Böyük nəslin böyük faciəsi       

 

Yusifbəylilərin daha bir repressiya qurbanı

 

Məlum olduğu kimi, Gəncənin yetişdirdiyi saysız-hesabsız tarixi soyadlar sırasında Yusifbəylilərin müstəsna yeri var. Gəncə xanlığının məşhur simalarından olan Yusif bəy Yusifbəylinin övladları rus üsul-idarəçiliyi dönəmində Yusifbəyli soyadını qəbul etmişlər. Yusifbəylilərin ulu babası Yusif bəy Gəncə xanının vəziri olub. Yusif bəyin bacısı Şükufə xanım Cavad xanın həyat yoldaşı idi. Onlar 1780-ci ildən 1804-cü ilədək birgə həyat sürmüşlər. Yusifbəylilər həm də xan qızı Xurşudbanu Natəvanla qan qohumudurlar. Bu nəslin bir çox görkəmli simaları Xalq Cümhuriyyəti dönəmində önəmli vəzifələrdə çalışmışlar. Onlardan biri də Həmid bəy Yusifbəyli idi.

Həmid bəy Yusifbəyli 1878-ci ildə Gəncə şəhərində anadan olub. 1895-ci ildə şəhərdəki klassik gimnaziyanı bitirdikdən sonra 1898-ci ildən etibarənMəktəbi-xeyriyyə”də müəllim işləməyə başlayıb. Bu həmin illərdi ki, onun atası Yusif bəy siyasi proseslərin içində fəallardan biri sayılırdı. Gənc Həmid bəy də atası ilə bərabər bu işlərə cəlb olunmuş, Azərbaycanın muxtariyyət statusu alması üçün mübarizə aparmışdır.

Bu proseslərdə xeyli fəallaşan Həmid bəy 18 dekabr 1899-cu ildə siyasi fəaliyyətinə görə həbs edilərək Tiflis şəhərinə aparılır. 14 ay Metex həbsxanasında saxlanılır. Onu 1904-cü ilin dekabrınadək Türküstanda sürgündə saxlayırlar. 1905-ci ildə Gəncədə “Türk Sosial-Federalist İnqilabı Komitəsiadı altında fəaliyyət göstərən bir təşkilat yaranır, onun intibahnamələri çap olunub yayılır. Bu təşkilat Azərbaycana Muxtariyyət və Rusiyanın federativ şəkildə qurulması ideyalarını ortaya qoyan ilk siyasi qüvvəydi. “Qeyrəttəşkilatı bu komitənin əsasında yaranıb. Arxiv sənədlərində “Tatar sosialistlər, federalistlər, inqilabçılarpartiyası adlanan təşkilatın rəhbərliyinə Ə.B.Rəfibəyli, Ə.B.Xasməmmədov, Yusif bəy Yusifbəyli və Həmid bəy Yusifbəyli daxil idilər. Bu partiyaya sədrlik etmək Həmid bəyə həvalə olunur. O dövrdə “Qeyrətpartiyasının yaranmasından bir az sonraDifaipartiyası yaranır. Məlumdur ki, bu partiya xalq arasında qisas partiyası adlandırılırdı. Ona görə ki, onların əsas məqsədi erməni vəhşiliklərinə və çar Rusiyasına qarşı mübarizə aparmaq idi. 1905-ci il Bakıda qanlı noyabr günlərində rus əsgərləri, polislər, jandarmalar, dövlət məmurları şəhər əhalisinin kütləvi qırılmasını kənardan seyr edirdilər. Dinc əhalini vəhşicəsinə qıran ermənilər xalqın müdafiə dəstələri tərəfindən sıxışdırılan zaman onlar qarşı tərəfin müdafiəsinə qalxırdılar. Belə bir zamandaDifaipartiyasının rəhbərliyi ilə silah tuta bilən Gəncə camaatı və dağlardan enərək köməyə gələn qəhrəman Dəli Alının silahlı dəstələri erməni quldurlarının hücumunu dəf edib, onları geri oturtdular. Bu mərhələdə “Difaibütün qırğınların qarşısını aldı. O zaman artıq Həmid bəy, atası Yusif bəy və Nəsib bəy də “Difaipartiyasının ən fəal üzvlərindən idilər. Hətta bu partiyanın bir iclası Yusif bəyin Gəncədəki evində, o biri isə Hacıkənddə “Ləmsə bulağı”nın yanındakı malikanəsində keçirilmişdir.

Yusif bəyin qız nəvəsi Rafat Cuvarlinski yazır ki, nənəmin dediyinə görə, Ələkbər bəyin və Dəli Alının nüfuzundan çəkinərək Gəncədə Yusifbəylilər ailəsinə toxunan olmurdu. Ona görə ki, Dəli Alı evin dostu, Ələkbər bəy Rəfibəyli isə ailəyə həm dost, həm də qohum idi.

 

Uzaq ellərdə sürgün...

 

1907-ci ildə Həmid bəyin evində Çar hökuməti axtarış aparır və 24 ədəd siyasi kitab tapılaraq ona xəbərdarlıq edilir. Bundan sonra Həmid bəy 1908-ci ildən 1910-cu ilədək ruhani məktəbində dərs deyib və orada da geniş təbliğat işləri aparıb. 1909-cu ildə o, ruhani məktəbində dərs deyən zaman Nağı bəy Şeyxzamanlının əmisi qızı Səriyyə xanımla ailə qurub və üstündən heç bir il keçmədən yenidən həbs olunub. 1910-cu ildə Qafqaz canişini Varantsov-Daşkovun hökmü ilə Həmid bəy Qafqazdan 5 illik müddətinə Krıma - Baxçasaraya sürgün edilmiş və orada bir müddət qardaşı Nəsib bəyin qayınatası İsmayıl Murza Kaspirinskinin evində yaşadıqdan sonra İstanbula gedir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Monarx II Nikolayın Manifestinə görə Həmid bəy əfv olunur və İstanbuldan doğma vətəninə qayıdır. Gəncəyə gələn Həmid bəy 1913-cü ildən 1917-ci ilədək daimi nəzarət altında saxlanılır. 1918-ci ildə Cümhuriyyət qurulandan sonra siyasi fəaliyyətini dayandırır. Mirzə Məhəmməd Axundzadə, böyük şairimiz Əhməd Cavad və gözəl ziyalı Cavad bəy Rəfibəyli Həmid bəyin ən yaxın dostları idi. Ümumiyyətlə, Əhməd Cavad Yusifbəylilər ailəsinə çox yaxın olub. Bu nəsildə onun əsas dostu Həmid bəy idi.

R.Cuvarlinski yazır ki, hələ 1898-ci ildə Həmid bəy Gəncədə öz evində Puşkin kitabxanası yaratmışdı. Həmin kitabxana 1899-cu ildə A.S.Puşkinin 100 illik yubileyi münasibətilə Gəncə Tatlar məscidinə köçürülür. Kitabxananın zənginləşməsində görkəmli ziyalılar Ə.Haqverdiyev, S.M.Qəniyev, K.M.Mehmandarov, S.A.Rüstəmbəyli, Ş.Sahmalıyev, Hacı Mirzə Rəfiyev, İ.L.Səyad, Y.İ.Sizenskaya və başqaları köməklik göstərmişlər. Qısa bir zamanda kitabların sayı 700-ü ötüb. Oxucuların sayı 1203 nəfər olmuş və onlardan 283 nəfəri azərbaycanlı idi. Gəncədə 1899-cu ildə yaradılmış A.S.Puşkin kitabxanası haqda faktlar Moskvadakı V.İ.Lenin adına kitabxanadan əldə olunmuşdur. Həmid bəyin yaşadığı evdə də 1950-ci ilə kimi çox dəyərli zəngin kitabxana vardı. Orada 2000-dən artıq kitab qorunurdu. Bunların içərisində İsmayıl Murza Kaspirinskinin rus dilinə tərcümə etdiyiQurani-Kərimdaha qiymətliydi.

Həmid bəyin kitabxanasındakı kitabların azı iki yüz il tarixi var idi. Akademiyanın Gəncədə olan bazası ləğv ediləndən sonra kitabların əksəriyyəti itib-batıb. Az bir hissəsi, yəni 120-dən artıq nüsxə sonralar tapılıb, Gəncədəki Şahsevənlər məscidində yaradılmış “Xəzinə” adlı kitabxanaya verilib.

 

Təqiblər və yolun sonu...

 

Sonrakı dövrdə Həmid bəy 1921-ci ildən 1930-cu ilədək Mirzə Fətəli Axundov adına Gəncə Türk Pedaqoci Texnikumunda dərs deyib. Həmid bəyin dayısı oğlu Eyyub Xanbudaqov 1920-ci illərdə Azərbaycan “çekasının sədri idi. Sonralar o, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin katibi işləyib. Məhz buna görə də, 1930-cu ilədək Həmid bəyə toxunulmayıb. 27 fevral 1931-ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsinin 5 nömrəli orderi əsasında dayısı Yusif bəy Xanbudaqovun iştirakı ilə onun evində axtarış aparılır. Heç bir şey tapılmadığına baxmayaraq, iki qonşusu üzünə durduğuna görə, o, antisovet təbliğatı aparması bəhanəsi ilə həbs edilir. Həmid bəy yazılı izahatında göstərirdi ki, “aparın məni edam edin, mənə qarşı sürülən iddianı qəbul etmirəm”. Onu bir il DTK-da saxladıqdan sonra azadlığa buraxdılar. Otuzuncu illərdə KP sıralarında yüksək vəzifələrdə işləyən qohumu Məmməd Cuvarlinski Həmid bəyin dadına çatır. M.Cuvarlinskiyə görə bir müddət ona dəymirlər. Həmid bə 1932-ci ilin sentyabrında Kirovabad İndustrial Politexnikumuna işə düzəlir və bununla bərabər Gəncədə 15 saylı məktəbdə dərs deyir. Həmid bəyin dayısı oğlu Eyyub Xanbudaqov 1937-ci il oktyabr ayının 12-dən 13-nə keçən gecə dahi şairimiz Əhməd Cavadla bir gündə güllələnir. R.Cuvarlinskin yazır ki, həmin gün onlarla bir yerdə atamın əmisi, keçmiş Xalq Maarif komissarı Məhəmməd Cuvarlinski şəxsən Mircəfər Bağırovun əli ilə qətlə yetirilir. 16 iyul 1941-ci ildə Həmid bəyi yenə də həbs edirlər. Onun 5 il müddətinə Şimali Qazaxıstana sürgün edilməsi barədə qərar çıxarılmasına baxmayaraq, Bakıda həbsxanada saxlanırlar. 11 fevral 1942-ci ildə SSRI Daxili İşlər üzrə Xalq Komissarlığının xüsusi iclasının qərarı ilə Həmid bəyin işinə xitam verilsə də, onu həbsdən buraxmırlar. O, 1942-ci ilin yayında həbsxanada vəfat edir. Bütün arxiv sənədlərində Həmid bəyi danışdıran müstəntiqlər hamısı ermənilər və ruslar olmuşdur.

Həmid bəyin 1915-ci ildə dünyaya göz açan oğlu Ənvər bəyin taleyi də uğurlu olmayıb. Orta məktəbi bitirdikdən sonra soyadını məcburiyyət qarşısında dəyişərək “Yusibov” etdirib. 1933-cü ildə Tiflis Rabitə Elektrotexniki İnstitutuna daxil olub. Həmin institutu bitirdikdən sonra təqiblərlə üzləşməmək üçün Rusiyanın İrkutsk şəhərinə üz tutub, 1938-1939-cu illərdə orada böyük mühəndis vəzifəsində işləyib. 1939-1941-ci illərdə Ənvər bəy Tacikistanın Stalinabad şəhərində Rabitə İdarəsində baş mühəndis vəzifəsində çalışıb. 1941-ci ildə SSRİ-nin Almaniya ilə başladığı müharibəyə çağırılan Ənvər bəy orada diviziya ilə bərabər əsir düşür. 1945-ci ildə əsirlikdən sonra həbs edilir. Ənvər bəy bu barədə öz xatirələrində yazır: “Mənə bir neçə ay işgəncələr verdilər və hətta ayaqüstü kabinaya yerləşdirib saatlarla başıma su damcıları buraxırdılar. Sonra məni məhkəməyə aparıb 15 il iş kəsərək siyasi məhbus kimi Sibir həbsxanalarına göndərdilər. Gəncliyimin 10 ili orada keçdi. 1954-cü ildə səhər saat 5-6 radələrində radio ilə eşitdik ki, Lavrenti Beriyanı həbs ediblər. Onun lagerin ortasında heykəli ucalırdı, dustaqlar həmin heykəli yıxmaq istədikdə vışkadan onları gülləbarana tutdular, bir neçə nəfərin meyiti yerdə qaldı. Üstündən bir neçə saat keçdikdən sonra lagerin rəhbərliyi xəbər tutdu ki, həqiqətən də Beriyanı həbs ediblər”.

Böyük Yusifbəylilər nəslinin yadigarı Ənvər bəy 1956-cı ildə bəraət aldı. O, 1989-cu ildə vəfat edib. Gəncə şəhərindəki Yusifbəylilər sərdabəsində dəfn olunub.

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 2 oktyabr.- S.14.