Hər bir aşiq Seyid Həmzə, hər bir dilbər Nigar olmaz

 

 Böyük sufi şeyxi Hacı Mirhəmzə Əfəndi Nigari...

 

Sovet dövründə adları xüsusi olaraq yasaqlanan və irsi hələ də dərindən araşdırılmamış qalan bir çox şairlərimiz var. XIX əsr Azərbaycan ədəbiyyatının belə görkəmli nümayəndələrindən biri də Hacı Mirhəmzə Əfəndi Nigaridir. O, şeirlərini əsasən “Seyid Nigari” təxəllüsü ilə yazmış və bu imza ilə də tanınmışdır. Amma Türkiyədəki yazılı qaynaqlarda onun Qarabaği təxəllüsü ilə də yazdığı məlum olur. O, gənc yaşlarında Şirvana gəlmiş, dövrünün görkəmli alimlərindən dərs almışdır. Nigari Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı yönəlmiş müridizm azadlıq hərəkatının öncüllərindən olmuş və buna görə hökumət onu sürgün etmək istəmişdir.

Təriqət şeyxi olan Nigari təsəvvüf şeirinin görkəmli simalarından biri sayılır. O, Bərgüşad mahalının (indiki Laçın rayonu) Cicimli kəndində 1795-ci ildə dünyaya gəlmiş Qarapapaq türklərindəndir. Atası Mir Paşa (türk mənbələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qızxanım adı ilə tanınan Xeyrənsə xanım olub.

Hacı Mirhəmzə Əfəndi təhsilini Şəkinin Dəhnə kəndində dövrünün alimlərindən alıb. O, sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxıb. Yolçuluğu sırasında Mövlanə Xalid Bağdadinin adını eşidir və Bağdada getmək üçün yola düşür. Ancaq Harputa çatanda Mövlanə Xalidin vəfatı xəbərini alır. Bundan sonra Sivasa gələn şair oradan Qarabağa qayıdır. Burada o, İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə yollanır Şeyx İsmayılın müridi olur.

Burada Nigari şeyxini təqib edərək onun ardından Anadoluya gəlir, Sivas və Amasiyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalır. Sonra o, İsmayıl Əfəndidən icazə alaraq, müqəddəs məkanları ziyarət etmək məqsədilə səfərə çıxır. Səyahət marşrutu əvvəlcə Konyaya Mövlanə Cəlaləddin Rumi türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə doğru istiqamət alır. Nigari ziyarətlərinin sonunda Amasiyaya qayıdır və bir il sonra mürşidi İsmayıl Şirvanidən xilafətnamə alıb Azərbaycana dönür.

Yazılı mənbələrdən məlum olur ki, o, Nigari təxəllüsünü 9 yaşında görüb aşiq olduğu Qarabağ bəyləri nəslinə mənsub və özü kimi təsəvvüf əhli olan Nigar adlı bir qadına görə seçmişdir:

 

Alıbdır canımı qəmzə, düşübdür könlümə lərzə,

Hər bir aşiq Seyid Həmzə, hər bir dilbər Nigar olmaz.

Yakılmış odlara varım, dağılmış çöllərə narım...”

 

Azərbaycanda Mirhəmzə Nigari irşad fəaliyyətinə Bərgüşad və Bərdə ətrafında başlayıb. Rusiya ilə Osmanlı dövləti arasında çıxan Krım müharibəsi zamanı Osmanlı ordusunda cihada qatılmaq üçün müridləri ilə birlikdə gizlicə Qarsa gələn şair ruslara qarşı vuruşur. O, müharibədən sonra Ərzuruma yerləşərək üç il Bakırlar məhəlləsindəki məscidin dərsxanasında qalır.

Ərzurumdan İstanbula gedən Həmzə Nigari nəhayət, Amasiyaya qayıdaraq orada məskunlaşır. O, burada uzun müddət təfsir və hədis dərsləri deməklə yanaşı, təsəvvüfi fəaliyyətilə də məşğul olur. Lakin onun fəaliyyətindən narahat olanların şikayətindən sonra Harputa sürgün edilir.

1886-cı ildə Harputda vəfat edən Həmzə Nigari vəsiyyətinə əsasən şeyxinin yanında - Amasiyada dəfn olunmuşdur. Məzarı indi də orada - Şirvan camesindədir.

Sonralar qazaxlı Hacı Mahmud Əfəndinin, Qarabağ, Qazax və Gürcüstandakı müridlərinin yardımı ilə türbəsi və türbənin yaxınlığında məscid inşa edilmişdir.

Həmzə Nigarinin Muhyiddin Arabinin “Fütuhatı-məkkiyyə” əsərinə yazdığı Təvzihat, türkcə və farsca divanı, ayrıca “Nigarnamə” və “Saqinamə” adlı əsərləri var. Onun şeirləri Amasiya ətrafında, şərqi Anadoluda, Borçalı, Qazax və Qarabağda yaşayan türklər tərəfindən əzbər söylənilir, zikir məclislərində böyük mistik həyəcanla oxunur.

Nigarinin divanı Tiflisdə (1908) İstanbulda (1883) dərc edilmişdir. Şairin farsca divanı da 1911-ci ildə İstanbulda nəşr olunmuşdur.

“Vikipedia”nın məlumatında deyilir ki, Seyid Həmzə Nigarinin Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstanda çoxlu sayda müridi və xəlifəsi olmuşdur. Türkiyə və Azərbaycanda onun nəslindən olan bir çox insan var. Onun xəlifələrindən bəziləri bunlardır: Oğlu Siracəddin Əfəndi, Hacı Mahmud Əfəndi Aslanbəyli, Cəfər Təyyar Paşa, Ömər Kəşfi Dağıstani, Ərzurumlu Mehmet Zakir Əfəndi, Ərzurumlu Xoca Hafiz Osman Siraci, Mir Seyid Həsən Hüsnü Əfəndi əd-Dağıstani, Ağarəhim Ağa Dilbazi, Şahnigar Xanım Rəncur, Sadi Qarabaği, Hafız Mehmet Kaşif Dağıstani, Trabzonlu Osman Nefi, Postlu Hacı Mahmud Əfəndi, Amasyalı Payasizadə Hacı Haqqı Əfəndi.

 

əcəb dövlət imiş seyri-şikari-Qarabağ...”

 

Nigari sufi şairdir. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Yəhya Şirvani, Məhəmməd Füzuli, Yunus Əmrə kimi, şeirlərində təsəvvüfi mövzularında yazmışdır. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm xalq şeiri nəzm şəkillərilə heca ölçüsündə təsəvvüfi şeir yazan divan sahibi şairdir. Şeirlərində Allah, peyğəmbər və əhli beyt eşqi və məhəbbəti işlənmişdir. Amma o, vətən sevgisi ilə dolu şeirlər yazmış, Qarabağa da bir neçə şeir həsr etmişdir.

Mirhəmzə Nigari öz doğma vətəni Qarabağa çox böyük məhəbbət bəsləmiş, Türkiyədə olduğu vaxtlar Qarabağa olan həsrətini şeirlərində ifadə etmişdir. Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu iztiraba qərq etdiyini ifadə edir. Bununla birlikdə, sanki o, Qarabağın ermənilər tərəfindən işğal edilib talan ediləcəyini hiss etmiş kimi bugünkü insanların əhvalı ruhiyyəsini şeirində əks etdirmişdir:

 

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.

Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,

Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.

Gövsəri-tubi imiş cayi-cinari-Qarabağ,

Aləmi-cənnət imiş dar - diyari-Qarabağ.

İndi bildim imiş vəsfi həzari-Qarabağ,

Yeridir ki, cəkərəm ah və zari, Qarabağ.

Dağlayıbdır məni bir laləuzari-Qarabağ,

Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.

 

Nəqşibəndilik təriqətinin böyük mürşidlərindən biri olan Mir Sədi ağa da Mirhəmzə Nigarinin soyundandır. Zəmanəsinin böyük övliyası olan bu şəxs sovet rejiminin repressiya qurbanlarındandır. Ömrünün 17 ilini fasilələrlə məhbəsdə keçirib. Xalq arasında Mir Sədi ağanın gözəl qəzəlləri, şeirləri və nəsihətləri yayılmışdır. O, 1961-ci ildə Qubadlı rayonunda dünyasını dəyişib.

 

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 6 oktyabr.- S.14.