Çar ordusunun polkovniki Əbülfət ağa
Şahtaxtinski
Azərbaycanlı gənc
inqilabçı tələbə...
Azərbaycanın ictimai-siyasi və mədəni
həyatında mühüm xidmətləri olmuş
Şahtaxtinskilər haqqında bir neçə yazı təqdim
etmişik. Bu yazı da həmin soyadın
daşıyıcılarından biri, çar ordusunun polkovniki
Əbülfət ağa Şahtaxtinskidən bəhs edir. Əbülfət
ağa Nəcəfqulu ağa oğlu 1858-ci ilin oktyabr
ayında Şərur-Dərələyəz qəzasının
Şahtaxtı kəndində anadan olub. Onun adını
daşıdığı nəsil Azərbaycan tarixinə Məhəmməd
ağa, Behbud ağa, İsa Sultan, Həmid ağa
Şahtaxtinskilər kimi görkəmli şəxsiyyətlər
bəxş edib.
Əbülfət
ağa ilk təhsilini Tiflis real məktəbində aldıqdan
sonra 1877-ci ildə Sankt-Peterburq Texnologiya Universitetinə daxil
olmuşdu. Bir il sonra onu universitetdən xaric etmişdilər.
Buna səbəb gənc azərbaycanlının tələbə
yoldaşı, ilk marksist Q.V.Plexanovla birgə tələbələri
qadağan olunmuş yığıncaqlara təhrik etməsi
olmuşdu. Onların mənzilində aparılan axtarış
zamanı aşkar edilmişdi ki, Əbülfət ağa həm
də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin
yaratdıqları “İmdadiyyə” adlı gizli dərnəyin
üzvüdür. Həmin dərnək 1878-ci ildə Həsən
bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü
ilə yaradılmışdı. Bu zaman Əbülfət
ağa Moskvada təhsil alan həmyerlisi Nəcəf bəy Vəzirova
(1878-ci il 3 mart tarixli) məktubunda yazırdı: “Mən
”İmdadiyyə"nin nizamnaməsini aldım.
Üzümüzə gələn yay “İmdadiyyə”nin əsas
qanunlarını müzakirə etməliyik ki, hərəmiz
ölkənin bir guşəsinə gedərkən müəyyən
bir məqsəd uğrunda hərəkət edə bilək...
Buna görə də hər şeydən qabaq bu məqsədi
özümüzə qət və aydın müəyyən
etməkdə bütün vasitə və imkanları dərindən
təhlil etməliyik... Bizim məqsədimiz zülmü
kökündən kəsmək üçün çoxlu
mübariz əllər hazırlamaqdır. Biz ziyalı qüvvəsiyik,
silahımız birlikdir. Biz cəhalət, nadanlıq,
avamlıq əleyhinə mübarizə aparmalıyıq. Biz
Şərq dünyası ilə Qərb dünyasını
bir-birindən ayıran pərdəni qoparmaq istəyirik. Biz
maarif günəşini və onun şüalarını
öz tərəfimizə çevirməyə səy göstərməliyik
ki, onun həyat bəxş edən hərarətilə isinib
yaşayaq, donmayaq. Biz istibdadı atıb, proqressiv həyatla
yaşamağa səy göstərməliyik. Biz ancaq onda
öz qabiliyyətimizi başa düşə bilərik. Biz
silah və imkan axtarırıqsa, demək biz zəhmətkeş
əlləri, qüvvənin özünü tərbiyələndirib
yetişdirməliyik... Biz qabaqcıllar kimi nəzərimizi
yalnız aşağı təbəqəyə dikməliyik.
Rus təbliğatçılarını xatırlayın! Biz
tamam silahlanıb, ciddi fikrə və müəyyən qərara
gəlməliyik. Siz tezliklə gedir və ictimai
həyata atılırsınız. Biz, burada qalanlar sizin vətənə
nə ilə qayıtmağınızı bilməliyik".
Yüksək Avropa təhsili və hərbi
məktəb
Bu məktub
ələ keçdikdən sonra gənc Şaxtaxtinskinin
üzərində gizli polis nəzarəti qoyulmuşdu.
Qovulduqdan sonra ekstern yolla Lazarev adına Şərq Dilləri İnstitutuna daxil olan Əbülfət
ağa oranı uğurla bitirdi, amma Rusiyada ona nə diplom, nə
də iş verdilər. Bundan sonra o, Almaniyaya getdi, 1880-ci ildə
Heydelberq Universitetində diplom işi müdafiə edərək
bakalavr dərəcəsi aldı. Bu uğurundan sonra Rusiyaya
qayıdan Şahtaxtinskini demokratik baxışlarına və
monarxiyaya qarşı çıxışlarına görə
heç bir işə yaxın buraxmadılar. Beləliklə,
çarəsiz qalan Əbülfət ağa 1883-cü ildə
Peterburqdakı Yunkerlər məktəbinə daxil oldu və
oranı fərqlənmə diplomu ilə bitirdi. Bir il sonra,
avqust ayının 8-də 77-ci Tengin süvari alayında zabit
rütbəsində xidmətə başlayan Əbülfət
ağa Şahtaxtinski qısa müddətdə divizion komandiri
təyin olunur.
Həmin
dövrün sənədlərindən məlum olur ki,
podpolkovnik Əbülfət ağa Şahtaxtinski bir sıra
Şərq dillərilə yanaşı, alman, fransız və
ingilis dillərini də mükəmməl bilirmiş. Ona
görə də o, İsveçrə
ordusunun manevrlərinə müşahidəçi ezam olunur.
Həmin il nizami ordudakı xidmətlərinə görə Əbülfət
ağaya polkovnik rütbəsi verilir.
1904-1905-ci
illərdə Rus-yapon müharibəsində iştirak edən
Əbülfət ağa Şahtaxtinski batalyon komandiri kimi məsul
vəzifədə xidməti borcunu ləyaqətlə yerinə
yetirib.
Port-Artur
döyüşlərindən sonra polkovnik Əbülfət
ağa Şahtaxtinskinin komandir olduğu 202-ci süvari
alayı Qori şəhərində yerləşirdi. 1911-ci
ilin yayında Vətəninə nöbəti məzuniyyətə
gələn polkovnik Əbülfət ağa iki azərbaycanlı
gəncin təhsil alması üçün də yardım
göstərib. Mərhum yazıçımız Əli Səbri
Qasımov “Mühitim...təhsil illərim” xatirə qeydlərində
yazır: “Bir təsadüf mənim taleyimi əbədi həll
etdi. O zaman polkovnik Əbülfət ağanın komandir
olduğu alay Gürcüstanın Qori şəhərində
yerləşirdi. Əbülfət ağa Naxçıvana məzuniyyətə
gəlmişdi. Məzuniyyət müddəti bitdikdən sonra
o, öz qohumu, mənimsə məktəb yoldaşım Xəlil
ağa Hacılarovu özü ilə Qoriyə - Zaqafqaziya Müəllimlər
Seminariyasına aparmışdı. Mən məramımı
heç kəsə bildirmədən qohum-qardaşdan pul
yığmağa başladım. Xəlil ağa Qoriyə gedən
günün səhərisi mən də onun ardınca
yollandım. Sənədlərimi də özümlə
götürmüşdüm. Böyük bir çətinliklə
Qoriyə gəlib çatdım. Seminariyanın həyətinə
girəndə Xəlili və polkovnik Əbülfət
ağanı orada gördüm. Əbülfət ağanın
təəccübdən nitqi qurudu, bir az fikrə gedib sənədlərimi
aldı. Birlikdə seminariya direktorunun yanına getdik. Onu ora qəbul
etdirdi”.
Hərbi xidmətə görə
mükafatları...
“Vikipedia”da
onun həyat yolu və hərbi uğurları haqqında
maraqlı məlumatlar var. Hazırda Tiflis arxivində
saxlanılan podpolkovnik Əbülfət ağanın
1904-cü ilə məxsus “Şəxsi hərbi
kitabça”sında göstərilir ki, əla xidmətinə
görə o, 1892-ci ildə “Müqəddəs Stanislav”
ordeninin üçüncü dərəcəsilə,
1900-cü ildə isə “Müqəddəs Anna” ordeninin
üçüncü dərəcəsi ilə təltif
olunmuşdu. Polkovnik Əbülfət ağa Şahtaxtinskinin
şəxsi işinin təltif “qrafasında” aldığı
xarici ölkə orden və medallarının da sayı
göstərilir. O, İranın “Şire-Xorşid” ordeninin
dördüncü dərəcəsi ilə (1889-cu il), Buxara Əmirinin
ikinci dərəcəli “Ucalan ulduz” qızıl medalı ilə
(1899-cu il), yenə İranın üçüncü dərəcəli
“Şire-Xorşid” ordenilə (1900-cu il) və “Fransa-Sudan
xilasetmə cəmiyyəti”nin Yuxarı Reyn şəhərinin
qızıl medalı ilə (1903-cü il) təltif olunub.
Nüfuzlu əsilzadə
nəslindən olan polkovnik Əbülfət ağa istər ədəbi,
istərsə də maarifçilik sahəsində
xalqımız üçün təmənnasız xidmətlər
göstərib. O, Hötenin “Gənc Verterin iztirabları” əsərini
almancadan Azərbaycan dilinə tərcümə edib.
Əbülfət
ağa Şahtaxtinski vətəndən uzaqlarda yaşayıb
işləsə də, nə ana dilini, nə də mənsub
olduğu İslam dinini unutmuşdu. Bu
görkəmli şəxsdən xalqımıza əvəzsiz
bir hədiyyə də yadigar qalmışdır... Azərbaycan
Tarixi Muzeyində 1877-ci ildə fransız dilində nəşr
olunmuş “Quran” kitabı saxlanılır. Kitabın titul səhifəsinə
“Əbülfət ağa Şahtaxtinski”nin şəxsi
möhürü vurulmuşdur. Hətta Əbülfət
ağanın öz dəsti-xətti ilə yazdığı
avtoqraf da oxunur. M.Kaşimirovskinin orijinaldan tərcümə
etdiyi bu qiymətli eksponatı polkovnik Əbülfət
ağanın vaxtilə Tbilisidə yaşayan qızı
Qönçə xanım qoruyub saxlamışdır.
Polkovnik Əbülfət
ağa Şahtaxtinski 1913-cü il martın 13-də Kutaisi
şəhərində vəfat edib. Onu doğma kəndi
Şahtaxtıda dəfn ediblər. O, XIX əsrin görkəmli
jurnalisti İsa Sultan Şahtaxtinskinin (1851-1894) kiçik
qardaşı idi.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2012.- 29 sentyabr.- S.14.