Nuh peyğəmbər türbəsi
nələrdən xəbər verir?..
Nuhun məzarı
Naxçıvandadırmı?
Naxçıvanda ən qədim
insanların yaşaması ilə bağlı sonsuz sayda dəlillər
var. Belə önəmli faktlardan biri də uzun illərdən
bəri bütün tədqiqatçı alimlərin diqqətini
çəkən Nuh peyğəmbərin adı ilə
bağlı toponim və abidələrdir.
Araşdırmaçılar bu məsələni irəli
sürərkən bir çox unikal abidələri nümunə
gətirirlər. Həmin abidələrə Ordubad rayonu ərazisindəki,
eramızdan əvvəl 4-cü- 1-ci minilliyə aid Gəmiqaya
təsvirlərini, Nəbi yurdunu, Naxçıvan, Nehrəm, Nəhəcir,
Nuhdaban, Nuhgədik, Peyğəmbərayağı kimi yer
adlarını misal çəkmək olar. Bundan başqa, alimlər
Naxçıvan şəhərinin 5 min yaşının
olmasını sübut etmək üçün təkcə
Naxçıvan şəhərinin tarixini deyil, ətraf ərazilərdə
yerləşən tarixi abidələrin də nəzərə
alınmasını diqqət mərkəzinə çəkirlər.
Bu ərazidə
yaşayışın eramızdan çox-çox əvvəllər
meydana çıxdığını göstərən və
bu günümüzədək gəlib çatan iki nəhəng
abidəni - Nuh Peyğəmbərin məzarı və “Əshabi-Kəhf”
mağarasını söylənilənlərə sübut
göstərmək olar.
Dünyada
saxtakar erməni alimlərinin abidələrimizə sahib
çıxdığı bir məqamda bütün bu faktlar
aktuallıq kəsb edərək daha çox gündəmə
gəlir. Bu səbəbdən son zamanlar bu
araşdırmaların üzərində gedən tədqiqatlar
daha da genişlənmiş, “Naxçıvan abidələri
ensiklopediyası” hazırlanaraq nəşr edilmişdir.
Aparılan araşdırmalar nəticəsində Nuh peyğəmbərin
Naxçıvan şəhərindəki məzarüstü
türbəsinin yeri də dəqiqləşdirilmiş, abidənin
qalıqları aşkar edilmiş və həmin abidə yenidən
bərpa olunmuşdur.
Nuh peyğəmbərin
dəfn edildiyi bu türbə Naxçıvan ərazisindəki
Köhnəqalada arxeoloji qazıntılar zamanı aşkar
edilib. Aparılan arxeoloji qazıntılar zamanı türbənin
özülü, naxış elementləri tapılaraq bərpa
işlərinə başlanılıb. Türbə 3 hissədən
- sərdabədən, yerüstü məqbərədən və
konusvari örtükdən ibarətdir. Bərpa zamanı kərpic,
kaşı və müxtəlif naxış elementlərindən
istifadə edilib.
Bu qədim türbənin hündürlüyü 15 metr
50 santimetr, eni isə 7 metr 50 santimetrdir. Türbə 8 guşəlidir. Onun özülü tapılarkən
8 guşəli və girişinin qərb istiqamətdən olduğu
müəyyənləşdirilib. Buna görə də
bərpa zamanı türbənin əvvəlki
görkəminin yaradılmasına
ciddi diqqət yetirilib.
Vaxtilə tanınmış Azərbaycan rəssamı
Bəhruz Kəngərli
yağlı boya ilə “Nuhun qəbri” rəsmini çəkib. Əsər hazırda Azərbaycan
Dövlət İncəsənət
Muzeyində saxlanılmaqdadır.
Orta əsrlərdə xalq arasında Nuh peyğəmbərin məzarı
kimi ziyarət edilən yerdə sonralar türbə inşa edilib. Naxçıvanda Nuhdaban adlı
qədim kəndin xarabalıqları, Nəhəcir
(alimlərə görə,
Nuhəcir) dağı
və kəndi indi də qalmaqdadır.
Qəribədir ki, erməni
tarixçisi M.Çamçıyan
belə, Nuhun gəmisinin və qəbrinin Naxçıvanda
olduğunu qeyd etmişdir.
Məşhur gəmi Gəmiqayada?..
İnanca görə, 7500 il bundan
əvvəl baş vermiş daşqın zamanı Nuh və ona iman
gətirənlərin mindiyi
gəmi ilk dəfə
Naxçıvanda quruya
çıxmış və
insanlar burada məskən salmışlar.
Beləliklə, yeni nəsil
buradan törəyərək
artmışdır. Xalq arasında
yayılmış və
bu gün də mövcud olan inama görə,
Naxçıvan şəhərinin
cənubunda Nuhun, şimal qərbində isə bacısının
qəbri var.
Naxçıvan adının və şəhərinin Nuhla bağlı olması haqqında yəhudi
alimi İosif Flavi (e.ə. I əsr), yunan alimi Klavdi Ptolomey
(eranın II əsri),
ərəb alimi Əl-Əşrəfi (XVI əsr),
fransız səyyahları
Can Batist Tavernye (XVII əsr) və Dyübüa De-Manpere, rus tədqiqatçıları
V.Qriqoryev, İ.Şopen,
K.A.Nikitin (XIX əsr),
V.M.Sısoyev, İ.M.Dyakonov,
K.N.Smirnov (XX əsr) və başqaları məlumatlar vermişlər.
XIX əsrin ikinci yarısında Naxçıvan
məktəbində işləmiş
maarifçi K.A.Nikitin
“Naxçıvan şəhəri
və Naxçıvan
mahalı” adlı əsərində Nuhun və bacısının məzarının Naxçıvanda,
Nuhun arvadı Nuhqarın məzarının
isə Mərənddə
olduğunu yazır:
“O, öz ailəsi ilə burada qərar tutdu. Və gələcək şəhərin
əsasını qoydu.
Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana
gəlmişdir”.
1934-cü ildə Naxçıvanda olmuş K.N.Smirnov yazır: “Naxçıvan
arxiv sənədlərindəki
məlumatlarda bu qəbrin yaşının
4900 il olması faktı o qədər də inandırıcı
görünmür...”
Bu motivlər Naxçıvan
şəhərinin müasir
atributlarında da əksini tapıb. Naxçıvanın
gerbində üstdə Nuhun
gəmisi, aşağıda
isə Əlincə qalasının
əsas giriş qapısı, Azərbaycan
bayrağının simvolları
aypara və səkkiz guşəli ulduz, qılınc təsvir edilmişdir.
Qədim əfsanədə təsvir edilən hadisələrin baş verdiyi məkan da əsas etibarilə
Naxçıvana uyğun
gəlir. “Nuh tufanı” əfsanəsində
göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş,
öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurmuşdur.
Həmin
əfsanədə adıçəkilən
məkanlar gəminin keçdiyi yerlər - Naxçıvanın şərqindəki
ilandağ (əfsanəyə
görə, İlandağ),
Ordubaddakı Ələngəz
dağı və Araz çayı sahilindəki Kəmki dağlarıdır. Gəmi bu
yerlərdən keçərək
Gəmiqayada quruya oturmuşdur. Nuh peyğəmbər
gəminin toxunduğu
dağlara ad vermişdir.
Əfsanəyə görə, Nuhun
gəmisi Gilançayın
yuxarı axarındakı,
Gəmiqaya adlı yerdə lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı “Ayı çuxuru” adlı yerdə qalmaqdadır.
Qədim şumer
və yəhudi əfsanələrilə eyni
faktlar
Bəhs edilən əfsanə Nuh tufanı haqqında qədim şumer
və yəhudi əfsanələrilə bu
və ya digər dərəcədə
səsləşir. Tədqiqatçı R.Sultanovun fikrincə, Ağrı dağında vulkan püskürməsi ilə əlaqədar Dəclə və Fərat çaylarının
daşması nəticəsində
tufan baş vermişdir. Belə məlum
olur ki, Ağrı dağına yaxın olan Araz çayında, daha doğrusu, Naxçıvanın özündə
də güclü daşqın olmuşdur.
Ə.Hüseyni isə Gəmiqayada
Nuh peyğəmbərlə
bağlı qədim yazı olduğunu qeyd etmişdir. Ümumilikdə Nuh əfsanəsi
e.ə. II minilliyin ortalarında şumerlər
tərəfindən ilk dəfə
yazıya alınmışdır.
Bir sıra tarixçi və coğrafiyaşünasların
fikrincə, bu, Naxçıvan şəhərinin
salındığı tarixlə
(e.ə.1539) eyni dövrə
təsadüf edir.
Naxçıvanın ən qədim,
müqəddəs yerlərindən
biri də “Əshabi-Kəhf” ziyarətgahıdır. Alimlərin araşdırmalarına görə, Naxçıvan
şəhərindən şərq
tərəfdə, keçmiş
Haçaparaq kəndi
yaxınlığında yerləşən
bu ziyarətgah qədim insanların yaşayış yeri olub. Daha sonralar qədim
türklərin tək
Tanrıya inamlarının
ifadəçisi kimi müqəddəs ocağa
çevrilən, Qurani-Kərimin
Əl-Kəhf (“Mağara”)
surəsinin 9-26-cı ayələrində
adı keçən bu ziyarətgahın tarixi eramızdan çox əvvəllərə
gedir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 15 sentyabr.- S.14.