Dekorativ-tətbiqi sənətin ən zərif növü – batika

 

Qəzetimiz Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə yeni bir layihəyə başlayır. Əvvəlki fəaliyyətin davamı olaraq, bu layihə çərçivəsində milli dövlətçiliyimizin tarixi, milli adət-ənənələrimizin və mədəniyyətimizin təbliğilə bağlı yazılar, müsahibələr, araşdırmalar təqdim ediləcək.

 

Batika - kələğay deməkdir

 

Müasir günümüzdə adı çoxumuza tanış olmayan, amma Azərbaycanda qədim sənət növlərindən biri sayılan batikanın tarixi çox uzaqlara gedir. Bu zərif dekorativ sənət maraqlı inkişaf yolu keçmiş, ölkədən uzaqlarda şöhrət qazanaraq Azərbaycan mədəniyyətinin əsas istiqamətlərindən biri kimi məşhurlaşmışdır. Texnologiyası bilavasitə ipək emalı ilə bağlı olan batika Azərbaycan dekorativ-tətbiqi sənətinin daha gənc və müasir növüdür.

Qədim sənət növü olan batika kəlağayı mənasını verir. Aydın olduğu kimi, kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat” da deyilir. Kəlağayı istehsalı ilə insanlar Azərbaycanda qədim zamanlardan məşğul olublar. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu.

Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “Saya buta”, “Xırda buta” çeşidlərindən daha çox istifadə olunmuşdur. “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır.

Hazırda ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirən sülalələr var. Şəki şəhərində Şamilovlar nəsli bu sənətin mahir ustası sayılır.

Məlumdur ki, Azərbaycanda ipəkçilik həm qədimdə, həm də müasir dövrdə əhalinin əsas fəaliyyət növlərindən biri olmuşdur. Araşdırmalar göstərir ki, insanlar 200 ildən artıqdır burada ipəkçiliklə məşğul olurlar.

Artıq V-VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutmuşdu. Antik dövr Alban tarixçisi M.Kalankatuklu özünün “Alban tarixi” kitabında Kür çayı sahillərində çoxlu tut ağacının bitdiyini, ondan, əsasən, ipək parça istehsalında xammal kimi istifadə olunduğunu göstərmişdir.

Dünyanın onlarla ölkəsinə satılan Azərbaycan ipəyi müasir interyeri bəzəyən möhtəşəm batika əsərlərinin yaradılması üçün bir əsas olmuşdur.

Batika barədə danışarkən, hər şeydən əvvəl, nəzərə almaq lazımdır ki, yava dilindən tərcümədə bu söz “isti mumla rəsm çəkmək” deməkdir. Şərq ölkələrində (Hindistanda, Çində, Indoneziyada və s.) batika texnikasında əsas etibarilə ipək, eləcə də pambıq parça üzərində fırça ilə rəsm çəkərdilər. Batikanın vətəni olan cənub-şərqi Asiyada bir neçə texnika geniş yayılmışdı. Yavada hər bir rəngin üstü daim isti mumla örtülür, Malayziyada isə rəsmin əsas hissəsi nəfis şəbəkəli ornamentlə xüsusi möhürün köməyi ilə basılır. Azərbaycanda möhürlə texnika qədim vaxtlardan, gözəlliyinə görə təkrarolunmaz qadın baş örtükləri olan kəlağayılar, həmçinin süfrələr və digər məmulatlar yaradılandan bəri istifadə olunurdu.

Naxışın parça üzərinə köçürülməsinin ən geniş yayılmış üsullardan biri olan möhürləmə xalq yaradıcılığı ilə sıx əlaqədar olmuşdur. Bu naxışlar o qədər ustalıqla hazırlanır ki, ilk baxışdan bunun əl işi, yaxud qəlib forması olduğunu ayırd etmək çətin olur.

 

Azərbaycandakı tarixi vətəni Malaziya ilə eynidir...

 

Batikanın vətəninin Malaziya və İndoneziya olduğu söylənilsə də, araşdırmalar bu ölkələrdə sənət növünün Azərbaycanla eyni dövrdə yarandığını təsdiqləyir. Çünki ölkəmizdə dekorativ-tətbiqi sənətin ən kütləvi növlərindən olan parça bəzəmə sənəti çox qədim zamanlardan məlumdur. Müstəvi naxışlarının elementlərinə ibtidai icma dövrü mədəniyyətində rast gəlmək mümkündür. Zəmanəmizə gəlib çıxmış ən qədim dövr parçaları öz kompozisiyası, ornamenti, rəngləri ilə insanın təbiətlə sıx əlaqəsi olduğunu təsdiqləyir.

Bu gün dünyada xeyli populyarlıq qazanmış batika əsərlərinin Azərbaycanda da gözəl nümunələrinə rast gəlmək mümkündür. Bu sənət növü Ənvər Qarayevin, İslam Səfərlinin, Tamilla Məmmədovanın, Kamal Səmədzadənin, Salar Məmmədovun və bir çox başqa istedadlı rəssamların yaradıcılığında yaşadılır.

Batikanın Azərbaycanda inkişafı istiqamətində önəmli rolu olan rəssamlardan biri Tatyana Ağababayevadır. O, ölkəmizdə sənətin bu növündə yüzlərlə əsər yaratmış yeganə rəssamdır.

O, Malayziyada keçirilən Batika üzrə Beynəlxalq Qurultayda Azərbaycanı təmsil edib. Rəssam deyir ki, Azərbaycanda kəlağayıların istehsalı Rəna İbrahimbəyova və Cəlil Tarıverdiyevin səyilə yenidən bərpa edilib. Bir neçə il əvvəl onlar Basqalda rəssamlar üçün simpozium təşkil ediblər. Təşkilatçıların və sponsorların ciddi səyi nəticəsində bu qədim sənət növü özünün yeni istehsal dövrünə başlayıb: “Simpoziumda iştirak edən rəssamlar özlərinin yeni naxış formalarını nümayiş etdirdilər. Burada təqdim etdiyim naxış ornamentlərimi və Basqalda istehsal olunan kəlağayılardan həmin qurultaya gedərkən aparmışdım. Bu qurultayın məqsədi iştirakçıların öz ölkəsində batika sənətinin inkişafı və sənət nümunələrini nümayiş etdirməsi idi. 23 ölkədən iştirak edən nümayəndələr öz mühazirələrində batikada istifadə edilən rənglərdə təbii boyalara üstünlük verilməsini vurğulayırdı. Ən maraqlısı o idi ki, Basqalda həqiqətən də yalnız təbii boyalardan istifadə olunur”.

 

Zərif qadın barmaqları ilə canlanan batika

 

Zərif zövqlü rəssam xanım öz yaradıcılığında müxtəlif texnikadan istifadə edir. İpək parça üzərində işlənmiş bu zərif əsərlərdə boyakar-rəssamın, dekorativ-tətbiqi sənət, bədii toxuculuq ustasının istedadının yaradıcı fantaziyası özünü göstərir.

“Tatyana Ağababayevanın bütün gözəl əsərləri həm mövzu, həm də bədii xüsusiyyətlərinə görə Azərbaycanda istehsal olunan ipək parçalar üzərində yaradılır. Bununla əlaqədar olaraq, rəssam ipək parçanın yaradılmasına böyük diqqət yetirmək, onun istehsalının necə mürəkkəb proses olduğunu və insanın bu prosesdəki böyük əməyini göstərmək qərarına gəlir. Axı ipək parça istehsalı böyük əmək, dözüm və bir sıra vərdişlər tələb edir.

İpək barama qurdunun əməyinin son nəticəsidir. Bunun nəticəsində ipək sap meydana gəlir. Bu qurdları, bir qayda olaraq, tut ağacının yarpaqları ilə yemləyirlər

Tatyana Ağababayevanın yaratdığı “Barama qurdu alleqoriyası” adlı çox maraqlı əsər bu çətin prosesi - ipəyin, gözəllik və keyfiyyətin yaranmasını özündə tam əks etdirir. Əsər üç ayrı-ayrı kompozisiyadan ibarətdir; hər birində rəssam ipək istehsalı prosesini tamaşaçıya çatdırmaq istəyir. Birinci və üçüncü kompozisiyalarda ipək sapın meydana gəlməsi və ipək sapların gözəl bədii parçaya çevrilməsi prosesi öz əksini tapmışdır. Burada tut yarpaqları təsvir olunmuşdur... Mavi, firuzəyi, bənövşəyi, açıq yaşıl, sarı və ağ rənglərin uğurla uzlaşdırılması nəticəsində alınmış rəng qamması ipəyin hazırlanması prosesini təcəssüm etdirən parlaq ipək parça palitrasını təklif edir.

Belə müxtəlif səciyyəli, çoxplanlı əsərlər öz sənətinə hədsiz vurulmuş bir yaradıcı insana xasdır. Və bu, Tatyana Ağababayevanın batika sənətində nisbətən uzun sürməyən yaradıcılıq fəaliyyəti boyu yaratdığı çoxsaylı əsərlərin yalnız kiçik bir zərrəsidir (Tamilla Abdullayeva).

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

 

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 7 yanvar.- S.14.