Baharlı oymağından Məhəmməd Bayram xan .

 

Böyük sərkərdə, filosof və şair

 

Azərbaycan tarixində böyük izlər qoymuş, həyatı və fəaliyyəti az araşdırılmış şəxsiyyətlərdən biri də böyük sərkərdə, filosof və şair Məhəmməd Bayram xan Baharlıdır. Onun babaları XV əsrdə Azərbaycanın cənubunda böyük dövlət qurmuş Qaraqoyunlu tayfa ittifaqının Baharlı oymağındandır. Bayram xan Baharlının ana babası Herat hakimi Sultan Hüseyn Bayqaranın sarayında xidmət edib. Onun təxminən 1497-ci ildə Bədəxşanda (indiki Tacikistan) Seyfəli bəyin ailəsində doğulduğu bildirilir. Həyatı və yaradıcılığı ilə bağlı türkmən və hind alimləri də araşdırma aparıblar. Şərqi Benqaliyada yaşayan, tanınmış hind alimi, professor Sukumar Reyin “Bayram xan” monoqrafiyasında da Bayram xanın təxminən 1497-ci ildə anadan olduğu qeyd olunur.

Erkən yaşlarında yetim qalmış Bayram xan ailəsi ilə bərabər Bəlxə köçür, orada dünyəvi və dini təhsil alır. Bayram xan hərb işini də dərindən öyrənir və bu da onun taleyində mühüm rol oynayır. Bayram xan o dövrün bütün silahlarının fəndlərini öyrənərək həmtayfaları ilə bir çox döyüşlərdə iştirak edir. O, sonradan Babur şahın xidmətinə daxil olur, onları poeziya daha da yaxınlaşdırır. O dövrün tarixçiləri qeyd edirlər ki, Bayram həyatsevər, şən bir igid olub. Musiqini sevir və bu sənətin dərin köklərini bilirdi. O həmçinin ədəbiyyatı, tarixi, məntiqi də gözəl bilirdi və şeir yazmaqda kamilləşmişdi. Dövrünün tanınmış alimləri, şairləri və musiqiçiləri onunla sıx əlaqədə idilər.

Babur şah Bayramın bacarığını yüksək qiymətləndirərək ona məsuliyətli işlər tapşırırdı. Bayram xanın bacarığı Babur şahın oğlu Hümayun mirzəni də özünə cəlb etmişdi və ona görə də o, atasından Bayramı onun xidmətinə verməyi xahiş etmişdi.

Bayram xanın xeyirxah əməlləri, etibarlı xidməti, şairlik istedadı eləcə də musiqini dərindən bilməsi şahzadənin xoşuna gəlmişdi və ona görə də onu yaxın dostu cərgəsinə qatmışdı. Sukumar Rey Əhməd Bin Bahbalın Bayrama verdiyi yüksək qiyməti göstərir: “O, öz biliyini məclisdə, hərbi bacarığını döyüşdə, sədaqətini dostluqda, yüksək əxlaqını hər yerdə nümayiş etdirirdi. Şahzadənin yaxınlığını və dostluğunu qazanmışdı. Baburun əyanları arasında seçilirdi”.

 

Yüksək dövlət kürsüsündə

 

Hümayun imperator olandan sonra Bayram xan dövlət idarəsində daha yüksək yer tutdu və görkəmli sərkərdə oldu. Hümayun şahın Əfqan hakimi Şirşahın üzərinə yürüşündə Bayram xan hərbi cəsarəti və biliyi sayəsində qoşunu mühasirədən çıxardı. Kanauci savaşında Bayram xan Şirşaha əsir düşdü. Əfqan hakimi onu ənam və vədlərlə özünə çəkmək istədisə də gənc sərkərdə əyilmədi. Qəndəhar və Sirhindin alınmasında göstərdiyi şücaətə görə Hümayun şah Bayram xana böyük ərmağanlar verdi. Onun tituluna “Xan-xanan” (Xanlar xanı) ünvanı əlavə etdi.

Hümayun şah onu oğlu Əkbər mirzəyə lələ təyin etdi. Sukumar Rey qeyd edir ki, bu dönəmdə Bayram xan dövlətdə ən önəmli şəxs hesab olunur, Hümayun şahın baş vəziri sayılırdı. İdarəetmənin sükanı arxasında əyləşmişdi. Hindistan tarixi həmin dönəmdə Hümayun şahdan çox Bayram xana öz səhifəsində yer verir. Hümayun şahın ölümündən sonra taxt-taca gənc Əkbər Mirzə yiyələndi. Faktiki olaraq Hindistanı Bayram xan idarə edirdi. O, bir sıra həlledici qərarlar qəbul etdi. Bacarıqsız məmurları vəzifədən çıxardı. Orduda ciddi nizam-intizam yaratdı. Bayram xan şahın özəl qvardiyasının döyüş və intizam bacarığını artırdı. Kabul döyüşündə geri çəkilmənin əleyhinə çıxdı. Panitə döyüşü ərəfəsində qoşunun önündə alovlu nitq söyləyərək döyüşçüləri savaşa ruhlandırdı.

Bayram xan Hümayunun bacısı qızı Səlimə sultan bəyimlə ailə qurmuş, bununla da hakim siniflə qohum olmuşdur. Baharlı igidinin şahzadə, həm də Əmir Teymurun nəvəsi ilə evlənməsi ona baş ucalığı gətirdi. Sarayda hörməti daha da artdı. Vəzifəsi, şöhrəti yüksəldi, var-dövləti daha çoxaldı.

Bəzi tarixçilərə görə, Bayram xanın Səlimə sultan bəyimlə evlənməsinin təşəbbüsçüsü Hümayun şah olmuşdu. Bəziləri də qeyd edirlər ki, Bayram xan özü şah sülaləsi ilə qohum olmaq istəyirmiş.

Səlimə sultan bəyim ata tərəfdən qaraqoyunlu idi və Bayram xanın qohumu sayılırdı. Səlimə sultan bəyim sarayda ən gözəl qız idi. Onun gözəlliyi və zəkası haqqında Əbül Fəzl və başqa müəlliflər yazmışlar. Babur şahın qızı Güllədən bəyim “Hümayunnamə” adlı əsərində yazır: “O, çox savadlı qız idi ”Məxfi" təxəllüsü ilə şeir yazırdı. Səlimə sultan bəyim tərbiyəsi, qüruru, bacarığı və tutduğu yerə görə seçilirdi".

Səlimə sultan bəyim savadlı bir qız idi. Ədəbiyyata, şeiriyyətə bələdçiliyi vardı. Sözə önəm verirdi. Saray qadınlarına dərs keçir, yazı yazmaq öyrədirdi. Ədəbiyyata olan sevgisi onu Bayram xanla yaxınlaşdırdı. Bayram xanın Səlimə sultan bəyimlə evliliyi saray əyanlarının paxıllığını artırırdı. Şər, böhtan, dedi-qodu başlandı. Meydanda qılınc, məktəbdə qələm tutmağı bacarmayanlar, saray küncünə çəkilib şərə rəvac verdilər, gənc şahın qohumları Bayram xanla Əkbər şahın arasını vurdular.

 

Uzun yolçuluğun sonu

 

Bayram xan xəzinədən istədiyi kimi istifadə edirdi. Gənc Əkbər şah isə bəzən xərcləməyə pul tapmırdı. 1560-cı ildə gənc şah lələsi Bayram xana bildirdi ki, o, dövləti tək idarə etməyi arzulayır. Tezliklə dediklərini həyata keçirdi. Ordunun yerini dəyişdi. Bayram xanın ixtiyarında kiçik bir dəstə saxladı. Moğollar sarayında bir sıra dəyişikliklər həyata keçirildi. Bayram xan yüksək vəzifədən kənarlaşdırıldıqdan sonra qoşun təzədən öz yerinə qayıtdı. Sarayda çəkişmə, şər-böhtan daha da qızışdı. Bayram xanın əsas düşmənləri Atka-xeyl, Ədhəm xan, Məhdumülmülk Molla Pir Məhəmməd Şirvani idilər.

Əkbər şah öz keçmiş lələsini fəxri sürgünə, həccə göndərmək fikrinə düşdü. Onu yanına çağırıb dedi: “Hindistandan qədər istəyirsən mal götürüb get. Sənin darğaların mülkündən toplanmış vergiləri dünyanın harasında olsan da sənə çatdıracaqlar” (Bax: Bədaüni, Müntəxabat üt-təvarix, II cild, Kəlküttə, 1869, səh. 38). 1561-ci ilin yanvarında Məkkəyə yollanan Bayram xan yolda xaincəsinə öldürüldü. Bayram xanın meyidini Dehliyə gətirib hörmətlə dəfn etdilər. Onun qəbri üstündə heykəl ucaltdılar.

Bir neçə vaxtdan sonra qohumları Bayram xanın nəşini çıxarıb Məşhədi-müqəddəsə gətirib dəfn etdilər. Bayram xanın Səlimə Sultan bəyimlə evliliyindən Əbdürrəhim xan adlı oğlu vardı.

Bayram xan Baharlı incə təbli şair idi. Qəzəl, qəsidə, rübai Janrlarında yazırdı. Divanı vardı. Onun türk fars dilində şeirləri var. Şeirlərində Bayram təxəllüsünü istifadə edib. İlk dəfə 1910-cu ildə onun türkcə farsca şeirlərini əhatə edən divanı Hindistanın Kəlküttə şəhərində, ingiltərəli E.Denison Ross tərəfindən çap edilib. 1970-ci ildə isə şairin tükcə şeirləri Müntəxəbat unvanıyla Türkmənistanın Aşqabad şəhərində yayımlanıb. Onun əsərləri 1971-ci ildə Pakistanın Kəraçi şəhərində Dr.Muhammad Sabir tərəfindən nəşr edilib.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-əDövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 31 dekabr.- S.14.