Qədim Qərbi Azərbaycan – Çuxursəd

 

Tayfa başçısı Sədin adıyla...

 

Hələ çox qədimlərdən Azərbaycan türklərinin yaşadığı Qərbi Azərbaycan əyalətinin böyük tarixi var. Bir çox mənbələrdə bu tarixi əyalətin adı Çuxursəd olaraq verilir.

 

Çuxursəd sözünün türk dilində mənası “torpağın enişi” anlamına gəlir. Alimlərin izahına görə, bununla görünüşcə Araz çayı tərəflərinin aşağı olması nəzərdə tutulur. Əllamə Mirzə Məhəmməd xan Qəzvininin yazdığına görə “Çuxursəd İrəvanın yaxınlığında yerləşir”. O qeyd edir ki, bu əyalət Naxçıvan və Qarabağ sərhəddində bir vilayət olub. Çuxur türkcə “çala” və “quyu” mənasındadır, ancaq “səəd”in nə demək olduğunu izah etməkdə çətinlik çəkib. Əllamə Qəzvini “Səd” adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq Sumər onu “Səudlu” tayfası ilə əlaqələndirir və yazır: “Səudlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəmlənmiş və milləti həmin adla(Qaraqoyunlu) yaratmış digər tayfaların və təşkilatların başında dayanmışdı. Bu tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə tayfanın idarə edilməsinə məsuliyyət daşıyan tayfa başçısı və əmiri ”Səd"in adından götürmüşdü". Belə aydın olur ki, bu əmirlə Qaraqoyunlu eli arasında qohumluq əlaqəsi olmuşdur. Bir çox iranlı müəlliflər də Səədin övladlarını qaraqoyunluların zadəganları kimi təqdim etmişlər.

“Vikipedia”nın araşdırmasında tarixi mənbələrdəki tutarlı faktlar bir-bir sadalanır. Çuxursəd indi bizim tarixi torpaqlarımız olan Ermənistan adlanan ərazinin daxil olduğu yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın “Təzkirat-ül Moluk” kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır: “Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. ”Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir.

Tarixi mənbələrdə bu faktı təsdiq edən saysız-hesabsız dəlillər var. Hafiz Əbrunun yazdığına görə, Naxçıvanın və Sürməlinin ətrafı bu tayfanın qədimdən məskəni olmuşdur. “Miladi təqvimi ilə 15-ci əsrdən sonra müxtəlif tarixi kitablarda haqqında danışılan bu tayfanın adı Səfəvilər dövründə İrəvanın və üç əyaləti əhatə edən məntəqələrə verilməklə Çuxursəd yaranıb. Həmin adın bu tayfanın yaşadığı ərazi ilə mütləq əlaqəsi olmalıdır. Səadət onu aram etdiyindən, ona əvvəldən Çuxursəd adı verdilər. Əlbəttə, ad fələkdən nazil olur, Bu torpaqda səbəbsiz ad olmaz. Səadət ona görə bura nəsib olub ki, bu vilayətin adına vurulub”.

 

Tarixçilərin yazdığı Çuxursəd...

 

Bundan başqa, professor Faruq Sümer Çuxursəd vilayəti ilə bağlı qiymətli tədqiqatlar aparmışdır. Alim öz tədqiqatları haqqında yazır: “...Çox uzun tədqiqatlardan sonra gəldiyim nəticəyə görə, İranlı müəlliflərin Çuxursəd adlandırdığı məntəqə Ərivanın qərb və cənub-qərb hissəsində bir nahiyə idi ki, o, osmanlıların mənbələrində ”Səd çuxur" kimi qalmışdı. Bu nahiyə qərbdə Araz və Arpaçayın qovuşağına, cənubda isə Araza qədər uzanırdı. Bildiyim qədər bu kəlmə ilk dəfə “Diyarbəkriyyə” kitabında işlənib. Çələbinin gündəliyində Yavuz Sultan Səlimin İranla müharibədən qayıdarkən köç saldığı mənzilgahlar arasında bu nahiyənin də adı çəkilmişdir.

Başqa bir mənbədə Həsən bəy Rumlu yazır ki, İskəndər Mirzə Qaraqoyunlu Qaqzəmanla Çuxursəd və Sürməliyə gəldi və qışı orada keçirdi.

Övliya Çələbi öz kitabının başqa bir hissəsində deyir: “87 uzunluq və 39 en coğrafi dərəcəsində bir qəsəbə və nahiyə mərkəzi vardır ki, onu Çuxursəd adlandırırlar”. Bu faktlar adın dəqiq və dürüst şərhini tam vermiş olur. Yenə Çələbinin kitabında yazılır: “Arpaçay Çuxursəddə Araza birləşir”.

“Vikipedia”nın istinad etdiyi həmin mənbələrdə deyildiyi kimi, Səfəvilər dövründə də mərkəzi İrəvan olan bu nahiyə böyük idarəçilik məntəqəsinə çevrildi. “Əsl Səd-e Çuxur məntəqəsində Sürməli adlı digər bir yer də vardır ki, həmin yer Ərivanın qərbindədir. Kilsə təpəsi (Eçmiədzin) də Səd-e Çuxurun ən mühüm şəhərlərindən biridir. O, İqdırın şimali-qərbində, Qaqzəmanın şərqində, Arazın kənarında yerləşir”. (Şərafəddin Əli Yəzdi).

Mirzə Səmiya “Təzkirət-ül moluk” əsərində Səfəvilər dövründə Azərbaycan əyalətinin dörd bəylərbəyliyinə bölündüyünü aşağıdakı kimi şərh etmişdir: a) Təbriz, b)Çuxursəd, c) Qarabağ, d) Şirvan.

Başqa bir müəllif Hafiz Əbru “Zibdətütəvarix” əsərində Şahruxun ordusunun hərəkətindən danışarkən deyir: “O yerin tərəkəmələrinin yaşadığı və türkmən ordusunun əsasını təşkil edən Səd oğullarının qədim yurdu Naxçıvana və Sürməliyə doğru hərəkət etdilər...”. Buradan aydın olur ki, o yer Səd oğullarının qədim yurdu olmuşdur. Çuxursəddə sədlulardan əlavə, digər türkdilli qollar-ustaclılar və əspirlular da yaşayırdı.

 

Danılmaz həqiqət

 

Tarixi qaynaqlar göstərir ki, Çuxursəd bu vilayətin adı olmaqla bərabər, bu vilayətdəki bir kəndin və məntəqənin də adı olmuşdur. Məhəmmədhəsən xan Müqəddəm Etimadüssəltənə yazır: “Çuxursəd həm də İrəvan Şərurunun kəndi və otlağıdır. 906-cı ildə türkmən Əlvənd paşa ilə şah İmayıl bu yerdə döyüşmüşdür. Şah İsmayıl Xətai qiyamın başlanğıcında Ərdəbilin mövqeyini iqamətgah üçün münasib bilmədiyindən, Çuxursəd vilayətinə getdi. Hicri-qəməri 905, miladi təqvimi ilə 1500-cü ilin baharında Ərdəbili ziyarət sonra Göyçə gölü tərəfə yola düşdü. Zahirən bu səfərin məqsədi sultan Hüseynlə ittifaq bağlamaq kimi görünsə də, əslində o, Anatoliyə getmək istəyirdi. O, qışlaqda çadır qurduğu vaxt bir neçə qasidini müridləri hazırlamaq üçün Anatoliyə göndərdi. Qasidlərdən biri - Həmzə bəy qoç oğlu öz qəbiləsinə tərəf yola düşdü. Burada əgər özünü Cahanşah Qaraqoyunlu nəslindən hesab edən Hüseyn Baraninin iddiası barədəki fikirləri bir kənara qoysaq, o zaman İsmayılın ətrafına min nəfər kişinin toplaşması barədə deyilənləri qəbul etməyimiz yersiz olmaz, lakin şeyx Səfəvi Hüseyn bəyin əliylə tutulmasından qorxduğu üçün gecə ilə öz müridləri ilə birgə həmin məhəllədən qaçdı və İrəvanın cənubundakı Çuxursəd nahiyəsinə gəldi”.

Bu tarixi hadisənin davamı olaraq yazılan başqa bir parçada da Çuxursədin adı çəkilir: “Şah İsmayılın Ağqoyunlu Əlvənd Mirzə ilə döyüşü də hicri qəməri 907, miladi 1501-ci ildə Çuxursədin Şərur tərəfində baş verdi. Əlvən Mirzənin 30 minlik, İsmayıl isə 7 minlik qoşunu Şərur məntəqəsində üz-üzə gəldilər. Dərhal aydın olur ki, Ağqoyunlu qoşunu döyüşə yaxşı hazırlaşmamışdı, çünki əsgərlərin fərariliyinin qarşısını almaq üçün ”göstəriş verildi ki, bütün dəvələri toplayıb zəncirlə bir-birinə bağlasınlar və qoşunun arxasında saxlasınlar. Məqsəd o idi ki, hər kim ki, vahiməyə düşüb vadiyə tərəf qaçsa, yolu bağlansın".

Bütün bu tarixi faktları və sadalana biləcək daha çox dəlilləri ümumiləşdirsək, Qərbi Azərbaycan ərazisinin həqiqətən də tarixən Çuxursəd vilayətinə daxil olduğu aydınlaşır. Qaynaqlarda göstərilən istinadlara əsaslansaq, bu torpaqların lap qədimlərdən Azərbaycan türklərinə məxsus olduğuna isə heç bir şübhə yeri qalmır.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

 

Azadlıq.- 2012.- 30 noyabr.- S.14.