradan başı çıxan təkcə anası idi ki, o da düz-qələt, fəqət Quran oxuyardı”. Bununla belə, valideynləri ona böyük bir məktəb olmuş, ata və anasının hekayətləri yaddaşına hopmuş, onun mükəmməl bir şəxs kimi yetişməsində önəmli rol oynamışdı.

“Vikipedia”da şairin bioqrafiyasına həsr olunmuş məlumatda həm onun həyat yoluna, həm də yaradıcılığına dair zəngin materiallar var. O mənbələrdən məlum olur ki, gənc Bulud ilk təhsilini Marağa və Təbrizdə almış, 17 yaşında Razi, az sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlamışdı. Onun gənclik illəri İranda ən çətin bir dövrə - Azərbaycan xalqının milli mücadilə dövrünə təsadüf edir.

Səhənd o milli hərəkatın ən fəal iştirakçılarından biri olur. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması onun həyatına və yaradıcılığına mühüm təsir göstərir. Amma bu azadlıq sevinci uzun sürmür. Böyük güclərin maraqlarının toqquşduğu bir meydana çevrilən Azərbaycanın azadlıq mübarizəsi də bu çəkişmələrin qurbanına çevrilir.

Həyatını öz vətəninin istiqlaliyyət mübarizəsinə həsr edən, bu yolda həm qələmi, həm də silahı ilə vuruşan Səhənd yana-yana yazırdı:

 

Qarğış zəmanənin qanunlarına,

Qarğış ürəkləri ayıranlara,

Qarğış insanları qəfəsə salıb,

Bəşər hüququndan dəm vuranlara.

 

Həmin illərdə yaranmış Birləşmiş Millətlər Təşkilatının ilk həll edəcəyi münaqişəli problem Cənubi Azərbaycan məsələsi olur. Qısa bir zaman içində istiqlal sevincini dadaraq çiçəklənən diyar yenidən əsarət həbsxanasına çevrildi.

 

Milli hökumətin süqutundan sonra zindana...

 

Azərbaycan Milli Hökuməti qan içində boğulduqdan sonra onun qurucularına divan tutuldu, onların bir çoxu dar ağacından asıldı, sağ qalanlar zindanlara atıldı, vətəndən sürgün olundu. Bundan sonra Azərbaycan dilində mətbuat və kitab nəşrinə qadağa qoyuldu. O dövrdə Azərbaycan dilindəki əsərlərin əksəriyyəti zindanlarda, sürgünlərdə yazılır, gizli yollarla çoxaldılıb xalq arasında yayılırdı. Buna görə də, o zamanlardan 1978-1979-cu illər İran inqilabına qədər ölkədə Azərbaycan türkcəsi ilə çap olunan kitablarda çap yeri və ili göstərilmirdi. Səhəndin 1951-1953-cü illərdə zindanda yazdığı “Araz” və “Xatirə” poemaları da bu əsərlər sırasındadır. O, bu əsərlərində 1945-1946-cı illərdəki milli-azadlıq hərəkatı və onunla bağlı arzularını bədii dillə qələmə almışdı.

Pəhləvi rejiminin fars dilini zor gücünə yeritmək siyasəti ilə barışa bilməyən şair “Yasaq” şeirində yazırdı:

 

Taleyimə sən bax!

Düşüncələrim yasaq,

Duyğularım yasaq,

Keçmişimdən söz açmağım yasaq,

Gələcəyimdən danışmağım yasaq.

 

O, xalqın arzu və ağrılarını ədəbi dilə çevirmək üçün şair “Dədə Qorqud” dastanlarına üz tutur. Səhəndin məşhur “Sazımın sözü” əsəri də xalq yaradıcılığından bəhrələnərək ərsəyə gətirdiyi bir poemadır. Bu əsər şovinist rejimin “Azərbaycan türkcəsi dil deyil, ləhcədir” ifadəsini alt-üst edir. Həmin dövrdə türk xalqlarının ən böyük abidəsi olan “Dədə Qorqud” dastanlarına həm SSRİ-də, həm də İranda qadağa qoyulmuşdu. Səhəndin bu dastanla ilk tanışlığının da maraqlı tarixçəsi var. Səhənd tanınmış ziyalılar - M.Fərzanə, Səbahi, M.Şəhriyar, doktor C.Heyətlə sıx dostluq əlaqəsi saxlayırdı. Şair “Dədə Qorqud dastanları” ilə yaxın dostu M.Fərzanə vasitəsilə tanış olur. Kitabxanada işləyən M.Fərzanənin əlinə təsadüfən “ziyanlı sayıldığı üçün məhv olunmağa məhkum” adı altında damğalanmış, əsrin əvvəllərində Türkiyədə çap olunmuş “Dədə Qorqud” kitabı keçir. O həmin gündən başlayaraq Türkiyədəki həmkarları vasitəsilə dastanla bağlı mənbələri toplamağa başlayır. M.Fərzanə Tehranda dostu Səhəndlə kirayədə yaşayırdı. Günlərin birində Türkiyədən göndərilən növbəti kitab bağlaması Səhəndin də diqqətini cəlb edir. O, bu qədim dastanlara o qədər vurulur ki, 10 il dastanlardakı süjet üzərində işləyib yeni və orijinal “Sazımın sözü” adlı əsərini yazır.

Səhəndin məşhur alim-şərqşünas Rüstəm Əliyevlə ilk tanışlığı 1967-ci ilə təsadüf edir. O, beləcə bu taydakı qan qardaşları ilə əlaqə yaradır. Onlara şeir ərməğanları göndərir. Bunun ardınca M.Rahim, S.Rüstəm, B.Vahabzadə, Qabil və başqaları ona cavab yazır. Bölünmüş vətənin ayrılıq və həsrətini əks etdirən bu məktublar onun yaradıcılığının bir hissəsinə çevrilir. O, Rüstəm Əliyevə xitabən yazdığı

 

“Dilində danışma!” demədilər bir kəsə!

 

“Üçüncü ərməğan” şeirində hakim Pəhləvi rejiminin qədim ədəbiyyata malik olan xalqın dilinə qarşı apardığı yasaq siyasətini pisləyirdi:

 

Zöhhaklar, fironlar, hitlerlər dünyada,

Neyləsə, neyləsə, neyləsə, neyləsə,

Açgilan tarixi, varaqla, baxqılan,

“Dilində danışma!” demədilər bir kəsə.

 

Şairin yaxın dostu Gəncəli Səbahi Səhəndi Səməd Vurğuna oxşadırdı. Həqiqətən, Səhənd həm zahirən, həm də yaradıcı təfəkkürü ilə S.Vurğuna bənzəyirdi. O özü dahi şairin pərəstişkarı idi. Şeirlərinin bir çoxunda onun təsiri hiss olunurdu.

1978-1979-cu illər İran inqilabının qələbəsinə bəslədiyi ümidlər də boşa çıxdıqdan sonra şair dərin bir kədər yaşamağa başlamışdı:

 

Bilmirəm, ağlayım, bilmirəm gülüm,

Bilmirəm, açılıb, ya solub gülüm.

Danışmağa tutmur ağzımda dilim,

Axı, dostlar, mən Təbrizdən gəlmişəm...

 

Uzun illər boyu türklərə qarşı dövlət səviyyəsində gah gizli, gah da açıq aparılan repressiyalar təsirsiz qalmamışdır. Fədakar şair xalqın azadlıq hərəkatındakı məğlubiyyətinin bir səbəbini də milli ruhun zəifliyində görürdü.

1979-cu ildə Səhəndin qəfil ölümü Azərbaycan xalqını yasa boğdu. Ömrü boyu xalqının azadlığı uğrunda mübarizə aparan şair, inqilabın xalqa verdiyi nisbi yenilikləri görmədən öldü. İrandakı azərbaycan ziyalıların təşkilatı - “Azərbaycan Cəmiyyəti”nin fəallarından olan Səhənd qurumun orqanı olan “Varlıq” jurnalının ilk sayını belə görə bilmədi. Jurnal ilk sayını ilk baharda dünyasını dəyişən Səhəndin xatirəsinə həsr etdi, sonrakı saylarında da onun çap olunmamış əsərlərdən örnəklər verdi.

Səhəndin əsərləri çap olunmadığından, geniş oxucu kütləsi onu olduğu kimi tanıya, qiymətləndirə bilməmişdi. Şair Səməd Behrəngi bu məsələyə diqqəti cəlb edərək yazırdı: “Şəhriyar ”Heydərbabaya salam" əsəri ilə bütün Şərqdə yaxşı tanındığı halda Səhəndin xidmətləri diqqətdən kənarda qalmışdır".

Amma Səhəndin yaradıcılığı və mübarizə yolu unudulmadı. Böyük elm xadimi, doktor Cavad Heyət şairin “Sazımın sözü” əsərinə çox yüksək qiymət verərək onu Firdovsinin “Şahnamə”si ilə müqayisə edir və bu əsəri Güney Azərbaycan türklərinin zəngin lüğət xəzinəsi, “Millətnaməsi” adlandırdı. Böyük Şəhriyar “Səhəndiyyə” poemasını ona ithaf etmiş, Səhənd yaradıcılığına bir şeirindəki “o elə bir şair idi ki, mən Şəhriyardan bac alırdı” sözləri ilə qiymət vermişdi. Şəhriyarın ona böyük sevgi ilə ithaf etdiyi “Səhəndiyyə” poeması Səhəndi ədəbi mühitin ən görkəmli şəxsiyyətlərindən, ustadlarından birinə çevirdi. Tam əminliklə demək olar ki, Güney Azərbaycan ədəbiyyatında Şəhriyardan sonra əsərlərinə ən çox şeirlər, nəzirələr yazılan şair Səhənd idi.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

 

Azadlıq qəzeti.- 2012.- 27 noyabr.- S.14.