Görkəmli
maarifçi və vətənpərvər
Hənifə xanım
Həsən bəy Zərdabinin həyat
və mübarizə yoldaşı
Hənifə xanım Məlikovanın
adı Azərbaycan tarixinə ilk maarifçi qadınlardan
biri kimi düşüb. Azərbaycanda 1908-ci ildə
yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin
yaradılmasının təşəbbüsçüşü
də məhz Hənifə xanım Məlikova olub. Hənifə
xanım Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin
həyat yoldaşıdır. Hənifə xanım məşhur
“Nicat” cəmiyyətinin Azərbaycan qadın xeyriyyə cəmiyyətinin
yaradıcılarından biri olmuşdur.
O,
Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də
tarixə düşmüş, 1901-1905-ci illərdə
Bakıda ilk müsəlman qız məktəbinin müdiri
işləmişdir. 1909-cu ildən 1919-cu ilədək,
düz 10 il Bakı şəhər dövlət birinci
rus-tatar, yəni rus-Azərbaycan qız məktəbində müdir
vəzifəsində çalışmışdır.
Hənifə
Məlikova 1856-cı il mayın 5-də Şimali Qafqazda,
Nalçikdə dünyaya göz açmışdır. Azərbaycan
xalqının ilk maarifçi qadınlarından olan Hənifə
xanım Tiflisdə “Müqəddəs Nina” qız məktəbində
təhsil almışdır. O zaman müsəlman
qızların xristian ölkəsində təhsil alması
çox nadir hadisə idi.
Onun həyatı
əziyyət, sınaqlar, hətta bəzən təqiblərlə
dolu olsa da, heç vaxt mübarizədən yorulmayıb. Hənifə
xanım deyirdi: “Həyatımın məqsədi - avam
kütlənin, xüsusən də qadınların
hüquqları və istismara qarşı mübarizədə
türk qadınlarının mədəni səviyyəsini
qaldırmaq olmuş və olacaqdır. Xoşbəxtəm ki,
türk qadınının əsarətdən qurtarması
üçün bütün üfüqlərin
açıldığı dövrə kimi
yaşamışam”.
1872-ci ildə Tiflisdə
“Müqəddəs Nina” məktəbini
bitirən qızların siyahısı “Qafqaz”
qəzetində dərc olunmuşdu və
məktəbi bitirən qızlar arasında Hənifə
xanım Abayevanın da adı vardı. Çoxdan bəri ziyalı bir
qadınla ailə qurmaq istəyən Həsən
bəy
Zərdabi siyahını görüncə təhsilli müsəlman
qızı ilə tanış olmaq üçün dərhal Tiflisə
yollanır. Həsən bəy Hənifə xanımla
tanışlıqdan sonra onunla
həmfikir olduğunu anlayır. Evlənmək
qərarı hər iki gəncin ürəyincə
olur.
Həsən
bəy Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşov sonralar bu izdivac barədə
yazırdı: “Həsən bəyin həyatında bir vacib məsələ ona qarşı hücumları daha
da gücləndirirdi: bu,
onun evlənməsi idi.
Tale gənc, təhsilli dağlı
qız Hənifə xanım Abayevanı həyat yolunda onunla
rastlaşdırdı... Bu izdivac
müsəlmanlar arasında söz-söhbət doğurdu. Unutmaq lazım deyildir ki, Bakı o vaxt Zaqafqaziyanın
müsəlman mərkəzləri içərisində ata-baba ənənələrinə daha çox sadiq idi. Amma
bütün adətlərin əksinə olaraq Həsən bəy özü
elçi düşdü.
Məktəbə molla gətirdi və burada kəbin kəsildi. Beləliklə, gənc
Hənifə xanım Məlikova-Zərdabi sevimli
Balkar dağlarının qoynundan
Xəzər dənizi sahillərinə gəldi. Burada onu tale
yoldaşı ilə birgə iş və
şöhrət gözləyirdi...”.
Bakıda maarifçilik mübarizəsi
Hənifə
xanım Həsən bəy Zərdabiyə təkcə həyat
yoldaşı yox, həm də mübarizə yoldaşı
oldu.
Həsən
bəy Zərdabda yaşadıqları dövrdə, 1880-ci ildən
başlayaraq Hənifə xanımla birlikdə öz evlərində
pulsuz məktəb açdı. Onlar təqib və təzyiqlərə
baxmayaraq, heç bir təmənna ummadan uşaqlara savad
öyrədirdilər.
Bu zaman Bakıda
çadrasız gənc müsəlman qadının görünməsi
xəbəri ildırım sürətilə şəhərə
yayılır. Hənifə xanımın Bakıya özü
ilə gətirdiyi maarifçilik işığının
gücü ilə ziyalı xanımlarımızın
sayı getdikcə artır. Zadəgan ailəsində
böyüyən, ömründə heç bir çətinliklə
qarşılaşmayan Hənifə xanım Həsən bəy
Zərdabiyə qarşı hücumlara və ağır
şərtlər altında çalışmalarına
baxmayaraq öz yolundan çəkinmədi. O yaxşı
bilirdi ki, öz mənzilindəki kiçik pansionunda tərbiyə
etdiyi, təhsil verdiyi, yetişdirib ərsəyə
çatdırmaq istədiyi uşaqların hər biri gələcəyin,
özü də lap yaxın gələcəyin maarif
işığını yandıracaqlar.
Həsən
bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova
xatirələrində yazırdı: “Evimizdə 10 uşaq
qalırdı. Anam onları məktəbə
hazırlayırdı. Bu uşaqların biri Qubadan gəlmişdi.
O, oxumaq istədiyini qətiyyətlə atama bildirmişdi.
Atam onu zarafatla Azərbaycanın Lomonosovu
adlandırırdı. Seyidov familiyalı bu uşaq sonra ali
hüquqşünas təhsili aldı. Atam bu uşaqlara
çox qayğı və diqqət göstərirdi.
Uşaqlar onun ümid və iftixarı idi...”.
Təbii
ki, gənc azərbaycanlı ziyalıların yetişməsindən
imperiya hakimiyyəti, çar rejimi çox narahat idi. Təsadüfi
deyildi ki, dövlət orqanları Həsən bəyin xeyriyyə
cəmiyyəti yaratmaq icazəsini illərcə
gecikdirmişdi. Hənifə xanım yazırdı: “Cəmiyyətin
təşkilinə icazəni almaq çox çətin idi.
Dövlət müsəlmanların hər hansı bir təşəbbüsünə
mane olurdu... Hökumət adamlarının Həsən bəydən
xoşu gəlmirdi, ondan çəkinirdilər, ehtiyat edirdilər”.
Hənifə
xanım öz mənzilində uşaqlara dərs deməklə
bərabər, oba-oba, ev-ev gəzib qadınlara biçib-tikmək,
yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə
edib danışır, mənzil-mənzil dolaşıb
uşaqları peyvənd edir, ayrı-ayrı obalarda qadın məsləhətxanaları
təşkil edirdi. O, Zərdab camaatından 132 nəfəri
ömürlük kor olmaqdan xilas etmişdi.
Hənifə
xanım 1875-1877-ci illərdə Həsən bəylə
birlikdə “Əkinçi” qəzetinin nəşrində
yaxından iştirak edərək çox əziyyətlərə
qatlaşır.
İlk müsəlman qız məktəbinin
müdiri
Həsən
bəyin ən böyük arzularından biri də Bakıda
müsəlman qız məktəbinin açılması idi.
Böyük xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin sərmayəsi ilə qız məktəbinin
binasının tikilib başa çatması Həsən bəyin
illərlə ürəyində gəzdirdiyi arzusunu
reallaşdırır. Ancaq bu məktəbdə müdirə
kimi işləməyə savadlı müsəlman qadın
tapılmırdı. İçərişəhərdə
Axund Abuturab ağa iki qızını bu məktəbə
yazdırdığına görə onu namaz üstə
öldürmüşdülər. Belə bir mühitdə Hənifə
xanım heç nədən qorxmadan qız məktəbində
müdirə işləməyə razı olur. O, burada oxuyan
qızların mənəvi anasına çevrilir. Müsəlman
qızlar məktəbi sözün əsl mənasında istedadlı
qadınların ocağına çevrilir.
1908-ci ildə
Hənifə xanımın təşəbbüsü ilə
Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi olaraq
“Bakı xanımlarının ilk təşkilatı”
yaradılır. Bakı milyonçularından Murtuza Muxtarovun
həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat
tezliklə böyüyüb Bakı Müsəlman
Qadınlarının Xeyriyyə Cəmiyyətinə
çevrilir. Hənifə xanım bir neçə il ilk
müsəlman qız məktəbinin və rus-türk (Azərbaycan)
qız məktəbinin müdiri vəzifəsində
çalışır. Azərbaycanın sovetləşməsindən
sonra, 1920-1926-cı illərdə Hənifə xanım Azərbaycan
Xalq Maarif Komissarlığında məsul vəzifədə
işləyir.
Hənifə
xanım Məlikova 1929-cu ildə Bakıda vəfat edib. Əvvəlcə
şəhər qəbiristanlığında dəfn edilən
Hənifə xanımın cəsədi sonralar həyat
yoldaşı Həsən bəy Zərdabinin məzarının
yanına köçürülüb. Ruhən və cismən
bir-birinə və xalqına bağlı olan bu maarifpərvər
insanlardan xalqımıza heç zaman tarixdən silinməyəcək
maarifçilik ənənələri və xoş əməllər
yadigar qalıb.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2012.- 3 oktyabr.- S.14.