Görkəmli
Azərbaycan rəssamı Mirzə Qədim İrəvani
Gənc rəssamın yeni fərqli
üslubu...
Azərbaycanın XIX əsr təsviri
incəsənət ustaları arasında Mirzə Qədim
İrəvaninin də önəmli yeri var.
Yaradıcılığının ilk dövründə əsasən
dekorativ sənət sahəsinə maraq göstərən gənc
rəssam divar rəsmləri və bədii tikmələr
üçün rəsm və trafaretlər çəkmişdir.
Bu dövrdə rəssam qızılgül, zanbaq və
çiçəklərdən mürəkkəb kompozisiyalar
yaradır, o cümlədən, müxtəlif quşların
canlı və real təsvirini işləyirdi. Fəaliyyətinin
ilk mərhələsində klassik miniatür
boyakarlığından fərqlənən bu əsərlər
göstərirdi ki, rəssam Avropa boyakarlığına
böyük maraq göstərir.
Mirzə Qədim
İrəvani 1825-ci ildə İrəvanda anadan olmuşdur.
Onun atası Məhəmməd Hüseyn məşhur sənətkar,
taxta üzərində oyma sənətinin mahir ustalarından
idi. Mirzə Qədim İrəvanda ibtidai təhsil aldıqdan
sonra burada “Üsuli-cədid” məktəbini bitirmiş, Tiflisə
gedərək orada progimnaziyanı qurtarmışdır.
1840-cı ildə İrəvana qayıdan Mirzə Qədim
ömrünün sonunadək burada yaşamış və
poçt teleqrafçısı vəzifəsində
çalışmışdır.
Yaradıcılığının
ilk illərində rəssam kağız, şüşə və
güzgü üzərində portretlər işləmişdir.
Bu portretlər arasında “Süvari”, “Rəqqasə”, “Dərviş”
xüsusi olaraq seçilir. XIX əsrin ortalarında yüksəliş
mərhələsinə qədəm qoyan Azərbaycan mədəni
mühitində təsviri sənətin 145 istiqaməti
inkişaf etməkdəydi. Bu dövrdə yaranan təsviri sənətin
səciyyəvi üslub xüsusiyyətləri, ideya-estetik
mahiyyəti və sənətkarlıq nailiyyətləri M.M.Nəvvab,
Xurşudbanu Natəvan, Usta Qəmbər Qarabaği kimi
dövrün görkəmli rəssamları və xalq
ustalarının yaradıcılığında qabarıq əksini
tapmışdır. Mirzə Qədim İrəvaninin
yaradıcılığının təkmilləşmə mərhələsi
də elə həmin illərə təsadüf edir.
Belə bir
zamanda o, İrəvan sərdarı kimi tanınan sonuncu İrəvan
xanı Hüseynqulu xanın məşhur sarayının divar
rəsmlərini bərpa etmək dəvəti alır. Burada rəssam
sarayın otaqlarını, xüsusən güzgülü
zalın divarlarını bəzəyən köhnə
dekorativ pannoları və süjetli kompozisiyaları yenidən
bərpa etməklə bərabər, bir neçə orijinal əsər,
o cümlədən konkret tarixi şəxslərin portretlərini
çəkmişdir. Hər bir portret yağlı boyalarla
işlənib divara yapışdırılmışdır.
Bu portretlər monumental formasına, ifaçılıq
üslubuna və texnikasına görə Azərbaycan təsviri
sənətində yeni keyfiyyətli portret əsərləri
hesab edilir. Bu qalereyada seyrçilərin və mütəxəssislərin
diqqətini ən çox Fətəli şah Qacar, onun
oğlu şahzadə Abbas Mirzə, sonuncu İrəvan
xanı Hüseynqulu xanın portretləri cəlb edir.
Sərdar sarayından qarət olunan
portretləri
Azərbaycan
memarlığının incilərindən biri olan Sərdar
sarayı sonralar bərbad hala salınmış və məhv
edilmişdir. İrəvandakı Sərdar sarayının
içərisindəki son divar rəsmlərini və portretləri
1850-ci ildə Mirzə Qədim İrəvani işləmişdi.
Erməni-rus işbirliyi ilə 1913-1918-ci illər arasında
bu dəyərli memarlıq abidəsi dağıdılan zaman
yalnız divardakı iki portret - Fətəli şahın və
Abbas Mirzənin portretləri Tiflisə
aparılmışdır ki, hazırda Gürcüstan Dövlət
İncəsənət Muzeyində saxlanılır. İrəvani
yaradıcılığının təkmilləşmə və
ən məhsuldar dövrü 1860-1870-ci illərə təsadüf
edir. Rəssamın hazırda məlum olan on qiymətli əsəri
məhz bu illərdə yaranmışdır. “Oturmuş
qadın”, “Vəcihulla Mirzə”, “Şah Tələt” (hər
üçü Gürcüstan Dövlət İncəsənət
Muzeyində saxlanılır), “Molla”, “Gənc qadın”, “Fətəli
şah”, “Abbas Mirzə”, “Naməlum qadın” (R.Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət
Muzeyində saxlanılır) və s. başqa portretlər rəssamın
bu dövrdəki yaradıcılıq nailiyyətlərini əks
etdirir. Akvarel və tempera texnikasında işlənmiş bu əsərlərdə
orta əsr klassik miniatür sənətinə xas şərti
dekorativ üslubla realist dəzgah boyakarlığının səciyyəvi
xüsusiyyətləri üzvi surətdə əlaqələndirilmiş,
nəticədə özünəməxsus bədii forma,
orijinal üslub yaranmışdır. Əsas üslub
xüsusiyyətlərinə görə bu əsərlər
klassik Şərq miniatür sənətinin gözəl ənənələrini
əks etdirir.
“Mirzə Qədim
İrəvaninin qadın portretləri xüsusi səciyyəsi
ilə nəzərə çarpır. Onlar kompozisiyası,
koloriti, fiqurların duruşu və hərəkəti, geyimi,
libasları, ornament bəzəyi və s. cəhətdən bir-birinə
çox oxşayır. Lakin obrazların bədii həllinə,
fərdi əlamət və ifadəliliyinə görə
onlar əsaslı surətdə bir-birindən fərqlənirlər.
Bu əsərlər həm rəssamın, həm də
dövrün estetik normalarını, gözəllik
idealını əks etdirir. ”Oturmuş qadın" və “Gənc
qadın” portretlərində xalq yaradıcılığı
və şair Molla Pənah Vaqifin poeziyasında tərənnüm
olunan şux, nikbin, gözəl qadın obrazı
yaradılmışdır" (Vikipedia).
Sənət incisi sayılan əsərləri
Mütəxəssislərin
rəyinə görə, Mirzə Qədim İrəvaninin
“Oturmuş qadın” portreti yalnız Azərbaycanda deyil,
ümumiyyətlə XIX əsr Orta Şərq rəssamlığında
ideal qadın gözəlliyini əks etdirən on nümunəvi
əsərdən biridir. Burada yerə salınmış zəngin
və bəzəkli xalça üzərində bir qədər
ədalı pozada oturmuş gənc və məlahətli bir
qadın təsvir edilib. Obrazın sadə və təbii,
canlı və real təsvirinə görə bu portret XIX əsrdə
“Qacar üslubunda” geniş yayılmış rəsmi portretlərdən
əsaslı surətdə fərqlənir və Mirzə Qədimin
ən qüvvətli əsəridir.
Bundan
başqa, rəssamın “Şah Tələt” və “Naməlum
qadın”, “Şahzadə Aleksandr arvadı ilə”, “Şah və
vəziri” kimi əsərləri də xüsusi diqqəti cəlb
edir. “Şahzadə Aleksandr arvadı ilə” əsəri rus mətbuatında
dərc edilmiş şəkil əsasında çəkilsə
də, rəssam onun kompozisiya və kolorit həllində dəyişikliklər
etmiş, onu Şərq motivləri, dekorativ elementləri ilə
zənginləşdirmişdir. Mirzə Qədim İravani eyni
zamanda xalq sənətini dərindən bilən, əsərlərində
bu tükənməz sərvətin gözəl ənənələrindən
bacarıqla istifadə edən mahir ornamentalist rəssam
olmuşdur. Onun əsərlərində xalça, mürəkkəb
naxışlı şəbəkə, adamların geyimi və
ev əşyasının üzərində çəkdiyi
müxtəlif biçimli ornament bəzəkləri bunu
sübut edir. Onun Sankt-Peterburqda Ermitac muzeyində saxlanılan
güzgünün qapıları üzərində çəkdiyi
gül və çiçək təsvirləri xüsusilə
yüksək bədii zövq və böyük sənətkarlıqla
işlənmişdir. Mütəxəssislər Mirzə Qədim
İrəvaninin yaradıcılığı ilə Azərbaycan
təsviri incəsənətində şərti dekorativ
üslubdan yeni keyfiyyətli realist sənətə
keçidin başlandığını qeyd edirlər.
Görkəmli
rəssamın Ələkbər və Ələsgər
adlı oğulları olub.
Mirzə Qədim
İrəvani 1875-ci ildə vəfat edib.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 11 oktyabr.- S.14.