Böyük maarifçi ailəsinin fədakar xanımı .

 

Badisəba xanım Vəkilova

 

XIX əsrdə Azərbaycanın maarifçilik həyatında misilsiz xidmətləri olan görkəmli şəxsiyyətlər sırasında bir çox qadınların da adı var. Onlardan biri də ədəbiyyatşünas alim, böyük ziyalı Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilovadır. Badisəba xanım Mustafa ağa qızı Vəkilova 1881-ci il martın 2-də Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. Onun qardaşları Məmməd ağa və İsmayıl ağa Qori Müəllimlər Seminariyasında şuşalı Firidun bəylə birgə oxuyurdular. 1897-ci Firidun bəy Badisəba xanımla ailə qurmuşdur. Badisəba xanımın təhsili ilə Firudun bəy fərdi məşğul olmuş və onun maarifçi bir şəxsiyyət kimi yetişməsində böyük zəhmət çəkmişdir.

Badisəba xanım Vəkilova öz vəsaiti hesabına 1918-ci ildə Qazaxda “Yetim və qaçqın uşaqlar evi” açmışdır. 1920-ci ilin iyun ayında bolşevik-daşnaklar tərəfindən Gəncədə güllələnən Firidun bəydən sonra Badisəba xanım onun maarifçilik fəaliyyətini davam etdirmişdir. O, Bakı Pedaqoji Texnikumunda müəllim işləməklə yanaşı, pedaqoji institutda da təhsilini davam etdirərək ali təhsil almışdır.

Badisəba xanım 1925-ci il mayın 1-də Maarif Komissarlığının əmri ilə Zaqatalaya göndərilmiş və orada ilk dəfə Pedaqoji Texnikum təşkil etmişdir. 1929-cu ildə isə Badisəba xanım Quba Pedaqoji Texnikumunun yaradıcısı olub. Bu fədakar, maarifpərvər xanım 1930-cu ildə Şəkidə 2 saylı uşaq evinin də yaradıcısı və direktoru olmuş, yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almasında əvəzsiz xidmətlər göstərmişdir. Badisəba xanım Vəkilova yorulmaz maarif xadimi əməkdar müəllim adı ilə, “Şərəf nişanı” ordeni və “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur. Onun fəaliyyəti və maarifçilik sahəsində xidmətləri mərhum yazıçı Hacıağa Cümşüdlünün “Badisəba” povestində və akademik Bəkir Nəbiyevin “Firidun bəy Köçərli” monoqrafiyasında öz əksini tapmışdır.

Badisəba xanımın yaradıcısı və direktoru olduğu 2 saylı uşaq evinə Şəkidə hamı “Badisəba ananın uşaq evi” deyir.

 

Onun Şəkidəki xeyirxah fəaliyyəti

 

Publisist Şəmistan Nəzirli Badisəba xanımın Şəkidəki həyatı və fəaliyyətini əks etdirən yazısında oxuyuruq. “...Mavi rəng çəkilmiş taxta qapıdan içəri keçdim. Daş pilləkənləri qalxıb geniş, səliqəli bir həyətə girdim. Bir azdan öyrəndim ki, bu yaraşıqlı ev 37-ci ildə güllələnmiş Rüstəm bəy Zülfüqarovun şəxsi mülkü imiş... Sərt dikdirli taxta pilləkənlə ikinci mərtəbəyə çıxdım. Sol tərəfdəki qapını açıb içəriyə boylandım. Zövqlə təmir olunmuş otaqda, güllər və çiçəklər göz oxşayırdı. Otağın baş tərəfində rəngli bir portret asılıb. Bu, Badisəba xanım Köçərlinin yağlı boya ilə işlənmiş əksidir. Altında heç bir yazı-filan olmasa da, vaxtilə yüzlərlə kimsəsizin anası olmuş, portretdəki ağbirçəyi dərhal tanıdım.

Xatirə otağında müasir mebel, pianino və xeyli kitablar divar boyu səliqə-səhmanla düzülüb. Stullardan birində oturub onun əzizi və xalqımızın ölməz ədəbiyyatşünası Firidun bəy Köçərli günlərini bir-bir xatırlayıram...

Vaxtilə Badisəba ananın yaşadığı otağı görmək istədim. Qurbanəli müəllim mənə üçüncü mərtəbəyə çıxmağı təklif etdi. Sağ tərəfdəki birinci otağı açıb: “Otuz il bu otaqda yaşayıb Badisəba ana, - dedi. Buranı muzey etmək istəyirik, hələlik onun haqqında sənədlər, foto-şəkillər və şəxsi əşyaları toplayırıq”...

Badisəba xanım Şəkidə uşaq evində işləyəndə Roza adlı üç yaşlı qız uşağını övladlığa götürüb. Roza Həşimova Badisəba xanımı belə xatırlayır: “O, uşaq evindəki dörd yüzdən çox uşağa eyni ana qayğısı, ana gözü ilə baxırdı. Mən 1926-cı ildə Şəkidə anadan olmuşam. Iki yaşım tamam olar-olmaz anam ölüb. Atamı 1929-cu ildə ”xalq düşməni" elan edib tutublar. O, müəllim olub. Mən bir il nökərimizin ümidinə qalmışam. Sonra məni bibim Xubnisəyə veriblər. Dörd yaşıma qədər bibim saxlayıb. Bibim ərə gedəndə gətirib məni aşağı məscidin yanındakı yetimxanaya verib. 1930-cu ildə gəlib oradan təşkil elədiyi yetimxanaya uşaq seçən Badisəba ana məni də gətirib...".

Roza xanım Badisəba ananın Firudun bəyə məhəbbətindən, onun sədaqətindən danışır: “İlahi, insanın insana necə məhəbbəti, nə ülvi sevgisi olarmış?

Evdə Firidun bəyin gümüş qaşığını, bıçağını, lampasını və nəlbəkisini də ayrıca saxlayardı. Qızıldan papiros qabı vardı, üstündə “Firidun bəy Köçərli” yazılmışdı. Çəkisi dörd yüz əlli qram idi. Evimizdə onun ən çox əzizlədiyi, ağlaya-ağlaya vərəqləyib baxdığı bir böyük albom vardı. Mən onu zorla yerdən qaldırardım. Üstündə rusca gümüşdən iri hərflərlə “F.K.” yazılmışdı. Onu 1895-ci il oktyabrın 23-də İrəvan gimnaziyasının müdavimləri Firidun bəyə avtoqrafla hədiyyə vermişdilər. Orada Firidun bəyin çərkəzi geyimdə, Badisəba xanımla, qohumları ilə, qardaşları İsmayıl və Məmmədağa Vəkilovla, tələbələrilə, Şuşada, Qori və Tiflisdə çəkilmiş çoxlu fotoşəkilləri saxlanılırdı. Axı, Firidun bəy on il İrəvan gimnaziyasında tərbiyəçi-müəllim işləmişdi".

 

Yada düşər xatirələr...

 

Xalq şairi Səməd Vurğun Şəkidə Badisəba xanıma tez-tez baş çəkərmiş. Roza xanım o günləri belə xatırlayır: “Səməd gələndə uşaqlar kefdə-damaqda olurdular. Heç vaxt əliboş gəlməzdi. Oğlanlara şalvar, köynək, qızlara çit don, saçlarına bağlamağa lent, balacalara isə çoxlu konfet və oyuncaq gətirərdi. Oğlan uşaqlarını yığıb meşəyə aparar, bulaq başında yedizdirib-içizdirərdi. Ağaca çıxıb uşaqlara meyvə yığardı. Üst-başını bulayanda Badisəba ana onu danlaya-danlaya bulaşıqlı paltarını özü yuyardı. Səməd Vurğun onu ”a bacı" - deyə çağırardı... Əli adında Firidun bəyin tələbəsi vardı, o da çox gələrdi. Əli Səbrini anam “oğlum” - deyə çağırardı. Deyirdi ki, Əli Qoridə oxuyanda Firidun bəy onu övladlığa götürmüşdü. Müharibə başlanmamış Əli daha gəlmədi. Bir dəfə Səməd Vurğun gələndə anam Əlini soruşdu. Anam soruşduqca Səməd Vurğun eşitməməzliyə vururdu. Anam ərklə üstünə qışqıranda Səməd Vurğun sakitcə ona nəsə dedi. Anam “balam vay” - deyib, ağladı. Məlum oldu ki Əlini 1937-ci ildə həbs edib sürgünə göndəriblər...".

Roza xanım anasının son vaxtlarını belə xatırlayır: “On yeddi yaşım tamam olanda dedi ki, səni ərə verəcəm. Mən özüm də on yeddi yaşımda Firidun bəylə ailə qurmuşam... Qonşumuz Teymur yaxşı cavandı, əxlaqlı oğlandı. Onun da taleyi səninkinə oxşayır, o da bəy nəslindəndi, atasını bolşeviklər həbs edib güllələyiblər. Fərhad bəy kimi ağıllı qohumu var. Baş-başa verib, xoşbəxt yaşayarsınız. Bilərəm ki, səni xoşbəxt elədim, arxayın ölərəm. Anam məni Teymura ərə verdi. Toydan bir neçə gün sonra Bakıya getməyə hazırlaşdı. 1954-cü ilin yanvar ayında dedi ki, gedirəm Bakıya, pensiyaya çıxıb, qayıdıb gələcəm, ev alacam. Sən, mən, Teymur birgə yaşayarıq. Qatarda gedəndə ona bərk soyuq dəyir, xəstələnir. Dörd gün sonra teleqram aldım. Yazırdı ki, təcili gəl. Dərhal yola düşdüm. Son nəfəsinə çatdım...”.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 26 oktyabr.- S.14.