Nüvə fizikası sahəsində
ilk azərbaycanlı qadın alim
Dilşad xanım Elbrus Talıbxan...
Azərbaycan
Demokratik Cümhuriyyətinin süqutundan və sovet hakimiyyəti
qurulduqdan sonra dünyanın müxtəlif ölkələrinə
səpələnmiş azərbaycanlılardan biri də
Dilşad xanım Elbrus Talıbxan olmuşdur. Dilşad
xanım Türkiyənin İzmir şəhərində Egey
Universitetində işləmiş, nüvə fizikası sahəsində
ilk elmlər doktoru olmuş azərbaycanlı qadın,
professordur. Dilşad xanım kiçik yaşda
ayrıldığı Azərbaycana hədsiz
bağlıydı. Vətəninin sovet hakimiyyəti
altında olmasını heç vaxt qəbul edə bilmədi.
Dilşad
xanım 1916-cı ildə may ayının 31-də Qarabağ
quberniyasında Qarabağ xanlarının nəslindən olan
Talıb xanın ailəsində dünyaya göz
açmışdı. Onun atası Talıbxan bəy
Talıbxanbəyov çar dövründə və
Cümhuriyyət illərində Şamaxıda, Qubada və
başqa yerlərdə polis rəisi kimi mühüm vəzifələrdə
çalışıb. Kommunistlər hakimiyyət
başına gəldikdən sonra onu öldürdülər,
bütün mallarını və əmlakını isə
müsadirə etdilər. Bundan sonra anası Xeyrənnisa
xanım, bacıları Qəmər xanım və Sürəyya
xanım dayısı Hüseyn Camal Yanar bəy (Hüseyn bəy
Mirzəcamalov) tərəfindən 1920-ci ildə Türkiyəyə
gətirilərək İstanbulda yerləşdirildilər.
Ailə
İstanbulda məskunlaşdıqdan sonra Dilşad xanım əvvəlcə
qızlar litseyinə daxil olmuşdur. O, 1931-ci ildə
İstanbul Qız Litseyindən məzun olduqdan sonra girdiyi
İstanbul Universitetinin fizika-kimya bölümünü
1934-cü ildə bitirmişdir. Dilşad xanım 1934-cü
ildə bitirdiyi fakültənin Təcrübi Fizika
İnstitutunda assistent kimi işə başlamış, 1949-da
dissertasiya müdafiə etmişdir, 1954-cü ildə dosent
adını almışdı. 1957-ci ilin noyabrında İzmirdə
Egey Universitetinə dəyişdirilmiş, 1961-ci ildən
həmin universitetin professoru olmuşdur. Dilşad xanımın 2 kitabı, 6 elmi məqaləsi çap olunub.
Dilşad xanım nüvə fizikası sahəsində dərin elmi axtarışlar aparmış və bu sahədə Türkiyədə və Avropada tanınmış mütəxəssis olmuşdur.
Seçdiyi ixtisasın
xarakteri onun Almaniya, İngiltərə
və Amerikada uzunmüddətli elmi-tədqiqat
işləri aparmasını
zəruri etmişdir.
Bu səbəbdən o, alman,
ingilis, fransız dillərini mükəmməl
öyrənmişdir. Uzun
müddət xarici ölkələrdə elmi-tədqiqat
işlərilə məşğul
olmasına baxmayaraq, Dilşad xanım Türk-Azərbaycan dilinin
bütün incəliklərini
ömrü boyu unutmamışdır.
Qardaş ölkədə keçən böyük
bir ömür
Dilşad
xanım 1977-ci ildə Egey universitetindən təqaüdə
çıxmış, sonra İzmirdən İstanbula gələrək
ömrünün sonuna kimi Bağdad prospektindəki evində
yaşamışdır. O, ailə həyatı
qurmamışdır. Böyük bacısı Sürəyya
xanımın oğlu Can Odoğlunu öz övladı kimi
saxlamış və mehrini ona salmışdır. 1979-cu il
aprel ayının 11-də uzun sürən ağır xəstəlikdən
sonra vəfat etmiş və İstanbulun Əhməd Qaraca qəbiristanlığında
dayısı Hüseyn Kamal Yanar bəyin (o, da 1974-cü ildə
vəfat etmişdir) qəbrinin yanında dəfn olunmuşdur.
Həmin vaxt Türkiyə qəzetlərində belə bir kədərli
xəbər dərc edilmişdir: “Dərin hüznlə
bildiririk ki, nüvə fizikası sahəsində çoxlu tədqiqat
əsərinin və elmi kəşflərin müəllifi,
Egey Universitetinin professoru, elmlər doktoru Dilşad xanım
Elbrus Talıb xan vəfat etmişdir”.
Dilşad
xanım ömür boyu vətən həsrətilə
alışıb-yanmış, elmi simpozium və konfranslarda
olarkən nümayəndələr arasında Azərbaycan
alimlərini axtarmış və həmişə öz
yurddaşları ilə əlaqə saxlamağa
çalışmışdır. Dilşad xanım onu da
bilirdi ki, totalitar bir rejimin hökm sürdüyü Sovetlər
birliyində onun Azərbaycana yolu həmişəlik
bağlanmışdır.
Dilşad
xanım Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci il 27
aprel süqutunu və Azərbaycanın öz müstəqilliyini
itirməsini ömrü boyu acı xatirələr kimi yada salıb
kədərlənmişdir. Buna görə də həmişə
27 apreli Azərbaycan Demokratik Respublikasının matəm
günü kimi qeyd edirdi. Dilşad xanım Oksfordda yaşayarkən
Türkiyədəki yurddaşlarına yazdığı
1955-ci il 24 aprel tarixli məktubunda Azərbaycanın öz
müstəqilliyini itirməsinin 35 illiyi münasibətilə
öz kədərini aşağıdakı kimi
bildirmişdir: “Əziz Azərbaycanımızın, vəhşi
bir istilaya uğradığı günün
ildönümünü dərin bir ələmlə anaraq,
içdən bir ürək ağrısı duymaqdayam. Sizlərdən
çox uzaqda olmama rəğmən, qəlbimin sizlərlə
bərabər bu böyük matəmimizin kədərini
duymaqda olduğunu bu sətirlərlə bilirtmək istədim.
Tanrım bu vəhşi istilanın daha fəzlə davam etməsini
rəva görməyərək, əziz yurdumuzu ən
yaxın gələcəkdə istiqlala qovuşdursun!”
Yazıq səni, bayrağım, endirdilər,
öyləmi?
Dilşad
xanımın yaxın rəfiqələrindən biri,
1928-32-ci illərdə İstanbulda qızlar litseyində
Dilşad xanımla bir yerdə oxumuş Fövziyyə
xanım Dilşad xanım haqqındakı xatirələrinin
birində yazır: “Bir dəfə Ankarada bizdə olarkən
(4 avqust 1977-ci il) Dilşad xanım məndən qələm-kağız
istədi və mənə bir şeir
bağışlayacağına söz verdi. Mən ona mane
olmamaq üçün dinmədim. O isə xeyli yazdıqdan
sonra şeiri mənə verdi. Sonra məlum oldu ki,
”Bayrağım enərkən" adlanan bu şeiri Azərbaycan
Demokratik Cümhuriyyətinin banisi Məhəmmməd Əmin
Rəsulzadənin əmisi qızı Ümmügülsüm
Rəsulzadə (Sadıqzadə) yazıb. Həmin şeir
indiyə kimi heç yerdə nəşr olunmayıb.
Dilşad xanım bu şeiri Ümmügülsüm
xanımda əlyazma şəklində olarkən əzbərləyib,
uzun illər hafizəsində saxlayıb və indi də kağıza
köçürüb mənə hədiyyə verir".
Fövziyyə
xanım Dilşad xanım Elbrusun güclü hafizəsi
qarşısında heyrətə düşdüyünü
söyləyir və həmin şeiri mətbuatda çap
etdirməyə söz verir...
Yazıq səni,
bayrağım, endirdilər, öyləmi?
Səni
yazıb devirən o zəhərli ruzigar,
O haqq deyən
haqsızlar, vəhşilər, tanrısızlar,
Yanar
ocağımı da söndürdülər, öyləmi?
Bir
röyamı oldu o gördüklərim hamısı?
Bağlandımı
üzümə Türk elinin qapısı?
Fövziyyə
Tansel yazır ki, Dilşad xanım nüvə fizikası sahəsində
görkəmli mütəxəssis olmaqla bərabər, həm
də Azərbaycan ədəbiyyatının, xalq musiqisinin və
folklorunun gözəl bilicisi imiş. Fövziyyə xanım
xatirələrində qeyd edir: “Biz litseydə oxuyarkən
Dilşad xanım 20-ci illərdə Azərbaycanda, xüsusən
Qarabağda baş verən hadisələrdən,
qaçqınların acınacaqlı vəziyyətindən
danışarkən bizim gözlərimiz yaşarır və
ona təskinlik verərdik. Rəfiqələr bir yerə
toplaşanda Dilşad xanım qəmli Azərbaycan
mahnıları oxuyub bizi də kövrəldərdi...”
Vəfatından
sonra prof. dr. Dilşad Talıbxan Elbrus haqqında Azərbaycan Kültür
Dərgisində Fevziyyə Abdullah Tansel gözəl bir
yazı nəşr etdirib. O, yaxın rəfiqəsini və
dostunu Azərbaycan xalq ədəbiyyatını, folklorunu,
teatr əsərlərini, opera və operettalarını
çox gözəl bilən, gözəl piano çalan,
şirin səsilə Azərbaycan mahnı və türkülərini,
segah və bayatılarını üsuluna uyğun olaraq
xoş tərənnüm edən, dindar və etiqadı tam
kamil bir insan olaraq tanıdıb...
Azadlıq.-
2012.- 23-24 sentyabr.- S.14.