Şərqin ilk Konservatoriyası
Üzeyir bəydən yadigar
Şərqdə
ilk ali musiqi təhsili ocağı olan
Bakı Musiqi Akademiyası fəaliyyət göstərdiyi
müddət ərzində zəngin bir yol keçmiş və
milli mədəniyyətimizin çoxəsrlik tarixinə yeni
parlaq səhifələr yazmışdır. Ölkəmizdə
görkəmli bəstəkarlar və ifaçılar nəslinin
yetişməsində Bakı Musiqi Akademiyasının
xüsusi yeri vardır.
Bu ali musiqi təhsil ocağı bir çox
nailiyyətlər və qələbələr əldə edərək
çətin yollar keçmişdir. Konservatoriya
milli musiqi mədəniyyətinin uğurlu inkişafına
köməklik göstərmiş və respublikadan uzaqlarda da
rəğbət və hörmət qazanmışdır.
Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasının bilavasitə “sələfi”
xalq konservatoriyası 1920-ci il may ayının 25-də
respublikanın xalq komissarlığı maarif şöbəsinin
qərarı ilə açılmışdır.
Dərin
düşüncə və uzaqgörənliyi ilə
seçilən Ü.Hacıbəyov digər musiqi tədrisi
ocağının yaranmasını da lazım bildi. Həmin tədris ocağının əsas
işi xüsusi musiqi təhsilinə istiqamətlənmək,
məqsədi isə hər il bütün
profillər üzrə ixtisasçı - musiqiçilər
yetişdirməkdən ibarət idi.
Ü.Hacıbəyovun
yaradıcı ideyalarının və praktiki səylərinin
nəticəsində respublika konservatoriyası yalnız
coğrafi mənada deyil, həm də öz təhsil istiqamətinə
görə əsil Azərbaycan Dövlət Konservatoriyasına
çevrildi.
Konservatoriyanın
ilk onilliyində milli musiqi kadrlarının
hazırlığı ilə əlaqədar məsələ
mürəkkəb və aktual problemə
çevrilmişdı. Konservatoriyada azərbaycanlı tələbələr
azlıq təşkil edirdi. Həmişə
olduğu kimi, problemi Ü.Hacıbəyovun uzaqgörənliyi
həll etdi. 1922-ci ildə o, Azərbaycan
türk musiqi məktəbi yaradır, sonralar bu məktəb
musiqi texnikumuna çevrilir, məktəbə Ü.Hacıbəyov
özü rəhbərlik edir və əsasən azərbaycanlı
tələbələr qəbul edilirdi.
Belə
ki, birinci təhsil ilində 383 tələbədən 350-si azərbaycanlı
idi. 1926-cı
ildə bu məktəb konservatoriya ilə birləşir.
Ü.Hacıbəyov onun rəhbəri və
prorektoru vəzifəsinə təyin edilir.
Konservatoriyanın
tələbələrinin milli tərkibi zənginləşir. Artıq 1929-cu ildə onu gələcəkdə
məşhur bəstəkar və xalq çalğı alətləri
orkestrinin dirijoru S.Rüstəmov tarzən kimi; 1932-ci ildə
Azərbaycan musiqisində romans və kamera-instrumental
janrının əsasını qoymuş A.Zeynallı bitirirlər.
1928-1929-cu
ildə konservatoriyanın quruluşu dəyişdirilir - birinci
və ikincə pillələr ondan ayrılır. Respublikada bir sıra musiqi məktəbləri
və musiqi texnikumları yaranır. Konservatoriya
yalnız ali musiqi tədris ocağı
kimi fəaliyyət göstərir. Belə
quruluş bu günə qədər də qorunub saxlanır.
Konservatoriya tədrislə bərabər bədii
funksiyaları da həyata keçirirdi. Məhz buna
görə onun ən ali idarə orqanı
- Bədii Şura kimi adlandırılmışdır. Burada ən mühüm yaradıcılıq işi
- Azərbaycan xalq mahnılarının toplanması,
yazılması və işlənməsi məsələsi həll
olunurdu.
Milli musiqiçilərimizi yetişdirən
məktəb
20-30-cu
illərdə konservatoriyada tədris prosesini əsasən
Bakıda Moskva, Peterburq, Saratov şəhərlərindən gəlmiş
milliyyətcə qeyri-azərbaycanlı musiqiçilər həyata
keçirirdilər. Onlardan
- violonçelist M.Rostropoviçin atası,
L.V.Rostropoviç, bəstəkar və nəzəriyyəçi
L.Rudolf, pianoçu G.B.Şaroyev (Bakı musiqi məktəblərindən
biri onun adını daşıyır), qaboyçalan
V.Knyazkov, valtorna çalan və nəzəriyyəçi
S.Berolski, vokalçılardan N.Speranski, M.Kolotova, V.Nikolski və
başqalarının adlarını çəkmək olar.
Sonralar bu tərkibə
yeni pedaqoji kadrlar - respublikada piano məktəblərindən
birinin yaradıcısı, pianoçu M.R.Brenner,
musiqişünas-nəzəriyyəçi, Azərbaycan
musiqişünas-nəzəriyyəçilik məktəbinin
yaradıcısı, N.S.Çumakov, F.Əmirov, S.Hacıbəyov,
C.Cahangirov, A.Rzayev və H.Rzayev, R.Mustafayev kimi musiqiçiləri
yetişdirən B.İ.Zeydman da qoşuldular.
20-30-cu
illərdə konservatoriyanın rəhbərliyi daimi deyildi.
Onun ilk
rektorları - pianoçu L.Pressman və İ.Aysberq idilər. Onları başqaları da əvəz
edirdi. Lakin konservatoriyanın əsl ruhu və
lideri həmişə Ü.Hacıbəyov olmuşdur. Məhz o, bütün Azərbaycan musiqi mədəniyyətinin
inkişaf yolunu istiqamətləndirmiş, cəsarətlə
milli klassik ənənələrinin Avropa bəstəkarlıq
yaradıcılığı ilə sintezini həyata
keçirmişdir.
Həmin
dövrdə Ü.Hacıbəyov qürurla qeyd edirdi:
“Heç kəs inkar edə bilməz ki, azərbaycanlılar
ümumiyyətlə musiqisevən xalqdır və
düzgün istiqamətə ehtiyacı olan sağlam estetik dərrakəyə
malikdir”...
1939-cu
ildə Ü.Hacıbəyov rəsmi olaraq konservatoriyanın rəhbəri
seçilir (1934-cü ildən bu vəzifə direktor
adını alır). Həmin dövrdə Ü.Hacıbəyov öz
yetkin yaradıcılıq illərini yaşayır. O,
artıq qəhrəmanlıq epik dastan əsasında
yazdığı “Koroğlu” operasının müəllifi,
milli bəstəkarlıq məktəbinin bədii estetik
prinsiplərinin əsasını qoyan banisi idi. Ü.Hacıbəyov
ömrünün axırına qədər Konservatoriyanın
rəhbəri vəzifəsində qalır.
1939-cu ildə
konservatoriyaya arxitektura cəhətdən özünə məxsus
gözəl bina verilir və bu günə qədər
respublikanın ali musiqi təhsili
ocağı bu binada məskunlaşır. Binanın
müəllifləri - istedadlı arxitektorlar S.Dadaşov və
M.Hüseynov olmuşlar.
Ü.Hacıbəyovun
Şərq və Qərb musiqi mədəniyyətlərinin
qarşılıqlı əlaqəsinin zəruriliyi
haqqında tərtib etdiyi musiqi-estetik proqramlı tezisi milli
vokal sənətində də öz əksini tapır və
XX əsrin istedadlı müğənni-aktyorları
Bülbül və Ş.Məmmədova tərəfindən həyata
keçirilir. Onlar yeni milli müğənni məktəbinin baniləri
oldular. Hər ikisi musiqi təhsili və
respublikanın opera sənəti sahəsində layiqli iz
buraxmışlar. Ş.Məmmədova
R.Qliyerin eyni adlı “Şahsənəm” operasında Şahsənəm
surətinin təkraredilməz yaradıcısı,
Bülbül isə Üzeyir Hacıbəyovun “Koroğlu”
operasının əsas qəhrəmanının çətin
partiyasının klassik interpretatorudur.
Klassik musiqiyə cığır açan
sənət ocağı
30-cu illərdə
konservatoriyanın nəzdində digər təhsil bazası təşkil
edilir - Fəhfak (Rabfak) - musiqi fəhlə fakültəsi. Onun məqsədi musiqi təhsilinə
Azərbaycan millətindən olan fəhlə nümayəndələri
cəlb etmək idi. Fəhlə fakültəsində
gələcəyin bəstəkarlarından - Q.Qarayev,
C.Hacıyev, T.Quliyev, Z.Bağırov, A.Hüseynzadə,
musiqişünas M.S.İsmayılov təhsil alırdılar.
30-cu illərin
axırlarından başlayaraq Azərbaycan konservatoriyası
daha istedadlı və perspektivli tələbələrin təhsillərini
təkmilləşdirmək üçün onları P.İ.Çaykovski
adına Moskva Konservatoriyasına göndərir.
Q.Qarayev, C.Hacıyev XX əsrin görkəmli bəstəkarı
Dm.Şostakoviçin sinfini bitirmişlər. Burada
T.Quliyev, Z.Bağırov təhsil almış, nəfəsli
alətlərdə çalan ifaçılardan M.Zeynalov,
M.Orucov, E.Paşayev SSRI Böyük Teatrının solistləri
olmuşlar. Pianoçu R.Atakişiyev, S.Qəniyev,
musiqişünas N.V.Abezqauz Moskva Konservatoriyasında öz təhsillərini
təkmilləşdirmişlər.
Xalq musiqimizin
inkişafında əvəzsiz xidmətləri olan tarzənlər
Əhməd Bakıxanov, Əhsən Dadaşov, Baba Salahov, Bəhram
Mansurov, Ağası Məşədibəyov, Səid Rüstəmov
məktəbin layiqli nümayəndələridir.
Bu
gün də onların ustadlıq ənənələri
qorunub saxlanılır, təkmilləşir və milli musiqi
kadrlarının yetişdirilməsində geniş istifadə
olunur.
Konservatoriyada
əsas baza kafedraları tam şəkildə
formalaşmışdı: ixtisas fortepiano, Azərbaycan xalq
musiqisinin tarixi və nəzəriyyəsi, simli alətlər,
nəfəs və zərb alətləri, vokal, bəstəkarlıq,
musiqi tarixi, musiqi nəzəriyyəsi, xor dirijorluğu, xalq
çalğı alətləri, kamera ansamblı fəaliyyət
göstərirdi. Müxtəlif illərdə akademiyada
tanınmış musiqiçilər, bəstəkarlar,
pedaqoqlar - Ü.Hacıbəyov, Bülbül, Ş.Məmmədova,
B.Karaqiçeva, Q.Şaroyev, L.Rudolf, L.Rastrapoviç, Q.Qarayev,
S.Hacıbəyov, C.Cahangirov, S.Rüstəmov, P.Brener, R.Atakişiyev,
E.Səfərova və b. çalışıb.
Hazırda
BMA-da 19 kafedranı birləşdirən 4 fakültə-
fortepiano, ifaçılıq, tarix və nəzəriyyə, İAF
fakültələri mövcuddur. Təhsil Azərbaycan və
rus dillərindədir.
Hazırda
akademiyanın müəllimləri arasında C.Hacıyev, A.Məlikov,
T.Quliyev, X.Qasımova, S.Ələsgərov, X.Mirzəzadə,
F.Bədəlbəyli, V.Adıgözəlov, A.Rzayev, A.Babayev,
R.Quliyev və başqa görkəmli musiqiçilər fəaliyyət
göstərir.
BMA-nın
Fikrət Əmirov, Zülfüqar Bağırov, Qara Qarayev,
Tofiq Quliyev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Vaqif
Mustafazadə, Müslüm Maqomayev, Asəf Zeynallı kimi məşhur
məzunları olub.
Şərqdə
ilk ali musiqi təhsil ocağının
yaranması ölkədə musiqi prosesinin irəliləyişi,
tamamilə yeni ruhda tərbiyələnən musiqiçilərin
meydana gəlməsi demək idi. BMA bu müqəddəs vəzifəni
bu gün də şərəflə həyata keçirir...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2012.- 17
yanvar.- S.14.