İstiqlalmuzeyinin yaradıcısı  

 

Görkəmli ziyalı və ictimai xadim Hüseyn bəy Mirzəcamalov

 

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdən biriHüseyn bəy Mirzəcamalov (Hüseyn Camal Yanar) olub. Hüseyn bəy Mirzəcamalov həm də Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılmış və ölkəmizdə ilk dövlət muzeyi olanİstiqlalmuzeyinin yaradıcılarından biridir. Hüseyn Məmiş oğlu Mirzəcamalov 1878-ci ildə Şuşa şəhərində anadan olubburada şəhər məktəbini bitirib. O, ali pedaqoji təhsil alıb və Bakı Universitetində riyaziyyatdan dərs deyib. O, maarifçi bir ziyalı olmaqla yanaşı, həm də şair, yazıçı idi. Hüseyn bəy eyni zamanda jurnalist kimi fəaliyyət göstərib, mətbuatda publisistik məqalələrlə çıxışlar edib. 1918-ci ildə Xalq Cümhuriyyətinin parlamenti yarananda H.Mirzəcamalov parlamentin dəftərxanasında çalışıb, qanunvericilik şöbəsinin müdiri olub. Parlamentdə “Müsavat” fraksiyasının lideri Məhəmmədəmin Rəsulzadə ilə yaxın dost olub.

H.Mirzəcamalov ötən əsrin əvvəllərində Tiflisdə yaşayıb və bu şəhərin ədəbi-mədəni mühiti ilə çox bağlı olub. Həmin dövrdə Tiflisdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Ömər Faiq, Hüseyn Ərəblinski, Üzeyir Hacıbəyli və başqa yaradıcı ziyalılar da yaşayıb-yaradır, tez-tez buraya gəlirdilər. Burada formalaşmış Azərbaycan teatr truppası Azərbaycan yazıçılarının əsərlərini, dünya dramaturgiyasından nümunələri uğurla tamaşaya qoyurdu. Həmin truppa öz ətrafında Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, Məmmədtağı Ələsgərov, Mustafa Mərdanov, İbrahim İsfahanlı, Nadir İbrahimov, Həbib Köçərlinski, İsmayıl Həqqi, Yusif bəy Tahirovbaşqa sənət fədailərini birləşdirmişdi. Əbdürrəhim bəy Haqverdiyev teatrın fəaliyyətində yaxından iştirak edir, Hüseyn Ərəblinski, Əbülfət Vəli, Sidqi Ruhulla bu aktyorların iştirakı ilə tamaşalar hazırlayır, onlarla birlikdə tamaşalarda çıxış edirdilər.

Hüseyn bəy Mirzəcamalov bu qaynar ədəbi-mədəni mühitdən kənarda qala bilməzdi. 1912-ci ildə Tiflisdə Azərbaycan teatrı üçün xüsusi binanın - “Auditoriya”nın açılış mərasiminin təşkilində başqa ziyalılarla birlikdə Hüseyn bəy Mirzəcamalov da fəal iştirak etmiş və tədbirdə çıxış etmişdir.

“Auditoriya”nın rəsmi açılışı barədə “Zakavkazye” qəzetinin 3 aprel 1912-ci il tarixli sayında yazılırdı: “Müsəlman teatr cəmiyyətinin ”Auditoriya" binasının açılışı olmuşdur. Şəhər qlavası Xatisov, generallardan Koxanovski və Əmir Kazım Mirzə, mətbuat, ictimai təşkilatların nümayəndələri, Axund Mollazadə, xəzinədar M.M.Əhmədov, Y.Tahirov, H.Köçərlinski, Ə.Haqverdiyev, H.Mirzəcamalov, səhnə xadimi İ.Volkov, knyaz Eristov, BaratovBelyayev truppasının nümayəndələri təbrik nitqi söyləmişlər".

 

Maraqlı səhnə əsərlərinin müəllifi

 

Hüseyn bəy Mirzəcamalov bədii yaradıcılıq və tərcümə ilə də məşğul olmuşdur. “Baku” qəzetinin 3 may 1912-ci il tarixli sayında belə bir məlumat dərc edilmişdir: “Tiflisdən verilən xəbərlərə görə, Qafqaz Mətbuat Komitəsi M.Əlibəyovun ”Məhkəmələr qapısında tökülən göz yaşları" və Hüseyn Mirzəcamalovun birpərdəli “İşgilli Məmo” əsərlərinin Qafqaz səhnələrində oynanmasına icazə vermişdir". Həmin qəzetin məhz həmin il başqa bir sayında isə Hüseyn bəy Mirzəcamalovun gürcü yazıçısı İ.Kedevanişvilinin “Xain” pyesinin Azərbaycan dilinə tərcüməsi üzərində işləməsi barədə məlumat verilmişdir. Onun gürcü dilindən tərcümə etdiyi başqa bir əsər - İosif Mçedlişvilinin “Qaçaq Kərəm” pyesi isə elə həmin illərdə Tiflis və Bakı teatrlarında tamaşaya qoyulmuşdur.

Həmin tamaşada o vaxtlar Tiflisdə kommersiya məktəbində təhsil alan, sonradan görkəmli teatr xadimi, aktyor və rejissor kimi məşhurlaşan Xalq artisti Rza Təhmasib Qaçaq Kərəmin silahdaşlarından birinin rolunda ilk dəfə səhnəyə çıxmış və bu, professor Əziz Şərifin yazdığı kimi, onun “gələcək həyat və fəaliyyət yolunu müəyyənləşdirmişdir”. Əsər Tiflisdə dəfələrlə göstərilmiş və hər dəfə tamaşaçılar tərəfindən razılıqla qarşılanmışdır.

“Qaçaq Kərəm” 1913-cü ildə Tiflis Azərbaycan teatrının aktyorlarının və yerli həvəskarların iştirakı ilə Gəncədə tamaşaya qoyulmuşdur. Baş rolda teatrın tanınmış simalarından olan Mirseyfəddin Kirmanşahlı çıxış etmişdir.

Əsərin və tamaşanın bu cür şöhrət qazanması “Qaçaq Kərəm”in 1914-cü ildə Bakıda səhnəyə çıxarılması ilə nəticələnmişdir. Həmin dövrdə mətbuatın yazdığından məlum olur ki, tamaşanı böyük səhnə ustası Hüseyn Ərəblinski hazırlamış və Qaçaq Kərəm rolunu böyük sənətkar özü oynamışdır. Bundan başqa, məlum olur ki, Bakıda “Qaçaq Kərəm”in ilk tamaşasında müəllif - İ.Mçedlişvili də iştirak etmişdir. Əlbəttə, bu fakt Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələri tarixinin maraqlı səhifəsidir və bu sahədə Hüseyn bəy Mirzəcamalovun əməyini əks etdirir. Teatr tarixçisi və tədqiqatçısı Qulam Məmmədlinin verdiyi məlumata görə, Hüseyn bəy Mirzəcamalov başqa bir gürcü yazıçısının - İlya Çavçavadzenin də bir pyesini dilimizə çevirmişdir.

 

Ömrünün son illəri Türkiyədə...

 

Bütün bunlarla yanaşı, Hüseyn bəy Mirzəcamalov vətənpərvər bir ziyalı, nəcib və xeyirxah bir insan olmuşdur. O, ehtiyacı olan ziyalılara əl tutmuş, mənəvi yardımını əsirgəməmişdir. Məhz bu cəhətlərinə görə o öz müasirləri və həmkarları tərəfindən sevilmiş və yüksək dəyərləndirilmişdir. Böyük sənətkarımız Hüseyn Cavid onu “aliqəlb və həssas arxadaşımız” adlandırmışdır.

Görkəmli publisist, tənqidçi və ədəbiyyatşünas Abdulla Sur Tiflisdə müalicə olunduğu xəstəxanada dünyasını dəyişmiş və onun cənazəsi vətəni Gəncəyə gətirilmiş, burada torpağa tapşırılmışdır. Hüseyn Cavid həmin günlərdə öz qələm dostu haqqında böyük bir məqalə yazmış və “İqbal” qəzetinin 17 və 18 may 1912-ci il tarixli saylarında dərc etdirmişdir. Müəllif məqalədə Hüseyn bəy Mirzəcamalovun bir dost kimi Abdulla Sura göstərdiyi qayğı və ehtirama da xüsusi yer ayırmışdır. Məqalədə oxuyuruq: “Cənazəni Tiflisdən Gəncəyə gətirmək üçün gedən əfəndilərin dediyinə görə, dost olmaq münasibətilə yalnız Mirzəcamalov Hüseyn bəy əfəndinin, o aliqəlb və həssas arxadaşımızın bu müddətdə çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi insaniyyət və nəcabətlər Gəncə camaatını ixtiyar, gənc mühafizəkar təcəddüdpərəst (intelligent) hamısının mərhum Mirzə Abdulla haqqında olan etina və ehtimamatına min dəfə faiqdir”.

Hüseyn bəy Mirzəcamalov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində çalışdığı dövrdə başqa bir vətənpərvər ziyalı Məhəmməd Ağayevlə birlikdə İstiqlal muzeyini yaratmışdır. Hüseyn bəy 1920-ci il aprelində Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Türkiyəyə mühacirət etmiş və 1974-cü ildə İstanbulda dünyasını dəyişmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 5 oktyabr.- S.14.