Praqa təəssüratları

 

Qərib və uzaq Praqada bizə doğma gələn nələrdir?

 

Xaricdə Yaşayan Azərbaycanlıların Forumunda (FACE) iştirak etmək üçün dəvət alanlardan bir də mən oldum. Hər il bir ölkədə Azərbaycanla bağlı ciddi siyasi-sosial problemlərin müzakirəsini keçirən FACE bu dəfə də maraqlı mövzu seçmişdi: “Eurovision”dan sonrakı Azərbaycan!

Forum Çexiyanın paytaxtı Praqada olacaqdı...

 

Hədə-qorxu altında Avropaya tərəf...

 

Foruma yetişənə qədər iki xoşagəlməz hadisə əksər dəvətlilər kimi, mənim də qəlbimi yaraladı.

Birincisi, təşkilatçıların az qala, iki gündən bir bizlərə ultimatum tonlu məktublar yollaması idi. Təxminən belə yazırdılar: baxın haa, yolladığımız dəvəti başqa məqsədlər üçün istifadə etsəniz, sizi rüsvay edəcəyik. Nə bilim, sizə qarşı Avropa qanunvericiliyinin filan-filan bəndlərini tətbiq edəcəyik. Və ya, FACE turist şirkəti deyil, onun dəvətindən bu məqsəd üçün istifadə etmək istəyənlərə ar olsun! Ura!

Bu, çox ayıb hal idi. Təxminən ona bənzəyirdi ki, evinə qonaq çağırırsan və ona deyirsən ki, bax, evimizdən oğurluq etsən, səni polisə verəcəyəm.

İnsanlara etimadın yoxdursa, bu dəvət neyçün? Yox, etimad varsa, bu ultimatumlar nəyə gərək? Təmkinimi bir az kobud formada aşaraq, bu sualı təşkilatçılara yazdım. Onların izahı ağlabatan idi. Bildirdiklərinə görə, dəvət alanların bir çoxu Avropanı gəzməyi qəsd edir, nəinki forumun işinə qatılıb müzakirələr aparmağı. Təşkilatçılar etiraf etməsə , hiss etdim ki, onlar dəvətlilərin bəzisinin viza alandan sonra Avropaya mühacir kimi aradan çıxacağından da ehtiyatlanırlar.

İnsafən, forumun işi zamanı bu gözlənti təsdiqini tapdı. Lakin bu halın özü belə, mötəbər tədbirin dəvətçilərinə insanlarla acı üslubda davranmağa əsas sayılmamalıdır. Bu barədə sonra...

 

Azərbaycanlaşan Çexiya səfirliyi

 

Şengen vizasını FACE üçün alıb, öz fərdi proqramı üçün istifadə edənlər olduğu kimi, yuxarıdakıtəhdid ultimatum”larına görə FACE- qatılmaqdan (Azərbaycandan) imtina edənlərimiz oldu.

Çexiyanın Bakıdakı səfirliyi Füzuli demiş, əzəldən var olan min bir dərdimiz azmış kimi, birini onlar artırdı. Viza üçün sənədləri qəbul edən səfirlik əməkdaşları əllərindən gələn kobudluğu edir, bəzi yoldaşların sənədlərindəki qüsuru görüb kağızları tullayırdı. Bu rəftara dözməyib yenə dəvətdən imtina edənlər oldu.

Səfirliyin qarşısında üzləşdiyim başqa bir hadisə isə ümumiyyətlə, mənim dünyamı yıxdı. Sənəd qəbulu üçün çox əlverişsiz otaq seçildiyindən buradakı uzun növbələr başqa ofislərə gedən adamların yolunu bağlayır. Bu problemi aradan qaldırmaq üçün səfirlik normal çıxış yolu tapmaq əvəzinə, bir nəfər gənc xanımı təlimatlandırıb. O da yarım saatdan bir çıxıb adamları hədələyir: “Sakit durmasanız, bu dəqiqə polis çağıracağıq, sizi atacaqlar çölə”.

İlahi, bu işdir düşdük, deyib dözürəm...

Lap sonda, Praqadakı tanışımın oradan mənə yazdığı valyuta dəyişərkən, taksiyə minərkən dələduzlardan özümü qorumaq barədə məsləhəti oxuyub, qollarım yanıma düşdü. İmtinamı edim? Sənədləri yığmağa sərf etdiyim enerjiyə, Avropa barədə qurduğum xəyalları dağıtmağa heyfim gəldi beləcə, uçduq Praqaya...

Deyirlər ki, Praqa X əsrdən Çexiyanın paytaxtdır. Praqa şəhəri Vltava çayının sahilində yerləşir. Bu şəhərəQızıl şəhər deyirlər, “Şəhərlər anasıda, “Canlı muzey.

Praqa İkinci Dünya Müharibəsindən ən az ziyan görənlərdən olduğundan, şəhər keçmiş əzəmətini qoruyub saxlayıb.

Çixiyanın sayı 10 milyonu aşan əhalisinin 1 milyon 200 mini paytaxtda yaşayır. Sizi, hər yerdən tapıb oxuya biləcəyiniz statistika ilə yormayım...

Yoldan başlayaq. Praqada şəhər elə qurulub ki, ən avam adamın da burada azmaq şansı yoxdur. Birincisi, hara üz tutursan, izahlı xəritələr var. Adamlar da Çexiya səfirliyində işləyənlər kimi deyil, can-başla kömək etməyə hazırdılar.

 

İntellekt dəmir-dümürlə ölçülmür

 

Praqada Ziya Məmmədov kimi, nəqliyyatı intellektual idarə etmək adı altında büdcəni talan edən nazir olmadığından, ictimai nəşliyyat qaydasında işləyir. Bakıda görmüsünüz, bahalı dayanacaqlar quraşdırıblar, onlara bahalı da monitorlar yerləşdiriblər. Allah qoysa, guya, bu monitorlarla biz marşrutların vaxt gəlib, vaxt gedəcəyindən xəbər tutmalıydıq. O monitorlar mənəvi cəhətdən artıq qocalıb, ancaq hələ bir yaralı barmağa məlhəm olmayıb. Çexlər isə adı kağız vərəqlə o bahalı monitorları əvəzləyiblər bu, qətiyyən onların üzüyünün qaşını salmayıb. Nəqliyyat da dəqiqəsinə qədər elə həmin o kağızlarda yazıldığı vaxtda gəlib-gedir...

Əminəm ki, Nəqliyyat Nazirliyində çexləri bu idaretmə üsulunu bilənlər az deyil, təəccüblüsü o metodun burada tətbiq edilməsidir. Görün necə sadədir: Praqada bütün avtobus dayanacaqlarına ad verilib. Görünür, bu, bizdən fərqli olaraq, avropalıların konkretliyilə bağlıdır. Adi şeydir, ancaq görün qədər önəmlidir. Fərz edin, bizdə qarşısında “28 May” yazılan marşrut “28 May”da azı 5-6 dayanacaqda dayanır. Bu dayanacaqların hamısı “28 May”dır.

İşi həyatı asanlaşdırmaq üçün o dayanacaqların hərəsinə bir ad verilsə, görün yaxşı olar...

 

Vətəndaşa etimad

 

Burada ictimai nəqliyyatın hamısı üçün işlək olan vahid bilet satılır. Biletlərin dəyəri vaxta görədir. 30 dəqiqəlik, 90 dəqiqəlik, 3 günlük biletlər var. Al göstərilən zaman çərçivəsində bütün növ ictimai nəqliyyatdan istifadə et. Nəqliyyata hər dəfə minəndə sizin biletinizi yoxlayan olmayacaq, hətta metro keçidində bizdə olduğu kimi xüsusi qurğular yoxdur. Insanlar vicdanının öhdəsinə buraxılıb - istəyirsən, nəqliyyata biletsiz min, amma işdir, bu halda müfəttişlər səni yaxalasa, 35-40 manat cərimə ödəməyə hazır ol!

 

Çex pivəsi

 

Praqada, el dilində ifadə etsək, iynə atsan turistlərin başına düşər. Tarixi yerlərin bolluğunu, xidmətin yüksək səviyyədə olmasını qiymətlərin əl çatanlığını görüb, Azərbaycanın turizm ölkəsi kimi özünü bəşəriyyətə sırımasına acı-acı güldüm. Dostlar, sirr aramızda, bu, xalis avantüradır. İki qiymət yazacağam, sizə çox mətləblərdən xəbər verəcək.

Praqanın mərkəzində 655 yaşlı məşhur Karlov körpüsü var. Körpünün yaxınlığında elə bir restoran var ki, mən orada oturanda dedim: şair olsaydım, bu mənzərəyə baxıb, azı 12 şeir yazardım. Restoran düz çayın üzərində qurulub, insanlara canlı musiqi, rəqslər təqdim olunur, müştərilərlə insan balası kimi davranılır. Ən bahalı pivəni bu restoranda içdim, yarım litri 3 avro. Praqada digər adi yerlərdə litri 1 manata bal kimi pivələr içmək imkanındasınız.

Müqayisə edin: Bakı bulvarında ən ucuz pivə 2 manatdır, keyfiyyət isə müqayisə olunmazdır. Bizdə təsvir etdiyim restoranla analoji olan, məsələn, Venetsiya kafesində (Azneft meydanının yanında) ən ucuz pivənin yarım litri 14 manatdır.

 

Hotel xərci

 

Hotellər haqqında yazdığım qiymət o qədər nağılvaridir ki, buna inanmaq üçün gərək yolunuz Biləcəridən o tərəflərə düşə. Biz 3 ulduzlu hoteldə iki nəfər qalmaq üçün (səhər yeməyi daxil olmaqla) hər gün üçün 30 avro ödədik. Bakını kənara qoyun, Lerik dağlarında bu ucuzluqda hotel tapsanız, mənə xəbər edin...

 

Əvvəl insanı gözəlləşdirməli...

 

Şəhərlər insanlar kimidir. Içi boş insan bərbəzəklə diqqətini üzərinə çəkmək istər. Mənən zəngin insanı isə zahiri dəbdəbə o qədər ilgiləndirməz. Mən Bakının mənən yoxsul olduğunu iddia edə bilmərəm, bu, cahillik olardı. Amma bu faktdır ki, bizim şəhəri son illər saxta parlaqlığa tutanların bir naqisliyi mütləq var. Siz mənim kimi Biləcəridən o tərəflərə nadir hallarda çıxanlardansınızsa, ilk anda sizi Moskva, Praqa, hətta Paris görkəmi ilə təəccübləndirə bilər. Bu yerlərdə bizdəki kimi əlvan işıq dolanan ağaclar, mərmər döşənən parklar yoxdur (varsa da mən görmədim), binalar alkaponla parladılmayıb, qədim binaların üzlərini qaşıyıb ağardan yoxdur.

Praqada ölkə prezidentinin portretlərini heç yerdə görmədiyimi burada qeyd etməliyəm.

Praqada şəhər adamın üzünə hırıldamır, amma insanların üzünə bir rahatlıq, sakitlik çöküb. Insan kütlələri sağından-solundan şütüyür, di gəl, səs-küy, qışqırıq yoxdur. Çünki insanları qışqırdan, aqressiv edən sosial mühit yoxdur. Demokratiya bir məlhəm kimi, bu yerlərdə insanların çoxuna hüzur verib...

Bitmədi...

 

 

Natiq

 

Azadlıq.- 2012.- 26 sentyabr.- S.13.