“Məyər ol Əsgəri- Gorani gələ...”
.
Böyük maarifçi və ictimai
xadim Əsgər ağa Gorani
Milli teatrımızı yaradanlardan və
milli mədəniyyətimizin inkişafında böyük
xidmətlər göstərmiş görkəmli şəxsiyyətlərdən
biri də Əsgər ağa Adıgözəlov-Goranidir. Əsgər
ağa Gorani Azərbaycan mədəniyyətində öz yeri
olan görkəmli simalardan biridir. O, yazıçı, aktyor,
teatrşünas, tərcüməçi və jurnalist kimi fəaliyyət
göstərib. Milli teatrımızın şərəfli
tarixi ilk dəfə 1873-cü il martın 10-da “Sərgüzəşti-vəziri-xani-Lənkəran”,
bir ay sonra isə “Hekayəti-mərdi-xəsis” əsəri ilə
başlanıb. 1873-cü ilin martın 10-da oynanılan “Hekayəti-vəziri-xani-Lənkəran”
tamaşasında Teymur ağa, bir qədər sonra, aprelin 17-də
göstərilən “Hekayəti-mərdi-xəsis”də isə
Hacı Qara rollarını ifa edən Əsgər ağa ilk səhnə
aktyorlarımızdan sayılır.
Əsgər
ağa Adıgözəlov (Gorani) ilk milli qəzetimiz olan “Əkinçi”nin
fəal üzvlərindən, uzun illər
teatrlarımızın repertuarından düşməyən
“Qocalıqda yorğalıq” pyesinin, bir çox dillərə
tərcümə olunan və Ağa Məhəmməd Şah
Qacarın Qafqaza yürüşündən bəhs edən
“Qara yel” tarixi romanının müəllifidir.
“Qarabağnamə”nin
müəllifi olan Mirzə Adıgözəl bəyin nəvəsi
Əsgər ağa Haqverdi bəy oğlu 3 may 1857-ci ildə Gəncə
(Yelizavetpol) qəzasının Goran kəndində dünyaya
göz açıb. Bakı şəhər
gimnaziyasını qızıl medalla bitirib. Sonra Moskvada
Petrovski-Razumovski adına Kənd Təsərrüfatı
Akademiyasına daxil olub. Akademiyanı bitirəndən sonra vətənə
dönən Əsgər ağa Gorani quberniya katibi, kollec
asessoru, mülkü müşavir vəzifələrində
çalışıb. O, Yelzavetpol (Gəncə)
quberniyası qəza hakiminin köməkçisi, Tiflis dairə
məhkəməsinin prokuroru, beş il ərzində Gəncə
bələdiyyə idarəsinin rəisi, Yelzavetpolda Mixaylovsk məktəbinin
fəxri nəzarətçisi vəzifələrində
işləyib. Gəncədə öz hesabına qızlar məktəbi
açıb.
Ömrünün
son 5 ilində Gəncə şəhər bələdiyyəsinin
sədri işləyən Əsgər ağa Gorani
özünün maarifçilik və xeyriyyəçilik əməlləri
ilə tarixə düşüb. Onun təşəbbüsü
və bir çox hallarda vəsaiti ilə Gəncədə
biri qızlar üçün dörd məktəb, bir xəstəxana
açılıb, sahil bağı salınıb, yollar və
küçələr abadlaşdırılıb, yeni binalar
inşa edilib, dahi Nizaminin qəbri təmir olunub.
Teatr səhnəsinə düşən
işıq
Əsgər
ağa Gorani hələ Bakı şəhər
gimnaziyasında təhsil alarkən öz istedadı ilə
gimnaziyanın müəllimi, milli mətbuatımızın
banisi Həsən bəy Zərdabinin diqqətini cəlb edir.
Təhsil illərində Əsgər ağa gələcəkdə
millətin işıqlı simalarından biri olacaq Nəcəf
bəy Vəzirovla da yaxından dostluq edir. Belə bir
mühitdə Əsgər ağa hərtərəfli şəxsiyyət
kimi formalaşır və dövrünün açıq
görüşlü insanlarından birinə çevrilir.
Günlərin
birində sevimli müəllimləri Həsən bəy Zərdabi
tələbələrini başına yığıb və
o dövr üçün gözlənilməz bir qərar
verir. Tələbələrinə deyir ki, Mirzə Fətəli
öz əsərlərini göndərib, rica edir ki, bu əsərlərdən
birini seçib səhnəyə çıxaraq. Teatrın, səhnənin
nə olduğunu bilməsələr də, tələbələr
sevimli müəllimlərinin sözünə əməl edib
əsərləri oxuyub “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
və “Hekayəti-mərdi-xəsis” (“Hacı Qara”) əsərlərini
tamaşaya qoymağı qərara alırlar.
1873-cü
il martın 10-da görkəmli maarifçilər Həsən
bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər
ağa Goraninin (Adıgözəlov) təşəbbüsü
ilə M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
komediyası ilə Azərbaycanda peşəkar teatrın əsası
qoyulur. Bir ay sonra isə “Hacı Qara” tamaşası
oynanılır. Əsgər ağa Gorani hər iki əsərdə
iştirak edərək ilk dəfə səhnədə Teymur
ağa və Hacı Qara obrazlarını yaradır. Bu
tamaşalar cəhalətə, qaranlığa qarşı
mübarizə aparan insanların böyük sevincinə səbəb
olur. Əslində Əsgər ağa peşəkar aktyor
deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini
birləşdirmək istedadı vardı. Səhnə incəliklərini,
nüanslarını həssaslıqla duyur, dərk edirdi.
Oynadığı Hacı Qara rolunun timsalında dövrün
ədalətsizliyinə, riyakar mövqelərə,
saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə
nifrətini bildirmişdi. Onun qrimdə camaat
qarşısına çıxması daxili emosiyasından, bu
yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən
yaranmışdı.
Həsən
bəy Zərdabi “Həyat” qəzetində yazırdı:
“Oynayanlar yaxşı oynadılar, ələlxüsus da, Əsgər
ağa Adıgözəlov Hacı Qaranın xarakterini
tamaşaçılara inandırıcı
çatdırdı. Onların oyunu
tamaşaçıların xoşuna gəldi”.
“Əkinçi”nin yorulmaz yazarı
Əsgər
ağa Gorani iti qələmli publisist olmaqla yanaşı, qələmə
aldığı “Qocalıqda yorğalıq” pyesi uzun illər
teatrların repertuarından düşmür. “Qara yel”
romanı sonralar dünyanın 20-dən artıq dilinə tərcümə
olunur. Maraqlı dram əsərlərinin müəllifi idi.
“Qocalıqda yorğalıq” pyesi əsasında unudulmaz
televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə
almışdı. M.Lermontovun yaradıcılığından
dilimizə çevirdiyi şeirlər diqqəti cəlb edir.
Ə.Gorani
“Əkinçi”nin ən fəal, dövrə, zəmanəyə,
hadisələrə dəqiq, doğru münasibətini bildirən
yazarlarından olub. Qəzetin 17 nömrəsində onun öz
və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub.
“Əkinçi”
qəzetinin ilk saylarını böyük həvəslə
oxuyan Əsgər ağa redaktor Həsən bəy Zərdabiyə
məktub yazmışdı: “Keçən il kənd əhli
ilə danışdım. Onlar hazırdır, əlləri
qabara-qabara, üzləri tərləyə-tərləyə
qazandıqları puldan üç manat cəm edib ”Əkinçi"yə
gətirsin. Amma çifayda, kənd əhli poşt
adını eşitməyib, qəzet gətirməyin
qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir
ki, qəzet gətirib onlara
paylamırlar".
XIX əsrin işıqlı
simaları arasında özünəməxsus yeri
olan Əsgər ağa
Goraninin də həyatı çətin
sınaqlarsız ötüşməmişdir. İlk dəfə
Əzət xanım Tağıbəyova ilə ailə həyatı
qursa da, Əzət
xanım vəfat edəndən sonra ikinci dəfə Əşrəf-ağa
Ziyadoğlu-Qacarın nəticəsi, Əbülfət
ağanın qızı Bəyim xanımla ailə qurmuşdur. Onların yeddi
övladı olmuş, üçü
erkən dünyasını dəyişmişdir.
Həsən
bəy Zərdabinin tələbəsi və məsləkdaşı
olan Əsgər ağa
Gorani 1910-cu ildə 53 yaşında vəfat
edib və Gəncənin qədim “Səbzikar”
qəbiristanlığında dəfn olunub.
Əsgər
ağanın dəfninə böyüklü-kiçikli
bütün Gəncə gəlibmiş.
Zaqafqaziyanın bütün qəzetləri
ona xatirə yazıları dərc edib. Gəncəlilər Əsgər ağanın məzari-türbəsinin də “Səbzikar”da
ən hündür olmasını qərarlaşdırıblar.
Məyər ol Əsgəri-Gorani gələ,
Neçə məktəb gələ dəxi
əmələ.
Seyid Əzim
Şirvaninin bu sətirləri neçə nəslin dilinin əzbəri
olub. Demək olar ki, 20-ci əsrin 50-ciÿ illərinədək
“Əsgər ağa” türbəsi Gəncə
ziyalıları üçün nəcib əməllərə
abidə simvolu olub.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 30 oktyabr.- S.14.