Cümhuriyyət
fədailəri Ziyadxanovlar
İsmayıl
xan Ziyadxanov
Azərbaycan
Xalq Cümhuriyyətinin görkəmli
xadimləri sırasında bir sıra böyük nəsillərin nümayəndələri
də təmsil olunurdu. Onların sırasında demokratik hökumətdə yüksək vəzifə tutmuş
iki qardaş - Adil xan Ziyadxanov
və İsmayıl
xan Ziyadxanov da var. Onlar
Gəncə xanı Cavad xan
Ziyadoğlu Qacarın nəticəsidirlər.
Anaları Azər Humayun xanım da Abbas Mirzə Qacarın
nəvəsi, şahzadə Bəhmən Mirzənin
qızıdır.
İsmayıl
xan Azərbaycan Xalq
Cümhuriyyətində mühüm vəzifələrdə
çalışmış görkəmli diplomat
olmuşdur. İsmayıl xan
Əbülfət ağa oğlu
Ziyadxanov 15 avqust
1867-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini
Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin
hüquq fakültəsini bitirmişdi.
Universiteti bitirdikdən sonra
Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində
işləmişdi.
Azərbaycanın
milli istiqlal hərəkatının
fəalları sırasında yer alan İsmayıl
xan 1906-cı ildə Yelizavetpol
quberniyasının 1-ci Dövlət Dumasının
deputatı seçilib. O, Dumanın
müsəlman fraksiyasının büro üzvü və “Xalq
Azadlığı” partiyasının üzvü
olub. Dumadakı fəaliyyəti
dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli
qırğınları, müstəmləkəçilərin
xalqımızın başına açdığı bəlaları
kəskin tənqid edib. O, ermənilərin
Azərbaycanda törətdikləri qırğınlar ilə
əlaqədar Dumadakı çıxışlarının
birində qeyd edir: “Hər
dəqiqə ölkəmdən qorxulu xəbərlər
alıram. Bu dəqiqə İrəvanda silah
səsləri eşidilməkdədir. Cənablar iki ildən bəri qan
içində üzən ölkəmizdə cəsədlərin
üstündən keçirik. Artıq səbrimiz
tükənib. Bizə də acıyın. Biz
anaların qucağından alınıb havaya
atılan südəmər uşaqların havada
ikən xəncərlərə keçirildiklərini görmüşük. Biz
hamilə qadınların qarnına salınan xəncərlərin
açdığı yaralardan uşaq əllərinin bayıra
sallandığının şahidi olmuşuq. Qoy mətbuat və təbliğat vasitələrilə
aramıza nifaq toxumu səpən
provokatorlar utansınlar, yanğın və
alovlardan xoşlananlar
iş başından çəkilsinlər,
dəlik-deşik edilən cəsədlərin, anaların,
uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar”.
İsmayıl
xan Ziyadxanov Dumanın
buraxılmasına etiraz edən
deputatların (onların arasında Əlimərdan bəy Topçubaşov da
vardı) Vıborq müraciətnaməsini
imzaladığına görə, üç
aylıq həbs cəzasına məhkum olunmuş
və Dumaya seçilmək hüququndan məhrum edilmişdi.
1907-ci ilin martında Qafqaz
və Krım müsəlmanlarının nümayəndələrinin
Gəncədə keçirilmiş
qurultayında İsmayıl
xan Ziyadxanovun rəhbərliyi
ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının
yaradılması qərara alınmışdı.
Ermənilər
üçün “ən təhlükəli
adam”
O,
1917-ci il Rusiya fevral burjua inqilabından sonra Gəncədə ictimai
təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin
rəisi təyin edilib. Gəncə şəhərinin
asayişi İsmayıl xan
Ziyadxanovun rəhbərlik etdiyi
milis dəstələri tərəfindən
qorunub.
1918-ci
il martın 28-də də İsmayıl xan
Ziyadxanovun rəhbərliyi ilə
Şamaxının müdafiəsinə yetişən milis dəstələri qısa vaxt ərzində Şamaxını rus və erməni dəstələrindən azad etdi. Ermənilər Malokan kəndi olan Qozlu çaya çəkildilər.
İsmayıl xan
bu kəndin ağsaqqallarını dəvət
edərək erməniləri təhvil vermələrini, ya da onları kənddən
çıxarmalarını tələb etdi.
Malokanlar iki gün vaxt istədilər.
İki gün sonra Bakıdan əlavə
kömək gələndən sonra verdikləri
sözdən imtina etdilər. İsmayıl xan
əhalini xəbərdar etdi ki, ermənilər geri
qayıda bilər. Ona görə də
ayıq-sayıq olsunlar. S.Şaumyan
İsmayıl xan
Ziyadxanovu Azərbaycanda sovet
hakimiyyəti üçün ən təhlükəli
adam adlandırmışdı.
İsmayıl
xan Ziyadxanov Azərbaycan
Xalq Cümhuriyyətinin
2-ci hökumətinin tərkibində hərbi işlər
üzrə müvəkkil olub, daha sonra Xarici
İşlər Nazirinin
1-ci müavini təyin edilib.
1919-cu ilin yazında İran hökuməti
ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq
Cümhuriyyətinin Fövqəladə diplomatik
missiyasına rəhbərlik edib. Bu
danışıqların və müzakirələrin nəticəsində
Azərbaycan tərəfindən İsmayıl xan, İran tərəfindən isə XIN-in
Rusiya üzrə idarə rəisi Seyid Hadi Fərəh
Mötəsəməssəltənə 14 maddəlik bir müqavilə imzalayıb. Bu missiyanın fəaliyyəti nəticəsində
Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bir
sıra məntəqələrində konsulluqların
açılması razılaşdırılmışdı.
Adil xan Ziyadxanov isə 25 sentyabr 1872-ci ildə Gəncə şəhərində
doğulmuşdu. Ölkədən kənarda
yüksək təhsil almışdı. Tiflis
klassik gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi.
O, bir sıra Avropa və
şərq dillərini gözəl bilirdi.
Böyük ziyalı kimi
o, 1905-ci ildən Bakıda Ə.B.Topçubaşovun redaktorluğu altında çıxan “Kaspi” qəzetiylə əməkdaşlıq edib, orada çox
sayda maarifçi məqalələr
yazıb. Həmin il Azərbaycan
türkləri adından çar II Nikolaya göndərilmiş petisiyanı o da imzalamışdı.
1906-da Tiflisdə canişinin rəhbərliyi
altında təşkil olunmuş erməni-müsəlman
münaqişəsini nizamlayan
yığıncaqlarda da o,
qətiyyətlə öz millətinin mənafeyini
müdafiə edib.
İkinci diplomat qardaş Adil xan
Azərbaycan
Xalq Cümhuriyyəti qurulduqdan
sonra Ziyadxanov Xarici İşlər
Nazirinin müavini təyin
edilib (30.10.1918). O vaxt xarici işlər naziri Ə.B.Topçubaşov
İstanbulda olduğundan nazir vəzifəsini Adil xan icra edib.
1918-ci il noyabrın 16-da Bakıya gələn
İngiltərə
hərbi qüvvələrinin komandanı, general
V.Tomsonu Azərbaycan hökuməti
adından Ziyadxanov qarşılayıb və
onunla danışıqlar aparıb. Az sonra Baş
nazir və Xarici İşlər Naziri
təyin edilmiş Fətəli xan Xoyskinin (1875-1920) müavini olan Adil Ziyadxanov gənc
dövlətin xarici siyasətinin
formalaşmasında mühüm işlər
görüb. Onun yazdığı, ana dilimizdə və fransızca nəşr edilmiş “Azərbaycan” kitabının 2 min nüsxəsi 1919-da Parisə - Versal sülh
konfransında Azərbaycan nümayəndə heyətinin
başçısı Ə.B.Topçubaşova
göndərilərək Avropa ölkələrində,
ABŞ və Kanadada yayılıb. Azərbaycan hökuməti Tehranda
Azərbaycan diplomatik nümayəndəliyinin
yaranması haqqında 16 iyun 1919-cu tarixdə
qərar verərək, 4 oktyabrda nümayəndəliyin
ştatını təsdiqləyib və nazir
müavini Adil xanı
nümayəndəliyin başçısı təyin edib. 7 aprel 1920-ci ildə tərtib
etdiyi siyahıya görə, bu vaxt Tehrandakı Azərbaycan
diplomatik nümayəndəliyində
aşağıdakı şəxslər çalışırdı:
Adil xan Ziyadxanov - diplomatik nümayəndə, Əkbər ağa Sadıqov - onun müavini, Mirzə Ələkbər xan - ikinci katib
əvəzi, Cəlal Şirinli - kargüzar əvəzi, Ehtiyac
Şükürov - kargüzar
köməkçisi, Qulamrza Babayev - diplomatik kuryer, Mirzə İbrahim xan
- ikinci münşi, Camal Şirinli - dəftərxana
xidmətçisi, Yusif xan - təsərrüfat müdiri.
O, 15 yanvar
1920-ci ildə Azərbaycan Cümhuriyyətinin ilk
fövqəladə və səlahiyyətli səfiri kimi Tehrana gedib
və bununla iki
ölkə arasında diplomatik əlaqələr
daha da genişlənib.
İranda olarkən
Adil xan özünün ana
dilimizdəki “Azərbaycan: tarixi, ədəbiyyatı
və siyasəti” adlı kitabını yerli soydaşlarımız arasında pulsuz payladıb, “Qələmin uçuşu” adlı iki
hissəlik kitabını isə fars dilində
nəşr etdirərək Azərbaycanın azadlıq uğrunda çarpışmasından ətraflı
söz açıb. Bu
kitablar səfirin Şeyx
Məhəmməd Xiyabaninin azadlıq hərəkatına
çox qiymətli töhfəsiydi.
Cümhuriyyət süquta
uğradıqdan sonra o,
Bakıya qayıtmayaraq Tehranda qalıb. 22
iyun 1921-ci ildə Sovet
hökuməti onun diplomatik
fəaliyyətini dayandırıb. Bundan sonra
Tehran bələdiyyə idarəsində Sosial Təminat Nazirliyində, Təbrizdə dəmiryolu
və gəmiçilik idarəsində müxtəlif vəzifələrdə
çalışıb. 1934-cü ildə İstanbula
köçüb və ömrünün
qalan hissəsini Türkiyədə
yaşayıb, İstanbul Universitetində dərs deyib.
Adil xan Ziyadxanov 1954-cü ildə İstanbulda vəfat
edib.
Adil Ziyadxanov 1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edib və gördüklərini “Avropada üç
aylıq bir səyahətim” adıyla Gəncədə
nəşr etdirmişdir (1909).
Azərbaycan XI ordu
tərəfindən işğal edildikdən
sonra 5 may 1920-ci il tarixdə Azərbaycan İnqilab Komitəsinin
xüsusi dekreti ilə
Ziyadxanovların mülkü və
torpaqları müsadirə edilir. İsmayıl xan
özü isə Qızıl ordunun hərbi səhra məhkəməsi tərəfindən
istintaqsız, məhkəməsiz güllələnir.
Ziyadxanovların mülkündə sovetlər dövründə
müxtəlif təşkilatlar fəaliyyət göstərib.
İndi burada Gəncə Tarix-diyarşünaslıq müzeyi yerləşir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2012.- 27 sentyabr.- S.14.